6
Ümumtəhsil məktəblərində «Texnologiya» fənninin tədrisi şagirdlərin emal
texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq
qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam
etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət
imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə
texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər.
Eyni zamanda bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına,
onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar
əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır.
Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə
məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu
peşə seçmələri təmin olunur.
Bu fənni öyrənməklə şagirdlər kompüter texnikasına və müasir
texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və
bacarıqlara yiyələnir, qarşıya çıxan problemləri həll etmək qabiliyyətləri əldə
edirlər.
Texnologiya fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə şagirdlərin
müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək
bacarıq və vərdişlərinə yiyələndirmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət
əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə
sənədinə uyğun olaraq ümumtəhsil məktəblərində «Texnologiya» fənninin
vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
İbtidai təhsil səviyyəsində şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal,
özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat,
modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik,
simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və
yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.
Ümumi orta təhsil səviyyəsində ibtidai təhsil səviyyəsində təyin olunmuş
funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri
inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi, sadə
olmayan texnoloji proseslərin həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün
formalaşdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə
imkanlarının genişləndirilməsi, onların peşəseçməyə istiqamətləndirilməsi,
zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.
I.
Texnologiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
7
materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan
(ölçmə, kəsmə,biçmə,tikmə,toxuma,qatlama,yapma, birləşdirmə və s.) və
texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır;
sadə məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının
hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və
praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir;
yaradıcılıq tələb edən sadə model və layihələr qurur.
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq
edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məişətdə
vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;
sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların
hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-
tikinti işlərini yerinə yetirir;
texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir,
məmulatların hazırlanmasında onlardan istifadə edir;
şəraitə və təbii imkanlara uyğun olaraq becərmə,bəsləmə, tədarük və
emaletmə bacarıqlarını nümayiş etdirir;
əmək fəaliyyətini planlaşdırır və idarə edir;
iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir;
1.2. Məzmun xətləri
Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi
nəticəsində «Texnologiya» fənninin aşağıda qeyd olunan məzmun xətləri
müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha
aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:
Emal texnologiyaları
Texnika elementləri
Məişət mədəniyyəti
Qrafika
Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə,
konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə
zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.
Emal texnologiyaları
Emal texnologiyaları “Texnologiya” fənninin əsas məzmun xətlərindən biri
olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və
elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.
Dostları ilə paylaş: |