təkbaşına tətil edə bilər.
2. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək kollektivinin və ya
həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış etməməlidir. Əmək kollektivi və ya
həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə,
müstəqil olaraq kollektiv tələblərini irəli sürə bilər.
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin
rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırılmasına, habelə belə tətilin keçirilməsinə mane
olunmasına yol verilmir.
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə
müraciət edə bilər.
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə
müvafiq qərar
qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək mübahisəsinin həlli üçün
məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində mübahisənin həlli üçün tərəflərin
müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə bilər.
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu Məcəllənin 283-cü
maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə
qərar
qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə
baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət
edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək
mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim
ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək
kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək
müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada
sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək
mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində
məhkəməyə müraciət edə bilər.
İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi
haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə
hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan
vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində
müraciət edə bilər.