22
bəndlərin beş, altıncı bəndin altı misra olması, yeddi və səkkizinci bəndlərin sonuncu
misralarının əvvəlki misralarla mahiyyət və mənaca uyğun olmaması və s.). 14 hecalı
şeirin əzbərlənməsinin 6-cı sinif şagirdi üçün çətin olması da nəzərə alınmalı idi.
54. “Azərbaycan Respublikasının Ümumi təhsil pilləsinin dövlət standartları və
təhsil proqramları (kurikulumları)”nın ümumi orta təhsil səviyyəsinə aid
tələblərindən biri belədir: Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət
nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional
münasibət formalaşdırmaq, təhlil, dəyərləndirmə, fikirlərini şifahi və yazılı
çatdırmaq bacarığını inkişaf etdirmək (MMV, səh.4).
Bu baxımdan A. Dümanın “Qafqaz səfəri: Bakı” əsəri ilə bağlı dərslikdə on bir
səhifəyə yer vermək, tədrisinə isə üç saat vaxt ayrılması məqsədəuyğun sayıla bilməz.
Onun dərslikdə bədii əsər kimi təqdim edilməsi doğru deyildir.
55. Səhifə 68-78. Xəlil Rza Ulutürkün “Gerbimiz – qəlbimiz” əsəri ideya-bədii
cəhətdən mükəmməl sənət nümunəsi olsa da, 16 hecalı şeir olduğundan, 6-cı sinif
şagirdi onu qavramaqda və əzbərləməkdə çətinlik çəkir. Bu mövzunun tədrisi ilə
bağlı dərsliyin 11 səhifəsində lüzumsuz tapşırıq və göstərişlər verilmiş, tədrisinə isə
bir saat vaxt ayrılmışdır.
56. Səhifə 79. “Sən elm və texnologiya erasının sakinlərindənsən”. “Sakin”
sözü məkanla (kəndin sakini, şəhərin sakini) bağlıdır. “Era” isə zaman ölçüsüdür
(bizim era, islam erası, xristian erası). İlin, ayın, əsrin sakini olmadığı kimi, eranın da
sakini olmur.
57. Səhifə 80. “Nəqletmə xarakterli bədii nümunələrdə aşağıda təqdim
edilən quruluş (giriş, əsas hissə, nəticə) olmalıdır” fikri yanlışdır. Bədii əsərlərin
dərslikdə bu şəkildə hissələrə bölünməsi qeyri-elmi yanaşmadır.
58. Səhifə 96. Bədii əsərlərin “təsviri xarakterli” və “nəqletmə xarakterli”
mətnlər adı ilə bölgüsü yanlış nəticələrə gətirib çıxarmışdır: “Təsviri xarakterli
mətnlərdə obrazın fərdi, özünəməxsus cəhətləri təsvir edilir. Nəqletmə
xarakterli bədii nümunələrdə obraz haqqında danışarkən onun ümumi
cəhətləri haqqında məlumat verilir” fikri doğru deyildir.
59. Səhifə 156. Cabir Novruzun “Mən bizim anaları günəşə tay tuturam”
şeiri üzrə suallar qeyri-dəqiqdir:
- Əsərdə ana haqqında danışılır, yoxsa onun necə olduğu oxucunun gözləri qarşısında
canlandırılır?
- Şeirdə müəllif hislərin (eşitmə, görmə, qoxu, dad, toxunma) təsvirinə yer veribmi?
23
Hər iki sual uğursuzdur. Belə çıxır ki, ana haqqında danışmaqla, onu təsvir etmək
fərqli məsələlərdir. Məgər ananı təsvir etmək onun haqqında danışmaq deyil? İkinci
sual da etik baxımdan düzgün deyil. Şagirdin əsərdə ananın qoxusu, dadı haqqında
suala cavab axtarmasının metodik, etik baxımdan nəyə xidmət etdiyi aydın deyil.
C.Novruzun analara həsr olunmuş şeirinin təsviri əsər kimi təqdim edilməsi
səhvdir. Bu, lirik şeirdir, əsas yeri anaların tərənnümü tutur. Əsərə yanlış yanaşma öz
əksini dərslikdəki bütün sual və tapşırıqlarda tapmışdır. Lirik əsərlərdə tərənnümün
əsas yer tutduğu dərslikdə unudulmuşdur.
60.
Səhifə 157. Təsviri və nəqli mətnlərin qarşılaşdırılması elmi-metodik
baxımdan səhvdir. Cədvəldəki cümlələr bir-birini inkar edir, dil-üslub baxımından
qüsurludur, şagirdi çaşdırır. Dərslikdə göstərilir ki, təsviri mətnlərdə məkan, əşya,
hadisə haqqında danışılmır, onun necə olduğu göstərilir. Bu fikir doğrudursa,
M.Seyidzadənin “Əqrəb və çanaqlı bağa”, İ.Krılovun “Ağac” təmsillərinin
dərslikdə nə üçün təsviri mətn kimi təqdim olunması sual doğurur. Hər iki əsərdə
hadisə nağıl edilir, obrazların dialoqu verilir.
61.
Səhifə 159. Dərslikdə
“Koroğlu” dastanı səhvən təsviri-nəqli nümunə kimi
təqdim olunur. 169-cu səhifədəki cədvəl 28-də yazılır: “Təsviri-nəqli xarakterli
mətnlərdə beş elementin olması təmin edilir (hadisənin baş verdiyi zaman və
məkan; obrazlar; əsərin mövzusu; ziddiyyət (problem); süjet)”. Əgər bu
doğrudursa, onda bütün bu elementlərin olduğu “Zeynalabdin” hekayəsi (eləcə də,
nəqletmə xarkterli mətn adı ilə təqdim olunan digər əsərlər) dərslikdə nə üçün
nəqletmə xarakterli əsər kimi təqdim olunur?
62. Səhifə 168. Tapşırıq 3-də şagirdə “Koroğlu” dastanını cədvəl 28 üzrə
təsviri-nəqletmə xarakterli əsər kimi araşdırmaq təklif olunur. Həmin tapşırığın
icrasından sonra şagirdə bu əsərin təsviri, ya nəqletmə xarakterli olduğunu müəyyən
etmək tapşırılır.
63.
Səhifə 173. “Basatın Təpəgözü öldürdüyü boy”un tədrisi zamanı
şagirddən həddindən çox – 17 mücərrəd, tərcümə xarakterli cədvəl üzrə iş aparmaq
tələb olunur. Təlim prosesində bu işi görmək qeyri-mümkündür. İlk dərsdə şagird
əsərin oxusu ilə bağlı səhifə 14-dəki cədvəl 1-lə tanış olmalı, 5 bəndlik təlimatı
həyata keçirməlidir. Sonra 8 səhifəlik əsəri oxumalı, ayrı-ayrı hissələrdən sonra
proqnozlar verməlidir. Reallıqda bütün bunları həyata keçirmək mümkün deyildir.
64. Birinci yarımildə layihələr üzrə iş nəzərdə tutulmamışdır. Sinifdənxaric oxu
dərslərinə 2 saat ayrılsa da, MMV-də verilən tövsiyələrdə həmin dərslərin