AKADEMIK TOFIQ HACIYEVIN ELMI YARADICILIĞINDA TÜRKDILLI XALQLAR ÜÇÜN
“ORTAQ ÜNSIYYƏT (İLƏTIŞIM) VASITƏSI” MƏSƏLƏSI
Vüsalə AĞAYEVA
Xülasə: Məqalədə görkəmli dilçi alim, türkoloq Tofiq Hacıyevin türkdilli xalqlar üçün ortaq ünsiyyət
vasitəsinin yaradılması haqqında elmi mülahizələri tədqiq olunub. Aktuallığı ilə səciyyələnən “ortaq türkcə”
mövzusu ətrafında müəllifin akademik tövsiyyələri şərh olunub. Alimin bu məsələ ilə bağlı araşdırmaları
tədqiqata cəlb olunub. Türkoloq Tofiq Hacıyev Türkiyə türkcəsini türklər üçün ortaq ünsiyyət vasitəsi hesab
edir. Məqalədə alimin türkçülük ideologiyası dilçilik müstəvisində təhlil olunub.
Açar sözlər: Tofiq Hacıyev, türkoloq, ünsiyyət vasitəsi, ortaq türkcə
“Common of Means of Communıcatıon” Issue for Turkıc Speaking People in the Scientific Creativity
of Academic Tofig Hajıyev
Abstract: In this article, scientific considerations of scientist turkologist Tofig Hajiyev about linguists
common means of communication for scientific opinions on the establishment of the Turkic-speaking
peoples was studied. The academic commentary about “common language” of the author was characterized.
The studies about this problem of scientist was involved in the research. Turkologist Tofig Hajiyev considers
Turkey language of the common means of communication for turks. In this article, the Turkism ideology of
scholar was analyzed in the context of linguistics.
Keywords: Tofig Hajiyev, turkologist, means of communication, the common language
Türk birliyinin yolu dil birliyindən keçir.
TOFİQ HACIYEV
Türkologiyada böyük elmi məktəb yaratmış görkəmli dilçi alim, akademik Tofiq Hacıyev elmi
araşdırmalarında türkologiya elminin əsas problemlərini elm müstəvisinə gətirmiş, akademik
tədqiqatlarını geniş oxucu kütləsinə təqdim etmişdır. Alimin türkçülük ideologiyası: ortaq türkçə, vahid
imla və əlifba məsələləri ilə bağlı araşdırmalarına dair fəaliyyəti dövrünün əsas tədqiqat obyektinə
çevrilərək, eyni zamanda bu ideologiyanın yeni prioretitlərinin müəyyənləşdirilməsinə çoxşaxəli
perspektivlər yaratmışdır.
Görkəmli alim, türk dünyasında qələmi ilə tanınan məşhur türkoloq, akademik Tofiq Hacıyev elmi
yaradıcılığının çox hissəsini ümumi türk ədəbi dili uğrunda mübarizəyə həsr etmişdir. Elmi yaradıcılığı
boyu elmi mükəmməlliyi ilə seçilən türkoloq Tofiq Hacıyevin türk dünyasında qazandığı uğurlar,
nailiyyətlər bizə bunu deməyə əsas verir: Müasir dövrdə Turan ideologiyası uğrunda böyük mübariz olan
T.Hacıyev “işdə, fikirdə, dildə bir” ideyasının müəllifi Krımlı İsmayıl bəy Qaspiralının “ümumtürk
ideologiyasını” yaşadan və inkişaf etdirən alimlərdən biri və cəsarətlə desək, birincisidir. “Belə ki,
əməkdar elm xadimi, “Şöhrət” ordenli, 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür
Qurumunun fəxri üzvü olan akademik Tofiq Hacıyev elmi və ictimai fəaliyyətinə görə 1998-ci ildə
Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Türkiyənin Sanatçılar və Yazarlar
Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” medalının sahibidir. 2004-cü ilin mayında Qaraman
Türk Dili mükafatına, həmin ilin iyulunda isə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq
görülmüşdür”.[Hacıyev/ www.Tofiq-Haciyev.com]
“İdeya ehtiyacdan doğulur. Ehtiyac duyulanda tarix ideyanı yaradır”-deyən böyük türk ideoloqu
Tofiq Hacıyevin türkdilli xalqların birliyi, milli türkçülük ideologiyası, maariflənmələri uğrunda əməyi
böyükdür. Alimin türk birliyi konsepsiyasında dil birliyi xüsusi mövqe tutur. Türkoloq dilin köməyi ilə
danışıb anlama yolu ilə türk birliyinin yaranacağına əmindir. Tofiq Hacıyev türkün birliyi, istiqbalı,
istiqlalı üçün ilk növbədə dostluq və birlik məfhumlarının vacibliyini nəzərə çatdırır. Müəllif bu
birliklərin ən yüksək mərtəbəsində dil birliyinin hakim mövqedə olması qənaətindədir. Akademik
tədqiqatları linqivistikanın əsası, özülü olan elm fədaisi Tofiq Hacıyev elmi mülahizələrini elmi-dilçilik
mövqeyindən əsaslandırır, türkoloji müstəvidə araşdırır. Alimin “türk xalqlarının vahid əlifba, ortaq imla,
ortaq ilətişim dili” kimi dilçilik məsələlərinə dair tədqiqatları saysız-hesabsızdır. Belə ki, türkoloq
Azərbaycan Dillər Universitetinin doktorantı, agayeva144@gmail.com
386
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
“Türklər üçün ortaq ünsiyyət dili” (2013) kitab və bir çox elmi məqalələrində Turan ideologiyasının
müdafiəçisi və carçısı kimi çıxış edir.
T. Hacıyev tarixən Altaydan Dunaya qədər coğrafi ərazidə məskunlaşan, Orxon-Yenisey
kitabələrinin dili və otuza yaxın türkdilli xalqların ana dili olan türkcənin tarixindən, ruslaşdırma siyasəti
yürüdən Sovet hakimiyyəti dönəmində türk xalqlarını bir-birindən ayırmaq siyasətindən və bu antitürk
imperiyanın dağılmasından sonra türkdilli xalqların ümumi türk ilətişim dili uğrunda mübarizəsindən,
türk xalqlarının bir-biri ilə anlaşma, ilətişim, ünsiyyət dili kimi türkcənin rolundan geniş şəkildə bəhs
edir. Akademikin Türkoloji Qurultaya aid həsr etdiyi elmi məqaləsində bu fikri aydın şəkildə görmək
mümkündür: “Qurultayın (alim I Türkoloji Qurultayı nəzərdə tutur- A.V.) siyasi aksenti bu idi ki, türk
xalqları bir-birinin içində ərisin, bu ərinti məhsulu udmaq Rusiya üçün asanlaşsın. Əslində bir az sonra
Sovet dövləti saldığı dil birləşməsi söhbətindən peşman oldu. Dilləri əritməyin mümkün olmadığını
görüb, başqa bir sol tədbirə əl atdı: türklər bir-birini oxuya bilməsinlər”. [Haciyev: 2006, s. 23] Bu faktı
digər alimlərimizin tədqiqatlarında da görmək mümkündür: “1930-cu ildə öz əcəli ilə vəfat edən Səməd
Ağamalıoğlundan başqa Qurultayın bütün nümayəndələri 1937-ci ildə istisnasız olaraq repressiya qurbanı
oldular. Hətta bu illərdən 1956-cı ilə qədər I Türkoloji Qurultayın adını çəkmək belə, qadağan
edilmişdir”. [Hüseynova, Eyvazov, Bayramov, Fərəcov: 2015, s.212 ]
Azərbaycan dilçilik elmində “ortaq ünsiyyət dili” məsələsinin həlli istiqamətində daha çox Tofiq
Hacıyev bu problem ətrafında daim araşdırmalar aparıb, dəyərli fikirlər irəli sürüb. Türkiyənin tanınmış
ziyalısı Dr. Şükrü Haluk Akalinin təbirincə desək, “Ancaq Türkiyə dışında bir kişi var ki öteden beri Türk
dünyasında ortak bir iletişim dili kurulması konusunu yazılarında, konuşmalarında, çalışmalarında daima
gündəmdə tutuyor: Azerbaycan`dan Prof. Dr. Tofik Hacıyev…” [Akalin/ www.academia.edu] Alim
“Türklər üçün ortaq ünsiyyət dili” kitabında “ortaq türk dili və ortaq türk ünsiyyət dili” anlayışlarına
aydınlıq gətirir: “Ortaq türk dili və ortaq türk ünsiyyət dili anlayışları fərqlidir. Prinsipcə bu ifadələr bir-
birinin sinonimidir. Ancaq bugünkü qavranışda həmin ifadələr köklü şəkildə bir-birindən fərqlənir.
“Ortaq türk dili ifadəsi “yaratmaq” feili ilə işlənib,mənim təklif etdiyim “ümumortaq türk ünsiyyət dili”
ifadəsi “işlətmək, işlənmək” feili ilə cümlələşir. Yəni “ortaq türk dili” yaradılır, ancaq “türk ünsiyyət dili”
hazır olan türkcələrdən birini alıb ünsiyyətdə işlətmək deməkdir. “Yaratmaq” o deməkdir ki, olmayan bir
varlıq ərsəyə gətirilir, bu halda isə olmayan, mövcud türkcələrdən heç biri olmayan, ancaq hər birini əvəz
edən bir türkcə inşa edilir. “Ortaqlıq” o deməkdir ki, mövcud türkcələrin hər birindən müəyyən dil
nümunələri götürülüb birləşdirilir”. [Hacıyev: 2013, s. 228]
Tofiq Hacıyev ideyanın tarixçəsindən bəhs edərkən ilk növbədə “təcrübi iş” kimi fəaliyyətə
başlayan M. M. Kazımbəyin elmi fəaliyyətində türkoloji aspektlərini şərh və təhlil etdikdən sonra “işdə,
fikirdə, dildə bir” ideyasının müəllifi İ. Qaspiralının ümumi türk ədəbi dili məsələsinin türk xalqları üçün
mühüm əhəmiyyətindən, vacibliyindən söz açır. Milli birlik hissinə xüsusi önəm verən, türk xalqını,
türkcəsini, Turan ideologiyasını dərin rəğbətlə sevən İsmayıl bəy Qaspiralını alim Füzuli Məcnunu ilə
müqayisə edir: “Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli…”(Füzuli), “vəli”si budur ki, bu işdə
məcnunluğa alışmaq, Məcnun kimi olmaq, yəni Məcnuna bənzəmək hələ azdır, Məcnunun özü olmaq
lazımdır”.[Hacıyev: 2013, s. 11] İsmayıl Qaspiralını türk xalqlarının rifahı üçün qəlbində, əməlində olan
dərin sevgisinə görə akademik Tofiq Hacıyev “Məcnun”la müqayisə edib. Ancaq akademik Tofiq
Hacıyevin özünün də ümumtürk xalqlarının birləşməsi, vahid türkcənin, imlanın, əlifbanın yaranması
üçün göstərdiyi təşəbbüslər də alimin “Turan ideologiyasına”olan sevgisindən xəbər verir. Ortaq türk
ədəbi dili, ilətişim dili ilə bağlı tədqiqatları akademik Tofiq Hacıyevin özünə “Müasir ümumtürk
dilçiliyində “Turan ideologiyası eşqinin Məcnunu” adlandırmağa əsas verir.
“Türk elləri bir-birinə yadlanır, Qazax,qırğız, türkmən, özbək adlanır” söyləyən türk soyuna
bağlılığı ilə seçilən şairimiz Almas Yıldırımın bu sözlərini alim “antitarixi bir emosiya” hesab edərək
dillərin ayrılması və uzaqlaşmasını dilin inkişaf qanunu sayır. [Hacıyev: 2013, s.7] Lakin şairin “Nerdə
qopuz, nerdə qırıq kaman hey...Nerdə böyük vətən, nerdə Turan hey...”-deyə kədərli notlarla zəngin olan
bu sual nidasının kədərinin əsas səbəbini “Turanın əlaqəsizliyində” görür”.[Hacıyev: 2013, s.8] “Oğuz
xanın da oğullarından hərəsinin bir adı vardı. Ancaq bunlar bir ailəsinin oğulları idilər. İndi ayrı düşmüş
bu oğulların bir-birinə əl verməsi vaxtıdır”-deyən alim gələcəyə ümidlə baxır və “Turan deyilən əfsanəvi
anlayışın gerçəkliyə dönəcəyinə” əmindir. [Hacıyev: 2013, s. 8] “Mustafa Kamal Atatürk deyib: “Dil bir
körpüdür...İnanc bir körpüdür...Tarix bir körpüdür...Köklərimizə dönməliyik və hadisələrin böldüyü
tariximizin içində bütünləşməliyik. Onların (xaricdəki türklərin) bizə yaxınlaşmasını gözləməməliyik.
Bizim onlara yaxınlaşmağımız lazımdır...”[Dursunova: 2011, s. 676]