Azərbaycan respublikasinin döVLƏt rəmzləRİ, onlarin mahiYYƏt və TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ anar turan



Yüklə 212,13 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü212,13 Kb.
#55031


“Dövlət və Din”.-2010.-№4.-S.44-50.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ, 

ONLARIN MAHİYYƏT VƏ TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ

ANAR TURAN,

AMEA-nın A .A Bakıxanov adına Tarix İnstitutunun dissertantı

Dövlət  rəmzləri dövlətçilik əlaməti  olmaqla, ölkənin tarixi  keçmişlərindən gələn və gələcəyə istiqamətlənən

özünəməxsusluğu əks etdirir. Dövlət yaradan xalq ilk növbədə onun atribut-larını təsis edir ki, fərqli, həm də xüsusi

siması olsun.

Milli rəmzlər elə aktual mövzudur ki, hətta dövlət yaratmamış, lakin buna can atan xalqların, mübarizəni sivil

yolla,  yaxud  separatçı  üsullarla  aparan  qruplaşmanın  belə  öz  atributları  mövcuddur.  Çünki  atribut  istər  xalqın,

istərsə də təsis edilən hər hansısa qurumun mübarizə simvoludur.

Azərbaycan Respublikasının bayraq, gerb və himndən ibarət  dövlət  rəmzləri  mövcuddur. Konstitusiyamızda

bu  barədə  deyilir:  "Azərbaycan  Respublikasının  dövlət  rəmzləri  -  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı,

Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir".

Azərbaycan Respublikasının dövlətçilik rəmzlərinin birincisi Dövlət bayrağıdır. Milli bayraq - siyasi-ideoloji,

mənəvi  baxımdan  bir  millətin  və  onu  təşkil  edən  dövlətin  mövcudluğunu  təsdiqləyən  rəmzdir.  "Bayraq"  sözü

ümumtürk  mənşəlidir  və  tarixi  çox  qədimdir.  Böyük  türk  dilçisi,  dahi  filoloq  alim  Mahmud  Kaşğarlının  "Divanü

lüğətit-türk" əsərində "bayrak-batrak" kəlmələrinə yer verilmişdir.

"Bayraq"  sözü  müstəqillik  işarəsidir.  Müasir  anlamda  bayraq,  dövlətimizin,  millətimizin  müstəqillik,

suverenlik,  milli  azadlıq  və  istiqlal  rəmzi,  simvolu  funksiyasında  işlənməkdədir.  Dövlət  bayrağı,  milli  bayraq

müqəddəs  anlam  daşıyır.  Millətin  qeyrəti  və  namusu,  şərəfi  və  ləyaqəti  bayraqda  ifadə  olunmuşdur.  Bayraq,  eyni

zamanda  milli  azadlığın,  istiqlal  ideyalarının,  bəşər  sivilizasiyasında  istər  xalqın,  istərsə  də  dövlətin  yerinin  və

rolunun təcəssümüdür.

Konstitusiyamızın  23-cü  maddəsində  deyilir:  "Azərbaycan  Respublikasının  Dövlət  bayrağı bərabər  enli,  üç

üfüqi  zolaqdan  ibarətdir.  Yuxarı  zolaq  mavi,  orta  zolaq  qırmızı,  aşağı  zolaq  yaşıl  rəngdədir  və  qırmızı  zolağın

ortasında  bayrağın  hər  iki  üzündə  ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz  təsvir  edilmişdir.  Bayrağın  eninin

uzunluğuna nisbəti 1:2-dir."

Dövlətimizin əsas qanununa uyğun şəkildə hazırlanan bayrağımız üçrəngli, ay-ulduzlu hissələrdən ibarətdir.

Hər  simvolun  özünəməxsus  tarixi-siyasi,  mədəni  amillərlə  bağlı  olan  məna  və  funksiyası  vardır.  Qeyd  etmək

lazımdır  ki,  bayraq,  onun  mənşəyi,  tarixi,  müasir  vəziyyəti,  əks  olunan  rəmzlərin  məna  və  istifadə  təyinatları,

bayrağın  qaldırılma  və  endirilmə  mexanizmi  və  s.  barədə  veksilologiya  elmi  məşğul  olur.  Müasir  veksilologiya

elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar

birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə iki hissəsini təşkil edir. Onun ardınca ağ, mavi, qara və yaşıl

rəngli  bayraqlar  gəlir.  Bayraqlar  rənglərin  sayına  görə  də  müxtəlif  növlərə  ayrılır  ki,  onlar  içərisində  üçrəngli

bayraqlar üstünlük təşkil edir. Bu cür bayraqlara trikolor ("üçrəngli" bayraq) deyilir.

1918-ci  ildə  görkəmli  siyasi  xadim  M.Ə.Rəsulzadənin  rəhbərliyilə  Şərqdə  ilk  demokratik  respublika  olan

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Təbii ki, bu zaman milli atributların təsis edilməsi məsələsi ortaya çıxdı.

Əli bəy Hüseynzadənin irəli sürdüyü ölkənin baş ideologiyası olan "Türkçülük, Müasirlik, İslamçılıq" siyasi xəttinə

uyğun bir bayraq hazırlandı və həmin bayraq bu gün də Azərbaycanın müstəqilliyini özündə əks etdirir. O zaman

cəhalət içində boğulmaq üzrə olan xalqımızın təəssübkeş ziyalıları, mənəvi, milli və müasir dəyərləri özündə ehtiva

etdirən  bir  mübarizə  xətti  götürdülər  ki,  bu  da  sonunda  ölkənin  müstəqil  dövlət  olaraq  elan  edilməsinə  gətirib

çıxardı. Böyük maarifçi-ideoloqumuz Əli bəy Hüseynzadənin yaratdığı "türkləşmək, islamlaşmaq, müasirləşmək"

düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyənin böyük dühası Ziya Göyalp bunu daha da inkişaf

etdirib  konsepsiya  halına  saldı.  AXC  yaranandan  sonra  da  bu  ideyalara  sadiq  qalaraq  öz  milli  atributlarını  bu

düsturun  üzərində  qurdu.  Hələ  AXC-nin  ilk  parlamentinin  açılışını edən  Azərbaycan  Milli  Şurasının  sədri  M.Ə.

Rəsulzadə  üçrəngli  milli  bayrağımızı göstərərək,  onun  əbədiyyətinə  sonsuz  inamını belə  ifadə  etmişdi: "Müstəqil

Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti  və müasir

Avropa  iqtidari-əhraranəsini  təmsil  edən  bu  üç  boyalı  bayraq  daima  başlarımızın  üstündə  ehtizaz  edəcəkdir.  Bir

dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir..." (3).

Beləliklə,  bayrağımızın  mavi  rəngini  mənalandıran  "türkçülük"  milli  kimliyimizi  dərk  etmək,  ənənələri

dirçəltmək,  soykökünə  bağlılıq,  dilimizin,  tariximizin  qorunması,  milli  inkişaf,  milli  istiqlal,  milli  mücadilə

deməkdir.  Bayrağımızın  mavi  rəngi  Azərbaycan  xalqını  türkçülük  ətrafında  birləşdirir  və  bizi  bir  xalq  olaraq

özümüzü dərindən dərk etmək üçün istiqamətləndirir. Müasirləşmək dedikdə isə xalqımızın bundan sonra keçəcəyi

inkişaf,  tərəqqi  yolu  nəzərdə  tutulur.  Həmin  dövrdə  Avropa  dünyanın  elmi-texniki  nailiyyətlər  baxımından  son

modern qütbü sayıldığından, milli düşüncəli uzaqgörən ziyalılarımız mənəviyyatca avropasayağı yox, elmi inkişaf,

qabaqcıl düşüncə  baxımından  avropasayağı olmağı tövsiyə  edir  və  bu  prinsipi  müasirlik  kimi  qiymətləndirirdilər.

Nəticə  etibarilə  bayrağımızda  qırmızı rəng  müasirliyi  özündə  əks  etdirir  və  bu  ölkəmizin  gələcək  inkişaf  yolunu



göstərməkdədir.

İslamlaş maq  deyəndə  isə  ilk  növ-bədə  xalqımızın  uzun  əsrlərdir  ki,  mənəvi  aləmini  zənginləşdirən,  əxlaq

dəyərlərini, mərdliyi, cəsarəti və Uca Ya-radana olan sonsuz inamını təcəssüm etdirən məfhumdan söhbət gedir ki,

bu da öz növbəsində milli bayrağımız-da yaşıl rənglə ifadə olunur. Çünki yaşıl, həqiqətən, İslamın rəmzidir. İslamın

qədimdən bütün bayraqları yaşıl rəngli olmuşdur. İslamçılıq ideyaları azərbaycanlıların milli mənlik şüurunun, milli

istiqlal uğrunda mübarizəsinin, İslam dünyası ilə sıx əlaqələrin yaranmasına və möhkəmləndirilməsinə xidmət edir.

Dahi  filosof  Cəmaləddin  Əfqaninin  "Milli  vəhdət  fəlsəfəsi  və  dil  birliyinin  həqiqi  mahiyyəti"  adlı əsərində

islamçılıq ideyalarının milli ideyalarla dərindən bağlılığını və milli inkişafa hər zaman təkan verən qüvvə olduğunu

qeyd  etmişdir.  Filosof  konkret  olaraq  türk,  fars,  ərəb  və  başqa  milli  kimliklərdən  danışmır.  O,  bütün  İslam

ümmətindən  bəhs  edir  və  bu  ümməti  birliyə  çağırır.  Millətlərin  məhv  olmaması və  tərəqqisi  üçün  dil  faktorunun

vacibliyini vurğulayır. Dil birliyini yaradıcı amil hesab edən Əfqani qeyd edir ki, ictimai qüsurları birgə dəf etmək,

milli  çətinlikləri  birgə  aradan  qaldırmaq,  müsibət  və  bədbəxtliklərdən  nicat  yollarını  arayıb  tapmaq  və  yekdil

həmrəylik hissi yaratmaq üçün dilin mükəmməl öyrənilməsi, qorunması vacibdir (4).

Onu da qeyd edək ki, C. Əfqaninin bu əsəri İslam xalqlarının, xüsusilə türklərin milli oyanışında mühüm rol

oynamışdır. M.Ə. Rəsulzadə bu əsəri Azərbaycan türkcəsinə tərcümə etmişdir.

Azərbaycan Respublikasının milli bayrağındakı böyük məna daşıyan nişanlardan biri də qırmızı zolağın hər

iki üzündə təsvir olunan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur.

Milli bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur.

Bəziləri  səkkizguşəli  ulduzun  Azərbaycandakı millətlərin  sayını ifadə  etdiyini  bildirirlər.  Bu  tamamilə  məntiqsiz

birfikirdir.  Çünki  Azərbaycandakı  etnosların  sayı  səkkizdən  daha  çoxdur.  Bu  simvolun  Osmanlı  imperiyasının

bayrağından götürüldüyünü deyənlər də var. Tarixi baxımdan isə üç min ildən çoxdur ki, bu rəmz qədim türk-şərq

xalqlarının  dövlətçilik  atributlarında  yer  almışdır.  Bəzi  Qərb  tədqiqatçıları ayparanı İslamın  simvolu  kimi  qələmə

verirlər  və  belə  hesab  edirlər  ki,  aypara  orta  əsrlərdə  Qərbin  Şərqə  Səlib  yürüşləri  zamanı  İslam  birliyinin

təcəssümü  olmuşdur.  Türkiyəli  tarixçi  Fevzi  Kurtoğlu  qeyd  edir  ki,  hilal  (aypara)  5000  il  bundan  əvvəl  Orta

Asiyadan  Ön  Asiyaya  köç  etmiş  şumerlilər,  eləcə  də  qədim  türklər  tərəfindən  istifadə  edilmişdir.  Ayparanın  türk

heraldikasında  istifadə  olunması  nə  Sultan  Osman  Qazinin  məşhur  röyasından,  nə  də  Sultan  Mehmet  Fatehin

İstanbulu  fəthindən  başlamışdır.  Bunun  köklərini  uzaq  keçmişdə  axtarmaq  lazımdır.  Hilal  türk  millətinin  tarixi

qədər qədimdir.

Səkkizguşəli  ulduzun  mənası  əslində  günəş  kimi  yozulmalıdır.  Çünki  əski  türklərdə  günəş  səkkizguşə

şəklində  təsvir  olunur  və  ona  ehtiram  göstərilirdi.  Maniçilik  dinini  qəbul  etdikdən  sonra  Ay  kultuna  da  üstünlük

verən  türklər  aya  ilahi  qüvvə  kimi  müraciət  edirdilər.  Bir  sözlə  bayrağımızdakı  aypara  və  səkkizguşəli  ulduzun

məna etibarilə qədim türk-şərq xalqlarının inanc sistemi ilə bağlılığı vardır.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ

Azərbaycan Respublikasının Dövlət  gerbi müstəqilliyimizin, istiqlalımızın əsas  simaları və  rəmzlərindəndir.

Avropa  mənşəli  "gerb"  sözü  "vərəsəlik"  mənasına  gəlməklə  istənilən  dövlətin,  şəhərin,  qohumluq  birliyi  və  ya

nəslin fərqləndirici nişanı olub, əksər hallarda bayraqda, möhürdə, pul vahidlərində, istiqraz vərəqələrində və s. öz

əksini  tapır.  Gerbin  mənşəyi,  ondakı  simvolların  məna  və  funksiyası,  xüsusiyyətləri,  quruluşu  və  s.  məsələlərlə

heraldika sənəti məşğul olur.

Milli gerb hər xalqın, dövlətin, şəhərin milli və dini, mifik görüşlərini, eyni zamanda tarixi siyasi-ideoloji və

mədəni  baxışlarını  əks  etdirir.  Bu  baxımdan  dövlət  gerbimiz  həm  simvolların  zəngin  ahəngdarlığına,  həm  də

dövlətçiliyimizin,  xalqımızın  tarixi  və  mədəniyyətini  hərtərəfli  əks  etdirməsilə  digər  ölkələrin  gerblərindən

fərqlənir.

Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  layihəsi  1918-1920-ci  illərdə  fəaliyyət  göstərmiş  Azərbaycan

Xalq Cümhuriyyətinin dövründə hazırlanmışdır. "Azərbaycan" qəzetinin 1919-cu ilin martın 23-dəki sayında AXC

Nazirlər Şurasının Dövlət  gerbinin təsvirinin hazırlanması barədə qərarı dərc olunmuşdur.  Lakin müsabiqə  uğurla

nəticələnmədiyindən Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün,

milli  himnin  və  hərbi  ordenlərin    layihələrinin    hazırlanması haqqında"  yenidən  qərar  qəbul  etdi  və  bu  işi Xalq

Maarifi  nazirliyinə  tapşırdı.  Nazirlik  1920-ci  ilin  fevralın  19-da  "Azərbaycan"  qəzetində  gerb  və  himnin

hazırlanması barədə müsabiqə elan etdi. Milli istiqlalın ikinci ildönümünə qədər bu müsabiqədə qalib elan olunmalı

idi. Təəssüf ki, mənfur sovet işğalı bu taleyüklü məsələləri sonadək həll etməyə imkan vermədi.

Dövlət  gerbindəki  qalxan  azərbaycanlıların şərq  xalqlarından,  eyni  zamanda  Şərq  dövləti  olması ilə  yanaşı,

hər  cür  təcavüzə  mətinliklə  sinə  gərən,  əzəmətli,  dözümlü  mənalarını  verir.  Qalxanın  üzərindəki  üç  rəng  milli

ideoloji düsturumuz olan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Səkkizguşəli ulduz əbədiyyət rəmzi olan

Günəşi,  alov  -  Odlar  yurdunu,  palıd  budaqları  -  milli  hərbi  dəyanətimizi  və  qüdrətimizi,  sünbül  -  Vətənimizin

bolluğunu,  bərəkətliliyini,  çörəyə  olan  doğma  münasibətini,  günəşin  ağ  rəngdə  olması  isə  xalqımızın  və

dövlətimizin sülhsevərliyini, sabitliyin tərəfdarı olduğunu göstərir.

Bir  sözlə  milli  gerbimizdə  əks  olunan  işarə  və  ifadələr  Azərbaycan  dövlətçiliyilə  yanaşı,  ümumbəşəri

dəyərlərə xidmət edir və dünya heraldika qanunauyğunluqlarına cavab verir.




AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Azərbaycan  xalqının  mənəvi  sərvətlərindən  biri  də  onun  Dövlət  Himnidir.  Milli  himn  əsas  dövlətçilik

atributlarımızdan  olmaqla  yanaşı,  milli  birliyimizin  sözlə  və  musiqilə  ifadə  olunan  müqəddəs  şah  əsərimizdir.

Himnimiz, milli dövlət  bayramlarında, tarixi  günlərdə,  rəsmi  mərasimlərdə,  yerli  və  beynəlxalq  tədbirlərdə,  təhsil

müəssisələrində  mövcud  qanunvericilikdə  göstərilən  şəkildə  hər  zaman  ayaq  üstə,  böyük  coşqu  və  ehtiramla

oxunur. Bu da milli himnə olan sevgi və sayqımızı, vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Artıq

Azərbaycan  türkcəsində  də  qərar  tutmuş  "himn"  sözü  qədim  yunan  (humnos)  mənşəlidir.  Qədim  Yunanıstanda

himndən yunan allahlarının və qəhrəmanlarının şərəfinə istifadə edilirdi. Çağdaş dövrümüzdə isə himn dövlətin və

xalqın milli müstəqilliyinə həsr edilən şanlı musiqi kimi qiymətləndirilir.

Musiqisini  dahi  bəstəkarımız  Ü.  Hacıbəylinin  bəstələdiyi,  sözlərini  isə  böyük  şairimiz  Əhməd  Cavadın

yazdığı milli himnimiz bu gün də AXC-nin varisi olan müstəqil respublikamızın Dövlət Himni kimi böyük coşqu ilə

oxunur. Amma tarixdə Üzeyir bəyin böyük dahiliklə yaratdığı bu əsərin adını çəkmək 70-il yasaq olundu. 1989-cu

ilin  14  iyul  tarixində  "Ədəbiyyat  və  İncəsənət"  qəzetində  çap  olunmuş  "Üzeyir  Hacıbəyovun  iki  marşı" adlı yazı

dərc edildi. Aydın oldu ki, Üzeyir bəyin iki marşı "Azərbaycan milli marşı" və "Azərbaycan marşı" adı altında ilk

dəfə  görkəmli  türk  musiqişünası  Etem  Üngör  tərəfindən  özünün  "Türk  marşları"  kitabında  (Ankara,  1966)  çap

olunmuşdur. Etem Ungörün "Türk marşları" əsərində verdiyi məlumata görə, hər iki musiqi Cümhuriyyət dövründə

hərbi məktəblərdə əsgər marşı kimi öyrədilirmiş.

Azərbaycan Respublikasının Al Soveti "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 27.05.1992-ci

il  tarixli  Azərbaycan  Respublikasının  Qanunu  ilə  musiqisi  Ü.  Hacıbəyovun,  mətni  Əhməd  Cavadın  olan

"Azərbaycan marşı"nı təsdiq etdi.

Hazırda  böyük  coşqu  ilə  rəsmi  və  ya  qeyri-rəsmi  tədbirlərdə  oxunan  himnimiz  qəhrəmanlığa,  rəşadətə,

mübarizəyə səsləyən musiqilə bəslənmişdir.

Azərbaycanın  dünya  şöhrətli  siyasətçisi  Ümummilli  Lider  H.  Əliyevin  dövlət  rəmzləri,  xüsusilə  himnimiz

barədə  fikirləri  olduqca  maraqlıdır:  "Mən  bu  gün  bildirmək  istəyirəm  ki,  1918-1920-ci  illərdə  Azərbaycanda

hakimiyyətdə  olmuş  Xalq  Cümhuriyyətinin  bugünkü  nəsillərə  qoyub  getdiyi  ən  dəyərli  miraslardan  biri

Azərbaycanın  bu  gün  qəbul  etdiyi  qanunla  istifadə  etdiyimiz  Dövlət  Himnidir  və  bir  də  Azərbaycanın  dövlət

bayrağıdır..."

ƏDƏBİYYAT

1 Azərbaycan Respublikasının Konstitusiyası.

2 Mərdanov M., Quliyev Ə. Azərbaycan Dövlət Rəmzləri. Bax, "Çaşıoğlu" 2001, s. 38.

3. AXC (1918-1920) Parlament (Stenoqrafik hesabatlar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998,1 cild, s.34.

4. Qurbanov Ş. Cəmaləddin Əfqani və Türk dünyası. Bakı, 1998.

5. Kurtoğlu Fevzi. Türk bayrağı və ya ay-ulduz. Ankara, 1992.

6. "Ədəbiyyat və İncəsənət" qəzeti, 14 iyul,1989.

7. Etem Ungor. Turk marşları. Ankara, 1999.

8. Yaqublu N. Rəsulzadə M.Ə. Bakı, 1991, s. 140.

9. "Azərbaycan məktəbi"jurnalı, 1999, N-5, s. 5, 6.



Государственная атрибутика Азербайджанской Республики,

ее сущность и воспитательное значение

РЕЗЮМЕ

Статья посвящена государственной атрибутике Азербайджанской Республики - национальному флагу,

гербу и гимну страны.

В  ней  рассказывается  об  истории  создания,  содержании  и  основных  качествах,  смысле  и  функциях

государственных символик.

Тема освящается с исторических, политико-идеологических и со циологических аспектов.



Yüklə 212,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə