“Dövlət və Din”.-2010.-№4.-S.85-92.
XRİSTİANLIQ VƏ ONUN AZƏRBAYCANDA YAYILMASI
LALƏ MÖVSÜMOVA,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, fəlsəfə elmləri doktoru
Xristianlıq I əsrdə Roma imperiyasının şərq hissəsində meydana gəlmişdir. Bu din Roma imperiyasının
süqutuna gətirib çıxarmış quldarlıq quruluşunun kəskin sosial-iqtisadi, siyasi və mənəvi böhran keçirtdiyi dövrdə
yaranmışdı. Sosial-iqtisadi sahədəki dərin böhrana ruhani mühitindəki gərginlik də qoşulmuşdu. Odur ki, xristianlıq
tarixi şəraitdən doğan bir hadisə kimi meydana gəldi.
Xristianlığa etiqad edənlər sosial həyat şəraitinin dəyişdirilməsini, bərabərlik və ədalətin bərqərar olmasını
arzulayırdılar. Yaranmış vəziyyətdə özünü gücsüz hiss edən yoxsullar ümidlə səmaya üz tutur və bir "qurtarıcını"
gözləyirdilər. Belə bir qurtarıcı obrazı İsa adlı bir yəhudidə təzahür etdi.
İsa peyğəmbərin (ə) b.e.ə 4-cü ildən b.e. 30-cu ilinədək ömür sürdüyü güman edilir. Xristian rəvayətlərinə
görə, o, mal-qara axurunda doğulmuş, 33 yaşında ikən xaç üzərində çarmıxa çəkilərək ölmüşdür.
Həzrət İsa (ə) bir sətir də olsun yazı yazmamışdır. Ancaq ölümündən uzun müddət sonra ardıcılları vaxtilə
onun həyatında baş vermiş hadisələri toplamış və gələcək nəsillərə ibrət olmaq üçün yazıya almışlar. Bu yazılar
"İncil"lər - "Müjdə"lər adlanır. Onlardan ən qədimləri təxminən 50-ci illərə aiddir. 397-ci ilədək Əhdi-Cədidin
("Yeni Əhd"in - vəsiyyətin) məzmunu tam müəyyənləşmişdi. Ora dörd İncil (Müjdə) - Mattanın, Markın, Lukanın
və Yəhyanın müjdələri, onlardan başqa "Həvarilərin işləri", Pavelin və digər həvarilərin məktubları
(müraciətnamələri) və "Allahın müqəddəs həvari Yəhyaya (İohana) verdiyi vəhy" (İohanın yuxuları) daxil
edilmişdir (1).
İsa peyğəmbərin (ə) həyatı haqqın-da məlumat verən tək mənbə Əhdi-Cədiddir. Burada Həzrət İsanın (ə)
anadan olmasından əvvəl baş vermiş hadisələr, bakirə halında hamilə qalmış anası Məryəm və özünün ölümün-dən
sonrakı hadisələr yetərincə geniş təsvir edilir.
Xristian dininin əsasında İsa Məsihin (ə) günahyuma (kəffarə) missiyasına, yəni bəşəriyyətin günahını
yuyan bu şəxsin əzabkeş ölümünə inam durur. Bu dinə görə, gələcəkdə Həzrət İsanın (ə) ikinci gəlişi gözlənilir. O
zaman insanlar sorğu-suala çəkiləcək, hər kəs öz əməllərinə görə Uca Yaradandan cəza, yaxud mükafat alacaq və
sonda ilahi səltənət bərqərar olacaq. Bu doqmatik müddəalarda (ehkamlarda) xristianlığın mahiyyəti ifadə
olunmuşdur.
Yeni dini sistem bəzən ziddiyyətli, hətta bir-birinə məntiqi cəhətdən uyğun gəlməyən ideyalar
kompleksin-dən ibarət idi. Bu daha çox onunla izah olunurdu ki, xristianlıq xalqların bir-birilə təmaslarının
gedişində inkişaf edir və özünəməxsus sosial-iqtisadi, mədəni və etnik şəraitdə işlənib hazırlanan müxtəlif "dünya
modelləri"ni birləşdirirdi.
Deməli, xristianlıq orijinal təlim kimi yaranmamışdır. O, özündən qabaqkı dinlərin təsirindən azad deyildi.
Xristian dini təliminin və kultunun elmi təhlili onda Şərq dini sistemlərindən dini-fəlsəfi planda çoxlu alınma
cəhətlərin olduğunu göstərir (2).
Xristianlığı başqa dinlərdən ayıran cəhət insanların günahlarını yumaq üçün özünü könüllü olaraq qurban
verən vasitəçi (şəfaətçi) ideyası idi. Xristianlıq bu ideya ilə etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara
müraciət edir.
Xristian əxlaqının əsas xüsusiyyətinə misal kimi rifah (nemət) naminə əzabkeşlik, bütün günahların
bağışlanması (ümumi əfv), düşmənləri sevmək, düşmənə və hər hansı şərə (pisliyə) müqavimət göstərməmək
(düşməncəsinə və pisliklə cavab verməmək) və s. haqqındakı xristian təlimini göstərmək olar. Lukanın Müjdəsində
(6:27-28) İsaya (ə) məxsus sətirlərdə o, deyir: "Amma, ey Məni dinləyənlər, sizə deyirəm: düşmənlərinizi sevin,
sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin".
Qeyd etmək lazımdır ki, İsa Məsih (ə) bu təlimi yalnız öyrətmir, öz həyatına da onları tətbiq edirdi, yəni
təbliğ etdiklərinə uyğun həyat sürürdü. İsanın ona əziyyət verənlər üçün Allaha etdiyi son yalvarış duası diqqəti
cəlb edir: "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər" (Lukanın Müjdəsi 23:34).
Bütün günahların bağışlanması prinsipi Mattanın Müjdəsində də (5:38-48) qeyd olunmuşdur: "Gözə göz,
dişə diş - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: pisliyə müqavimət göstərmə, əksinə, kim sənin sağ yanağına
vurarsa, ona sol yanağını da çevir. Və əgər biri məhkəməyə gedib, sənin köynəyini almaq istərsə, ona üst paltarını
da ver... "Qonşunu sev və düşməninə nifrət et" - deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: düşmənlərinizi sevin,
sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib təqib edənlər üçün dua
edin ki, siz Atanızın oğulları olasınız. Çünki O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun...
Beləliklə, Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun".
Xristian əxlaqı, habelə çoxlu ümumbəşəri əxlaq prinsiplərini, ən sadə mənəviyyat normalarını əhatə edir ki,
onları gözləmədən hər hansı birgə yaşayışın mövcudluğu mümkün deyil. Öz qonşusuna qarşı qəddarlıq, xəyanət,
satqınlıq, əxlaqsızlıq, valideynlərə (ata-anaya) və böyüklərə qarşı saymazlıq kimi hallar da xristianlıqda kəskin
tənqid olunur. Bəzi sadə mənəviyyat normaları "ilahi nəsihətlər (ehkamlar)" şəklində Bibliyaya daxil olmuşdur.
Bibliya dini, tarixi və ədəbi abidələrin toplusundan ibarətdir. Bunlardan dinə aid olanlar içində apokriflər
(kilsənin müqəddəs kitablar sırasına daxil etməyib, qadağan etdiyi üçün gizli saxlanan və yayılan ədəbiyyat) də
vardır. Tarixə aid olanlar - İsus Navinin və Hakimlərin kitabları, Səltənətlərin və Paralipomenonun kitabları, qismən
İsaiya və İeremiya peyğəmbərin, bəzi kiçik peyğəmbərlərin kitabları, I Yezdranın, Neemiyanın, Makkoveyin üç
kitabıdır, tarix üçün Zəbur surələri də müəyyən məlumatlar verir; ədəbiyyata aid olanlar - böyük sayda qədim
nağıllar və miflər - Varlıq kitabının ilk 11 fəsli və yəhudi xalqının əcdadları (ulu babaları) - qəbilə başçıları Avraam
(İbrahim), İshaq, Yəqub və onun 12 oğlu haqqında fəsillər, Qanunverici Musa haqqında mif, yəhudilərin Misirdə
olmaları və b., habelə hakim İeffay və onun qızı haqqında, Tovit, İudif, Ruf, Esfir və Susanna haqqında, Əzabkeş
İov (Eyyub) haqqında əzabın mənasına dair poema (qəsidə), məhəbbət haqqında "Mahnılar Mahnısı" ("Qəzəllər
Qəzəli") poeması (qəsidəsi), təbiətə həsr olunmuş çoxlu mahnı və dastan. Bibliyada tibbə və sanitar-gigiyenaya dair
göstərişlər də var (Levitin kitabının 13-cü fəsli, Yəqubun müraciətnaməsi, 5:14-15) (3; s. 315-317).
Bibliya bir dəfəyə yazılmış kitab deyil, onu 15 əsr (b.e.ə. XIII - b.e. II əsri) ərzində müxtəlif müəlliflər
yazmışlar. Onun redaktə olunması isə b.e. IV əsrinədək davam etmişdir. Bibliya 39 kitabı əhatə edən Əhdi-Ətiqdən
(Köhnə əhddən) və I-II əsrlərdə yazılmış 27 özünəməxsus xristian kitabı toplusunu əhatə edən Əhdi-Cədiddən
(Yeni əhddən) ibarətdir.
Rəvayətlərə görə, Həzrət İsa (ə) vaxtının çoxunu öz şagirdlərinə ayıraraq onlara təlim keçirdi.
Həzrət İsanın (ə) nəsihətlərinin əsasını Allaha sevgi təşkil edir: "Allahın olan Rəbbi bütün ürəyinlə, bütün
canınla və bütün düşüncənlə sev" (Mattanın Müjdəsi, 22:37). İkinci nəsihətdə isə deyilir: "Qonşunu özün kimi sev"
(Mattanın Müjdəsi, 22:39).
Qeyd etmək lazımdır ki, Həzrət İsa (ə) nəsihətini qədim yəhudilərin "Çıxış" (Misirdən - M.L.) və "İkinci
Qanun" kitablarına daxil olan ilahi nəsihətlərdən (təqribən b.e.ə. IX-VII əsrlər) götürmüşdür. Ancaq Həzrət İsa (ə)
onları təfsir (4; s. 8, 24) edərkən dərindən və ətraflı şərh etməyə çalışmışdır. O, izah edirdi ki, təkcə əməllərin
(hərəkətlərin) deyil, hər şeydən əvvəl insan ürəklərinin (qəlblərinin), onların niyyətlərinin vəziyyəti mühümdür.
Burada istər-istəməz Məhəmməd peyğəmbərin (ə) məşhur hədisi yada düşür: "Əməllər niyyətlərə bağlıdır...". Xalq
dilində dolaşan bu müdrik kəlam da, sanki hər iki dinin irəli sürdüyü həmin etik prinsipin təsdiqindən ötrü
deyilmişdir: "Niyyətin hara - mənzilin ora".
Xristianlıqda qadına münasibət tarixi inkişafın müxtəlif mərhələlərində eyni deyildi. Məsələn, xristian
icmalarının yaranmasının ilkin mərhələlərində qadına münasibət daha sonralar olduğundan köklü surətdə
fərqlənmişdir.
Sözsüz, möhkəm ailənin əsasını qadın təşkil edir. Böyüməkdə olan nəslin mənəvi tərbiyəsi elə qadınla
bağlıdır. Xristianlıqda bütünlükdə ailəyə dini tərbiyə aləti kimi baxılır, onlara bacardıqca öz icmasından olanlarla
evlənməyi məsləhət görülürdü. Əgər, belə ittifaq (evlənmə) mümkün olmazdısa, onda xristian kişi və ya qadın səy
etməli idi ki, həyat yoldaşını öz dininə gətirsin.
Əhdi-Ətiqdə (5) və Əhdi-Cədiddə (6) imana münasibət bir qədər fərqlidir. Məsələn, Əhdi-Cədiddə
toplanmış mənbələrdəki ailə və nikah haqqında qanunlar ilk xristian icmalarının sosial tərkibinin rəngarəng
mənzərəsini və xristianlıq ideologiyasının mövcudluğunun birinci dövründəki mürəkkəb inkişafı əks etdirir.
Artıq yuxarıda qeyd olunduğu kimi, ilk xristian icmalarına qullar və azad əhalinin yoxsul təbəqələrinin
nümayəndələri də daxil idi. Bunlar həm qadınlar, həm də kişilər idilər. Həvari məktublarının (müraciətnamələrinin)
xəbər verdiyi kimi, ilk demokratik xristian icmalarında nisbətən azad adətlər mövcud idi. Burada qadın mühüm rol
oynayırdı.
Deyilənlərin təsdiqi üçün alman tarixçisi L.Fridlenderin "Roma adətləri tarixi" əsərindən bir fikri misal
gətirmək istərdik: "Xristian təlimi ilk növbədə qadınların ürəklərini alovlandırdı və onun təbliğatçıları, sözsüz, yeni
dinin yayılması üçün onların həssaslığının (onu qavramasının) necə böyük əhəmiyyəti olduğunu başa düşməyə
bilməzdilər. Məlum olduğu kimi, xristianlıq əvvəllər cəmiyyətin aşağı təbəqələri arasında tanınmışdı. Bütpərəstlər
daha iki əsr boyu istehza ilə deyirdilər ki, yeni icmalar, əsasən, xırda adamlardan, sənətkarlardan və qoca
qadınlardan təşkil olunmuşdur, xristianlar yalnız ən sadəlövh və alçaldılmış adamları, yalnız qulları və uşaqları
özlərinin dininə gətirə (inandıra) bilirlər" (7; s. 99).
Bütün bu deyilənlər islam dininin gəlişinə qədər xristianlaşmış Albaniya əhalisi, eləcə də onların qadınların
mənəviyyatının formalaşmasına a; təsir göstərməmişdi.
Xristian kilsəsi Azərbaycanda feodal istehsal üsulunun bərqərar olduğu dövrdə meydana gəlmişdi. Hələ
xristianlığın dövlət dini kimi tanınmasından əvvəl, eramızın ilk əsrlərində Azərbaycan ərazisinə Yerusəlimdən,
Suriyadan xristian missionerlər gələrək icmalarını yaratmışdılar.
Qaynaqlarda I əsrdə apostol Fomanın (ona "ilk şərqli [apostol]" adı verilmişdi) midiyalılar və farslar
arasında moizələr oxuduğu haqqında çoxlu məlumatlar vardır. Suriya mənbələri isə göstərir ki, Gilan sakinlərini
apostol Faddey xristianlaşdırmışdır. 224-cü il-də isə, artıq Deyləmdə yepiskopluq mövcud idi.
Xristianlığın Albaniyada yayılması haqqında maraqlı məlumatlara tarixçi Fəridə Məmmədovanın
tədqiqatlarında rast gəlirik. Onun fikrincə, Albaniyada xristianlığın yayılması apostol Varfolomey və Faddeyin
adları ilə bağlıdır. Bununla əlaqədar tədqiqatçı alim Moisey Kalankatuklunun verdiyi bu məlumatları misal gətirir:
"Ancaq elə ki, həqiqət günəşinin zühur (üzəçıxma) zamanı gəlib çatdı və bizim xilasımız, ağlabatmaz (ağılçatmaz)
varlıq, şöhrət işığı və Atanın varlığının zühuru [vaxtı] yetişdi və [O] təcəssümü bütünlüklə başa vurub, varlığın
şöhrət zirvəsində əyləşərək, [bir daha] oranı tərk etmədi. O, şagirdlərini moizələr oxumaq üçün dünyanın hər
tərəfinə göndərdi. Bizim tərəflərin Şərq camaatının qismətinə müqəddəs apostol Faddey düşdü..." (8; s. 213).
Alimin fikrincə, burada Şərq dedikdə Albaniya başa düşülür.
Ondan başqa, Moisey Kalankatuklunun "Ağvan tarixi"ndə dəfələrlə qeyd olunur ki, Faddeyin şagirdi
Yelisey Yerusəlimdən göstəriş alaraq Albaniyada, yəni Zaqafqaziyada ilk kilsənin əsasını qoydu. F.Məmmədova
çoxillik araşdırmalarının sayəsində bu nəticəyə gəlir ki, Albaniyada xristianlığın qəbul olunub yayılması iki
mərhələdə baş vermişdir. Birinci dövr sirofil (surofil, Suriya missionerliyi) dövrü, ikinci - qrekofil (yunanofil,
yunan missionerliyi) dövrüdür.
Birinci dövr (I-III əsrlər) xristianlıq ideyalarının əhali arasında sürətlə yayılması ilə səciyyələnir. Etnik
rəngarənglik, politeizmin (çoxtanrılığın) hökmranlığı bunun üçün əlverişli zəmin yaratmışdı. Ancaq Sasanilər
dövlətinin yüksəlişi, onun düşmənçilik siyasəti iki əsrin nəticələrini puça çıxartdı. Odur ki, xristianlıq ölkədə rəsmi
olaraq yalnız IV əsrdə (bu artıq ikinci dövrdür) tanındı.
Xristianlığın dövlət dininə çevrilməsi missioner Qriqorinin və 313-cü ildə xristianlığı dövlət dini elan etmiş
alban hökmdarı Urnayrın adı ilə bağlıdır. Urnayrın bu addımı atması və varislərinin bu işi davam etdirməsi daxili
istəkdən, inamdan və xristianlığa olan meyldən daha çox siyasi məqsədlərlə bağlı idi. Urnayrın rəhbərliyilə
hakimiyyətdə olan Arşakilər sülaləsi monoteist (təkallahlıq) dinin köməyilə tayfaları birləşdirib zərdüştiliyin hakim
olduğu Sasanilərə qarşı çıxmaq istəyirdi. Sasanilərin hakimiyyəti altında olan xristian xalqlara qarşı siyasəti isə
məlum olduğu kimi, birmənalı deyildi. IV əsrin əvvəlində xristianlığın Şərqi Roma imperiyasında qələbəsilə bağlı
bu siyasətdə bəzi dəyişikliklər baş verdi. Dəyişikliklər sasani hökmdarların rəsmi kilsəyə müxalif olan müxtəlif
xristian məzhəblərinin tərəfini saxlaması ilə nəticələndi. Bu da öz növbəsində ona gətirib çıxardı ki, V əsrin ikinci
yarısında sasani dövləti xristianlığın nəsturilik istiqamətinə yönəldi (484-cü ildə keçirilmiş Bet Lapat kilsə
yığıncağında).
Sara Qasımova öz tədqiqatında Şərqi Suriya kilsəsinin Azərbaycan ərazisində yerləşən yepiskopluqlarının
21 addan ibarət tam siyahısını verir(9; s. 104-105).
"Ağvan tarixi"nin müəllifi də Yerusəlimdə tikilmiş və başında albanların durduğu Panda, Partova,
Kalankatuka, Artsax, Amaras və s. bu kimi çoxsaylı məbədlərin adlarını çəkir.
Ərəblərin və monqolların hakimiyyəti dövründə Azərbaycanda xristianlıq da atəşpərəstlik kimi, geniş
yayılmış dinlərdən idi. Müstəqil alban katolikosluğunun erməni katolikosluğu ilə gərgin mübarizəsinə baxmayaraq,
o, XIX əsrədək mövcudluğunu qoruyub saxlaya bilmişdi.
Şimali Azərbaycanda xristianlığın İsa Məsihdə (ə) Allah və insan təbiətinin yox, bir Allah təbiətinin
olduğunu qəbul edən ortodoksal monofizitçilik (10; s. 199) təriqəti qəbul olunmuşdu. Onun əleyhinə yönəlmiş
bidətçi istiqamət (cərəyan) pavlikanlıq idi.
Bu təlim ərəblərin və yerli feodalların ikiqat zülmünə qarşı yönəlmişdi. O, Azərbaycanda artıq VII əsrdən
Girdman və Beyləqan vilayətlərində yayılmağa başlamışdı (11; s. 213-219). Bu təlimin əsasını iki başlanğıcın -
xeyrin və şərin mübarizəsi təşkil edir. Bu mübarizədə kamilləşmə yolu ilə yaxşı, yəni ruhani, səmavi səciyyəli
başlanğıcın qələbəsinə nail olmağı bacaran insana xüsusi yer verilir. Pavlikan təlimi başdan-başa xeyrin qələbəsi ilə
aşılanmışdı. Bu təlimdə İsa Məsihə (ə) mələklərdən birinin və xeyir tanrısının oğlunun rolu verilir. Ancaq onlar
peyğəmbərlərə və müqəddəslərə sitayişi, eləcə də rahibliyi qəbul etmirlər. Azərbaycan pavlikanları məhv edilmək
qorxusu altında iki düşərgəyə bölünmüşdülər. Onlardan bəziləri Bizansa qaçmağa məcbur olmuş, başqaları İslam
dinini qəbul etmişlər.
Azərbaycanda IV əsrin başlanğıcında dövlət dini elan olunub, hökmdarın, sarayın, feodal əyanların qəbul
etdiyi, əhali arasında zorla yayılan xristianlıq ümumxalq dininə çevrilərək geniş yayılmadı.
Əsasında təbiət qüvvələrinə ibadət olan qədim yerli inanclar, Zərdüştiliyin, Maniliyin ehkamları yaşamaqda
davam edirdi. Alban hökmdarları bu inanclara qarşı amansız mübarizə apararaq onların kökünü kəsmək istəyirdilər.
ƏDƏBİYYAT
1. İncil. Əhdi-Cədid. Rəbb İsa Məsihin xoş xəbəri. Bibliya Tərcümə İnstitutu, 1995.
2. СИ. Ковалев. Основные вопросы происхождения христианства. М.-Л., "Наука", 1964; Я.А.
Ленцман. Происхождение христианства. М., Изд. АН СССР, 1960; М.М. Кубланов. Возникновение
христианства. Эпоха. Идеи. Искания. М., "Наука", 1974; А.В. Журавский. Христианство и Ислам. М.,
"Наука", 1990; Н.Н. Рознталь. Христианство, его происхождение и сущ ность. М., Мин. Обороны СССР,
1960; И. С. Свенцицкая. Раннее хрис тианство: страницы истории. М., "Политиздат", 1987.
3. Настольная книга атеиста. Издание 8, исправленное и дополненное. Изд. Полит. Литер. М., 1985.
4. Tusi N. Təzkirə (Ağazu Əncam; Mədbə və məad). Fars və ərəb dilindən tər-cümə edən Ə. Əmirəhmədov.
Bakı, "Nurlan", 2002.
5. Əhdi-Ətiq. Tövratın birinci kitabı. Yaradılış. Bakı, "Kitab" şirkəti, 2000.
6. İncil. Əhdi-Cədid. Rəbb İsa Məsihin xoş xəbəri. Bibliya. Tərcümə İnstitutu StokHolm, 1996.
7. E. Вардиман. Женщина в древнем мире. М., "Наука", 1990.
8. Məmmədova F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, "Azərnəşr", 1993.
9. С.Ю. Касумова. Азербайджан в III - VII вв. (этно-культурная и социаль но-экономическая
история). Баку, "Элм", 1993, с. 104-105.
10. Ateistin cib lüğəti (rus dilindən tərcümə edən İzzət Rüstəmov). Bakı "Azərnəşr", 1987.
11. Bünyadov Z. Azərbaycan VII - IX əsrlərdə. Bakı, "Azərnəşr", 1989.
РЕЗЮМЕ
Христианство и его распространение в Азербайджане
Христианство зародилось в I веке в восточной части Римской импе рии. Эта религия появилась в тот
период, когда приведший в упадок Римскую империю рабовладельческий строй переживал
социально-эко номический, политический и духовный упадок.
В Азербайджане христианская церковь зародилась в период фео дального строя. Провозглашение
христианства государственной ре лигией связано с именем миссионера Григория и именем Албанского
правителя Урнайра провозгласившего христианство в 313-ом году го сударственной религией.
Dostları ilə paylaş: |