Азярбайжан милли елмляр академийасы


IV FƏSİL DRAM ƏSƏRLƏRİNİN DİSKURSİV TƏHLİLİ



Yüklə 1,58 Mb.
səhifə58/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   54   55   56   57   58   59   60   61   ...   78
Flora-Namazova-Dissertasiya

IV FƏSİL

DRAM ƏSƏRLƏRİNİN DİSKURSİV TƏHLİLİ
4.1. İlyas Əfəndiyevin dialoqqurma sənətkarlığı
Dialoq – iki və daha çox şəxs arasında olan danışıqdır. Dialoq əsas etibarilə dram əsərlərinin təşkilində nitqin mühüm formasıdır. O.S.Axmanova linqvistik terminlər lüğətində dialoqun təbiətini belə açır: ”Dialoq – iki və ya daha çox şəxs arasında olan söhbət və dram əsərlərinin başlıca nitq formasıdır. Burada hər bir ifadə birbaşa müraciət edənə istiqamət­ləndirilir. Dialoq öz sintaktik təbiətinə görə ayrı-ayrı konstruksiyaların lokal nisbi müxtəsərliyi və sadəliyinə görə də seçilir” [167, s.76].

Dilçilikdə söz sənətkarlarının dialoqqurma bacarığı müəyyənləşdirilmiş və ayrı-ayrı tədqiqatçılar dram əsərlərində dialoqun təbiətini (quruluşunu, kommunikativ funksiyalarını və s.) açmağa çalışmışlar [168; 162; 180; 201; 209; 214; 215; 189; 218].

Dialoqun təbiəti onun kommunikativ funksiyası ilə bilavasitə əlaqədardır. Dialoq interaktiv formadır, iki və daha çox həmsöhbətin danışığıdır. “Dialoq – ekstralin­qvistik faktora arxalanır. Bu faktor danışıq dili üçün ümumi olan hadisələri meydana gətirir: vasitəsizlik, öz-özünə əmələ gəlmiş emosionallıq; sual-cavab strukturu, replikalar, təkrarlar, təkrar-replikalar, yarımçıq konstruk­siyalar, elliptik və semantik konstruksiyalar, emosional, ekspressiv ifadələr, neytral sinonimlik, ixtisarlar, əlavə konstruksiyalar, təkrarların müxtəlif modelləri, qoşulma hadisəsi, söz sırasının dəyişməsi və s.” [209, s.225-226].

Dialoqun mühüm növlərindən biri bədii dialoqlardır. Tədqiqatçılar qeyd edir ki, bədii əsərlərdə dialoq şəklində nitq danışıq dilinə olduqca yaxındır, bədii dialoqun ayrı-ayrı frazaları bilavasitə ünsiyyət şəraitində işlənən, daxili səbəblərdən törəyən, öz-özünə əmələ gələn (spontan) nitqin ifadələri ilə üst-üstə düşə bilər [205, s.188].

Bədii dialoqla təbii ünsiyyətin nitq forması arasında əhəmiyyətli fərqlər vardır: “…təbii danışıq nitqində vəziyyətin ümumiliyi anlaşılmazlıqları həll etməyə imkan verir, ən son halda təkrar soruşmağa şərait yaranır. Bundan başqa, müsahiblərin münasibətləri bərabərhüquqludur, buna görə dialoq iki istiqamətlidir: birindən digərinə və əks istiqamətdə. (Bədii dialoq bir istiqamətlidir). Mahiyyətinə görə, o, müəllifin (monoloq) oxucu-tamaşaçıya ünvanlanmış dialoq formasıdır. Buna görə, ünvanlanmış şəxsə aydın olmayanlar bədii dialoqda yazılı nitqə xas olan vasitələrlə tamamlanır” [195, s.29].

İ.Əfəndiyev müasir Azərbaycan dramatur­giyası tarixində bədii dialoqun kamil ustası kimi tanın­mışdır. Bədii əsərlərdə, xüsusilə dram əsərlərində personaj­ların nitqini ümumxalq dialoq nitqi (danışıq dili) nümunəsi kimi vermək asan və əlverişli yoldur. Bədii əsər nə dərəcədə real dialoq nitqini əks etdirə bilir? Canlı nitqə məxsus hansı əlamətlər heç bir dəyişikliyə məruz qalmadan, bədii əsərdə öz əksini tapır? Hansı xüsusiyyətlər az və ya çox dərəcədə dəyişdirilir? Canlı dialoq nitqi ilə bədii əsərdəki dialoqun nisbəti məsələsi nə cür həll edilməlidir? Bu suallara cavab vermək üçün biz İlyas Əfəndiyevin dram əsərlərində onun dialoqqurma sənətkarlığını müəyyənləşdirməyə səy göstərmişik.

Dialoq quruluş etibarilə, əsasən, sual-cavab modelin­dən ibarətdir. Dram dilinin dialoqları sual-cavab strukturu üzrə inkişaf edir. Hər iki struktur kommunikativ funksi­yanı yerinə yetirir. Sual-cavab formalı dialoq nitqi İlyas Əfəndiyevin dramları üçün daha çox səciyyəvidir. “Atayevlər ailəsi” dramında Dilşad xanımla Sadıqovun dialoquna diqqət yetirək. Dilşad xanım sual verir: Sadıqov, səndən çıxmayan iş. Nə əcəb bizi yad eləmisən? Sadıqov cavab verir: Düzünü axtarırsınızsa, Dilşad xanıma işimiz düşüb [53, c.2, s.313-314]. Neytral suallar cavabları meydana gətirir, həmsöhbətlərin arzu və niyyətlərini ifadə edir. Cavablar, əsas etibarilə, təsdiq və inkarda olur. Məs.: Nəcəf – Yoxlamadan xəbərin var? Alxan – Yox, nə olub ki? Nəcəf – Hələ ki, yeddi ton bostan məhsulu əskik gəlib. Alxan – Bilirəm. Nəcəf – Gördün? Mən camaata deyəndə ki, bu, kolxozu dağıdır, deyirdilər belə. Sən bilirsən, bu komissiya bu işə nə deyir? Alxan (acıqlı) – Nə deyəcək, hara xərcləndiyini sübut edə bilməsə, Uğur məhkəməyə veriləcək [53, c.2, s.218].

Göründüyü kimi, neytral sualla mühüm bir xəbər açıqlanır (kolxozun, dövlət əmlakının dağıdılması xəbəri), ümumi sualın cavabları təsdiqlənir.

Yazıçının dram dilində təkrar suallar meydana çıxır: Həsənzadə –Qorxmursunuz? Nargilə – Nədən? Fərəc – Necə? Nəzakət – Mən sənə nifrət edirəm! Nəcəf – Nifrət edirsən? [53, c.2, s.342].

Sual replikalarında -mı4 sual ədatının işlənməsi geniş yayılıb: Sarısaç qız - Sən qısqanmırsanmı? Nargilə - Təzə paltar tikdirirsənmi? [53, c.2, s.347].

İlyas Əfəndiyevin dialoqqurma sənətkarlığı çoxtərəfli və dinamikdir. Onun qurduğu dialoqlar həcm və məzmununa görə müxtəlif və rəngarəngdir. Dialoqların kompo­nentlərini bədii təsvir və ifadə vasitələri zənginləşdirir. Bu zaman zəngin üslubi məqamlar yaranır. Frazeoloji və semantik xüsusiyyətlər, fonetik və qrammatik hadisələr obraz və personajların nitqini bəzəyir.

Dialoqların dili remarkalardan fərqli olaraq, troplar sistemi ilə örtülüb. Ziddiyyətlər, konfliktlər inkişaf etdikcə, dramaturq sözlərin məcazi mənalarından daha çox istifadə etməyə meyil göstərmişdir. Məs.: Turac. Yaxşı, yaxşı. İndi ürəyin buza dönüb, ya yox? Sədəf. Ax, Turac! Mən indi o qədər xoşbəxtəm ki!... Elə bil könlüm gözəgörünməz quşların mahnısı ilə dolu bir bahardır!.. [49, c.2, s.251].

Dialoji nitq ünsiyyətin daha canlı formasıdır. İ.Əfən­diyev dialoqun müxtəlif forma və məzmunundan uğurla istifadə edən sənətkardır. Dialoq, bir tərəfdən, insanların adi ünsiyyət yaratmaq vasitəsidirsə, digər tərəfdən də gündəlik həyatda mövcud olan məlumatların ötürülməsinə xidmət edir. Dialoq bədii əsərlərdə süjet xəttinin gedişinin təsvirindən kənarda qalan hadisələr, insanlar, məsələlər və s. barədə cürbəcür informasiyalar çatdırmaq, eləcə də obraz və personajların daxili aləmində baş qaldıran psixoloji yaşantıları ifadə etmək gücünə malikdir. Dialoq, ilk öncə, yazıçının, ünsiyyət prosesi iştirakçılarının məqamından, qarşıya qoyulan məqsəddən və s. asılı olaraq dəyişir, diferensial semantik çalarlar qazana bilir. Məs.: Niyaz. Sən öz səhvini yaxşı hiss etmisən. Bu, təqdirə­layiqdir. Sən kolxoz dövlətinin yüzlərlə dəfə artmasına çalışırsan. Kəndi planlaşdırırsan. Evlərə radio çəkdirirsən. Prujinli çarpayılar aldırırsan. Mədəniyyət sarayı tikdirirsən...Lakin insanları bu böyük həyat üçün hazır­lamırsan. Onların qəlbi sənin üçün oxunmamış bir kitabdır. Uğur. Sən doğru deyirsən, Niyaz. Biz bəzən həyatın zahiri cəhətinə o qədər qapılırıq ki, insanların qəlbinə nüfuz etməyi, keçmişin dəhşətli zülmətindən qırılıb orada qalan qaranlıqlara işıq saçmağı unuduruq [49, c.2, s.282].

“Bahar suları” dramında Niyazla (Dövlət Nəzarət Nazirliyinin işçisi) Uğur (kolxoz sədri) arasında olan dialoq hər iki surətin daxili-mənəvi yaşantılarını, məsələyə fərqli baxışlarını əks etdirir.

İ.Əfəndiyevin qurduğu dialoqlar onun obraz və personajlarına tam uyğun gəlir. Dialoqlar həm onları dolğunluqla və dəqiqliklə xarakterizə edə bilir, həm də onların psixoloji ovqatlarını bu və ya digər dərəcədə ifadə etmək qüdrətinə malik olur.

Dramaturq pyeslərində ənənəvi dialoq formalarından məharətlə istifadə edə bilir. Dramlardakı dialoqlar personajların psixoloji durumunu ətraflı təsvir edir, obrazın həyat tarixçəsi, gördüyü işlər, əməllər barədə reallıqları ardıcıllıqla bəyan edir. Dialoqun hər bir qatında, hər bir növbəti pilləsində psixoloji narahatlıq özünü göstərir. Məs.: Uğur (hirslənir). Qısa de görüm, nə istəyirsən? Nəcəf. Yoldaş Niyaz da burdadır, qoy eşitsin. Qardaş, briqadirlikdən çıxartdın, dinmədim. Dedin “həyətyanı torpağın çoxdur”, tutub yarısını aldın, dinmədim. İt əyyamında bir iş tutmuşam, indi əlinə ixtiyar keçib deyən öldürəcəksən? [49, c.2, s.283].

İ.Əfəndiyevin dramlarındakı canlı dialoqların məna tutumu əhatəlidir. O, mənayaradıcı imkanlardan ustalıqla istifadə etmişdir. Dialoqun məna baxımından müxtəlif təzahür formalarına onun pyeslərinin dilində təsadüf olunur. Dialoq obraz və personajın ovqatının ən müxtəlif hallarını ifadə edir. Dramaturqun sənətkarlığı orasındadır ki, dialoqun gücündən, qüdrə­indən pyeslərinin bədii dəyərini və təsirini yüksəltmək üçün istifadə etməyi bacarsın. Dialoq, ilk öncə, dramaturqu subyektiv formada hadisə və proseslərə müdaxilə etməkdən, obraz və personajların işlərini, fəaliyyətini, mənəvi-psixoloji yaşantılarını qiymətləndirməkdən azad edir.

İ.Əfəndiyev dialoqlarının tipləri müxtəlifdir: 1) mətn­daxili dialoq; 2) mətn kontekstində olan dialoq. Mətndaxili dialoq pyesdəki hadisələrlə, mətn kontekstindəki dialoq isə hadisələrin, əhvalatların bilavasitə təsviri ilə bağlıdır. Mətndaxili dialoq iki və daha çox personaj arasında gedən dialoq formasıdır. Mətn kontekstində dialoq – subyekti olmayan dialoq kimi təzahür edir. Dialoqun bu tipində söhbətin yaranması və inkişafı obrazlardan asılı olmur. İlk baxışqdan qabarıq nəzərə çarpmayan və mətn miqyasında özünü göstərən bu tipli dialoqların formaları da müxtəlif və zəngindir.

İ.Əfəndiyevin dialoqları həm ayrı-ayrı fərdlər, həm də qruplararası personajlar ətrafında qurulur. Məsələn, iki fərd arasında (Nəcəf və Niyaz). Nəcəf. Hamısı qorxud­andır. Niyaz. Kimdən qorxurlar? Nəcəf. Uğurun dostlarından. Niyaz. Kimdir Uğurun dostları? Nəcəf. Odey, biri sən özün... [49, c.2, s.297].

Bir neçə subyekt arasında (Turac, Gülzar və Bənövşə). Turac. Yox, görünür, doğrudan da, burada nə isə bir sirr var. Gülzar. Gərək biz də tərpənək, qızlar. Daha subay gəzdiyimiz bəsdir... Bənövşə. Heyf deyil. Subaylıq sultanlıqdır... [49, c.2, s.300].

İ.Əfəndiyev obraz və personajların dünyagörüşlərini əks etdirən dialoqlardan da üslubi məqsədlər üçün istifadə etmişdir. Belə dialoqlarda fərqli baxışlar öz əksini tapır: Dilşad xanım (Cahangirə). Siz müstəntiq adamsınız. Mühazirə ilə nə işiniz var? Cahangir. Bizim vəzifəmiz yalnız cinayətləri tapıb meydana çıxarmaqla bitmir, Dilşad xanım. Biz eyni zamanda bu cinayətləri doğuran səbəblərin kökünü kəsməyə çalışırıq. Biz istəyirik ki, adamlar mənəvi cəhətdən daha kamil, daha gözəl olsunlar. Biz istəyirik ki, cinayət sözü zehinlərdən silinib getsin [49, c.2, s.325].

İlyas Əfəndiyevin dramlarında nitqin müxtəlif forma­larından istifadə edilməsi obraz və personaj nitqini qısalt­mağa imkan yaradır. Dialoqların situativ təhlilinin nəticələri göstərir ki, obraz və personajların nitqinin faktiki olaraq onun özünü xarakterizə etməli olduğunu nəzərə alaraq dramlarda iştirak edən surətlərin müxtəlif hərəkətlərini lokallaşdırmaq lazım gəlir və bunun üçün formal linqvistik üsullardan, yəni müəyyən qramm­atik və leksik vasitələrin müəyyənləşməsindən istifadə edilir. “Dialoq nitqinin formal aqressivliyi müqabilində (kobud epitetlərin, söyüşün və s. olduğu bir halda) dialoq nitqinin taktiki baxımdan passiv şəkildə verilməsi surətin mənəvi zəifliyinin, xaraktersizl­iyinin göstə­ricisi kimi şərh olunur” [218, s.14-15].

Beləliklə, İlyas Əfəndiyevin dram dialoqlarında struktur və mövzu baxımından qarşılıqlı şəkildə əlaqələndirilmiş iki və daha artıq fikir, mülahizə bir-birinə qarışır, çarpazlaşır. Belə dialoq parçalarında sual-cavab vahidləri, nəqli, sual, əmr və nida tipli dialoqların bir-biri ilə əlaqələndirilən replikaları fərqləndirilir ki, bu zaman da dialoqun bir iştirakçısı digər iştirakçının fikrinə nəyisə əlavə edir, onu dəqiqləşdirir, yaxud genişləndirir. Ayrı-ayrı cümlələrdə məna natamamlığı hansısa bir üzvün buraxılması, cümlənin elliptik və ya yarımçıq sintaktik struktura çevrilməsi yolu ilə həyata keçirilir. “Dramlardakı dialoqun daxilin­də verilən sintaktik vahidlərin natamamlığı, həmçinin obraz və personajların canlı danışıq nitqini əks etdirmək cəhətləri ilə bağlı olur; bu canlı danışıq nitqi üçün cümlənin informativlik baxımından [artıq sayılan] sintaktik üzvlərinin ellipsisi xarakter hala çevrilir” [185, s.94].

Dram əsərlərində dialoq bədii yaradıcılıq süzgə­cin­dən keçirilərək, söz ustası tərəfindən müəyyən dərəcədə səliqə və sahmana salınır. Dram əsərlərindəki dialoji nitq həyatdakı nitqdən müəyyən qədər seçilir. Söz sənətkarı dialoq qurarkən fərdiləşdirmə və tipikləşdirmə prinsipindən kənara çıxa bilmir, yəni hərəkət və hadisələr ümumiləşdirildiyi kimi, canlı dialoq vahidləri də ümumiləşdirmə qaydaları əsasında yaradılır. Bu o deməkdir ki, müəllif dialoq quranda seçmə və əvəzetmə prinsipindən çıxış edir, ümumi norma­dan kənara çıxmalara, fərdi xüsusiyyətlərə bacardıqca imkan vermir.

Dramdakı dialoq ilə nəsr əsərindəki dialoq arasında linqvistik baxımdan – replikaların təbiəti və mahiyyəti, qarşılıqlı əlaqəsi nötqeyi-nəzərindən əsaslı bir fərq görünmür. Burada fərq ancaq dildənkənar elementlərin mahiyyətində və dialoqun öz xarakterindədir. Belə ki, dram əsərində dialoq əsərin əsas quruluşunu təşkil edir, onun süjet və kompozisiyasını müəyyənləşdirir” [14, s.5].

Dram əsərləri səhnə ilə, bilavasitə tamaşaçı ilə bağlı olduğuna görə dramaturq əsərin dilini diqqətlə cilalayır. Çünki dram dili obrazlı, emosional olmaqla bərabər, bir o qədər də sadəliyi, yığcamlığı ilə seçilməlidir. Əgər dram əsərinin dili bu keyfiyyətlərə malik deyilsə, onda onu tamaşaçı başa düşməz.

Dram dialoqlarında sual komponentləri ayrıca yer tutur. Bu və ya digər dialoji mətnin qeyri-adiliyi, kütləvi düşüncənin qəbul etdiyi kimi, “sirr”i ən çox sintaksislə əlaqədardır. Sintak­sisin mətnlə eyniləşdirilməsi də bu “sirr”lə bağlıdır. Ümumiyy­ətlə, dram mətnlərinin sintaksisində də 4 plan özəl sayılır: 1) dram mətnlərinin semantik planı; 2) dram mətnlərinin sintaktik planı; 3) dram mətnlərinin praqmatik planı; 4) dram mətnlərinin funksional planı [154, s.50].

Dram dialoqları sual və cavab replikalarından ibarətdir. Burada sual cümlələrinin forma və məzmunu fərqli şəkildə təzahür edir. İnsan təfəkkürünün məhsulu olan sual cümləsi dialoji nitqdə aparıcı funksiya daşıyır, yalnız cavab əldə etmək məqsədilə deyil, həmçinin bədii vasitə kimi – arzu, istək, xahiş, məsləhət, kinayə-istehza məqamlarında, personajl­arın emosiyalarını ifadə etmək, müəyyən əşya və hadisələri qiymətləndirmək, yada salmaq, fikri daha obrazlı və təsirli etmək məqsədilə işlədilir.

Daxili nitq deyilən poetik forma məhz dialoqun sual cümlələrində meydana çıxır. Bəzən daxili nitqlər anaforik sual cümlələrindən ibarət olur. Bu isə müəllifə qəhrəmanın hissi vəziyyətini, psixoloji gərginliyini, dəyanətini daha aydın açıb göstərməyə imkan verir [138, s.112].

İ.Əfəndiyevin dram əsərlərinin dilində sual cümlələri müxtəlif quruluşda təzahür edir. Burada sual cümlələrində sual əvəzliklərinin işləkliyi yüksəkdir. Məs.: Nəcəf-Yenə hara belə, ay Xanmurad? [49, c.2, s.171], Nəcəf – Doğrudan nə olub? [49, c.2, s.172] və s. Sual cümləsi intonasiyanın köməyi ilə düzə­lir: Turac – Siz onunla cəbhədə tanış olmusunuz? [49, c.2, s.190]. Sual cümləsi -mı4 ədatı ilə də formalaşır: Bədəl – Artırmağına artıra bilərik, ancaq bir bu qədər işlə onu becərməyə vaxtımız çatacaqmı? [49, c.2, s.206]. Sual cümləsi tabeli mürəkkəb cümlə quruluşunda olur: Uğur – Sən elə güman edirsən ki, biz yüz sentnerdə dayanacağıq? [49, c.2, s.182]. Sual cümləsi elliptik formada da olur və xəbər “sıfır variant”da özünü göstərir: Alxan – Bizim meşədəki adamlardan nə xəbər? (“var”-sıfır variantda).

İ.Əfəndiyev dramlarındakı obraz və personajların nitqində sual cümlələrindən aşağıdakı məqsədlər üçün istifadə etmişdir:

Müəyyən fikrə personajın etirazı sual cümləsi ilə ifadə olunur: Ballı – Mən bu birçəklərimi namusla ağartmışam! İndi mənim oğluma el oğrusu desinlər? [49, c.2, s.208].

Sevinmək, şadlanmaq, tərifləmək məqamında: Mədəd – Amma, sədr, görürsən mənim pambığım necə pambıqdır? [49, c.2, s.220].

Personajın nitqində silsilə sual cümlələrindən də istifadə olunur ki, bu da mətndə qoyulan fikrin dinamikliyini təmin edir: Mədəd – Bəs taxılı kim əkəcək? Pambığı kim becərəcək? [49, c.2, s.196].

Dialoq ustası ciddi mətləblərin təqdimində emosiyaları oyadan ritorik suallardan məharətlə istifadə edir. Məs.: Kamran (tək) – Biz nə vaxt Stalinin sisteminin yaratdığı vahiməni insanların ürəyindən çıxaracağıq? Nə vaxt Rəh­man­zadə kimi günahsız müqəssirlərdə ədalətə, həqiqətə, insanlıq şərəfinə inam yaradacağıq? İnsanların qanına işləmiş inamsızlığı, etibarsızlığı, bir-birindən şübhələnmək, yanlış hökmlərə kor-koranə tabe olmaq hissini, vahiməni onların damarlarından nə vaxt çıxaracağıq? Nə vaxt? [46, s.183]. Sonda sual əvəzliyi (nə vaxt?) təkrar olunaraq qüvvətlənir, monoloqun təsir gücü artır.

“Bizim qəribə taleyimiz” pyesində Kamranın nitqində ritorik suallar çox işlənir: Kamranın bədii suallarına Kamran - Necə oldu Azərbaycan gözəlləri? Necə oldu dünyada məşhur olan Qarabağ atları? Ulu babalardan yadigar qalan qara nərlərin kökü niyə kəsildi? Harda idi sizin vicdanınız? Ataxan da bədii sualla cavab verir: Ataxan – Əşi vicdan başına nə daş salsın [46, s.120].

Dram əsərlərində ritorik suallardan istifadə üslubi baxımdan daha əhəmiyyətlidir. Burada onlar, adətən, biri digərinin ardınca gələrək, bir-birinin mənasını daha da gücləndirir, ekspressiv motivləri qüvvətləndirir və fikrin yüksək emosiya ilə ifadəsini təmin edir. Xüsusilə də bədii əsərdə ehtiraslar coşduğu və kulminasiya nöqtəsinə qalxdığı, hadisələr tragik bir şəkil almaq dərəcəsinə yüksəldiyi zaman ritorik suallar əvəzolunmaz bir vasitəyə çevrilir” [62, s.179].

Məs.: Ballı. Kim heylə qələt eləyə bilər? Məgər bu el bilmir ki, ərim rəhmətə gedəndə mən iyirmi beş yaşında cavan gəlin, gözümü dünyanın bütün naz-nemətindən çəkib övladlarımı necə böyütmüşəm? İndi mənim oğluma el oğrusu desinlər? [56, c.3, s.280].

Göründüyü kimi, ritorik suallar əsasında formalaşmış bu kiçik monoloq olduqca emosional və təsirlidir. Məhz burada istifadə edilən ritorik suallar ehtiraslar içində çırpanan personaja – “Bahar suları” dramındakı Ballı arvada həm oğlunu müdafiə etməyə, həm də çeşidli ekspressiya yaratmağa imkan vermişdir.

Dialoqun sual komponenti sual əvəzliyindən də ibarət olur. “İlyas Əfəndiyevin dramlarındakı sual əvəzlik­lərinin say etibarilə müəyyən səviyyədə olması, digər əvəzlik növləri kimi, bu əvəzliklərin də işlənmə tezliyinin kifayət dərəcədə olması sual əvəzliklərinin iştirak etdiyi sual replikalarının çoxluğunu təmin edir. Bu cür sual cümlələrindən daha çox istifadə edilməsinin bir səbəbi də ondadır ki, əgər birinci və ikinci növ sual cümlələrində məlum bir faktın, hadisənin, fikrin təsdiq və inkarı gözlənilirsə, bu tip sual cümlələrində məlum olmayanın müəyyənləşdirilməsi başlıca məqsəd sayılır” [117, s.64]. Məs.: Sadıqov. Bilirsiniz, Dilşad xanım, sizinlə bu təzə qohum olmaq istəyən oğlan bizi yaman incidir. Dilşad xanım. Kim? Ağasəlim. Dilşad xanım, müxtəsəri budur ki, sizinlə təzə qohum olmaq istəyən müstəntiq Cahangir yoldaş tikintidə böyük bir yoxlama başlatdırıb. Dilşad xanım. Nə üçün? [53, c.2, s.314].

Sadıqov və Ağasəlimin replikaları Dilşad xanıma tam aydın olmadığı üçün o, məsələni dəqiq öyrənmək məqsədilə sual əvəzliyindən istifadə edir. “Nə üçün” sual əvəzliyini Dilşad xanım verdiyi tam sualın içərisində də işlədir: Dilşad xanım. Yaxşı, Cahangir nə üçün belə etdiyinin səbəbini demir?

Dialoqda sual əvəzliklərinin iştirakının mütləq vacibliyi haqqında dilçiliyimizdə müəyyən fikirlər söylənilib: “Əvəzliyin bütün başqa növləri nəqli cümlələr üçün leksik materialdır. Sual əvəzlikləri isə sual cümlələrini yaradan əsas vasitələrdən biridir. Əvəzliyin digər növləri şəxsi, əşyanı, hərəkəti ümumi və qeyri-müəyyən şəkildə əvəz edərək cümləyə daxil olur. Sual əvəzliklərinin işlədilmə məqsədi başqadır. Sual əvəzlikləri daxil olduğu cümlədə adı çəkilməyən şəxsi, əşyanı, əlaməti, miqdarı, hərəkəti müəyyən etmək, aydınlaşdırmaq məqsədi güdür” [96, s.148].

“Niyə” sual əvəzliyinin iştirakı ilə: Reyhan. Niyə belə deyirsiniz? Sizi ki, bütün şəhər tanıyır [53, c.2, s.320].“Necə” sual əvəzliyinin iştirakı ilə: Şahsuvarov. Necə ola bilər ki, siz çağırasınız, mən gəlməyim? [53, c.2, s.322]. “Nə” sual əvəzliyinin iştirakı ilə: Dilşad xanım. Bəs fikriniz nədir? [53, c.2, s.322]; Mehrican. Mühazirəniz nə mövzudadır? [53, c.2, s.324]. Sonuncuda “nə” sual əvəzliyi “hansı” əvəzliyinin yerinə işlənmişdir. Dialoqlarda “nə” sual əvəzliyi “nə üçün” sual əvəzliyinin də yerinə işlənir: Sadıqov (Lətafətə) Sən burada nə (nə üçün) gəzirsən? [53, c.2, s.354]. “Nə qədər” sual əvəzliyinin iştirakı ilə: Şahsuvarov. Lilya! Sənin gözlərin şərabdan xumarlananda bilirsən nə qədər gözəl görünür? [53, c.2, s.344]. “Hara” sual əvəzliyinin iştirakı ilə: Nəcəf. Daha yaxşı...De görək hara tələsirsən? [53, c.2, s.243].

Bəzən personajın nitqindəki sual replikasında iki sualdan (sual əvəzliyindən) istifadə olunur. Məs.: İldrım (qəzeti stolun üstünə qoyur). Uşaqlıqdan bizim bir-birimizdən gizli sözümüz olmamışdır. Xosrov, açığını deyim ki, sənin ailə həyatın məni kədərləndirir. Xosrov Atayev. Niyə axı? Səbəbi nədir? [53, c.2, s.328].

Eyni sual bəzən personajın nitqində təkrar olunur. Məs.: Dilşad xanım. Nə olub? Niyə belə tövşüyürsən? Sadıqov. Liliçka belimi sındırdı...Məni dost-düşmən yanında xar elədi...Dilşad xanım. Necə? Necə? [53, c.2, s.358].

Q.Kazımov -mı,-mi,-mu,-mü ədatının müstəqil sual yarada bildiyini göstərir. Digər ədatların isə sual mənasını gücləndirdiyini qeyd edir. Bu məqsədə xidmət edən ədatlar etiraz, narazılıq, xatırlatma, nəsihət, təəccüb, məzəmmət, xahiş, yalvarış çalarlarına malikdir [96, s.379].

“Axı” ədatı: Şahsuvarov. Lilya! Axı sənin nəyin əskikdir ki, ağlayırsan? [46, c.2, s.344]. “Bəs” ədatı: İldırım. Bəs Xuduş, Ağasəlim?..[53, c.2, s.332]; Zabitə. Bəs Dilşad xanım gəlməyəcək? [53, c.2, s.339]. “Məgər” ədatı: Məgər bu el bilmir ki, atanız rəhmətə gedəndə mən iyirmi beş yaşında cavan gəlin, gözümü dünyanın bütün naz-nemətindən çəkib sizi necə böyütmüşəm? [49, c.2, s.280]. “Yoxsa” ədatı: Reyhan. Yoxsa mən sizin xatirinizə dəydim? [53, c.2, s.321]; Dilşad xanım (Şahsuvarova). Yoxsa bunun gözü qalıb üzüyün dalında? [53, c.2, s.341]. “Ki” ədatı: Reyhan. Sən qızdırmalı adamlara oxşayırsan, Mehrican. Xəstə deyilsən ki? [53, c.2, s.362].

“Hə” ədatı da dialoqun sual cümlələrində təsdiqetmə məqamında tez-tez işlədilir. Məs.: Mədəd. Əgər sən düz-əməlli adamsan, niyə o boyda buxalterliyi buraxıb, gəlib kolxozda hesabdar olmuşsan, hə? [53, c.2, s.248].

Ədatların dialoqlardakı “gücü” həm də cümlələrin sual replikalarına çevrilməsindəki roludur.

Dialoqda sual intonasiyası. Mükalimədən kənarda bəzən belələrini müəyyənləşdirmək çətinliyi yaranır. Amma bununla belə, əksər dialoqların sual cümləsi intonasiyanın köməyi ilə də formalaşır. Məs.: Mehrican. İndi ərdədir? Reyhan. Deyirlər ərdədir [53, c.2, s.318]; Dilşad xanım. Atayevə elə söz demək olar? [53, c.2, s.323]; Xuduş. İndicə Mehricanın dalınca tələsik bağçaya düşən ministr Atayev deyildi? [53, c.2, s.330].

Dialoqun sual cümlələri budaq cümlələrdən də ibarət ola bilir. Məs.: Tamamlıq budaq cümləsi: İldırım. Mən bilmək istəyirəm, bütün bunlar doğrudanmı həqiqətdir? [53, c.2, s.350]; Lətafət. Kim deyir ki, mən təmizə çıxmaq istəyirəm? [53, c.2, s.365]; Sədəf. Sən onu soruş ki, heç bir gün, bir saat yadından çıxan dəqiqə olub? [53, c.2, s.246].

Dialoqun sual cümləsi həmcins üzvlü cümlələrdən qurula bilir. Məs.: Lətafət (istehza ilə). Sizin kimi hörmətli şəxslərlə oturub-duran, böyük bir şəhərdə naçalnik müavini olan bu cür yaraşıqlı oğlanın heyranedici sözlərinə, hər gün Sadıq Sadıqovun mənfur üzünü görən bir qadın nə cavab verərdi? [53, c.2, s.365].

Dialoqun sual cümləsi elliptik formalı olur, belə cümlələrdə xəbər buraxılır. Məs.: Turac. Bəs xalqın, dövlətin xeyri? Mədəd. Yaxşı, indi ki belədir, bəs o birilərini niyə yazmırsınız, hə? Turac. Məsələn kimi? [53, c.2, s.247]; Alxan. Mənə bir sübut ver, gör atasını dalına şəlləyirəm, yoxsa yox! Mədəd. Sübüt? Sübutu hardan? [53, c.2, s.248].

Faktlar göstərir ki, İlyas Əfəndiyevin dramlarının dilində sual konstruksiyalarının üç qrammatik forması mövcuddur: intonasiyanın köməyi ilə yarananlar; ədatlarla yarananlar; sual əvəzliklərinin vasitəsilə yarananlar.

Beləliklə, dialoq struktur etibarilə sual-cavab kompo­nent­lərindən qurulur. Sual strukturu dialoji vahidin əsas hissələrindən biri kimi çıxış edir. Suallar daha çox neytral və təkraredici xarakteri ilə seçilir. Replikalararası suallar dramda qoyulan məsələlərin açılması üçün mühüm bir vasitəyə çevrilir. Kommunikativ funksi­yanın, semantikanın, modal mənaların müəyyən olunmasında sual kompo­nentləri əsas rol oynayır. Dialoqda sual cümləsinin funksiyası cavabın xarakterinə uyğunlaşdırılır, əlavə informasiyaların çatdırılmasına və s. şərait yaradır.

Dialoqun cavab replikaları. Bədii dilin sintaktik quruluşu müxtəlif tipli dialoqlar vasitəsilə də qurulur. Həmin dialoqlar qrammatik quruluşun özəyini təşkil edir. Qrammatik quruluş bu zaman replikalar silsiləsinə çevrilir. Replikalar (sual-cavab) kommunikativ baxımdan iki cür istiqamətdə olur. Verilən sual cavab tələb edir. Bu tələb replikaları bir-birinə möhkəm bağlayır. “Replika kimi işlənən cümlələrin semantikasında həmişə bir subyektivlik özünü göstərir. Həmin subyektivliyin mahiyyəti ondan ibarətdir ki, replika nəinki yeni informasiya (məlumat) ifadə edir, həm də başqasının nitqinə qarşı şəxsin cavab reaksiyasını, onun bu və ya digər fakta, həyat hadisəsinə münasibətini də əks etdirir. Bu fərdi-şəxsi münasibətlərin, reaksiyaların növləri çoxdur” [14, s.10].

Cavab replikaları quruluş etibarilə bütöv və yarımçıq formalarda təzahür edir, daha çox yarımçıq cümlə cavabları təmin edə bilir. “Cavab-yarımçıq cümlələrin forması, əsasən, müvafiq sualların xarakterindən asılı olur. Beləliklə, cavab-yarımçıq cümlələrin üç növü mövcuddur: 1) sualda seçilən, nəzərə çarpan bu və ya başqa cümlə üzvünün cavabı, 2) təsdiq və ya inkarı tələb olunan sualın cavabı, 3) dinləyənə təklif olunan cavab variantlarından birini seçməyə imkan verən sualın cavabı” [6, s.261].

İlyas Əfəndiyevin dram əsərlərində dialo­qun cavab reaksiyalarının struktur-məzmun komponentləri müxtəlifdir. Replikaların cavab cümlələri müxtəlif yollarla meydana çıxır. Müəllifin qurduğu dialoqların cavab cümlələrində intonasiya mühüm əhəmiyyət daşıyır. İntonasiya və ədatlarla formalaşan cavab replikaları məzmun etibarilə təsdiq və inkar məna ifadə edir. Bu baxımdan təsdiq və inkar cavab replikalarını fərqləndirmək lazım gəlir. Məsələn, cavab reaksiyası ilə başqasının sözü, fikri təsdiq olunur. Məs.: Fəridə (hərarətlə). Bu onların nöqsanıdır! Gövhər. Yəqin ki...[54, c.2, s.11]; Fəridə. Ana, deyəsən, yaman yorulmusan? Gövhər. Yaman [54, c.2, s.10]; Valeh. Yəni siz istəyirdiniz ki, mən özümü gölə atım? Kəmalə. Bəli, istəyirdim..[55, c.2, s.143].

Cavab reaksiyası ilə başqasının sözləri inkar edilir. Məs.: Gülgəz. Yalan demirsən ki, xanım? Şahnaz. Yox, mən özüm də sənsiz darıxıram [55, c.2, s.72].

Replikada olan xəbərlər cavab replikasında yenidən təkrarlanır. Cavab reaksiyaları fikrin təsdiq və inkarına yönəldilir. Məs.: Turac (gəlir). Şəfəq getdi, əmioğlu! Uğur (öz-özünə) Getdi... [53, c.2, s.299]; Gülzar. Bəs indi nə olub? Sədəf (gülümsəyərək). Heç nə [53, c.2, s.299]. Cavab replikası sualdakı replikanın təkrarıdır və inkarı ifadə edir: Rahilə. Məgər, mən xoşbəxtlik haqqında düşünürəm? Midhət. Düşünmürsünüz. Çünki siz o barədə düşünmək haqqınızı itirmisiniz [55, c.2, s.379].

A.N.Baskakov göstərir ki, cavab cümlələri yeni üzv nəticəsində də əmələ gəlir [169, s.16]. Yeni üzv nəticəsində əmələ gələn cavablar: Rayon soveti sədri. Salam, yoldaşlar! Biz gecikməmişik ki? Alı kişi. Lap vaxtında gəlmisən [53, c.2, s.300].

Cavab eyni üzv vasitəsilə də əmələ gəlir: Sədəf. Qız, dəli olmusan nədi? Turac. Dəli-zad olmamışam [53, c.2, s.289].

İ.Əfəndiyevin dialoqlarındakı cavab replikalarının struktur imkanlarından biri də onların söz-cümlə ilə yanaşı işlənməsidir. Belə replikalar, adətən, yarımçıq cümlə şəklində olur və “yarımçıq cümlə konkretləşdirici olduğu üçün o, söz-cümlədən sonra gəlir” [31, s.339]. Məsələn: Nəcəf. Yoxlamadan xəbərin var? Alxan. Yox, xəbərim yoxdur [53, c.2, s.291].

Cavab reaksiyası mübtəda, xəbər, tamamlıq, təyin və s. formalarda ola bilir.

Mübtədadan ibarət cavablar: Alxan. Kim düz hesab eləmir? Mədəd. Hesabdar Qulu [53, c.2, s.248]; Xəbərdən ibarət cavablar: Xanmurad. Heç ömründə bir adam sevmisən? Turac. Sevmişəm [53, c.2, s.245]; Tamamlıqdan ibarət cavablar: Xanmurad. Əksinə, çox şadam. Özüm də şad xəbər gətirmişəm. Sədəf. Doğrudan, kimə? Xanmurad. Sənə [53, c.2, s.245].

Kommunikativ istiqamətin aydınlaşdırılmasında dialoqun cavab strukturu mühüm rol oynayır. Cavab replikaların əsas tiplərindən biridir. Cavab replikaları iki formada özünü göstərir: bütöv və yarımçıq formalarda.

Bütöv forma: Xanmurad – Onu kim təyin edib? Uğur – Onu mənim xahişimlə mərkəzdən göndəriblər [49, c.2, s.197].

Yarımçıq forma: Nəcəf – Yoldaş sədr, yəqin ki, hökumət bizə kömək verəcək? Uğur – Nə cür kömək? Nəcəf – Məsələn, fəhlə, usta [49, c.2, s.196].

Cavab replikaları modal sözdən qurulur: Uğur – …unutmayın ki, mədəniyyət sarayının təntənəsi yüksək məhsul uğrunda mübarizənin şiddətindən asılıdır. Səslər – Əlbəttə ! [49, c.2, s.197].

Cavab reaksiyası ilə əvvəl deyilmiş sözlərə yeni məlumatlar əlavə edilir. Məs.: Şahnaz. Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu tapşırmadı? Gülgəz. Başa düşdüm, mən qaçdım kəklikotu yığmağa [55, c.2, s.63].

Cavab reaksiyası ilə müsahibin məlumatına qarşı öz fikrini ifadə etmək şansı yaranır. Məs.: Fəridə. Neçə pəncərə üçündür? Gövhər. Səkkiz [54, c.2, s.10].

Cavab reaksiyası ilə söhbətin nə barədə getdiyindən personajın xəbərsiz olduğu bildirilir. Məs.: Uğur. Bunların hamısını sükutla qarşılamaq bilirsən nə qədər ağırdır? Ballı. Mənim heç nədən xəbərim yoxdur [49, c.2, s.280].

Cavab reaksiyası ilə deyilənə qarşı ekspressiv-emosional duyğu ifadə olunur. Məs.: Alı kişi. Camaat deyir, sən niyə inanırsan? Görmürsən ki, Uğurun sədr olduğu heç altı ay deyil, amma kəndə girəndə adam məəttəl qalır. Bir yanda bu boyda iş görülür, o yanda hamam tikilir. O biri tərəfdə on iki min təzə toxmacar salınır. Nəcəf. Atalar yaxşı deyib ki, “Təzə ay çıxanda köhnəni doğrayıb ulduz edirlər”. Bir vaxt Alxanın başına and içirdiniz, indi də Uğuru şişirdib göyə qaldırmısınız...Axı sizdən nə olacaq...[49, c.2, s.275].

Cavabdakı atalar sözü (“Təzə ay çıxanda köhnəni doğrayıb ulduz edirlər”), frazeoloji vahid (başına and içmək) və mübaliğə (Uğuru şişirdib göyə qaldırmaq) deyilənə qarşı emosional-ekspressiv hissi gücləndirmişdir. Deməli, cavab başdan-başa obrazlı ifadələrlə zənginləşmişdir.

İ.Əfəndiyev personajlarının bir-birinə münasibəti də cavab reaksiya növləri ilə üzə çıxır. Həmin növlər semantik çalarlar yaradır. Bu semantik çalarlar aşağıdakılardır:

a) inamlı cavab reaksiyası: Sədəf. Sən elə düşünürsən? Mən sənin kimi mərd oğlanın işi üçün odları ayaqlayıb keçərdim, Xanmurad! Xanmurad (mütəəssir). Çox sağ ol, Sədəf! (Cəld gedir, sonra dayanıb geri çevrilir.) Əminəvəsi, sən də yadında saxla ki, Xanmurad sənin bir kəlmə sözün üçün öz canından min dəfə keçməyə hazırdır! (Cəld uzaqlaşır.) [49, c.2, s.274].

b) inamsız cavab reaksiyası: Ədalət. Tənəffüsdə gələcəyəm. Fəridə. Doğrudan? [49, c.2, s.274].

c) cavabda razılıq reaksiyası: Kəmalə. Mən həmişə sənin mahnılarına qulaq asıram. Batı. Mən də hər gün səni xatırlayıram [49, c.2, s.133].

ç) cavabda narazılıq reaksiyası: Alı kişi. Deyən səndə söz var? Nəcəf. Guya sən bilmirsən! [49, c.2, s.275].

d) cavabda şübhə reaksiyası: Leytenant. Qaçağa etibar etmək olarmı, yoldaş komissar? Nicat. Sınayarıq [49, c.2, s.108].

e) cavabda təəccüb, etiraz reaksiyası: Alı kişi. Axı nə deyirlər? Nəcəf. Deyirlər, guya Uğur injinerlə əlbir olub kirli pul yeyib...[49, c.2, s.275]; Şahsuvarov. Sabah axşam düz yeddinin yarısında təzə parkda olarsan? Sənə çox mühüm bir şey xəbər verəcəyəm. Sadıqov. Ola bilməz ki, indi deyəsən? [49, c.2, s.317].

ə) cavabda kin və qəzəb reaksiyası: Ağasəlim (qəzəblənir). Niyə, nə olub bəyəm? O kimdir ki? Xuduş (qəzəbli). A balam, necə kimdir? Müstəntiqdir. Acı danışarsan, tutar basar dama də... Ağasəlim. Ölmüşdü Ağasəlim! Xuduş (kinli) Lənət sənə, şeytan! Yəni qoçaqlıq yeridir? Sadıqov (gəlir). Nə olub yenə? Niyə boğuşursunuz? Xuduş. Deyirəm, qardaş, siyasətin olsun, müstəntiqlə qaba danışma, başlayıb... [49, c.2, s.348].

Bu reaksiyalar həm məntiqi, həm də emosional reaksiyaları ifadə edir:


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə