Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 197,59 Kb.
səhifə9/15
tarix26.08.2018
ölçüsü197,59 Kb.
#64412
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 

Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı


 

213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə -



//çıxarılıb// min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213-1.2. Bu Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 

213-1.2.1. külli miqdarda törədildikdə;

213-1.2.2. təkrar törədildikdə;

213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -

//çıxarılıb// beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -

min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213-1.4. Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə -

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür.

 

Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma



 

Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə -

min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.

 

Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma



 

213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma-

min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-3.2. Eyni əməllər //çıxarılıb// təkrar törədildikdə-

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

ONUNCU BÖLMƏ



İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

 

25-ci fəsil

İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

 

Maddə 214. Terrorçuluq 

 

214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -



//çıxarılıb// on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

214.2. Eyni əməllər:

214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

214.2.2. təkrar törədildikdə;

214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;

214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;

214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə;

214.2.6. dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –

//çıxarılıb// on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

 

Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə 



 

Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya hə-min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi -



//çıxarılıb// on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aktlarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aktı ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan qaldırmır.

2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla //çıxarılıb// terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

 

Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar



 

Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə



 

214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma -

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya keçirmə -

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

 

Maddə 215. Adamları girov götürmə



 

215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə ºəxsi girov götürmə və ya saxlama—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

215.2. Eyni əməllər:

215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

215.2.2. təkrar törədildikdə;

215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;

215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə;

215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;

215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;

215.2.8. tamah niyyəti ilə törədildikdə—

on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

 

Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə



 

İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Maddə 217. Banditizm



 

217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—



//çıxarılıb// on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə—



//çıxarılıb// yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 218. Cinayətkar birlik (təşkilat) yaratma



 

218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—



//çıxarılıb// səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə—



//çıxarılıb// altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—



//çıxarılıb// on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 219. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma



 

219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

219.2. Eyni əməllər:

219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;

219.2.4. təkrar törədildikdə—

yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Yüklə 197,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə