Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə12/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   86
kitab20120427032409824

Arxeoloji  abidələr. 
Arxeoloji  abidələri  istənilən ərazidə aşkar  etmək 
olmaz.  Bu  yalnız  yaşamla  bağlı  olan  qədim  yaşayış  məskənlərində  və 
insanların  dəfn  olunduğu  yerlərdə  mümkündür.  Belə  yerlər  ümumilikdə 
arxeoloji  abidə  adlanır.  Öz  xüsusiyyətlərinə  görə  abidələr  müxtəlifdir.  Ən 
geniş  yayılmış  arxeoloji  abidələr  qədim  yaşayış  məskənləridir.  Aid  olduğu 
dövrdən  və  xarakterindən  asılı  olaraq  arxeoloji  abidələri  aşağıdakı  qruplara 
bölmək  olar:  müvəqqəti  məskənlər  -  daş  dövrü  (paleolit,  neolit)  üçün 
mağaralar, düşərgələr,  dayanacaqlar,  daha  sonrakı  tunc,  dəmir  dövrlərinə  və 
ilk  orta  əsrlərə  xas  olan  təbii istehkamlar,  arxlar  və  ya  torpaq  sədlərlə əhatə 
olunmuş  yüksəkliklərdə  salınan  yaşayış  məskənləri  -  kəndlər,  süni 
istehkamlarla  möhkəmləndirilmiş  məskənlər  şəhərlər  aiddir.  Yaşayış 
məskənləri  yerləşmiş  ərazilərdə  torpaq  qatı  altında  əsasən  evlərin,  daş,  tunc 
və dəmir əmək alətlərinin qalıqları aşkar olunur. 
Arxeoloji  abidələrin  digər  böyük  qrupunu  -  qəbirlər  təşkil  edir. 
Qafqazın  bəzi  bölgələrində  və  ümumiyyətlə,  dünyada  müxtəlif  dövrlərə  aid 
edilən,  öz  quruluşu  ilə  bir-birindən  fərqlənən  bir  çox  qəbir  abidələri  aşkar 


20 
 
edilib  tədqiq  olunmuşdur.  Bunlar  torpaq,  yaxud  daş  kurqanlar,  daş  qutular, 
katakombalar, kromlex və torpaq üzərində heç bir izi olmayan ən sadə torpaq 
qəbirlər,  dolmenlər,  daşdan  yonulmuş  sərdabələr,  gil  küplərdir.  Ən  geniş 
yayılmış abidələrə toplu qəbirlər və kurqanlar aid edilir. Kurqan - bir və ya 
bir  neçə  qəbirin  daş  və  torpaq  və  yaxud  onların  qarışığının  örtülməsi 
nəticəsində  əmələ  gələn  təpəyə  deyilir.  Kurqanlar  əsasən  toplu  şəkildə 
müşahidə  olunur,  onlara nadir hallarda  tək-tək rast gəlinir. Arxeoloqlar tez-
tez  heç  bir  yerüstü  qurğuya  malik  olmayan  qəbirlərlə  işləməli  olurlar. 
Araşdırmalar göstərir ki, qədim dövr dəfn mərasimlərində dövrün inanclarına 
uyğun olaraq qəbirlərə mərhumla birlikdə müxtəlif əşyalar qoyulurdu: əmək 
alətləri, silahlar, bəzək əşyaları, dulusçuluq məmulatları və s. 
Arxeoloji  abidələrdən  sayılan  qədim  yataqlar  və  dağ-mədən  işləri 
aparılan  yerlərdə  xüsusi  maraq  doğurur.  Bu  tip  abidələr  dövrün  istehsalat 
mənzərəsini özundə canlandırır və bizdə əcdadlarımızın əmək prosesi barədə 
müəyyən  təsəvvür  yaradır.  Onu  da  qeyd  edək  ki,  qədim  yataqlar  adətən 
dağlıq ərazilərdə yerləşir. 
Arxeoloqlar qədim insanın izləri olan mağaraları, məbədləri, cızma və 
döymə  üsulu  ilə  həkk  olunmuş  qayaüstü  rəsmlərin  -  petroqliflərin  tədqiqi 
zamanı  qiymətli  materiallar  əldə  edirlər.  Bu  nadir  abidələr  tarixin  müxtəlif 
mərhələlərində yaradılmışdır. 
Bəzi yerlərdə ilk hidrotexniki qurğuların və yolların qalıqlarına da rast 
gəlinir. Bunlar da öz növbəsində arxeoloji abidə hesab olunur. 
Arxeoloji  abidələrin  qazıntıları  zamanı  tədqiqatçılar  yalnız  maddi 
mənbələri  aşkar  edilməsi  ilə  məşğul  olmurlar.  Məs.,  yaşayış  məskənləri 
öyrənilərkən  məskənin  yerləşdiyi  ərazi,  evlərin  quruluşu,  onların  yerləşmə 
prinsipi  və  sayı,  qəbirlərin  tədqiqi  zamanı  isə  qəbir  abidələrinin  quruluşu, 
yazıların  və  qaya  təsvirlərinin  araşdırılması  zamanı  təsvirin  qayaya  həkk 
olunma  üsulu,  süjeti,  rəsmin  bədii  tərtibatı  diqqətlə  araşdırılır  və  elmi 
nəticələr çıxarılır. 
Arxeoloji  materiallar  hətta  abidə  sərhədləri  çərçivəsində  də  yerli-
yerində  olmurlar,  onların  öyrənilməsi  əsasən  dağılıb  uçulması  ilə  əlaqədar 
olur.  İnsan  kollektivinin  ərazidə  uzunmüddətli  məskən  salması  nəticəsində 
xüsusi  mədəni  təbəqə  yaranır  və  bu  təbəqələrdə  əşyalar  torpaq  qatı  ilə 
örtülmüş şəkildə olur. Əgər biz torpağın qalınlığını şaquli istiqamətdə kəssək, 
onun ayrı-ayrı qatları ən aşağı materik əsasından ən yuxarı yer qabığına qədər 
görünəcək.  Bu  qatlar  arasında  insan  fəaliyyətinin  qalıqları,  tikinti  və 
təsərrüfat  tullantıları,  orqanik  məhsulların  çürüntüləri,  evlərin  və  təsərrüfat 
quyularının qalıqları olan zəngin təbəqələr yerləşir. 
Hər  bir  yaşayış  məskənlərində  təbəqələrin  rəngi,  yerləşmə  dərinliyi, 
qalınlığı,  müxtəlif  olduğu  kimi,  oradakı  insan  fəaliyyətinin  qalıqları  da 
müxtəlif  olur.  Mədəni  təbəqənin  bu  kimi  xüsusiyyətləri  önəmlidir.  Belə  ki, 


21 
 
bir yaşayış məskənində müxtəlif dövrlərə aid bir neçə mədəni təbəqə yerləşə 
bilər.  Mədəni  təbəqənin  qalınlığı  dövrdən,  buradakı  insan  fəaliyyətinin 
intensivliyindən və təbii amillərdən - torpağın eroziyası, küləyin istiqaməti və 
s.-dən asılıdır.  Arxeoloqlar  yaşayış  məskənində araşdırma  apararkən mədəni 
təbəqənin  tərkibi,  təbəqələrin  yerləşmə  ardıcıllığı,  qurğular  və  onlar 
arasındakı  əlaqəni  öyrənirlər.  Təbəqələrin  bu  cür  araşdırılması  stratiqrafiya 
(təbəqələrin təsviri) adlanır. Stratiqrafiya xronoloji nəticələrin çıxarılmasında 
böyük rol oynayır. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə