443
sayı çox olduğundan, bir sözlə, qaşqabaqlı, çiskinli-qaramatlı keçdiyindən bu dövr
xalq təqvimində
boz ay adlanır. Bu ayın sərtliyini, tez-tez dəyişkən olmasını hiss edən
el-oba əbəs yerə deməyib ki, "Boz ay boz sifətin göstərir" və yaxud "Boz ay bozara-
bozara keçər". Həmin ayın qəzəbindən qorunmaqdan ötrü boz ayı cəmlələrə, yəni
həftələrə (dörd çilləbeçəyə) bölüblər. Cəmlələrə ad da seçiblər: ab, atəş, xak, bad.
Həftələrin tamamı çərşənbə günlərində qeyd olunub.
Bəllidir ki, çərşənbə axşamı ağır gündür, uğurlu sayılmır. Görünür, çillədən
çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək qarşıdakı günlərə,
xüsusən də ilaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb-durulmuş halda,
saf ruh, pak, sağlam bədənlə getmək el inamınca daha uyğun bilinmişdir. Bu barədə
görkəmli maarifçi Məhəmmədağa Şahtaxtinskinin 1880-ci ildə "Obzor" qəzetində çap
etdirdiyi "Novruz bayramı" məqaləsində də söz açılmışdır. Həmin qaynaqda deyilir:
"Çərşənbə ağır gün, ilaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur.
Odur ki, çərşənbənin ağırlığını yüngülləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar.
Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə
tutulur".
Xalq ağır hesab elədiyi boz ayın yaz soraqlı çərşənbələrini müqəddəsləşdirmiş
və onların hər birini ayrı-ayrılıqda böyük şənliklərlə, sevinclə qeyd etmiş, ilk
çərşənbədən Novruzadək qışın qurtarması, təbiətin canlanması şərəfinə özünün ayin,
etiqad, inanc, oyun-tamaşa və mərasimlərini yaratmışlar. Çərşənbə axşamlarında od-
ocaq çatılır, elliklə od üstündən atılhatıl başlanır, "ağırlığım-uğurluğum hamısı bu
odun üstünə" - deyirlər. İnama görə, bununla da ilin ağrı-acısı, uğursuzluğu oda düşüb
yanmalıdır.
Boz ay bu müddətində havanın qəfil dəyişməsinə, gündə neçə cildə girməsinə
aid bir el söyləməsi də var. Çox qədim zamanlarda insanlar ay haqq-hesabını
bilmirdilər, elə ona görə də günü günə, ayı aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları
bu qənaətə gətirdi ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32
gün verdilər. Ancaq bölgü vaxtı boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər
aydan bir gün götürüb boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, bunda da
haqsızlıq baş verdi; hər ayın 31 günü, boz ayın isə 25 günü oldu. Onda yenidən aylara
müraciət edirlər ki, hərəniz 1 gün də verin. Ayların yarısı razılaşır, yarısı isə
razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. Beləliklə, boz ay
olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün
günün biri hava baxımından o birisinə oxşamır.
Boz ay xalq arasında döl ayı kimi də tanınır. "Boz ayımız bozarsa da, döl ayıdır
ki, döl ayıdı" deyirlər. Bu ayda qoyunlar quzulayır, quzular mələyir. Ata-babalarımız
nahaq yerə deməyiblər ki, "Döl düşdü, bərəkətdən göl düşdü". Bir də belə vaxtda
deyirlər ki, "Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər". Keçmişlərdə
dölün başlanması çobanların sevincinə səbəb olurdu. Uğurlu quzu almaq onlar üçün
böyük bayram idi. Bu münasibətlə keçirilən şənliyə qohum-qonşular dəvət olunardı.
Xalq etiqadına görə, kim belə şənlik təşkil etməzdisə, onda döl bərəkətli olmazdı.
444
Dölün uğurlu keçməsi ilə bağlı bir sıra inam və mərasimlər keçirilir: qovut
hazırlayır, kətəməz və sulux bişirirlər. Qohum-qonşulara bulama payı göndərirlər. Döl
vaxtı evin ayağı sayalı ağsaqqalı, ağbirçəyi qoçun belinə oğlan uşağı mindirib sürünün
içinə buraxır. Dünyagörmüşlərimizin fikrincə, onda quzunun erkəyi çox olardı.
Qoyunlar quzulayanda uşaqların üzü gülür, bulaması sonbeşiklərin olardı.
Kənd-kəsəyimizdən süd qoxusu gəlir, dələmənin, yağın, şorun, pendirin, ətin bol
olmasını arzulayırlar. Qoyun-quzu dırnağından başlayır bərəkət, - deyirlər. Dölçülər
quzuları qardan gözləyir, əgər quzuları birdən-birə qara çıxartsan, deyirlər quzunu
yelqursaq eləyərsən.
Mal-qaranın da, əkinin də, təsərrüfat həyatının da taleyi həll olunur boz ayda.
Xalq etiqadına görə, bütün ilin necə keçəcəyi məhz bu ayın necə gəlməsindən asılıdır.
Boz ay müddətində yaz-tarla işlərinə ciddi hazırlıq görülür; ağacların dibləri bellənir,
boşaldılıb qurtarır. Bağlara, bağçalara qulluq edirlər, qoyun-quzu yatağını, otlağını
səliqə-sahmana salırlar. Bu zaman təcrübəli arıçılar qışdan çıxmış arıları
qüvvətləndirmək məqsədilə onlara şirə, ruzi payı hazırlayıb verirlər.
Suvarma suyunu əkinçiliyin əsası hesab edən kəndlilər boz ayın ortalarında
taxıl əkinlərini suvarırlar. Bu suvarma gülənbər adlanır. Daha sonrakı suvarmalara
döndərmə və
çiçəksuyu deyirlər.
Yaz şumu ilə bağlı xışı, kotanı, dəhrəni, baltanı, bıçağı, qayçını qaydaya
salırlar, öküzlər nallanır, səpin üçün saxlanan buğda, arpa quyuları açılır. Qışlığı
tükənənlərə dən verilir. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanır. Təzə
bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırırlar. Hamı bir-birinə kömək edir,
"birlik harda, dirilik orada", "cəfa çəkməsən, səfa sürməzsən" inamları ilə yaşayırlar.
Boz ay müddətində Novruza qədər ev-eşiyin, həyət-bacanın təmizlik işlərinə
başlayırlar; yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü "soyub" yuyurlar, yununu
çubuğa tutur, təzələyib üst-üstə yığırlar, xalça-palazı çaya töküb yuyurlar, sərib
qurudurlar. Evin üst gözlərini sahmana salır, qonağına, qardaşlığına, bacılığına
hazırlayırlar.
Ağbirçəklərimiz, qız-gəlinlərimiz boz ay müddətində bayram donluğu üçün ip
əriyən cəhrəyə, evlərdə güzəranlıq və bolluq rəmzi olan nehrəyə güc verirlər. Bu
müddətdə toxucu qız-gəlinlər, həmçinin cəhrə darağını da əyirib qurtarırlar.
Keçipapaqlılar, məzhəkəçilər qapı-qapı gəzib cəhrə-darağını yığışdırmayan, xalça-
palazı yaza qalanların darvazalarını döyüb məzəmmətlə baxar, zarafatyana deyirlər:
Cəhrə-darağı yaza qalanın,
Dili yansın, əli qurusun.
Boz ay... Bu, təbiətin elə bir çağıdır ki, qış nə qədər sərt, amansız olsa da,
gücdən düşür, yazın iradəsi qarşısında məğlub olur, bahar güc-qüvvətə dolur, havalar
yavaş-yavaş mülayimləşir, bənövşə dirçəlib dünyaya bağlanmağa hazırlaşır.
Boz ayın qış nəfəsində yazın işartısı sezilir. Çayların, göllərin ayna buzları
çilinglənir, sular çağlayır, bulaqlar qaynayır, torpağın donu açılır. Çölləri, yamacları
turacların, kəkliklərin, bildirçinlərin nəğməsi bürüyür. Arılar pətəklərindən boylanır.