II bölmə
Kollektiv müqavilə və saziş
Üçüncü fəsil
Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları
Maddə 22. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri
Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri aşağıdakılardır:
a) tərəflərin hüquq bərabərliyi;
b) kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü;
c) obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;
ç) öhdəliklərin icrasına təminat;
d) qanunvericiliyin tələblərinə əməl edilməsi;
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.
Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi
Kollektiv müqavilənin və sazişin bağlanılması, onlara dəyişikliklər edilməsi və yerinə yetirilməsi zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi partiyaların, ictimai birliklərin və dini qurumların tərəflərin hüquqlarını, habelə qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır.
Dostları ilə paylaş: |