106
Çoxdan bəri gözlərdik,
Qafqaziyanı əhv et yaşa,
Onun Sizə salamı var,
Minlər yaşa, Səməd paşa.
Yetmiş il əl vurmadığımız, üzümüzə «tamamilə məxvidir» qrifilə bağlanan
Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivində generalımız haqqında belə
şərqilər çoxdur. Bu şərqilərdən hiss olunur ki, xalq öz xilaskarını çoxdan
gözləyirmiş.
Səməd paşa sərdarımız,
Qan axıdar xəncərimiz,
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əsgərlərik,
Pək şanlıyıq.
Sağ ol Səməd paşa, səni min yaşa,
Vətənin üstündə oldun tamaşa.
Səməd paşa əsgərlərin padəri
Çağırır silah başına irəli.
Azərbaycanın taleyi həll olunduğu bir vaxtda mudafiə naziri kimi məsul bir
vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda duran çətinlikləri çox yaxşı dərk
edirdi. Yüz illərlə əsgəri qüvvəsi olmayan bir xalqa qısa vaxtda nizami ordu
yaratmaq ağır və məsuliyyətli iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın
ətrafı düşmənlərlə əhatə olunmuşdu. Dağılan imperiyadan Azərbaycana heç nə
qalmamışdı. Nə silah, nə əsgəri qüvvə, nə də qışlalar vardı. Tərəddüd, şübhələr,
bəzən də inamsızlıq altmış iki yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki
inamı, güclü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli olub
tərəddüd və şübhələri yuyub aparırdı. Ana vətənə olan sonsuz bir məhəbbətlə o,
kürsüyə qalxmışdı.
Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi ilə yana-yana
danışması ziyalı qadınlarımızdan birinin — Məryəm xanım Bayraməlibəyovanın
yaddaşında əbədi qalmışdır.
Tribunada, gözqamaşdırıcı şüaların düşdüyü yerdə general Səmədbəy
Mehmandarov dayanmışdı. Ağarmış saçları, nurani sifəti, daxili kamilliyindən
xəbər verirdi. Bu gün o, hərbi nazir vəzifəsinə təyin edilməyinə razılıq verməliydi.
Respublikanın fəaliyyətinin elə ilk günlərindən generala təkidlə müraciət
etmişdilər
ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər dəfə qətiyyətlə bu
təklifi rədd etmişdi. Ona görə yox ki, çətinlik çəkəcəkdi. Dərk edirdi ki, indiyə
qədər çarın etibarsız saydığı müsəlmanları, hərbi mükəlləfiyyətə layiq görmədiyi
xalqı indi yeni sənətə hazırlamalı idi. Bu ona bənzəyirdi ki, yaşlı, ahıl bir adama
yazı yazmağı öyrədəsən. Yox, yox, yüksək təşkilatçılıq keyfiyyətlərinə malik olan
keçmiş çar generalını belə çətinliklər qorxuda bilməzdi.