Təbii şəraitdə kristallar heç də həmişə əlverişli şəraitdə inkişaf etmirlər və şəkillərdə göründüyü kimi ideal formaya malik olmurlar. Çox vaxt kristallar tam inkişaf etmiş formalara malik olmurlar. Onların tamamlayıcı elementləri yəni üzləri, tilləri, və bucaqları tam inkişaf etmiş olmur. Bir çox hallarda eyni mineralın üzlərinin forma və ölçüləri xeyli dəyişmiş olur. Bəzi hallarda dağ suxurlarında və torpaqda kristallar bütöv halda deyil, sınmış hissəcik şəklində olur. Lakin eyni mineralın müxtəlif kristallarının müvafiq üzləri arasındakı bucaqların ölçülməsi ilə onların eyni olması müəyyənləşdirilmişdir. Beləliklə, eyni mineralın müxtəlif formalı kristallarının müvafiq üzləri (və tilləri) arasındakı bucaqlar həmişə sabit qalır. Bu kristalloqrafiyanin əsas qanunlarından biri olub bucaqların sabitliyi qanunu adlanır. Kristallarda mövcud olan bu qanunauyğunluq onunla izah edilir ki, eyni maddəyə məxsus olan bütün kristallar eyni struktur quruluşa malik olurlar, yəni, daxili quruluşları eyni olur. Bu qanun ölçülən kristalların eyni fiziki kimyəvi xassələrə malik olduğu hal üçün, yəni, eyni temperatur, təzyiq və digər parametrlərin eyni qiymətlərində ədalətli olur. Kristal maddələrin polimorf çevrilmələri zamanı kristallarda üzlər arasındakı bucaqların kəskin dəyişməsi baş verir. Minerallar haqqında düzgün məlumatlar əldə etmək üçün kristalın üzləri arasındakı bucaqların ölçülməsi mühüm əhəmiyyət kəsb edir. Bucaqların sabitliyi qanunu kristal halında rast gəlinən maddələrin dəqiq xarakteristikasını verməyə imkan yaradır. Həmçinin çoxüzlülərin üzləri arasındakı bucaqlara görə kristallik maddələri bir-birindən fərqləndirmək (ayırmaq) və kristallik maddələrin quruluşu barədə ilkin nəzəriyyəni yaratmaq mümkündür. Laboratoriya şəraitində kristalların üzləri arasındakı bucaqları ölçmək üçün tətbiqi qonimometr, optiki qonimometr və ya teodolit qonimometrdən istifaidə olunur.
Dostları ilə paylaş: |