AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ
Abşeron rayon MKS-nin Metodika və Biblioqrafiya
şöbəsi
Qabil - 90
(Metodiki vəsait)
Xırdalan-2016
Tərtib edənlər:
1.Rzayeva Rəşidə Rəşid q.- MKS-nin direktor müavini.
2.Əliyeva Almaz Yusif q.- Metodika və biblioqrafiya şöbəsinin müdiri
3.Məmmədova Qəmən Bayram q.- İnformasiya və resurs şöbəsinin müdiri
Ulu Nəsimiyə doğru can atdı,
Bir ustadsayağı heykəl yaratdı...
Qabil İmamverdiyev
12 avqust
1926
-ci ildə
Bakı
şəhərində anadan
olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
nəzdində olan hazırlıq kursunda
orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (
1944
-
1948
).
Moskvada
Maksim Qorki adına Ədəbiyyat İnstitutu
nəzdində olan ikiillik ali ədəbiyyat
kurslarında müdavim olmuşdur.
"Azərbaycan" jurnalı
redaksiyasında şeir üzrə ədəbi
işçi, baş redaktorun müavini (
1975
-
1979
) vəzifələrində işləmişdir.
AYB
Ağsaqqallar Şurasının sədri olmuşdur.
Qabil
4 aprel
2007
-ci ildə
Bakıda
vəfat etmişdir.
Çağdaş Azərbaycan şerinin ən görkəmli nümayəndəsi olan xalq şairi Qabilə ünvanlanan bu
misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan, istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi
qənaət, reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır.
Qürur hissi ilə deyə bilərik ki, Qabil haqqında fikirləşəndə öncül yer tutan onun təmizlik,
obyektivlik, doğruluq, ədalətlilik, əqidəlik... və özünün dediyi kimi qibləgahı həqiqət məramlı bir
şəxsiyyət bütövlüyü ilə gözümüzün qabağında canlanır.
Oxucular tərəfindən həmişə oxunan, əzbərlənən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan
"Səhv düşəndə yerimiz", "Qarışdırma", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında",
"Məhəbbət deyil", "Küləkli havalarda, yağışlı havalarda", "Çalma, qaboy", "Türkün qəbri", "Ümid
sənədir ancaq", "Gedən yerim olaydı" kimi qeyri - adi şeirləri və "Nəsimi" kimi fəlsəfi - psixoloji,
epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanmışdır.
Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış "Səhv düşəndə yerimiz" şeiri
isə ictimai siqləti ilə o qədər, məşhurlaşdı ki, mükalimə mövzusu kimi hər evə, müəssisə və
təhsil ocaqlarına ayaq açdı. 6 bənddən ibarət bu kiçik şeir sənət şedevri kimi poetik kəşf sayıldı
və Qabilin yaradıcılığında yeni üfüqlər açıldı.
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o daim klassikləri, xüsusilə Allaha, Gözəlliyə,
Həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan NƏSIMINI necə məhəbbətlə sevmiş,
oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan daxili
sevgiyə canlı bir misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah
olmuşdur.
On il ərzində işlədiyi poemasında Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi
şairimiz İmadəddin Nəsiminin daxili, fiziki - mənəvi aləminin açarını tapmışdır. Nəticədə Qabilin
"Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir. Onun
tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi
kefiyyətləri ilə əbədiyaşardır.
Bunu humanist, mütəfəkkir, dahi Nəsimi bilirdi ki,özlüyündə gizli tilsimləri ilə əbədidir və bunun
təsdiqi kimi bir şeirində də demişdir.
Mən ol tilsimi pünhan ki, bu gün cahana gəldim,
Əzəli nişansız idim, əbəbi nişanə gəldim.
Onsuz da əbədiyyəti qətiyyəti ilə qazanan Nəsimi qüdrəti qarşısında hər şey aciz qaldı. Sanki
Nəsimini başa düşməyənlərə istinadən, həm də Nəsimi idrakı, Nəsimi işığı, Nəsimi idealı
qarşısında baş əyən Qabil bədii fəlsəfi dəyəri ilə Nəsimini "Nəsimi"si ilə əbədiləşdirdi və
professor Əmirxan Xəlilovun dediyi kimi:
Ulu Nəsimiyə doğru can atdı,
Bir ustad sayağı heykəl yaratdı...
Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli dahi insan, Azərbaycan
xalqının əbədi iftixarı, böyük rəhbər və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin mənəvi
kefiyyətlərini və onun "Nəsimi" poemasının əbədi dəyərini necə qiymətləndirmişdir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o
çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki
Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq
hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Daha sonra Qabil şəxsiyyətinə də münasibət bildirən ölkə Prezidenti ona müraciətlə: - Mən bu
gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox
böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar aktyor evində yas
mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə demişdim ki, sən əsl
kişisən. Bu elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə
müşahidələrimin nəticəsi idi-demişdir.
Həmin yubleydə Prezident Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə
yumor hisslərindən də söhbət açmışdır.
Bəli Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar
təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir. Cəmiyyətmizin elə
bir üzvü yoxdur ki, onu tanımasın, sevib qiymətləndirməsin, haqqında qürurla söhbət açmasın.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olmuşdur. Eyni zamanda, həyatda
mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də
xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə
yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti,
düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq
mövqeyli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük
ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə
vicdanla xalqına xidmət etmişdir.
Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası Qabil poeziyasına
uğur gətirən cəhət- yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik
doğruluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri,
beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran
suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai-
siyasi həyatının bədii salnaməsidir.
Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai- siyasi hadisə olmamışdır ki, Qabil bu
hadisəyə öz vətəndaş mövqeyini bildirməsin.
60-ci illərdə yazdığı "Tramvay parka gedir"dən tutmuş 1990-ci ilin 20 Yanvar gecəsinin məhsulu
olan "Mərsiyə" şeirinə kimi heç də az iş görməmişdir.
Lakin sən demə, işin ağırlığı bundan sonra imiş. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq
günlərində ürək yanğısı ilə yazdığı "Əslində", "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu",
"Çalma qaboy", "Nisbi sakitlik nədir", "Lazim gəlsə... - lazımsan də!", "Özgədən çək gözünü",
"Bu meydanı tərk elə", "İnsaf", "Aclıq", "Çıxma qabağıma", "Xəcalət", "Hava necə olacaq", "Bu
gün idman vaxtı deyil", "Zarafat eyləmə", "Satqın", "Birini elə, birini belə", "Çadırlara alışmayın"
və bir çox şeirləri əsl vətəndaş qayəli, Vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik
nümunələr idi. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi. Bu eşq, bu
ehtirasla da "Ümud sənədir ancaq..." şeirini yazdı. 1996-cı ildə qələmə alınmış 90 misralıq bu
şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman Vətən övladına- AZƏRBAYCAN
ƏSGƏRİNƏ hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.
Təsadüfü deyildir ki, Azərbaycan Respublikasının müstəqil İctimai Televiziya Şirkəti həssas
qəlbli xalq şairi Qabilin "Ümid sənədir ancaq..." şeirinə qısametrajlı film çəkərək, tez-tez
mümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına güc və qüdrətimizi
göstərməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir. Qabilin bu vətəndaşlıq
mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi. Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə
sevir, onun yaradıcılığından qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləmişdi:
Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi
Vətən fəxr etsə də şairlərilə,
Sabir təkbaşına xalqın bəsiydi.
Məhz yüksək vətəndaşlıq mövqeynin nəticəsi idi ki, Qabil xalq şairi Rəsul Rza və böyük
Sabirşünas Abbas Zamanovdan sonra Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir poeziya
günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir
məqbərəsinin ucaldılması üçün səy göstərmiş, təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət,
bu müraciətlərin biri nəticə vermiş, böyük ürək sahibi, xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti
hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.
Bax, burda da Qabil vətəndaş heysiyyətilə arzusuna çatır, 2006-cı ilin may ayının 30-da
məqbərənin açılışında sonuncu çıxışını edir, Sabirə olan dərin məhəbbətinin sanki yekununu
qoyur.
Bu gün xalq şairi Qabil aramızda yoxdur və onun vəfat tarixi ilə 4 ilin ayrıcındayıq.
Ürək ağrısı ilə deyək ki, dünənə qədər yaşayıb yaradan şair dünyadan köç edəndə də hamının
qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevdirən bir sənətkar kimi qaldı. Ömür
karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi dəfn
mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan
Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir
daha inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik
kəlamları əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim üçün bir təsəllidir. Böyük şəxsiyyət, akademik Vasim Məmmədəliyev də bu
fikirdədir: "Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən
daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq.
Sənətkar üçün əbədiyyət budur".
Qabilin ən qiymətli şeirlərindən birində "Şeirim" əsərindəki dialoqunda
- Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox...
- deyən şair bu gün özü bizi qəhərləndirəcək dərəcədə xatirəyə çevrilmişdir.
Hələ sağlığında Qabil haqqında İsmayıl Şıxlının, Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi
Xəzrinin, Hüseyn Abbaszadənin, Elçinin, Anarın, Sabir Rüstəxanlının, Fikrət Qocanın, Fikrət
Sadığın, Cabir Novruzun, Yusif Səmədoğlunun Ramiq Muxtarın, Abbas Abdullanın, Oktay
Rzanın, Musa Ələkbərlinin, Aybəniz Məmmədəliyevanın, Tofiq Hacıyevin, Teyyub Qurbanın,
Qəşəm İsabəylinin, Əli Saləddinin, Əzizə Türkanın və yüzlərlə Qabilsevərlərin söylədikləri
maraqlı xatirələr və böyük şairimiz haqqında duzlu- məzəli söhbətləri daim yaşayacaq. Böyük
şairə sənət dostları çoxsaylı şeirlər həsr etmişdir ki, onlardan biri də şair Musa Ələkbərlinin
Qabil şəxsiyyətinə çox yüksək qiymət verməsi- onun çağdaş poeziyamızın "qan təzyiqi"
adlandırması maraqlı cəhət kimi necə də gözəl ifadə olunmuşdur:
Qabil şeirimizin qan təzyiqidi.
Qabil şeirimizin məhəng daşıdı.
Gah enən, gah qalxan bu təzyiqlə o,
Qəlbində dağ boyda ağrı daşıdı.
Sözdən körpü çəkdi gələcək əsrə,
Sabirin, Vurğunun çağdaş yaşıdı.
Qabil haqqında nə qədər yazsaq azdır. Onun böyük yaradıcılıq yolu barədə bir anım günündə
danışıb yekunlaşdırmaq o qədər də asan deyil.
Lakin ümidliyik ki, bir neçə aydan sonra 12 avqust 2011-ci ildə böyük şairimizin anadan
olmasının 85 illik yubilieyi qarsısındayıq və söz deməyə meydan qabaqdadır.
Bir Qabilşünas kimi şairin həyat və yaradıcılığına həsr etdiyim ("Qabilin sənət dünyası "Şur"
nəşriyyatı "Bakı" 2007-ci il) kitabımdan sonra yubiley günləri ərəfəsində işıq üzü görəcək "Qabil
rübailəri müasirlik kontekstində" adlı monoqrafiyam yubiley töhfəsi olmaqla, gələcəkdə Qabilin
bütöv yaradıcılığını əks etdirən silsilə məqalələr, foto- albomlar və kitablar da nəşr etdirməyi
nəzərdə tutmuşuq.
Sonda Ulu Tanrımızdan böyük və əvəzsiz Qabilimizə rəhmət diləyir və deyirik:
- ALLAHA, GÖZƏLLİYƏ, HƏQİQƏTƏ qovuşmaq yolunda öz NƏSİMİN kimi ölməzlik qazandın!
Şah beyitlərində, şah misralarında, qədirbilən xalqının qəlbində həmişəyaşarsan! Öz gəmində,
öz bayrağınla böyük bir axında daim üzüb gedəcəksən! Özü də simvolik yox, əlində yaşıl
qələminlə, özünün sevdiyin al-əlvan bayrağınla!
Dostları ilə paylaş: |