Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə23/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

IX FƏSİL. KREDİTİN FORMALARI,

NÖVLƏRİ VƏ İQTİSADİYYATDA ROLU
9.1. Kreditin formaları, növləri və sərhədləri
Kredit kifayət qədər sanballı münasibətləri ifadə etdiyinə, çoxəha­təli və olsun ki, başqa əsaslara görə sadəcə olaraq «kredit» baş­lığı altında öyrənil­məklə qala bilməz. Kredit münasibətlərinin cə­miyyətin inkişafı ilə ayaqlaşıb inkişaf etdirilməsi onun müxtəlif formala­rının və növlərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Xüsusən də müasir dövrdə kreditin incəliklərini ayrı-ayrı meyarlar üzrə müəyyən etmək imkanları yaranmışdır. İş belə gətirmişdir ki, vaxtdan-vaxta ölkə iqtisadiyyatında gedən proseslər və dünya təcrü­bəsi sayəsində kreditin formalarının müəyyən edilmə meyarları çox­almışdır.

Bunu nəzərə alaraq biz təşəkkül tapmış üsullara kreditin formalı­rını nəzərdən keçiririk. Eyni zamanda dövrümüzdə yaranan dəyişikliklərdən irəli gələnləri əlavə edək. Adətən kreditin formaları olaraq kommersiya krediti, bank krediti, dövlət krediti, istehlak kre­diti və beynəlxalq kredit formaları nəzərdən keçirilir. Bunlara ipoteka krediti və banklararası kreditlər də əlavə edilməklə kreditin formaları bu variantda bitirilə bilər, kreditin bu formalarını nəzərdən keçirərək, kreditorun və borcalanın vəziyyətindən, məqsədlərindən, şəraitdən və im­kanlarından asılı olaraq kreditin müxtəlif formalarının tətbiq imkan­ları müəyyən oluna bilər. Eyni zamanda kreditləşmə prosesinin həyata keçirilməsində nisbi sabit müəyyən prinsiplər vardır. Həm də kreditin verilməsi prosesində istənilən halda kreditor mənfəət əldə etmək, borcalan isə öz tələbatlarını ödəmək istəyini reallaşmalıdır.

Kommersiya krediti kreditin elə formasıdır ki, burada borc veri­lən dəyər daşıyıcısı əmtəələrdən ibarətdir və o, satıcı tərəfindən alıcılara verilir. Bunun xeyri ondadır ki, müvafiq əmtəəni almaq istəyən­lər bundan ötrü pul məbləğinin olmadığı, yaxud çatışmadığı bir vaxtda həmin əmtəəni əldə edə bilir. Yəni, kommersiya kreditinin təsərrüfat subyektləri olan müəssisələr (firmalar, şirkətlər) arasında alqı-satqı maraqlarını reallaşdırmaq üçün kredit münasibətləri baş verir. Kreditin kommersiya formasında bilavasitə əmtəə istehsalçısı və yaxud əmtəənin topdan satıcısının alıcı müəssisəyə əmtəəni ver­məsi, lakin həmin vaxt dəyər ekvivalentini almadan sövdənin hələlik bitiril­məsidir. Pulun alınması həmin vaxtda deyil, gələcəkdə olacağı razılaş­dırılır. Deməli, kommersiya kreditinin əsasında satıcı müəssisə­nin əmtəənin dəyərinin ödənilməsi üçün alıcıya möhlət verməsi və müddət çatdıqda onun alıcı tərə­findən ödənilməsi durur.

Müddət çatdıqdan sonra əmtəə dəyərini ödəmək öhdəliyi kimi alıcı müəssisənin veksel verməsi durur. Kommersiya kreditinin veksel krediti ilə əlaqəsini qeyd etmək olar. Mütləq mənada kommersiya kreditinin obyekti dəyərin əmtəə forması, aləti isə kommersiya vekseli­dir. O, əsasən qısamuddətli xarakter daşıyır. Onun iştirakçıları tə­sərrüfat fəaliyyətinin subyektləri oldu­ğundan kommersiya krediti nisbətən irihəcmli alqı-satqıda tətbiq olunur.

Kommersiya kreditinin şərtlərində ödəmə möhləti təmsil oul­nur.

Bank krediti kreditin ən geniş yayılmış formasıdır. Məhz bank­lar krediti əlavə maliyyə vəsaitinə ehtiyacı olanlara verir. Çünki əsas fəaliyyəti kredit işi olan banklar akkumulyasiya etdikləri pul vəsaitlə­rini, geri qaytarılma əsasında ssudalar verməklə kreditləşdirməni həy­ata keçirir. Bu vəsaitlərin isə – istehsala və tədavülə qoyulmasını tə­min edir.

Ödənclik kreditin bank formasının ayrılmaz şərtidir. Həm də bank krediti faizi həmişə kommersiya krediti faizindən yüksək olur. Bu ondan irəli gəlir ki, bank əsasən kənardan cəlb etdiyi vəsaitlərdən kredit resursu kimi istifadə etdiyindən verdiyi kreditlər üzrə faizi mümkün səviyyədə saxlamağa məc­burdur.

Bank kreditini kommersiya kreditindən fərqləndirən əsas əla­mət odur ki, burada vəsaitin mənbəyi ticarət və sənaye kapitalından ayrılmış pul kapi­talıdır. Borcalan kimi dövlət, fiziki və hüquqi şəxs­lər, o cümlədən bank­ların özü də çıxış edir. Kommersiya kreditinin həcmi hər bir azad ticarət və sənaye kapitalı ehtiyatlarıdır və məhdud­dur. Əmtəələrin kommersiya krediti yolu ilə hərəkəti ünvanlı­dır: əmtəə ya istehsalçıdan istehlakçıya, ya da istehsalçıdan əmtəənin sonrakı satışı ilə məşğul olan ticarət şirkətlərinə nisyə olaraq verilir.

Bank krediti kommersiya kreditinə xas olan məhdudiyyətləri ara­dan qaldırır. O, kreditləşmənin istiqamətləri, məbləği və müddətli ilə məhdud­laşmır. Bank krediti həm də istiqamətlərinin çoxluğu ilə səciyyələnir.

Kreditin geniş yayılmış forması bank kreditidir. Ümumi yanaş­mada iqtisadiyyatın maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyekt­lərinə kreditləri adətən banklar verir. İqtisadiyyatda özünəməxsus yeri olan bankların ən əsas fəaliyyət istiqamətlərindən biri kreditləşmə əməliyyatlarının həyata keçirilməsidir. Bu məqsədlə banklar kredit əməliyyatlarını həyata keçirmək üçün təkcə özünəməx­sus kapitaldan deyil, ondan daha böyük olan məbləğlərdə cəlb edilmiş vəsaitlərdən istifadə edir.

Bütün fərqlərə baxmayaraq, kommersiya və bank kreditinin ümumi cəhətləri də mövcuddur. Çünki onların təbiəti eyni anlayışa –kreditə bağlıdır. Kommersiya krediti tarixən bank kreditdən əvvəl yaranmış və məntiqi olaraq kredit münasibətlərində dəyanətli yer tu­tur. Bu onunla izah olunur ki, kommersiya krediti bilavasitə ticarət və sənaye kapitallarının dövranına, əmtəələrin istehsaldan son isteh­laka qədər hərəkətinə xidmət edir.

Dövlət krediti adətən kredit münasibətlərinin o cəhətini əhatə edir ki, burada dövlət özü iştirak edir. Dövlətə məxsus olan vəsaitlər kredit olaraq müvəqqəti istifadə üçün müəyyən borcalanlara verilir. Yerli hakimiyyət orqanlarının da kredit münasibətlərində iştirak etmə­sinə yol verilir. Eyni zamanda bazar iqtisadiyyatı sistemi dövlə­tin borcalan olmasını da istisna etmir. Əslində bu hal kəmiyyət etiba­rilə daha böyük yer tutur və dövlət istiqrazlarının yerləş­dirilməsi ilə dövlət bocunu əmələ gətirir.

Digər bir xüsusiyyət ondan ibarətdir ki, bir dövlət digər dövlət­lərə də kredit verə və onlardan kredit ala bilər. Yəni, mahiyyət etiba­rilə bu zaman kredit beynəlxalq kredit münasibətləri sferasına daxil olur.

Dövlət kreditinin bu xarakteristikası indiki dövrdə kök salmış kon­sepsiyalardan irəli gəlir.

İstehlak krediti forması prinsipcə əhaliyə istehlak məqsədləri üçün verilən kreditləri təmsil etməlidir. Bu halda vurğulanmalı cəhət odur ki, insanlar öz istehlakı üçün zəruri olan əmtəələri ödənişlərdə möhlət verilməsi şərtilə əldə edə bilirlər. İstehlak kreditinin ticarət firmaları tərəfindən, banklar və digər kredit-maliyyə qurumları tərəfin­dən verilməsi qaydası dünya təcrübəsində qəbul edilən istehlak kreditinin verilməsi qaydasına ölkələrin müvafiq qanunları və adətlə­rinə əsaslanır. Kreditorların xüsusiyyətlərinin, borcalanların istəkləri­nin nəzərə alınması istisna edilmir. Çünki belə hallar üçün bank qanunla­rında detal­laşdırılmış tələblər, sahibkarlıq fəaliyyətində isə bərk məhdudiyyətlər qoyul­ması münasibətlərin bazar iqtisadiyyatı prinsiplərinin pozulması olardı.

İstehlak kreditləri sahəsində Azərbaycan Respublikasının təcrü­bəsi məsə­ləsinə baxıldıqda iqtisadiyyatın hər iki sistemində – yəni so­vet dövründə və bazar iqtisadiyyatı dövründə istehlak kreditinin ol­duğu qeyd edilə bilər. Həmin təcrübələrin üz-üzə qoyulub toqquşdurul­ması bir məna kəsb etmir. Azər­baycan əhalisinin istehlak kreditlərinə ehtiyacı həmişə olmuşdur. Amma belə bir cəhət diqqəti cəlb edir ki, Azərbaycanda bazar iqtisadiyyatının forma­laşmış olduğu dövrdə bir sıra istehlak mallarının kreditlə satışında təklif güclənmiş­dir. Elanlar, reklamlar, telefon çağırışları ilə müəyyən növlərdə əmtəələ­rin təklifi adi hal almışdır ki, bu istehlak kreditləri bazarın­dakı vəziyyəti səciyyələndirir. Sovet dövründə istehlak mallarının ümumi qıtlığı fonunda əmtəə şəklində istehlak kreditinin güclü təklifi deyil, ağır və düzəlməz məhdudiyyətlərin olması xarakterik hal idi.

İndiki dövrdə istehlak kreditinin verilməsi kreditorla borcalan ara­sındakı müqaviləyə əsaslanır. O, kredit müqaviləsinin ümumi qaydala­rına əsaslanır, predmeti isə borc verilən dəyərdən ibarətdir. Kreditin qaytarılması və faizlərin ödənilməsi müqavilə şərtlərində təs­bit edilir.

Hətta, xidmətlərdən ödənişlərdə möhlət şərti ilə istifadə edilməsi məlumatlarına rast gəlinir.

Əgər istehlak krediti formasında əmtəə almaq lazım gəlirsə bu halda ticarət təşkilatlarının xidmətlərindən yararlanmaq olar.

Banklar isə istehlak məqsədləri üçün pul ssudaları verə bilər. İsteh­lak krediti formasıında satılan əmtəələr, ümumiyyətlə əhalinin şəxsi ehtiyacları üçün uzun illər ərzində istifadə edə biləcəkləri mallar­dan ibarət olur. Onların daha çox tanınanları: avtomobillər, mebel, elektriklə işləyən bahalı ev avadanlıqları, kompyuterlər, telefon və s. qeyd edilə bilər.



İpoteka krediti formasının izahı zatən ipoteka anlayışına bağlan­mışdır. Bu çox qədim anlayışdır və indi öz başlıca məzmununu saxlamaqdadır. «İpoteka öhdəliyin icrasının təmin edilməsi üsulu ola­raq əşyanın və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqi qeydə alınan daşınan əşyaların girovudur» (İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu M.1.01). Buradan da ipoteka girovu əsa­sında verilən kreditin həmin adı özündə daşıması qəbul edilir.

İpoteka kreditləri mənzil tikintisi, mənzil almaq və torpaq sahəsi­nin alınması üçün dünya təcrübəsində bu sahədə ixtisaslaşan ipoteka bankları tərəfindən verilir. Amma onun universal kommer­siya bankları tərəfindən verilməsi də qanunauyğun hadisədir. Bunu eləcə də həmin kreditlərin resursları barəsində də demək olar. İpoteka kredit­lərinin şərtlərinin müxtəlifliyi ayrı-ayrı ölkələrdə fərqli ola bilir. Bu, xüsusən kreditin müddəti, faiz dərəcələri, sənədləşdirmə və s. məsələ­lərə aiddir. Eləcə də ayrı-ayrı ölkələrdə ipoteka kreditinin inki­şaf səviyyəsi fərqlənir. Nəzəri cəhətdən bunlar ipoteka kreditinin xarakte­rinə xələl gətirmir və kreditin ümumi təməl əsasları çərçivə­sində fəaliyyət göstərir.



Beynəlxalq kredit də kreditin əsasında duran ümumi xarakterli cə­hətləri özündə saxlayır. Ən başlıca fərq kreditor və borclunun müxtə­lif ölkələrdən olmasındadır. Kredit münasibətlərində iştirak edən tərəflərdən biri bu ölkədəndirsə, digəri ikinci bir ölkədən oldu­qda kredit beynəlxalq arenaya çıxır. Kreditor və ya borcalan sifətində banklar, müəssisələr, beynəlxalq valyuta-kredit təşkilatları, əhali və dövlət beynəlxalq kredit münasibətlərində iştirak edirlər.

Beynəlxalq kredit göstərilən həmin subyektlərin qarşılıqlı razı­lıqla hərəkətləri sayəsində, valyuta və ya əmtəə şəklində olan dəyərlilə­rin kredit­ləşdirmə əsaslarında bir ölkədən digər ölkəyə yeridilmə­sidir.

Beynəlxalq kredit münasibətlərində bilavasitə konkret işti­rakçıla­rın faydalanması və milli maraqların bunlarla qovuşması səciyyəvidir. Məsələnin müsbət həlli beynəlxalq iqtisadi əlaqələrin və istehsalın inkişafına, əmtəə və xidmətlərin realizasiyasının, ümu­miyyətlə təkrar istehsalın sürətləndirilməsinə, infrastruktur layihələri­nin həyata keçirilməsinə, lazımi istiqamətlərdə struktur dəyişiklikləri­nin aparılmasına xidmət edir.

Banklararası kredit kommersiya banklarının (olsun ki, ixtisas­laş­mış bankların da) öz aralarında qarşılıqlı və ya birtərəfli əsas­larda vaxtaşırı olaraq, yəni ehtiyac yarandıqda kredit münasibətlə­rinə girməsini təmsil edir. Başqa bir vəziyyətdə kommer­siya bankları so­nuncu instansiya olaraq kredit almaq üçün Mərkəzi Banka müraciət edir. Bu halda verilən suda Mərkəzi Bankın kredit­ləri adlanır.

Bəzi hallarda kreditin formaları borca verilən dəyərin növünə görə müəyyən edilir. Bu zaman o, kreditin əmtəə forması, kreditin pul forması və qarışıq forması olaraq təqdim olunur.

Müvafiq surətdə birinci halda kreditlərin maddi daşıyıcısı əmtəələr­dən, ikinci halda puldan və üçüncü halda kreditin həm əmtəə və həm də puldan ibarət olmaqla formalaşması göstərilir.

Əlbəttə ki, kreditin maddi daşıyıcılarına istinad edilməklə kredi­tin forma­larının izahı da məna kəsb edir və xüsusi etirazlarla qarşılanma­dan elmi yanaşmalar sırasında yer almışdur. Biz bunları məhz həmin səbəblərə görə təqdim etdik.

Kredit əqdlərində vətəndaşların iştirakı kreditin bir sıra for­ma­la­rında yer alır. Bununla yanaşı kreditin formalarından biri olaraq mülki kredit adı ilə təqdim olunan forma da vardır. Bəzən vətən­daş krediti kimi səciyyələndirilən bu kredit formasının başlıca cəhəti vətəndaşların kredit verməsidir. Borc verilən dəyərin pul və ya əmtəə formasında ola bilməsi ikinci mühüm əlamət hesab edilə bilər. Ölkə qanunları ilə yol verilən qaydalarda bu kredit forması ilə bağlı münasibətlər tənzimlənir. Bütün bu hallarda etibar amilinin rolu böyükdür.

Kreditin formaları bütün hallarda onun strukturu ilə sıx əla­qədə olmaqla: 1) kreditor və borcalanın xarakterindən; 2) borc veri­lən dəyərin xarakterindən; 3) borcalanın krediti nə məqsədlərə almasın­dan asılı olaraq öz xüsusiyyətlərini göstərir.

Bəzi hallarda kreditin formalarının daha çox xırdalanmasına da tə­sadüf edilir.

Fikrimizcə, yuxarıda xarakterizə edilənlərdən kənar deyilişlər əs­lində göstərdiyimiz formaların üstələnməsi deyil, sadəcə olaraq onla­rın tərkibindən qoparılmalardır. Bir də ki, bunlara ehtiyac ona görə qalmır ki, kreditin incəlik­lərinə varmaq üçün daha tutarlı başqa imkan da vardır. Həmin istiqamətdə lazımi məsələ kreditin növlərinin araşdırılması ola bilər.

Baxmayaraq ki, kreditin növləri haqqında son nöqtə qoyul­mamış­dır, bu barədə yazılar müxtəlif mənbələrdə geniş yer almış­dır. Onların sırasında ciddi yanlışlıqlarla təqdim olunanları çox­dur. Təbii ki, bunlar qəbuledilməzdir.

Biz burada kreditin növlərini onun son tədqiqatçısı olmaq ro­lunda çıxış etməklə deyil, mövcud müddəaların peşəkarcasına hazırlan­mış variant­larından seçim etmək baxımından şərh edirik.



  1. Sahəvi istiqamətindən asılı olaraq kreditlər növlərə ayrıla bi­lər: sənaye kreditləri, kənd təsərrüfat kreditləri, ticarətə kreditlər və bu kimi istiqamətlər ssudaların sahələr üzrə istifadəsini səciyyələndirə bi­lər.

  2. Kreditlərin onların obyetkinə görə bölgüsü ümumən həm keçmişdə və həm də indii qəbul edilən bölgüdür. Burada obyektlərin kreditlərə qarşı nəyin durmasını xarakterizə etməsi əsas götürülür. Obyektlərin xarakterindən asılı olaraq onların müəyyən qruplardan ibarət olmasını nəzərdə tutmaqla, kreditin növlərini əmtəə – material dəyər­lilərinə görə kreditlər, istehsal xərc­lərinə (o cümlədən mövsümi istehsal xərclərinə) görə kreditlər, pul vasitə­lərinin müvəqqəti çatış­mazlığına görə və ya başqa sözlə, tədiyyə dövriy­yəsində qırılmanın aradan qaldırılmasına verilən kreditlər kimi növlərə ayrılması qəbul edilir.

  3. Borcalanların hansı qrupa aid olmasından asılı olaraq kre­ditlər təsərrüfatlara, başqa hüquqi şəxslərə və əhaliyə verilən ssuda növ­lərinə ayrılır. Bunlar özlüyündə kifayət qədər aydın məsələdir.

  4. Kreditlərin müddətindən asılı olaraq növlərə ayrılması kredi­tin mddətliyi prinsipinin təcrübədə reallaşdırılmasına xidmət edir. Bu cəhətdən uzunmüddətli kreditlər, ortamüddətli kreditlər və qısa­müddətli kreditlərdən ibarət olan bölgü məşhurdur. Həmin müd­dətlərin kreditlərin tətbiqində doğurduğu fərqlər ondan ibarət olur ki, uzunmüddətli və ortamüddətli kreditlər təsərrüfatlarda əsas fondların yaradılmasına xidmət edir. Qısa­müddətli kreditlər isə dövriyyə fondlarının təşkilinə yönəldilir. Təbii ki, kreditin müddətləri bundan asılıl olaraq formalaşır. Daha çox (adətən), orta mddətli kreditlərin 1 ildən yuxarı olmaqla 5 ilədək müddətə, uzunmüddətli kreditlərin isə 5 ildən artıq müddətə verilməsi məlumdur. Konkret əqdlərdə ssudaların ödənilmə vaxtı müvafiq əsaslarda tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

  5. Kreditlərin təminata görə növlərə ayrılması mühüm əhə­miyyət kəsb edir. Burada iki vacib cəhətə fikir vermək lazımdır. Onlardan biri kreditin nə səviyyədə təminata malik olmasıdır. İkincisi isə təminatın xarakterinin müəyyən edilməsidir. Kreditlər tam təmi­natlı, qismən təminatlı və təminatsız (blank ssudaları) olaraq növlərə ayrıldıqda bu hal təminatın səviyyəsini səciyyələndirir. Kreditlərin qarantiyalı olması, girovlu olması və sığorta edilmiş olmasıı kreditlə­rin təminatının xarakterini göstərir.

  6. Kreditlərin növlərə ayrılmasında onların müqabilində ödə­nişlərin hansı şəkildə aparılmasındakı fərqlərə əsaslanma da vardır. Bu­nun mənası ssudaların istifadəsinə görə faiz səviyyəsinin müx­təlifliyi­nin nəzərə alın­masıdır. Bu əsasla kreditlərin ödənişliyin­dən asılı olaraq onun növlərinin olması qəbul edilir. Əgər dünyada ha­ra­dasa, nə zamansa faizsiz kredit verilibsə və ya verilərsə bu hallar elmi ümumiləşdirməyə mane olmur və əlbəttə ki, müstəs­nalardır. Ödəniş­lərin kreditlərin növlərə ayrılmasında necə fərqlən­dirilməsinə gəl­dik­də dünya praktikası, olsun ki, Azərbaycan Respublikasıında da mümkündür. Əmtəə qiymətləri mal-xidmət bazarlarında tələb və təklif­dən asılı olaraq formalaşdığı kimi faiz dərəcəsi borc kapitalları bazarında yaranıb sövdələrdə tətbiq olunur. Bu nöqteyi-nəzərdən kre­ditə görə haqların ödənilməsində bahalı kreditlər və ucuz kreditlər kimi anlayışlar meydana gəlmişdir.

Baxmayaraq ki, bunlar nəzəri əhəmiyyət kəsb edir, amma onla­rın həyatı düzgün əks etdirməsi və praktikadan gündəlik bəhrələn­məsi də qeyd edilə bilər. Belə ki, bu və digər kredit borc kapitalları bazarındakından yuxarı faizlə verilirsə (alınırsa) o, bahalı ssudalar hesab olunur. Əksinə bazardakı dərə­cələrdən aşağı olmaqla verilən (alınan) kreditlər ucuz kreditlər sayılır.

Faiz alınmadan verilən (ödənilməyən) kreditlərə gəldikdə, hətta on­ların təsadüfi hallardan ibarət olmasına baxmayaraq, elm onları da kreditin təsnifatından kənarda qoymur. Kreditlərin ödənişli və ödəniş­siz növlərə ayrılması həmin məsələni həll etmiş olur.

Kreditin mükəmməl iqtisadi kateqoriya olmasına və müxtəlif növ­lərə ayrılmaqla şaxələnməsinə baxmayaraq, onun həm ümumi­likdə və həm də formaları və növlərinin verilməsi və istifadəsinin imkan­ları qeyri-məhdud hesab edilə bilməz. Burada həddini aşma, yaxud israfçılıq yolverilməzdir. Odur ki, kreditin normal imkanlar, normal tələbat və şərait nəzərə alınmaqla fəaliyyət göstərməsi zərurəti onun sərhədləri anlayışının meydana gəlməsinə səbəb olmuşdur. Elə burada da kreditin sərhədlərinin praktikanın təsirləri sahəsində elmə keçdiyini, yaxud elmi dairələrdə kreditin sərhədlər daxilində işlədilməsi­nin anlaşıldığını görürük. Pul tədavülü və kreditin nə dərə­cədə həyati olması burada da özünü göstərməkdədir.

Biz kreditin sərhədlərini aydınlaşdırdıqda ölkədə kreditin fəaliyyə­tini (istifadəsini, qoyuluşunu və s.) nəzərdə tuturuq. Söz yox ki, ölkədə kreditin bütünlükdə kəmiyyət göstəriciləri təkbətək kredit təşkilatlarının verdikləri (müştərilərin aldıqları) kreditlərin analoji göstəricilərinin cəmindən formalaşır. Odur ki, kreditin sərhədləri məsələ­sinə hər iki istiqamətdə baxılmalıdır. Yəni, kreditin sərhəd­ləndiril­məsinin ölkə miqyasında müəyyən edilməsinin öz mə­nası, ayrı-ayrı hüquqi və fiziki şəxslərə verilmələr nöqteyi-nəzərindən öz əhəmiyyəti vardır. Kreditin tətbiqi sərhədlərinin təyin edilməsi üçün kredit hesabına ödənilə biləcək ehtiyaclar, xalq təsərrüfatı üzrə kreditin istifadə dairəsi, kreditin verilməsi imkanlarının ayrı-ayrı kredi­torlar üzrə kəmiyyətinin bilinməsi və buna qarşı duran borc­alan­lara verilməsi mümkün olan kredit məbləği kimi vəhdət təş­kil edən məsələlərin aydınlaşdırılmasının zəruriliyi mötəbər elmi dairə­lər tərəfindən irəli sürülmüşdür. Bunlar bir həqiqətdir və həyatiliy­ini təsdiq etmişdir. Buradakı həmin müddəalar sırasında xalq təsərrüfatı miq­yasında kredit qoyuluşunun miqyası (həcminin kəmiyyəti) kreditin makroiqtisadi sərhədi kimi qəbul edilə bilər. Mikroiq­tisadi sərhədlər isə kreditorlara və borcalanlara aid edilir. Yəni ayrılıqda götürülən bu və ya digər bankın nə qədər kredit verə bilməsi ondan ötrü kreditin sərhədidirsə, ayrılıqda bu və ya digər müəs­sisnin ala biləcəyi kreditin həcmi bir borcalan olaraq ondan ötrü kreditin sərhədini şərtləndirir.

Kreditin sərhədlərinin müəyyən edilməsinin ölkə iqtisadiyyatı üçün, maliyyə və pul tədavülü üçün böyük əhəmiyyəti vardır. Kredit və bank fəaliyyəti nöqteyi-nəzərindən isə, kreditin sərhədlərinin müəyyən edilməsi müstəsna əhəmiyyətə malikdir. Sərhədlərə riayət olunmasının kreditin rolunun yüksəlməsinə xidmət etdiyini bilməklə yanaşı, bu sərhədlərin pozulmasının mənfi proseslərə yol açmasını da qeyd etmək lazımdır. Yəni, təcrübədə kreditlərin ifrat həcmdə iqtisa­diyyata və sosial tədbirlərə qoyulması zərərli təsirləri ilə səciyyələnir. Kreditin əsassız ixtisarı isə təsərrüfatda maliyyə çətinlikləri əmələ gə­tirə bilər.
9.2. Kreditin iqtisadiyyatda rolu
Hesab edilir ki, kreditin bütün başqa aspektlərdə təhlili, o cümlə­dən kreditin rolunun izahları bu kateqoriyanın mahiyyətinin bilinməsindən asılıdır. Bu mənada artıq kreditin mahiyyəti aydınlaşdırıl­dığı üçün, ona müvafiq surətdə kreditin rolu açıqlana bilər.

Kreditin mahiyyətinə baxılmaqla aydın olur ki, kreditin roluna ilk növbədə kreditorun və borclunun mövqeyindən baxılmalıdır. Eləcə də ümumilikdə təkrar istehsal üçün, kapitalın hərəkəti nöqteyi-nəzərindən kreditin rolu böyükdür. Bu o deməkdir ki, kreditin rolu həm ictimai təkrar istehsal prosesində makroiqtisadi səviyyədə və həm də konkret təsərrüfat subyektlərinin maliyyəsinin təşkilində işti­rak etməsi sayəsində pul dövriyyəsində əks olunur. Yəni, kapitalın dövriyyəsi və dövranına kreditin qoşulması baş verir. Kreditin təsərrü­fatlarının maliyyə vəsaitləri ilə təmin edilmə mənbəyindən iba­rət olmaqla rolu onunla tamamlanır ki, tədavülə pulun kreditləş­dirmə kanalı ilə daxil olması baş verir. Məsələnin digər tərəfi odur ki, kredit əməliyyatlarının baş verməsi sayəsində ölkədəki müvəqqəti azad pul vəsaitlərinin real təsərrüfat tədbirlərinə yönəldilməsi baş ve­rir. Bu mənada kreditin rolu kredit resurslarının yaranması ilə onla­rın yerləşdirilməsi arasında uyğunluqla bağlıdır.

Kredit resursları ilə kreditin verilməsi əqdləri arasındakı asılılıq on­dadır ki, ictimai nöqteyi-nəzərdən bununla müvafiq surətdə kredit resursları yaranmış olur.

Müəssisə və təşkilatların pul vəsaitlərinə əlavə tələbatı elə vaxt­larda, elə günlərdə yarana bilir ki, onların özlərinə məxsus vəsaitlər hesabına həmin ehtiyacların ödənilməsi mümkün olmur. Həmin situasiy­alarda əmələ gəlmiş maliyyə çətinliyindən çıxmağı təmin et­məklə, kredit faktiki olaraq təkrar istehsalın ahəngini təmin edir. Əlavə pul vəsaitlərinə ehtiyac istehsal və satışın mövsümi amillərinin təsirindən də əmələ gələ bilir. Həmin tələbatın ödənilmə­sində kreditin rolu həm mövsümilik amillərinin təsiri altında olan təsərrüfat subyekt­ləri üçün və həm də ictimai nöqteyi–nəzərdən olduqca qiy­mətli­dir.

Bir çox hallarda kreditin rolu onun tətbiqinin nəticələri ilə – ümu­miyyətlə təsərrüfatla, dövlətə və əhaliyə onun xeyri ilə əlaqələndiri­lir. Burada həqiqət vardır. Əlbəttə ki, kreditin rolunun özünü göstərdiyi başlıca istiqamət onun təsərrüfat fəaliyyəti sfera­sında tətbiqidir. Amma burada qarşıya qoyulan məqsədlər, xərclər və tədbirlər olduqca müxtəlifdir. Onların həyata keçirilməsində istifadə edilən kreditlərin forma və metodlarının müxtəlifliyi bundan irəli gə­lir. Yəni, bu və ya digər tədbirin həyata keçiril­məsində kreditin fərqli forma və növü üstün rola malik ola bilir. Məsələn, kommersiya kre­diti əmtəələrin möhlətlə satıldığı şəraitdə öz rolunu göstərir. Ödəniş öhdəliklərinin vaxtlı-vaxtında və tam yerinə yetirilməsində kreditin pul forması üstünlüyə malikdir. Dövriyyə vəsaitlərinə olan artan tələba­tın ödənilməsində kreditin rolu istehsal və satışın fasiləsizliyinin tə­min edil­məsində özünü göstərir. Bu tələb kreditin qısamüddətli suda­lar şəklində təsərrüfat subyektlərinə verilməsi ilə ödənilir.

Eyni zamanda uzunmüddətli kredit növündən istifadə edilməklə is­tehsalın genişləndirilməsi və yeni əsas fondların yaradılmasında kre­di­tin rolu böyükdür. Kredit bu halda öz rolunu investiya mənbələrin­dən biri xidmətini göstərməklə yerinə yetirir. Bununla istehsa­lın texniki səviyyəsinin yüksəldilməsi sürətləndirilir, habelə so­sial sə­mərəyə nail olunur. Konkret olaraq bu zaman aparılan kapital qo­yuluşu sayəsində kredit istehsalın inkişafı və genişləndirilməsi üçün zə­ruri olan maşın və avadan­lıqların alınması sahəsində müəssisələrin imkanlarını artırır, texniki tərəqqi amillərindən biri rolunu oynayır.

Bazar iqtisadiyyatında, o cümlədən Azərbaycan Respublika­sında kredit formaları arasında həlledici əhəmiyyət kəsb edən bank kreditləridir. Deməli, ölkə iqtisadiyyatında bank kreditləri böyük rola malikdir.

Ümumiyyətlə, fəaliyyətdə olan müəssisələrdə dövriyyə fondları­nın təşkili, problemlərinin həlli mənbələrindən biri bank kreditidir. Mülkiyyət forma­sından asılı olmayaraq müəssisələrdə dövriyyə vəsaitlə­rinin çatışmazlığının aradan qaldırılması üçün bank kreditlərin­dən istifadə edilməli olur. Bu mənbə müəssisələr üçün ona görə sərfəlidir ki, bank onlar üçün müqavilə əsasında əlverişli va­riant­larda, mövcud qaydalarla lazım olan müddətdə, istənilən məb­ləğdə vəsaitləri ayıra bilir. Belə ki, mülkiyyətçinin pul vəsaitlərinə olan ehtiyaclarının ödənilməsi aralıq vasitəçilər, dövlət idarəetmə instan­siyalarının qarışması olmadan təmin edilir. Müəssisə ideyaca sərfəli şəkildə bu tələbatı ödəyə bilir. Digər mənbələrdən vəsait cəlb etmək məsələsinə gəldikdə başqa ağır şərtlərin meydana çıxması hal­ları ola bilər. Çox vaxt itkisi, iş qrafikinin pozulması, əlavə xərclər, mənfəətin azalması və başqa fəsadlar üzə çıxa bilər.

Bank kreditlərindən istifadə zamanı müəssisə bazarın tələbatı və öz iradəsi ilə sərbəst hərəkət edir, bank tərəfindən edilən təklifləri müstə­qil tərəfdaş kimi götür-qoy edir, fəal surətdə məqsədlərinə çat­mağa çalışır, kreditin rolunu dərk edir.

Bank özü də maraqlı tərəf kimi çıxış edir, öz tələb və təkliflərini or­taya qoyur. Bank kredit vasitəsilə maliyyəşmə prosesini apararaq ölkə iqtisadiy­yatının inkişafında iştirak edir, sosial problemlərin həlli­nin yardımçısı olur. Borcalanlarla qarşılıqlı razılaşma əsasında bağla­dığı müqaviləyə görə sərən­camında olan kredit resurslarını yerləşdirə­rək mənfəət əldə etmək üçün kommersiya məqsədlərini reallaşdırılmış olur. Kreditin tətbiqi sayəsində yaranan mənfəətdən vergi ödənişləri dövlət büdcəsinə daxil olur. Bazar iqtisadiyyatı dövründə kreditin rolunu bu iqtisadi sistemin xüsusiyyətləri bilavasitə şərtləndirilir. Bu cəhətdən kreditin rolu ilə onun funksiyalarının bir-birinə yaxın ol­ması özünü göstərir. Bu əslində kreditin funksiyalarının onun rolunu diktə etməsindən, eyni zamanda kreditin rolunun bu funksiyaların yerinə yetirilməsinin təzahürü olmasından irəli gəlir. Kreditin rolu heç də sadə deyildir. O, meydana çıxması etibarilə geniş bir dairəni əhatə edir.

Kreditin rolu onun formalarının tətbiqində, ayrı-ayrı kredit növləri­nin təsərrüfatlarda istifadəsində üzə çıxır. Kreditin rolu onun bütün formaları və növlərində, kreditin istifadə edildiyi bütün müəssisə­lərdə, əhali tərəfindən kreditlərin istifadəsinə özünü göstərir.

Bazar iqtisadiyyatı dövrünün özünəməxsusluğu ondan ibarətdir ki, müəssisələr ayrı-ayrı kreditorlardan kreditlər cəlb edə bilər. Nor­mal şərait və şərtlərlə kredit iqtisadi inkişafı sürətləndirən, istehsal və tədavülün fasiləsizliyinə xidmət edən vasitə rolunu oynayır.

Kreditin rolu eləcə də iqtisadiyyatın tənzimlənməsində ondan isti­fadə edilməsində özünü göstərir. Dövlət kreditdən iqtisadiyyatın tənzimlənməsinin güclü aləti kimi istifadə edə bilər və edir.

Kredit münasibətləri təkcə ölkə daxilində deyil, ölkələr arasın­dakı əlaqələrdə mühüm yer tutur. Belə ki, bu sferada kredit kapital ixracının formalarından biri kimi çıxış edir. Bu zaman kreditin for­ması olan beynəlxalq kredit ön plana çıxır. Beynəlxalq kredit ölkələr arasında əlaqələrə xidmət edir və kredit sövdələşməsinin tərəflərini­dən biri xarici ölkələrin bankları, təsərrüfat subyektləri və ya dövlət qurumları olur. Beynəlxalq kreditin rolu kreditin bu formasının xüsu­siyyətlərini təmsil etməklə, tərəflərin qarşılıqlı maraqlarına uyğun olmaqla valyuta və digər maddi sərvətlərin ölkələrarası hərəkə­tinə, tərəflərin fay­dalanmasına xidmət edir.

Kreditin ölkənin iqtisadi sistemində öz spesifikasına uyğun yer tut­ması və iqtisadi inkişafda ümumən pozitiv rol oynaması obyektiv prosesdir. Laikn onun bütün hallarda, bütün vaxtlarda yüz faizli müsbət nəticələrə gətirib çıxardığını demək olmaz, ona görə ki, dünya təc­rübəsinin göstərdiyi kimi, kredit münasibətlərində ziddiyyətli proses­lər və böhranlı hallar da olur. Yəqin ki, bunlar da səbəbsiz deyil­dir. Həm borcalan tərəfində və həm də kreditor tərəfində (ai­diyyəti üzrə baxılmaqla) qeyri-obyektiv yanaşmalar, situasiyanın düzgün qiymətləndirilməməsi, səhvlər və s. hallar kreditin təməl prinsiplə­rinin pozulmasına səbəb ola bilir. Əlbət ki, bu kimi halların çoxluğu, təkrarlanması, riskli əməliyyatların kəmiyyəti və s. kredit münasibətlərdəki pozuntuları xarakterizə etməklə onların miqyasını göstərir. Bunlar ayr-ayrı kredit təşkilatlarında olursa onların fəaliyyə­tini ağırlaşdırır, çətinliklər yaradır. Bütünlükdə kredit siste­mində ağır vəziyyətin yaranmasına gəldikdə, bunlar böhranlı halların əmələ gəlməsini səciyyələndirir. Kredit münasibətlərində böhranlı halla­rın aradan qaldırılmasının ən dərin və mürəkkəb üsulu bu sa­hədə islahatların aparılmasından ibarət olur. Qeyd etmək lazımdır ki, hər bir islahat kimi kredit islahatı da dövlət səviyyəli işdir. O, hər za­man ola biləməz, olduqca az hallarda kredit islahatının keçirilməsinə təsadüf olunur. Məsələn, keçmiş SSRİ-də 1930-1932-ci illərin kredit islahatı həyata keçirilmişdir. Onun məqsədi və nəticələri kredit münasi­bətlərinin sosialist iqtisadi sisteminə uyğun qurulmasından ibarət olmuşdur. Həmin kredit islahatının bazasını təşkil edən əsaslar SSRİ dağılana qədər davam etdirilmişdir.

Amma, lap axır dövrlərdə artıq bu ölkədə bazar iqtisadiyyatı siste­minə keçilmə meyilləri başlanmışdır. Azərbaycan müstəqillik əldə et­dikdən sonra bazar iqtisadiyyatı yolunu gələcək inkişafı üçün qəbul et­mişdir. Azərbaycan Respublikasında kredit münasibətlərinin bazar iqtsiadiyyatı sisteminə uyğun qurulması bundan irəli gəlmişdir.

Azərbaycanda iqtisadiyyat sahəsində aparılan islahatlar dövründə eləcə də kredit sistemində islahatlar keçirilmişdir.

İslahatlar dövründə Azərbaycan Respublikasında kredit mü­nasi­bətlərinin inkişafındakı başlıca meyillər bu münasibətlərin ba­zar iqtisadiyyatı əsasında qurulması olmuşdur. Artıq bu proses başqa çatmışdır.

Bununla bağlı Azərbaycan Respublikasında kredit münasi­bət­ləri­nin indiki vəziyyəti onun bazar iqtisadiyyatının kredit müna­sibətlərini özündə ehtiva etdiyini deməyə əsas verir.

Bu özünü onda göstərir ki, Azərbaycanda xalis bazar iqtisa­diyyatı üçün xas olan kredit formaları və növlərinin tətbiqinə yol veri­lir, təsərrüfat subyektlərinin yalnız bir kreditora bağlanması ara­dan qalxmış və kreditorun seçimində sərbəstlik verilmişdir. Kreditin verilməsi (alınması) bərabərhüquq­lu tərəflərin bağladıqları müqavi­ləyə əsaslanır. Kredit faizlərinin müəyyən edilməsində müqavilə şərtlərin­dən biri olaraq qəbul edilən dərəcələr əsas götürülür. Kredit­dən ölkə iqtisadiyyatının tənzimlənməsi alətlərindən biri kimi istifadə olunur və bu, kredit tənzimlənməsinə əsaslanır. Kredit müna­sibət­lə­rində dövlət banklarının inhisarı aradan qaldırılmışdır. Rəqabətə yol verilir.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə