Ci illər peyzaj: Hüseyin Arif


) Anar hekayələrinin mövzu dairəsi



Yüklə 214,12 Kb.
səhifə7/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   2   3   4   5   6   7   8   9   10   ...   51
Allah komeyimiz olsun

15.16) Anar hekayələrinin mövzu dairəsi.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Anardır. Anar Rəsul oğlu Rzayev 1938-ci ildə mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur.
Anarın yaradıcılığa gəldiyi dövr 50-ci illərin sonu 60-cı illərin əvvəllərinə təsadüf edir. Onun əsərlərində, xüsusən, hekayələrində insan psixologiyasına, onun daxili dünyasına, düşüncələrinə nüfuz etmək qabiliyyəti diqqəti cəlb edir. Yazıçının daxilindən gələn mənəvi saflıq onun bir çox qəhrəmanının daxili keyfiyyətinə çevrilir. Anarın hekayələrində ayrı-ayrı fərdlərin, qrupların, zümrələrin cəmiyyətdəki yeri, mövqeyi görünür.
Görkəmli sənətkarımız ədəbi fəaliyyətə 1960-cı ildə “Azərbaycan” jurnalının 12-ci nömrəsində çap olunan “Keçən ilin son gecəsi”, “Bayram həsrətində” hekayələri ilə başlamışdır. O, ilk hekayələrini çox kiçik yaşlarında qələmə almışdır. Lakin yazıçı bu hekayələrini yazdığı dövrdə yox, bundan çox illər sonra “58-ci ilin üç sandıq hekayəsi” adı altında “Azərbaycan” jurnalına çapa vermişdir. Buraya “Ürəyim ağrıyır”, “İztirabın vicdanı”, “Nisbət nəzəriyyəsi” daxildir. Hekayələr istedadlı şairimiz Vaqif Cəbrayılzadəyə ithaf edilmişdir.
Ədəbiyyata gəldiyi ilk zamanlardan mənəvi-əxlaqi mövzular Anar yaradıcılığının, xüsusilə də onun hekayələrinin əsasını təşkil etmişdir. Hələ özü gənc ikən üzvü olduğu ziyalı mühitində gördüyü bəzi çatışmazlıqlar onu düşündürmüş, bu eybəcərlikləri göstərən əsərlər yaratmağa vadar etmişdir.
Anarın 1958-ci ildə, cəmi 20 yaşında ikən Mirzə Cəlil üslubunda yazdığı “Ürəyim ağrıyır” hekayəsi bu fikirlərin bariz nümunəsidir. Bu kiçik hekayə böyük mətləblərdən xəbər verir. Əsərin əsas qəhrəmanı öz bircə oğlunu çox sevən bir atadır. Həyat yoldaşı hələ oğulları körpə olanda dünyası dəyişdiyində o, oğlunu tək böyütmək məcburiyyətində qalmışdır. Ata bütün ömrünü öz balasına həsr etmiş, ona təhsil vermişdir. Artıq institutu bitirib, mühəndis olan oğul evlənmək fikrinə düşür. Görüşdüyü qız və onun ailəsi ilə atasını tanış etmək istəyir. İlk baxışda normal axarla davam edən hadisələr ailələrin ilk tanışlıq mərasimindən dəyişir. Yazıçı özünü “ziyalı” hesab edən bir ailənin timsalında bu qəbildən olan digər “mədəni ailə”ləri, özünü savadlı göstərmək üçün ilk növbədə öz dilini unudan, ona xor baxan, bu dildə danışmaqdan utanan ayrı-ayrı insanları səciyyələndirən xüsusiyyətləri göstərir. Bu əsəri ilə yazıçı öz milli mənsubiyyətini unudub, ona xor baxan, özünü başqalarına oxşatmaq fikrində olan insanlara ibrət dərsi verir.
“İztirabın vicdanı” hekayəsində gənc ədib 37-ci ilin ağır hadisələrindən—repressiya dövründən bəhs etmişdir. Əsər repressiya dövründə bu rejimin cəza orqanlarında çalışmış və bu ağır hadisələrə dözməyərək istefa vermiş, sonda özü də bu sistemin növbəti qurbanına çevrilmiş bir insanın etirafları üzərində qurulmuşdur.
Hadisələr Moskvada bir mehmanxanada baş verir. Əsərin qəhrəmanı tanımadığı bir insanın qapısını döyərək onunla danışmaq istədiyini deyir. Onun xarici görünüşünün təsvirindən keçdiyi ağır həyat yolu oxucuda müəyyən təsəvvür yaradır. Qəhrəmanın daxili dünyasındakı əzablar, psixoloji vəziyyətindəki sarsıntılar onun hərəkətlərində özünü aydın büruzə verir: “Gah uşaq kimi utancaq, gah dəli bir ehtirasla yanan, gah mehriban, gah qəzəbli, gah kinli, gah yaltaq, gah xoş, gah məsum, gah məğrur, gah yazıq”. Bir-birindən ağır günahlar etdiyinə görə iztirablar içində, vicdan əzabı ilə çırpınan, heç olmasa kiməsə ürəyini boşaltmaq istəyən və özözünü ifşa etməklə vicdani rahatlıq tapacağını düşünən bu insanın monoloqları olduqca təsiredicidir. O, gah törətdiyi ağır cinayətlərdən, o dövr üçün “günahkar” sayılan insanlara qarşı etdiyi iyrənc hərəkətlərdən danışır, gah insanlara olan dərin sevgisindən, onlara verdiyi yüksək dəyərdən söhbət açır. Gənc ədib Sənanın dili ilə bir çox mənəvi-əxlaqi məsələlərə toxunur. Sovet dövründəki insana qarşı süni qayğıkeşliyi, zahiri yenidənqurmanı ifşa edir. Əslində bu təmtəraq içərisində insana heç bir qiymət verilmədiyini göstərir. Hekayənin qəhrəmanı, həyəcan, qəzəb, nifrət, etiraz və üsyan dolu monoloqları ilə oxucunu həyəcanlandırır, onu daxilən silkələyir.
Anarın ilk mətbu əsərlərindən biri “Asqılıqda işləyən qadının söhbəti” adlanır. Bu balaca hekayədə obrazların taleyi haqqında bir sadə peşə sahibi – asılqanda işləyən qadın danışır. Əslində qadın ancaq və ancaq paltolardan bəhs edir. Lakin paltolar forma, geyim, insanın zahiri libası mənasından çıxır. Mətnin süjeti də, kompozisiyası da paltoların tarixçəsi ilə bağlıdır. Hekayəni nəql edən qadın yazıçı missiyasındadır, amma müəllif elə maraqlı kombinasiya qurub ki, monoloq şəklində, pıçıltı ilə söylənən hekayətin özündə belə süjetin detallarını müəyyənləşdirə bilirik. Bu qadının pıçapıçla danışdığı hadisənin ekspozisiyası, zavyazkası, kulminasiyası, razvyazkası və finalı var... Bu alleqorik hekayə də hesab edilə bilər. Baxmayaraq ki, fikirlər asılqanda işləyən qadının dilindən nəql olunur, əsərin qəhrəmanları isə - əşyalar, paltolardır.

Anarın ilk hekayələrindən olan “Keçən ilin son gecəsi” üç inkişaf mərhələsindən, üç janr mərhələsindən keçmiş əsərlərdən biridir. 1960-cı ilin yanvarında qələmə alınan bu hekayə, 1966- 67-ci illərdə pyes şəklində işlənmiş, yazıldığından 23 il sonra isə Moskva Mərkəzi Televiziyasının sifarişi ilə həmin hekayə və pyes əsasında tam metrajlı film çəkilmişdir.


“Keçən ilin son gecəsi” ilk dəfə hekayə formasında qələmə alınmış, sonrakı inkişaf mərhələlərində isə süjetə bəzi obrazlar, yeni inkişaf xətləri də əlavə olunmuşdur. Hekayədəki hadisələr yeni il axşamı cərəyan edir. Süjetin mərkəzində övladlarını, ailəsini dərin məhəbbətlə sevən, qayğıkeş bir ana obrazı- Həmidə dayanır. Hekayədə bir ailənin timsalında insanların get-gedə yadlaşması, bir-birindən uzaqlaşması reallığı tanış, hər kəsə doğma cizgilərlə təsvir edilir. Həmidə bu yadlaşmanı həzm edə bilmir. Qəbul etmək istəmir, səbəbləri anlayır, lakin böyük bir boşluğa addım atacaq adamın həyəcanını yaşayır. Ərinin ölümündən sonra ailənin bayramkeçirmə ənənəsi qırılır. Qadın sanki bir ocağın sönməsindən qorxurmuş kimi özünü fəda edir, lakin bağlar qırılıb, daha əvvəlki hərarəti, istiliyi, doğmalığı qaytarmaq mümkün deyil.
Anarın ilk hekayələrində, göründüyü kimi, insan taleyindən—ağlı-qaralı, bəzən dərdli, əziyyətli, bəzən şad və firavan həyat sürən, fəqət heç zaman vüqarını, mənliyini itirməyən, ləyaqətli, mənəvi saflığı, təmizliyi ilə seçilən insanlardan danışılır.
Anarın ilk hekayələri altımışıncı illər Azərbaycan ədəbiyyatının aktual problemləri, ideya və mövzu istiqamətləri haqqında ümumiləşdirici fikir söyləmək, obrazların iç dünyalarına nüfuz etmək, aydınlaşdırmaq, “yeni nəsr” anlayışının mahiyyətinə aydınlıq gətirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə