sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil
etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə
sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4
dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar
da növ zənginliyi ilə
məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i
endemik növlərə
aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr
Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş
yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid
qurşaq
yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır. Meşələr əsas üç ağac
növlərindən - fıstıq, vələş və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2
faizini təşkil edir. Bunlardan başqa, ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq,
yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr
respublika
meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac
növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı,
qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin vətəni sayılır. Qaracökə
üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın
Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır.
Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar
şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu
sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından
dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad,
yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.