28
Amma heyhat! Müstəntiq Qabil Qasımov bir müddətlik gözləmədən sonra "deputat Gülər Əhmədova
sizdən - ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib" deyəndə, oynanılan bu iblisanə
oyunun yeni detalları mənə aydın oldu. Bəli, məni 303, 306.2-ci, 147 və 148-ci maddələrlə həbs edə
bilməyən hakimiyyət, məni şərləməyə qərar vermişdi. Bir şansım o idi ki, digər həmkarlarımın üzünə
küçə fahişələri qoyurdularsa, mənim üzümə parlament deputatı qoymuşdular. Təbii, əgər buna təsəlli
demək mümkündürsə...
G.Əhmədova münasibətimiz olan onlarla, yüzlərlə Oxucumuzdan biri olub. Son illər münasibətimiz
yüksələn templə inkişaf edib. Tez-tez redaksiyaya gəlib, mətbu məsələlərdə fikir mübadiləsi aparıb,
debatlarımıza, dəyirmi masalarımıza dəvət etmişik, iştirak edib. Amma haqqında çoxlu tənqidi
məlumatlar da dərc etmişik. Bu məlumatlar 2008-ci ildən və ondan əvvəldən də olub. Bu da çox təbiidir.
Yadımdadır ki, ilk qarşıdurmamız Respublika Uşaq Fondu ilə bağlı olmuşdu. Əməkdaşlarımız
G.Əhmədovadan müsahibə almaq istəmiş, Respublikada Uşaqların vəziyyətinin nə yerdə olduğu haqda
araşdırmalar aparmış, Gülər xanım bundan qəzəblənmişdi. Təxminən 2003-2004-cü illər idi...
2008-ci ildə isə G.Əhmədovanın qəzeti olan "Mərkəz" 14 fevral Valentin günündə canfəşanlıq etdiyinə
görə, onu sərt tənqid etmişik və parlamentin üzvündə Valentin sevgisinin səbəbini araşdırmağa
başlamışıq. Ancaq son illərdə G.Əhmədova ilə ciddi toqquşmalarımız olmamış, hətta G.Əhmədova 30
İyun tədbirlərində iştirak etmiş, özünü millətimizin əziz bayramının tərəfdarı kimi göstərmişdi. Bir dəfə
- 2010-cu ilin sonunda Türkiyədə səfərdə olmuş və elə o səfərdə də barışmışdıq. Gülər xanım yalançı və
gopçu olduğuna görə münasibətlərimiz həmişə ziqzaqlı olub. Mən mənə bircə dəfə ciddi yalan danışan
adamla münasibətləri kəsirəm. Düzdür, o, hələ mənə ciddi yalan danışmamışdı, amma hiss edirdim ki,
yalan onun həyat kredosudur. Münasibətlərimiz həmişə məsafəli olub. Xüsusən, Ramiz Mehdiyevin
cəriməsi icraya yönələndə bir neçə dəfə əlaqə saxlayıb, münasibətləri yoluna qoymaq üçün öz
təkliflərini verib. Bəzilərindən istifadə etmişəm, bəzilərindən isə yox. Amma 2011-ci ilin əvvəllərindən
G.Əhmədovanın rəhbərlik etdiyi "Mərkəz" qəzetində bəzi problemlər meydana çıxmağa başladı. Onun
baş redaktorunu tanıyırdım və hətta Nigar Almanqızını baş redaktor təyin edəndə məndən fikrimi də
soruşmuşdu və mən müsbət istiqamətdə fikir bildirmişdim. Problem elə də böyük deyildi. Sadəcə, Gülər
xanım hər dəfə olduğu kimi indi də kollektivin maaş-qonorarlarını vermirdi. Hansısa səbəblərdən baş
redaktorla da problem yaratmışdı və aralarında münaqişə baş vermişdi. Hər iki tərəf məni tanıdığına
görə mənə şikayətlənirdi. Bir-biri haqqında olmazın şeylər danışırdılar və mən tanıdığım insanların
arasında bu miqyasda münaqişə olmasını istəmirdim. 2011-ci ilin yayında - iyulun əvvəllərində
Antalyaya istirahətə getdim - bir həftəlik. Həm Nigar, həm də Gülər razılaşdılar ki, mən gələndə oturub
problemlərini həll edirlər. Mən gələndə Nigarı Bakıda tapmadım, Gülər isə telefonlarıma cavab vermədi.
Onun telefonuna Əhməd Şahidov cavab verirdi və bütün israrlarımıza baxmayaraq, Gülər xanım xəttə
çıxmırdı.
Bu arada "Mərkəz"in kollektivinin aparıcı simaları mənimlə görüşdülər və dəstək istədilər. Onların
səsini Gülərin israrlı çalışmaları batırırdı. Mən həmkarlarıma dəstək sözü verdim və Gülərin onların
maaş və qonorarlarını ödəməsi üçün əlimdən gələni edəcəyimə söz verdim. Bu arada Nigar
Almanqızından xəbər çıxdı...
O artıq Türkiyədə imiş və Gülərin təqiblərindən qaçıbmış. Gülər onu və qardaşını işdən çıxarandan
sonra Sumqayıtda yaşayan ata-anasının evinin həndəvərinə silahlı qoçular yerləşdiribmiş və onları
hədələyirmiş. Nigarın atasının ürəyi xəstə idi və neçə dəfə əməliyyat olunmuşdu. Və təbii ki, Nigar
danışmaq, olanlar haqqında ictimaiyyəti məlumatlandırmaq, deputatın mafiya qaydaları ilə adamları
hədələdiyini söyləmək istəyirdi. Və Nigar bu məsələlərdən bəhs edən bir müsahibə göndərdi və
müsahibə çox gec gəldiyi üçün səhifəyə qoya bilmədim və anonsunu verdim. Anonsda G.Əhmədovadan
yox, N.Almanqızından bəhs olunurdu. Yalnız bu anonsun dərcindən və digər xəbərlərdən sonra Gülər
mənə zəng elədi və ofisinə çay içməyə dəvət etdi. Onun israrlı təkliflərinə baxmayaraq, Gülərin ofisinə
getmədim və redaksiyaya dəvət etdim. Gülər elə həmin gün - yanlış xatırlamıramsa, bazar ertəsi, 8
avqust 2011-ci ildə redaksiyaya gəldi. Əməkdaşlar məni gözləyirdilər və deputatı tək qəbul etməli
oldum. Mənimlə tək görüşmək istədiyini xahiş etmişdi. Hər halda dövlət adamı, 15 ilin deputatı, YAP
Siyasi Şurasının üzvü idi Gülər Əhmədova və mən bilsəydim ki, o R.Mehdiyevin planının tərkib hissəsi
kimi gəlir yanıma, onu qəbul etməzdim. Münasibətlərimiz yazılara görə nisbətən sərinləsə də, onu tək
29
qəbul etdim. Mən o zamanlar heç kimlə tək görüşmürdüm və tanımadığım adamlar gələndə redaksiya
heyətini yanıma dəvət edirdim. Gülər Əhmədova oturan kimi təkliflərə başladı və ondan yazı
yazmamağın müqabilində mənə rüşvət təklif etdi. Əsla və israrla qəbul etmədim. Ondan yazılacaq yazı-
xəbərlərdə onun da rəyinin alınacağını bildirdim. Amma Gülər israrla "Xural"ın aylıq-illik xərclərini
soruşurdu. Bir ara elə düşündüm ki, Gülər əməliyyatdadır və indicə masanın üzərinə pul qoyacaq,
əməliyyat qrupu otağa daxil olacaq. G.Əhmədova çox həyəcanlı idi və hiss etdi ki, ondan şübhələndim.
Tez də durub çıxdı. Tələsik redaksiyanı bağlayıb məni çayçıda gözləyən həmkarlarımın yanına tələsdim.
Onlara ilk sözüm bu oldu:
"DEYƏSƏN, GÜLƏR SƏSIMI YAZMAĞA GƏLMIŞDI..."
Zatən həmkarlarım Gülərin verilən anonsla
bağlı yanıma gəldiyini bilirdilər. Beləcə,
Güləri birtəhər başımdan edib redaksiyadan
çıxarandan təxminən beş dəqiqə sonra ən azı
beş nəfərə onun səsimi yazmasından və məni
şantaj etməyə gəldiyindən bəhs etdim. Bir, ya
iki gün keçmədi ki, mənə informasiya daxil
oldu ki, mənim ətrafımda ciddi oyunlar
hazırlanır. Mənə konkret məlum oldu ki, bu
oyunların bir parçası da Gülərdi. Mən zatən
bunu təxmin eləmişdim.
Bir həftə keçdi. Bu həftə müddətində
G.Əhmədova ölkənin müxtəlif ranqlı tanınmış adamları vasitəsi ilə mənə telefon etdirir, haqqındakı
yazı-xəbər, müsahibənin dərcinin dayandırılmasını xahiş edirdi. Heç kimin telefonunu götürmədim və
Gülərlə görüşməməyə qərar verdim. Gülərin telefon zəngləri növbəti cümə günü yenidən başladı və mən
təkcə cavab verməməklə kifayətlənmədim, eyni zamanda əməkdaşlarıma və mənə yaxın olan adamlara
da Gülərdən və onun zənglərindən uzaq olmağı tapşırdım. Hamıya açıq-açıq xəbərdarlıq etdim:
"Gülərdən ehtiyatlı olun. Biz hakimiyyətin qurduğu əməliyyatın içindəyik. Hər an baş verə biləcək
hadisələrdən məni xəbərdar edin." Bu qadın tam çılpaqlığı ilə başını itirmişdi. Dalbadal mənə mesajlar
yazır, redaksiyaya gəlmək istədiyini bildirir, mənə qızıl dəstini verə biləcəyini söyləyir, avtomobilinin
sənədlərini girov qoyacağını, özünün danışıb özünün müəyyənləşdirdiyi hansısa məbləğ pulu mənə
vermək üçün vaxt istəyirdi. Yeganə qərar o idi ki, bu qadına heç bir cavab verməyim və vermədim də.
Elə bu məqamda mənə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu zəng elədi. Təbii ki, onun
telefonunu götürdüm. Rauf bəy Gülərin ondan xahiş elədiyini və onu qəbul etməyimi rica etdi. İlkin
olaraq telefonunu götürməyimi xahiş etdi. Həmkarımın sözünü yerə salmadım və Gülərlə danışdım.
Telefonu açan kimi eyni sözləri təkrar etdi və yenə Güləri birtəhər yola verəsi oldum. "Xural"ın
gündəlik nəşrə hazırlaşdığı məqamda informasiya aldım ki, Əli Həsənov Ramiz Mehdiyevin xeyir-duası
ilə Gülərdən və onun yazdırdığı səsimdən istifadə planları qurub. Zatən KİVDF və MŞ artıq "Xural"a
hücuma keçmişdi. Vüqar Səfərli 5.000 manatı icraya yönəltmiş, MŞ "Xural"ı "qara siyahı"ya salmışdı.
Mən hər zaman Əli Həsənovun planlarını alt-üst etmişəm. İndi də etdim və sentyabrın 18-də Gülərin
məni şantaj etdiyini cəmiyyətə açıqladım.
Gülər Əhmədova şantaj edir!
Həbsimdən düz 42 gün əvvəl Gülərin yanıma gəldiyini, məni pul verməklə şantaj etdiyini, hakimiyyətin
məni Gülər vasitəsilə həbs eləmək planlarının olduğunu açıqladım. Həm "Xural", həm də "Azadlıq"
qəzetlərində bu məsələ ilə bağlı açıqlamam, müsahibəm yayımlandı və çox keçmədən Əli Həsənovun
himayəsində olan "Olaylar" qəzeti və eyniadlı agentliyi Gülərin mənə cavablarını dərc etdi. Gülər
mənim yanıma gəlməyini sərt bir dillə inkar etdi. Hətta G.Əhmədova mənim psixoloqa ehtiyacım
olduğunu bildirdi (Mən çox sonra Gülərlə Elşad Abdullayevin videoçarx məsələsindən öyrəndim ki, o,
həm də BDU-da psixologiyadan dərs deyirmiş.) Prokurorluq və hüquq mühafizə orqanları KİV-də
yazılan bu yazılardan sonra dərhal hərəkətə keçməli ikən, bunu etmədilər və R.Mehdiyevin şəbəkəsi