1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
ƏLİZADƏ ƏSGƏRLİ
MİLLİ İDEAL
MÜCAHİDİ
BAKI-“ELM”-2005
2
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının 12 dekabr 2005-ci il tarixli (protokol
№7) qərarı ilə çap olunur
Ön söz müəllifi: akademik
B.Ə.Nəbiyev
Elmi redaktor:
professor
T.Ə.Əhmədov
Rəyçilər:
Azərbaycan MEA-nın
müxbir üzvü,
professor
N.Q.Cəfərov
f.e.d. N.Ə.Qəhrəmanlı
Əlizadə Əsgərli. Milli ideal mücahidi, Bakı, “Elm”, 2005, səh. 419
İSBN 5-8066-1780-7
Kitab müəllifin uzun illər “XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal
və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda
apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır.
Əsərin birinci fəslində X.R.Ulutürkün milli özünüdərkinin şüur və məfkurə
qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq aydınlaşdırılmışdır.
Bu fəsildə X.R.Ulutürkün milli mənlik şüurunun xüsusiyyətləri, İstiqlalçılıq,
Türkçülük, Vətənçilik, Xalqçılıq və geniş surətdə Azərbaycançılıq baxışları tədqiq
olunmuşdur.
İkinci fəsildə X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi
müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi
gerçəklik zəminində sənətkarın milli xarakterinin təkamülü (lirik “Mən”, lirik
qəhrəman, lirik şəxsiyyət, milli xarakter) izlənilmişdir.
Üçüncü fəsildə sənətkarın ədəbi-tənqid, bədii tərcümə, publisistika və elmi-
tarixi memuarlarının millilik və bəşərilik xüsusiyyətləri ehtiva olunmuşdur.
Monoqrafiyada ümumən Azərbaycan ədəbiyyatının milli ideal və xalq taleyi
təcrübəsi ümumtürk ictimai-ədəbi fikri zəminində bir sənətkarın yaradıcılığı
əsasında ümumiləşdirilmişdir.
Kitab xalqımız, millətimiz və ədəbiyyatşünaslıq elmi fikrimiz üçün nəzərdə
tutulmuşdur. Monoqrafiyadan tələbələr, aspirantlar və dissertantlar ciddi surətdə
faydalana bilər.
Ə
2005
)
07
(
65
4603000000
−
4
ULU MİLLƏTİMİN ADINA BAĞIŞLAYIRAM
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və müəbbəd bir ölkədir: Turan!
ZİYA GÖYALP
Turana qılıncdan daha kəskin, ulu qüvvət –
Yalnız Mədəniyyət, Mədəniyyət, Mədəniyyət!
HÜSEYN CAVİD
Biz Türkləriz... Vətənimiz - başdan-başa Yer kürəsi.
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi!
XƏLİL RZA ULUTÜRK
5
İSTİQLAL ŞAİRİ VƏ ONUN HAQQINDA YENİ
TƏDQİQAT ƏSƏRİ
Xəlil Rza Ulutürk keçən əsrin 50-ci illərində yaradıcılığa
başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-cı
illərdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəni
yaradıcılıq və vətəndaşlıq amalına çevirmiş görkəmli xalq şairidir.
X.Rzanın yaradıcılığı ilk illərindən ədəbi ictimaiyyətin diqqətini
cəlb etmiş, Məmməd Arif, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev,
Əkbər Ağayev, Qulu Xəlilov, Şamil Salmanov, bu sətirlərin
müəllifi və digər alimlər, onun əsərləri haqqında əsasən təqdiredici
elmi qənaətlərini söyləmişlər. M.A.Dadaşzadə hələ 1954-cü ildə
nəşr olunmuş “Yeni nəsil” adlı məqaləsində Xəlili “ciddi gənc
şairlərdən” biri kimi təqdir etmiş, onun “Tarla yolunda” adlı şerini
“səmimi hisslərin ifadəsi” kimi qiymətləndirmişdi. F.e.n. Mail
Dəmirli “Xəlil Rzanın poeziyası” (1996), akad. B.Nəbiyev “İstiqlal
şairi” (2001) adlı monoqrafiyalar yazmış, prof. Yavuz Axundlu isə
“İstiqlal
şairləri” (2002) adlı kitabında X.R.Ulutürk
yaradıcılığından geniş bəhs etmişdir.
Xəlil Rza oğlu Xəlilov 1933-cü il, oktyabr ayının 21-də Salyan
bölgəsinin Pirəbbə kəndində anadan olmuşdur. Babası Xəlil kişi
1933-cü ildə “tovariş”lər tərəfindən qara maşına basılıb gedər-
gəlməzə göndərilmişdir. Ailənin ağır məişət qayğıları o zaman
şairin atası Rza kişinin çiyinlərinə düşmüşdür. Əkin yeri əlindən
çıxan ailə güzəran ardınca Salyana köçmüşdür. Xəlil 2 nömrəli
şəhər orta məktəbinin birinci sinifinə qəbul edilmişdir. İkinci
Dünya müharibəsi başlayanda atası Rza kişi orduya çağırılmışdır.
O, 1941-1942-ci illərdə Moskva ətrafındakı döyüşlərdə fədakarlıq
göstərmişdir.
Xəlilin üzünü görmədiyi babası Rüstəm kişi “əkin üstə”
bolşeviklər tərəfindən güllələnmişdir. 20-ci illərin sonu, 30-cu
illərin əvvəllərində Azərbaycan torpaqları