Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və
humanizm prinsiplərinə əsaslanır.
Maddə 5.
Qanunçuluq_prinsipi'>Qanunçuluq prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 6.
Qanun qarşısında bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət
məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət
məsuliyyətindən azad edilə bilməz.
Maddə 7.
Təqsirə görə məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun
nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və
cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 8.
Ədalət prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli
tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 9.
Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər
cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
2-ci fəsil
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ
Maddə 10.
Cinayət qanununun zamana görə qüvvəsi
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu
əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət
məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun
nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı
aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür
yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə
minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə
cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya
ödənilməmiş şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza
müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür
ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
Maddə 11.
Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən
cinayətlərə görə qüvvəsi
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam
etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət
sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava
məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində
törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan
Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının
hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava
gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus
olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik
nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti
haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Maddə 12.
Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda
törədilən cinayətlərə görə qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan
Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən
cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa,
bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının
maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu
cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilə bilərlər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz
quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya
qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya
təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı
Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının
hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə
cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1—12.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici
dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Maddə 13.
Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya)
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları
xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu
Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan
Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə
cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici
dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət
sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş
şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr
tətbiq edilir.
İKİNCİ BÖLMƏ
Dostları ilə paylaş: |