Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə74/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
185
Məhəmməd Rza bəyi hüzuruna qəbul etmişdir. Rza bəy gətirdiyi hədiyyələri 
(atlar,  bəzi  qiymətli  əşylar  və  s.)  və  şahın  məktubunu  Cahangirə  təqdim  et-
mişdir. Elçisi vasitəsilə göndərdiyi məktubda Şah Abbas böyük bir səmimiliklə 
dostluq və qardaşlıq təmənnalarını təkrarlamışdır. Cahangir də Səfəvi elçisi Rza 
bəyə ləl-cəvahiratla bəzədilmiş bir tac, gözəl bir xalat, bir fil və 20.000 rupi 
hədiyyə etmişdir [20, s.337]. 
1617-cı  ilin  mart  ayında  ölkəsinə  dönməsinə  icazə  verilən  Səfəvi  elçisi 
Məhəmməd Rza bəy həmin ildə yolda vəfat etmişdir. Elçinin vəfatından son-
ra onun şəxsi əşyaları və Cahangirin Şah Abbasa göndərdiyi hədiyyələr elçilik 
heyətinin tərkibində olan Məhəmməd Qasım bəy adlı bir tacirə əmanət edil-
mişdir [9,  s.77].
Şah Abbas 1618-ci ildə (Sərab sülhündən sonra - A.M.) elçisi Seyid Həsən 
vasitəçiliyi ilə Moğol hökmdarı Cahangirə bir məktub göndərmişdir. 1619-cu 
ilin iyul ayında Hindistana çatan Seyid Həsən gətirdiyi qiymətli hədiyyələri və 
məktubu  Cahangirə  təqdim  etmişdir.  Adı  çəkilən  məktubda  Şah  Abbas  Ca-
hangiri  baş  verən  hadisələrdən  xəbərdar  etmiş  və  osmanlılarla  müharibə 
istəmədiyini, lakin bəzi fitnəçi valilər üzündən yenə döyüş çıxdığını, ölkəsini və 
sərhədlərini müdafiə etmək məcburiyyətində qaldığını, bundan başqa, üsyan-
çıların minlərlə günahsız insanı öldürdüyünü, lakin sonda məğlub edildiklərini 
yazmışdır. Məktubda Şah Abbas xüsusilə dostluq və qarşılıqlı əlaqələr qurul-
ması istiqamətindəki səmimi diləklərini təkrarlamışdır [17, s.309-312].
Qeyd  olunduğu  kimi,  XVII  əsrdə  Azərbaycan  Səfəvi  imperiyası  ilə  Böyük 
Moğol  dövləti  arasında  diplomatik  yazışmalar  mütəmadi  olaraq  davam  et-
mişdir. Bu yazışmalardan məlum olur ki, bu dövr Səfəvi-Moğol münasibətləri, 
əsasən, dostluq və müttəfiqlik üzərində qurulmuşdur.  
2. Azərbaycan Səfəvi imperiyası ilə Osmanlı imperiyası 
arasında siyasi münasibətlər
Bu dövrdə Azərbaycan Səfəvi imperiyasının Osmanlı imperiyası ilə də siyasi 
münasibətləri davam edirdi. XVI-XVII yüzilliklərdə Səfəvilər dövləti ilə Osmanlı 
imperiyası arasında mütəmadi olaraq hərbi-siyasi və diplomatik münasibətlər 
mövcud olmuşdur. Bu dövlətlər arasında mövcud olan hərbi qarşıdurmaların 
nizamlanmasında diplomatik nümayəndələrin və elçilərin böyük rolu olmuş-
dur.
XVI əsrin II yarısında Osmanlı imperiyasının Azərbaycan Səfəvi dövlətinin 
bir  hissəsini  işğal  etməsi  Səfəvi-Osmanlı  münasibətlərinin  inkişafına  ciddi 
zərbə vurdu. Şah I Abbas hakimiyyətinin ilk dövrlərində ölkə ərazilərini işğal-
dan azad etmək üçün atdığı hərbi-siyasi addımlar lazımi nəticə vermədi. Çünki 
dövlətin hərbi-siyasi qüdrətinin zəiflədiyi bir vaxtda iki cəbhədə - osmanlılara 
və özbəklərə qarşı eyni vaxtda mübarizə aparmaq olduqca çətin idi. Bu ba-
xımdan Səfəvi dövlətinin hərbi qüdrətini bərpa etmək üçün osmanlılarla sülh 
müqaviləsi bağlamaq olduqca vacib idi.
Sülh  müqaviləsi  bağlamaq  üçün  1589-ci  ilin  sentyabr  ayında  Səfəvi 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
186 
hakimiyyəti Ərdəbil hakimi Mehdiqulu xan Ustaclunun rəhbərliyi ilə İstanbula 
bir elçi heyəti göndərdi. Osmanlı hakimiyyətinin tələbi ilə elçi heyəti ilə birlikdə 
Həmzə Mirzənin 9 yaşlı oğlu Heydər Mirzə də girov kimi İstanbula göndərildi 
[4, s.260-261; 10, s.375; 19, s.39-40].
Şah I Abbas elçi heyəti ilə Fərhat Paşaya Qızılbaş türkcəsində yazılmış bir 
məktub da göndərmişdir. Məktubda deyilirdi: “…Bizim razılıq və fərmanımıza 
əsasən  vəkilimiz  Mürşüd  Qulu  xanı  fitnəni  aradan  qaldırmaq  üçün  sizin  hü-
zurunuza  ezam  etmiş  və  qərara  gəlmişik  ki,  aliməqamlı  şahzadənin  sözü  və 
əhalinin tələbinə əsasən İslam padişahının (Osmanlı sultanı) hüzuruna yetişsin… 
və  bu  xan  şahzadənin  (Heydər  Mirzə)  göndərilməsi  haqqında  bəzi  məsələləri 
hüzurunuzda bəyan edəcəkdir. Öz məmləkətinə və Padişahına xidmət etdiyin 
və fədakarlıq göstərdiyin kimi bizimlə də dostluq edib, iki məmləkət arasında 
ədalətin möhkəmlənməsi üçün səy göstərməlisən ki, etdiyin bu iş dünya durduq-
ca əbədi qalsın….İnşaallah –Təala” [16, s. 52-55].
Səfəvi  elçi  heyəti  Fərhat  Paşanın  yanına  çatdıqdan  sonra  onunla  birlikdə 
1590-cı ilin yanvar ayında İstanbula gəldi. Yanvar ayının 24-də Divan-i Hüma-
yunda sülh təklifləri müzakirə olundu [10, s. 379]. Nəhayət, İstanbulda aparılan 
danışıqlar  nəticəsində  1590-cı  il  mart  ayının  21-də  tərəflər  arasında  12  illik 
Osmanlı-Səfəvi  müharibəsinə  (1578-1590)  son  qoyan  sülh  müqaviləsi  bağ-
landı. 4 bənddən ibarət olan bu müqavilənin 2-ci bəndində Osmanlı imperi-
yasına qatılan Səfəvi dövlətinin əraziləri əks olunmuşdu. Bu bənddə deyilirdi: 
“H. 98 Nevruzi-firuzi (21 mart 1590) tarixinədək, Qızılbaşların əlindən alınaraq 
Osmanlı dövlətinin tabeliyinə keçən bu ərazilər Osmanlı mülkiyyəti sayılmalı-
dır: Təbriz, Qaracadağ və ətrafı, Gəncə, Qarabağ və ətrafı, Şirvan, Gürcüstan, 
Nihavənd, Luristan...” [6, s.179; 10, s.379-381; 12, s.195-197]. Göründüyü kimi, 
bu  müqavilənin  şərtlərinə  görə,  Səfəvi  dövlətinin  böyük  bir  hissəsi  Osmanlı 
imperiyasının tərkibinə daxil edildi.
Səfəvi dövləti ilə Osmanlı dövləti arasında bağlanan İstanbul sülh müqaviləsi 
Səfəvi  hakimiyyətinin  məcburiyyətdən  imzaladığı    bir  müqavilə  idi.  Çünki 
Səfəvi hökmdarı I Şah Abbas üçün dövlətin hərbi və iqtisadi gücünü, mərkəzi 
hakimiyyəti möhkəmləndirmək məqsədilə bu müqavilə olduqca vacib idi.   
Osmanlı hökmdarı III Mehmet (1595-1603) zamanında da Səfəvi dövləti ilə 
Osmanlı imperiyası arasında elçilik mübadiləsi və diplomatik yazışmalar  davam 
etməkdə idi. Sultan III Mehmetin taxta çıxdığı ərəfədə Səfəvi elçisi Kərəm xan 
Osmanlı sarayına göndərilmişdi. Elçinin məqsədi hər iki dövlət arasında diplo-
matik münasibətləri inkişaf etdirmək və şahzadə Heydər Mirzənin vəziyyəti ilə 
maraqlanmaq olmuşdur. Eyni zamanda elçi İraqda şiələr üçün müqəddəs he-
sab olunan yerlərdə kasıblara nəzarət olunması üçün bu yerlərə iki nəfər Şəfəvi 
nümayəndəsinin təyin olunmasını istəmişdir [12, s.216].
XVII  əsrin  əvvəllərində  (1603-1612)  Səfəvi-Osmanlı  müharibələrinin  yeni 
mərhələsinin  başlanması  siyasi  və  diplomatik  münasibətləri  arxa  plana  ke-
çirdi. 1603-1612-ci illərdə osmanlılara qarşı səfəvilərin həyata keçrdiyi hərbi 
əməliyyatlar nəticəsində osmanlıların ələ keçirdiyi əksər Səfəvi torpaqları azad 
edildi. Səfəvi dövlətinin bu qələbələrindən sonra Osmanlı hakimiyyəti yenidən 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə