Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə4/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
1   2   3   4   5   6
umm-esasname (1)

VI. MÜƏLLİMLƏR


6.1. Məktəbdə müvafiq sahə üzrə ali və orta ixtisas təhsili olan, yüksək mənəvi keyfiyyətlərə malik, sağlamlığına görə pedaqoji işə yararlı mütəxəssislər müəllim vəzifəsinə işə qəbul edilə bilərlər. Müəllim diplomunda göstərilən ixtisas üzrə dərs aparır. Müstəsna hallarda Nazirliyin razılığı ilə müəllimlərin ixtisasına yaxın alətlər və fənlər üzrə dərs aparmalarına icazə verilir. Bu halda müəllimin ixtisas dərəcəsi diplom üzrə ixtisasından asılı olmayaraq təhsilinə və əmək stajına uyğun olaraq təyin edilir.
6.2. Müəllimin hüquqları:

  • Məktəbin fəaliyyətini əhatə edən bütün məsələlərin həllində iştirak etmək;

  • ixtisasını artırmaq;

  • Məktəbin sinif otaqlarından, musiqi alətlərindən, zalından, emalatxanasından, fonoteka və videotekasından, kitabxana və digər xidmət sahələrindən istifadə etmək;

  • pedaqoji şuranın iclaslarında, şöbə yığıncaqlarında, konfranslarda iştirak və çıxış etmək, təkliflər irəli sürmək;

  • dərsliklərin hazırlanmasında, onların müzakirəsində iştirak etmək və bu barədə təkliflər vermək;

  • ictimai özünüidarə orqanlarına seçmək və seçilmək;

  • müasir dərsə olan tələblər baxımından innovativ, o cümlədən interaktiv təlim metodlarından istifadə etmək;

  • qanunvericilik yolu ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək.

6.3. Müəllimin vəzifələri:

  • davranışı, geyimi, etikası, əməyi və şəxsi nümunəsi ilə şagirdlərə mənəvi dəyərlərə, milli və ümumbəşəri sərvətlərə hörmət və məhəbbət aşılamaq;

  • əmək intizamına əməl etmək, müdiriyyətin əmr, sərəncam və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək;

  • Məktəbin fəaliyyətini əhatə edən bütün işlərdə (şöbə və pedaqoji şuranın iclaslarında, akademik konsertlərdə, dinləmə, baxış, yoxlama-sorğu və imtahanlarda, açıq və nümunəvi dərslərdə, metodik məruzələrdə, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, ictimai işlərdə və s.) fəal iştirak etmək;

  • müntəzəm olaraq öz üzərində işləmək, dərslərə hazırlıqlı olmaq, peşə-ixtisas səviyyəsini, pedaqoji ustalığını artırmaq;

  • tədris planlarının yerinə yetirilməsini, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarını təmin etmək;

  • şagirdlərin akademik konsertlərdə, dinləmə, baxış, yoxlama - sorğu və imtahanlarda, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə iştirakını təmin etmək (öz iştirakı ilə);

  • şagirdləri şəhər, respublika, beynəlxalq miqyaslı müsabiqələrə, festivallara və sərgilərə hazırlamaq, onların istedadlarını aşkar edərək inkişaf etdirmək;

  • şagirdin dərslərdə müntəzəm iştirakının və dərslərə hazırlıqlı gəlməsinin təmin olunması məqsədi ilə valideynlə müntəzəm əlaqə saxlamaq;

  • şagirdlərin bilik və bacarığının obyektiv qiymətləndirilməsinə məsuliyyət daşımaq;

  • sinif jurnalını, gündəlik dərs planını, şagirdlərin fərdi vərəqələrini aydın və ətraflı yazmaq;

  • dərs ilinin yekunlarına görə sinif konserti və sərgi təşkil etmək;

  • şagirdlərin ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə arayışların hər tədris ilinin oktyabr ayının 1-dək rəhbərliyə təqdim olunmasını təmin etmək (ixtisas müəllimləri);

  • qanunvericiliyə əsasən digər əmək funksiyalarını həyata keçirmək.

6.4. Konsertmeyster saatı üzrə dərs yükü aparan müəllimlərin aşağıdakı vəzifələri vardır:

  • proqrama əsasən repertuarda olan musiqi əsərlərini yüksək səviyyədə ifa etmək;

  • ayrı-ayrı alətlərin, ixtisas və fənlərin səciyyəvi xüsusiyyətlərini bilmək;

  • şagirdlə məşğul olmaq üçün müəyyən metodiki biliyə malik olmaq;

  • ixtisas müəllimi müəyyən səbəblərə görə dərsdə iştirak etmədikdə şagirdlə məşğul olmaq.

6.5. Müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər.
6.6. Müəllim tədris və metodiki sənədlərin düzgün və səliqəli aparılmasına, tədris plan və proqramının tam yerinə yetirilməsinə cavabdehdir. Şagirdlərin dərsə davamiyyətinə və dərsi mənimsəmələrinə məsuliyyət daşıyır.
6.7. Müəllim üçün iş gününün maksimum müddəti 6 saat (astronomik) müəyyən edilmişdir. Məktəb rəhbərliyi müəllimləri onların razılığı ilə asudə vaxtlarında bu və ya digər səbəbdən işə çıxmayan müəllimləri əvəz etmək üçün işə cəlb edə bilər.
6.8 Müəllimin iş gününün başlanması və bitməsi Məktəb rəhbərliyi tərəfindən müəllimin dərs yükü, sinif otaqlarının sayı nəzərə alınmaqla tərtib edilmiş dərs cədvəli üzrə müəyyən edilir və müəllimə həftədə bir gün istirahət verilməklə dərs yükündən və həftənin günlərindən asılı olmayaraq onun dərs cədvəli həftənin altı gününə salına bilər. Bazar günləri Məktəbdə tədris aparılmasına icazə verilir.
6.9. Məktəb direktoru müvafiq Əsasnamənin 6.3, 6.4, 6.6-cı bəndlərinə uyğun müəllimin iş fəaliyyətini nəzərə alaraq ona 1 stavkadan artıq dərs saatları ayıra bilər.
6.10. Məktəbdə ödənişsiz təhsil üzrə əsas iş yeri kimi işləyən müəllimlər öz iş yerlərində müvafiq olaraq direktorun əmri ilə (daxili müqavilə əsasında) ödənişli təhsil üzrə dərs yükü apara bilərlər.
6.11. Müəllim direktorun və ya tədris işləri üzrə direktor müavininin icazəsi olmadan öz iş gününü və şagirdlərin dərs cədvəllərini dəyişdirə bilməz.
6.12. Müəllim bu və ya digər səbəbdən işə çıxmadığı halda bu barədə Məktəb rəhbərliyi dərhal məlumatlandırılmalıdır.
6.13. İxtisas müəllimi şagirdlərin digər fənlər üzrə dərsə davamiyyətinə ciddi nəzarət etməlidir.
6.14. Müəllim sinif otağının həmişə təmiz və səliqəli saxlanılmasına, otaqdakı avadanlığın, musiqi alətlərinin və digər inventarların qorunmasına nəzarət edir və maddi məsuliyyət daşıyır. Məktəbin təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.


VII. MƏKTƏBİN İDARƏ OLUNMASI




7.1. Məktəbin direktoru Nazirliyin razılığı əsasında İdarənin rəisi tərəfindən işə təyin və azad edilir. Direktorun ali ixtisas təhsili və 3 ildən az olmayaraq pedaqoji iş stajı olmalıdır. Müstəsna hallarda kənd yerlərində orta ixtisas təhsilli mütəxəssislər direktor vəzifəsinə təyin edilə bilərlər.
7.2. Direktor aşağıdakı vəzifələri icra edir:

  • Məktəbin bütün fəaliyyətinə rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır;

  • tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirir;

  • bütün dövlət qurumlarında, məhkəmə orqanlarında Məktəbi təmsil edir;

  • bu Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açır;

  • ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açır;

  • tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirir, onların arasında iş bölgüsünü təşkil edir və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət edir;

  • inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləyir;

  • Məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görür;

  • tədris planları və proqramlarının tam yerinə yetirilməsinə nəzarət edir;

  • təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət edir;

  • illik xərclər smetasının tərtibinə dair təkliflər verir;

  • müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul edir;

  • müəllimləri qanuna müvafiq qaydada işdən azad edir. Şöbə müdirlərini vəzifəyə təyin və azad edir. İnzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad edir;

  • müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparır və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaqda sərbəstdir. Müəllimlərin tarifləşmə cədvəlini hazırlayır (tarifləşmə cədvəli üzrə əmək haqlarının hesablanması mühasibatlıq tərəfindən aparılır)

- müəllimlərin dərslərini dinləyir, təhsilin keyfiyyətinə nəzarət edir;

  • pedaqoji şuranın iclaslarına sədrlik edir;

  • Məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, Məktəbin və şöbələrin iş planlarını təsdiq edir;

  • illik xərclər smetası üzrə Məktəbin avadanlıq, dərsliklər, tədris-metodiki vəsaitlərlə təmin olunması üçün tədbirlər görür;

  • ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açır;

  • pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırır;

  • Məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edir;

  • Məktəb əmlakının qorunub saxlanılmasına cavabdehdir. İllik xərclər smetası üzrə Məktəb binasının təmir olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə təkliflər verir;

  • Məktəbdə texniki təhlükəsizliyin, yanğından mühafizənin, gigiyena-sanitariya rejiminin təmin edilməsini təşkil edir.

7.3. Direktorun əmr və sərəncamlarının icrası Məktəbin bütün işçiləri və şagirdləri üçün mütləqdir.
7.4. Direktorun qanunvericiliyə zidd əmrini İdarə ləğv edə bilər.
7.5. Məktəbin şagird və müəllimləri Məktəb direktorunun razılığı ilə Məktəbin adından hər hansı bir tədbirdə, efirdə, nəşriyyatda, müxtəlif uşaq və gənclər festivallarında, müsabiqələrdə, həmçinin xarici ölkələrdə bu kimi tədbirlərdə, xarici həmkarları ilə təcrübə mübadiləsi aparmaq məqsədi ilə beynəlxalq görüşlərdə iştirak və çıxış edə bilərlər.
7.6. Direktor və tədris işləri üzrə direktor müavini Məktəbdə iş vaxtı ərzində iş vaxtının müddəti qanunvericiliklə müəyyən edilmiş norma üzrə öz ixtisasına uyğun pedaqoji iş apara bilərlər.
7.7. Tədris işləri üzrə direktor müavini Məktəb direktorunun təqdi­ma­tına əsasən İdarə rəisi tərəfindən işə təyin və azad edilir.
7.8. Tədris işləri üzrə direktor müavini azı üç il pedaqoji iş stajına malik olan ali ixtisas təhsilli mütəxəssislərdən təyin edilir. Müstəsna hallarda kadr çatışmazlığını nəzərə alaraq orta ixtisas təhsilli mütəxəssislər də həmin vəzifəyə təyin edilə bilərlər.
7.9. Tədris işləri üzrə direktor müavini aşağıdakı vəzifələri icra edir:

  • tədris plan və proqramlarının tam yerinə yetirilməsi işini təşkil edir, tədris prosesinin yüksək səviyyədə qurulmasına, dərsin keyfiyyətinə, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılmasına, nizam-intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır;

  • dərs cədvəlini tərtib edib direktorun təsdiqinə verir;

  • tədris plan və proqramlarının yerinə yetirilməsini daim nəzarətdə saxlayır və hər yarımilin sonunda bu işi yekunlaşdıraraq pedaqoji şuranın müzakirəsinə çıxarır;

  • müəllimlərin dərslərinə mütəmadi olaraq nəzarət edir, onların dərslərini dinləyir və təhlil edir, müəllimlərin açıq dərslərini təşkil edir;

  • müasir dərsə olan tələblərin əməli surətdə tətbiq edilməsində müəllimlərə metodiki kömək göstərir;

  • qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil edir;

  • bu və ya digər səbəbdən işə çıxmayan müəllimlərin eyni fənni tədris edən digər müəllimlərlə əvəz olunmasını təşkil edir, xüsusi kitabda bu işin uçotunu aparır;

  • sinif jurnallarının səliqəli aparılmasına, qorunub saxlanılmasına nəzarət edir və bu iş üçün məsuliyyət daşıyır;

  • hər ayın sonunda müəllimlərin həftəlik dərs yükünü jurnallar əsasında hesablayır və aylıq əmək haqqının ödənilməsi üçün həftəlik dərs saatlarının miqdarı cədvəlini mühasibatlığa təqdim edir;

  • şagirdlərin müəllimlər arasında bölgüsünü aparır, dərsə davamiyyətinə nəzarət edir;

  • imtahanların, bağlı akademik konsertlərin, dinləmələrin vaxtını təyin edir;

  • direktor olmayanda qanunvericiliyə uyğun olaraq onu əvəz edir.

7.10. Şöbə müdiri ixtisası üzrə dərin biliyə, pedaqoji iş təcrübəsinə, təşkilatçılıq bacarığına malik olan müəllimlərdən təyin edilir.
7.11. Şöbə müdiri aşağıdakı vəzifələri icra edir:

  • hər yarımilin əvvəlində şöbənin iş planını hazırlayıb şöbənin iclasında müzakirə edir və təsdiq üçün pedaqoji şuraya çıxarır;

  • iş planının yerinə yetirilməsi və əldə olunan nəticələr barədə pedaqoji şuranın iclaslarında hesabat verir;

  • şagirdlərin fərdi vərəqələri üzrə dərs proqramını, müəllimlərin tədris ili üzrə gündəlik dərs planlarını təsdiq edir;

  • müəllimlərin dərslərində mütəmadi olaraq iştirak edir, onlara metodiki yardım göstərir, müəllimlərin işinə nəzarət edir, şöbə müəllimlərinin açıq dərslərini təşkil edir;

  • şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris plan və proqramlarının tam yerinə yetirilməsinə nəzarət edir;

  • bağlı akademik konsertləri, dinləmələri və sərgiləri təşkil edir;

  • müəllimlərin peşəkarlıq səviyyəsini və metodiki ustalıqlarını artırmaq məqsədilə tədbirlər təşkil edir.

7.12. Məktəbdə tədris-metodiki və təlim-tərbiyə işinin, Məktəbin bütövlükdə fəaliyyətinə dair digər məsələlərin müzakirəsinin kollegiallığını təmin etmək məqsədilə pedaqoji şura yaradılır.
7.13. Pedaqoji şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edir:

  • Məktəbin, şöbələrin iş planlarını, tədris-metodiki və təlim-tərbiyə prosesi ilə bağlı digər sənədləri;

  • Məktəbin təlim-tərbiyə və metodiki işləri barədə direktorun, tədris işləri üzrə direktor müavininin, habelə şöbə müdirlərinin hesabat və məlumatlarını;

  • tədris proqramlarının yerinə yetirilməsi, şagirdlərin bilik səviyyəsi və s. məsələlər barədə şöbə müdirlərinin, müəllimlərin və digər işçilərin məlumat və çıxışlarını;

  • şagirdlərin sinifdən-sinfə keçirilməsi, payız bağlı akademik konsert, sinifdən-sinfə keçid imtahanlarına saxlanılması, eksternat qaydası ilə sinifdən-sinfə keçirilməsi, tədris ilinin əvvəlində qeydiyyatdan keçmədiklərinə, həmçinin dörd və daha çox fəndən illik qiymətləri qeyri-kafi olduğuna görə Məktəbdən xaric olunması, qiymətləri müvəffəq olmayan buraxılış sinfinin şagirdlərinə məktəbdə təhsil aldıqları barədə arayışın verilməsi və s.;

  • tədris müəssisəsinin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi;

  • qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması;

  • əmək intizamı;

  • direktorun mülahizəsinə görə Məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri.

7.14. Pedaqoji şuranın tərkibinə Məktəbin direktoru (sədr), onun müavini, şöbə müdirləri, müəllim heyəti daxildir.
7.15. Direktor olmadıqda pedaqoji şuraya tədris işləri üzrə direktor müavini sədrlik edir.
7.16. Pedaqoji şura hər tədris ili üçün açıq səsvermə yolu ilə öz tərkibindən şuranın katibini seçir.
7.17. Pedaqoji şuranın iclası hər tədris ili üç dəfədən az olmayaraq çağırılır (yeni tədris ilinin əvvəli: sentyabr ayının 10-dan 14-dək, l və ll yarımillərin yekunu üzrə: yanvar və iyun aylarının sonu). Zərurət yaranarsa pedaqoji şuranın növbədənkənar iclasları da çağırıla bilər.
7.18. Pedaqoji şuranın iclası şura üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli hesab olunur.
7.19. Pedaqoji şuranın qərarı sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda şura sədrinin səsi həlledici sayılır.
7.20. Şuranın qərarı direktorun əmri ilə qüvvəyə minir. Məktəbin direktoru pedaqoji şuranın qərarı ilə razılaşmadıqda onun həyata keçirilməsini dayandırır və bu barədə İdarəyə məlumat verir. İdarənin mübahisəli məsələ ilə əlaqədar çıxardığı qərar qətidir.
7.21. Pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş Məktəb direktoru tərəfindən təşkil olunur. Şuranın növbəti iclasında tədris işləri üzrə direktor müavini görülən işlər və əldə olunan nəticələr barədə hesabat verir.
7.22. Məktəbdə həmçinin direktoryanı şura fəaliyyət göstərir. Direktoryanı şuranın əsas vəzifəsi pedaqoji şuranın iclasları arasında meydana çıxan təxirəsalınmaz məsələlərin həllində, zərurət yaranarsa kollektivlə bağlı ortaya çıxan hər hansı məsələlərin müzakirəsində, direktorun müəyyənləşdirdiyi digər məsələlərin həllində yaxından iştirak etməkdən və s. ibarətdir. Direktoryanı şuranın yığıncağı şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Şuranın yığıncağı direktor və ya üzvlərinin 3 nümayəndəsinin təklifi ilə keçirilə bilər. Direktoryanı şuranın yığıncağında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq protokol tərtib olunur. Direktoryanı şuranın qərarı sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda direktorun səsi həlledici sayılır. Direktoryanı şuranın qərarı direktorun əmri ilə qüvvəyə minir.
7.23. Direktoryanı şuranın tərkibinə direktorla yanaşı tədris işləri üzrə direktor müavini, şöbə müdirləri, qabaqcıl müəllimlər, yerli həmkarlar komitəsinin sədri daxildir. Direktoryanı şuranın tərkibi direktorun əmri ilə təsdiq edilir.
7.24. Məktəbdə tədris prosesinin təşkili müəllim və şagirdlərin davamiyyətinin vəziyyətinin müəyyənləşdirilməsi monitorinq qaydasında yalnız Nazirlik və İdarə tərəfindən əmrlə həyata keçirilir.

Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə