141
Bakının neft rayonlarında dram dərnəkləri yaradılırdı. «Balaxanı
müsəlman dram dərnəyi»nin rəhbəri məşhur rejissor və artist
Hüseyn Ərəblinski
idi. Dərnək ilyarım ərzində 140 tamaşa vermişdi.
Azərbaycan milli teatrının inkişafında Cahangir Zeynalov (1865-1918-ci
illər), H. Ərəblinski (1881-1919-cu illər), Mirzağa Əliyev (1883-1954-cü illər),
Hüseynqulu Sarabski (1879-1945-ci illər), Sidqi Ruhulla (1886-1959-cu illər), Mir
Mahmud Kazımovski (1882-1940-cı illər) xüsusi rol oynamışlar.
Hüseyn Ərəblinski «Bəxtsiz cavan» pyesində Fərhad, «Müsibəti
Fəxrəddin»də Fəxrəddin, «Otello»-da Otello, «Qaçaqlar»da Frans və digər rolları
məharətlə ifa etmişdir. 1916-cı ildə o, C. Məmmədquluzadənin «Ölülər»
komediyasını tamaşaya qoymuşdur. Həmin ildə Ərəblinski «Neft və milyonlar
səltənəti» adlı ilk Azərbaycan filmində Lütfəli bəy rolunu oynadı. O, kinoda çıxış
edən ilk azərbaycanlı artist idi.
Teatrlarda, əsasən, Azərbaycan dramaturqlarının pyesləri tamaşaya
qoyulurdu. Rus və Qərbi Avropa klassiklərinin də əsərlərinə müraciət olunurdu. N.
V. Qoqolun «Müfəttiş» və «Evlənmə», L. Tolstoyun «İlk araqçəkən», İ. S.
Turgenevin «Pulsuzluq», V. Şekspirin «Otello», Şillerin «Qaçaqlar», H. Heynenin
«Almanzor», həmçinin türk dramaturqlarından Namiq Kamalın «Qara bəla»,
Şəmsəddin Sami bəyin «Gaveyi-ahəng» və başqaları tamaşaya qoyulmuşdu.
Azərbaycanın bəzi qəza şəhərlərində yerli teatr həvəskarlarının qüvvəsi ilə
tamaşalar göstərilirdi.
Yelizavetpol «Müsəlman xeyriyyə cəmiyyəti» və «Müsəlmanlar içərisində
maarifi yayan cəmiyyət»in nəzdindəki teatr truppaları tərəfindən bir sıra pyeslər
tamaşaya qoyulmuşdu. Nuxada yerli gənclərin qüvvəsi ilə teatr tamaşaları
göstərildi. Bakıdan dəvət olunmuş artistlərin iştirakı ilə Lənkəranda bir neçə pyes
tamaşaya qoyuldu.
1917-ci ildə Naxçıvanda «El güzgüsü» adlı teatr cəmiyyəti yaradıldı.
Naxçıvanda teatr sənətinin inkişafında Rza Təhmasib və Əliqulu Qəmküsarın
böyük zəhmətləri olmuşdur.
Azərbaycan aktyorlarından ibarət teatr truppaları Rusiyanın, Zaqafqaziya
və Orta Asiyanın bir sıra şəhərlərinə tez-tez qastrollara gedirdilər.
Azərbaycan teatrı ciddi çətinliklərlə qarşılaşırdı. İlk növbədə,
rəsmi dövlət
teatrı və tamaşa göstərmək üçün daimi teatr binası yox idi. Cəmi iki xüsusi teatr
binası vardı ki, onlardan biri H. Z. Tağıyevə, digəri isə Mayilov qardaşlarına
məxsus idi. Tamaşa üçün bina tapmaq, həmçinin bu tamaşanın göstərilməsinə
polisdən icazə almaq asan iş deyildi. O zaman Azərbaycan qadınlarının səhnəyə
çıxmasına icazə verilmədiyinə görə, qadın rollarını kişi artistləri oynayırdılar.
1912-ci ildə ilk Azərbaycanlı qadın artistlərindən biri olan Şövkət Məmmədova
belə bir işə risk etdikdə, cəhalətpərəstlərin ciddi müqaviməti ilə rastlaşdı.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra Mayılov
qardaşlarının teatrı Maarif nazirliyinin tabeliyinə verildi.