440
şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin
bu çağında bağlara verilən su gecələr donur, bu donma ağaclara da təsir edir. Ağaclar
qış yuxusundan gec oyanır, bu da onların barının, bəhərinin çox olmasına təsir
göstərir.
Böyük təbiətşünas alim Həsən bəy Zərdabi xalqın təcrübədə sınaqdan çıxmış
belə bir zərbi-məsəlini misal gətirir: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran
isə az məhsul götürər".
Böyük çillə barədə el-oba arasında gəzən neçə para maraqlı söyləmə də var.
Belə söyləyirlər ki, bir gün Böyük çillə deyir:
- Mən dolu qazanlar üstə gəlmişəm, qarıları sağlam görmüşəm. Sonra təndirləri
yandırdım, kürsüləri qurdurdum.
Böyük çillə 40 gün dövran sürüb gedir. Yolda Kiçik çillə ilə rastlaşır. Hal-
əhvaldan sonra Kiçik çillə soruşur:
- A Böyük çillə, de görüm, qırx gün gəlib atını çapdın, bu qırx gündə nə
gördün, neylədin, işin-gücün nə oldu?
Böyük çillə nə gördüyündən, nə etdiyindən söhbət açır. Hikkəli Kiçik çillə
istehza ilə gülüb cavab verir:
- Eh, sən heç nə eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr eləyəcəyəm, nə
tufan qoparacağam... qazanları ağzı üstə çevirəcəyəm, təndirə töküb külbədən
çıxaracağam, gəlinlərin əlini sənək qulpunda donduracağam, üzüqoylu qoyub
gedəcəyəm.
Onun coşduğunu görən Böyük çillə deyir ki, bacarmazsan... çünki qabağın
yazdır, ömrün də azdır.
Bu yandan da Boz ay özünü irəli verib deyir: - Siz məni uzaqda görmüsünüz,
sizin acığınıza mən də gedib buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri,
çölləri, yamacları cücərdəcəyəm.
Böyük çillənin adına bağlı xalq arasında söz də qoşublar:
Böyük çillə
Boyu bir belə.
Gəldi elə
Gülə-gülə...
Ağ gülünü də
Göstərdi.
Al dilini də
Göstərdi.
Nə nənəmi dağlatdı,
Nə bir uşağı ağlatdı.
Tay qoydun karvanına
Taylı olsun.
Pay qoydun xurcununa
Paylı olsun.
441
Gəldi gülə-gülə.
Getdi gülə-gülə.
Ağ gülü də oldu
Ağ tülü də oldu...
Nə ağrı verdi elə,
Nə acı söz aldı dilə.
Ötdü belə-belə
Getdi gülə-gülə...
Xalq təqvimində fevralın 1-dən 20-dək davam edən müddətə isə kiçik çillə
deyilir. Kiçik çillənin ömrü, göründüyü kimi o qədər də çox deyil. Amma kiçik çillə
də kiçik çillədi ha. Qış fəslinin ən sərt, çovğunlu, dondurucu çağı sayılır.
Kiçik çillədə qış çox hirsli gəlir. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun,
boran, div nərəli külək. "Kiçik qardaş hovlu olar" – məsəli də çox güman ki, kiçik
çillə üçün deyilib. Ümumiyyətlə, kiçik çillə çox sərt, şaxtalı soyuqları ilə fərqlənir.
Ona görə də bu müddətə qışın oğlan çağı, qışın zəlo-zəlo vaxtı, girəvəli qış da
deyirlər.
Kiçik çillənin soyuğu,
Təndirə təpər toyuğu.
Qışın donduran, sümük üşüdən şaxtaları ki başladı, "qış qulun salır" - deyirlər.
Yəni qış elə soyuq, elə sərt keçəcək ki, at bala salacaq (qulun at balasına deyirlər).
Kiçik çillənin "Xıdır Nəbi" adlanan ilk on günü, adətən, daha sərt, daha şiddətli
keçir. Elə buna görə də deyirlər:
Xıdır girdi, qış girdi,
Xıdır çıxdı, qış çıxdı...
Çillənin ilk günündən "Xıdır Nəbi" mərasiminə hazırlıq başlanırdı, qovrulmuş
buğda kirkirədə üyüdülərək qovut hazırlanır, bişirilmiş yumurtalar günəşin, yazın
rənginə uyğun qırmızı və yaşıl boyanır. Sonra qovut və yumurtalar görünməyən yerə -
yükün altına qoyulurdu. Rəvayətə görə, "Xıdır Nəbi" sonuncu gecə gəlib əlini qovuta
basır, bununla həmin evə bərəkət verir. "Xıdır Nəbi" bayramında xanım-xatın nənələr
xonça tuturdular, süfrəni çərəz, şirniyyat, qovurğa bəzəyir, təndir çörəyi
bərəkətləndirirdi. Nişanlı qızlara, təzə gəlinlərə pay aparmaq adəti geniş yayılmışdı.
Həyətlərdən qovurğa ətri gəlirdi. Qapı-qapı gəzən uşaqlar bayramlıq almaq üçün
mahnı oxuyurdular:
Xıdır, Xıdır deyərlər,
Xıdırın payın verərlər.
Və yaxud
Xanım, ayağa dursana,
Yük dibinə varsana,
Boşqabı doldursana,
Xıdırı yola salsana...
Gəlinlərin əlini sənək qulpunda dondurmaq iddiasında olan kiçik çillə axırda
442
lap tufan qopardır. Bu müddət sovuşanda hamı sevinir. Çünki onun soyuğu, şaxtası,
cilovsuz dəli küləkləri çoxüzlü olur. Qışın özündən bir ay sonra da getmir. Necə ki,
bununla bağlı xalq arasında gəzən belə bir söyləmə var:
Kiçik çillə böyük çilləyə deyib ki, əgər sənin ömrün məndə olsaydı, sən
gələndə mən gəlsəydim, gəlinlərin əlin xəmir təknəsində (və yaxud un çuvalında)
dondurardım. Bir də deyib ki, sənin yerinə mən olsaydım, atların balasın qarınlarında
dondurardım. Amma neynim, ömrüm azdır, qabağım yazdır...
Kiçik çillənin də adına bağlı xalq arasında söz qoşublar:
Kiçik çillə -
Boyu bir belə,
Hikkəsi bir belə...
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc
Eli-günü yandırdı.
Neçə günahsız
Doqqaz bağladı.
Neçə alaqapı sındırdı.
Kəsdi neçə evin
Yaxmasın.
Çörəyin, pendirin, ağmasın.
Axırda zara gəldi el,
Oturub şər üstündə
Zarın-zarın ağladı.
Gülüş gəldi.
Özü bir belə,
Hikkəsi bir belə
Bu kiçik çillənin.
Bu kiçik çillənin
Əl-qolunu bağladı.
Budaqların dağladı.
Gülüş yelə verdi
Piscik çilləni,
Gülüş yelə verdi
Kiçik çilləni...
İnama görə, kiçik çillə çıxmaqla qış başa çatır. Azərbaycan Xalq təqviminə
görə, sonrakı ay boz ay (alaçalpov) adlanır və fevralın 21/22-dən Novruza qədər
davam edir. Xalq arasında bu müddət boz çillə, ala çillə, ağlar-gülər ayı adları ilə də
tanınır. Həmin müddət ərzində hava tez-tez bozardığından, tutqun, günəşsiz günlərin