5
burnum çox balaca, ağzım həddən artıq yekə olduğuna görə belə deyir.
Onun qulaqları gözlərinə çox yaxındı. Hamısından betəri də saçlarının
hədsiz codluğuydu, bunun öhdəsindən heç cür gələ bilmirdi. Hərdən
atası onun saçlarını sığallayaraq, Klod Debüsinin mahnısının sözlərilə,
Sofiyə “kətan saçlı qız” deyirdi. Atasını qınamaq olmazdı, axı
bu cod saçlar onun bəxtinə düşməmişdi! Cürbəcür şampunlar, gellər
Sofinin saçlarına yumşaqlıq verə bilmirdi. Hərdən Sofi özünü o qədər
çirkin sayırdı ki, anadangəlmə eybəcər olduğunu düşünürdü. Anası isə,
elə həmişəki kimi, Sofi bu cür fikirlərə qərq olan vaxtlarda da, öz
işindəydi...
Amma axı adamın necə göründüyünü müəyyən edən nəsə bir şey
olmalıdı, yox? O, kim olduğunu bilmir, qəribədi, elə deyilmi? Adamın
necə görünəcəyi məsələsində onun özünə heç bir söz haqqının
verilməməsi məntiqsiz olmalı... Sofini fikir götürdü. O, öz dostlarını
seçə bilərdi, özünü isə yox. Bəlkə o, heç insan olmaq istəmir!
İnsan nədir?
Sofi yenidən güzgüdəki qıza baxdı.
“Gedim yuxarı, biologiyadan tapşırığımı eləyim”, - küskün bir səslə
dedi. Otaqdan çıxanda isə fikrini dəyişdi: “Ondansa, bağa gedim”.
“Piş-piş-piş!”
Sofi pişiyi çağırıb kandara çıxartdı və onun dalınca qapını örtdü.
Bayıra çıxıb çınqıllı cığırda dayanan kimi onu çox qəribə fikirlər
bürüdü. Özünü qəflətən, sehrli çubuğun tərpənməsilə dünyaya gəlmiş
gəlincik kimi hiss elədi.
Möcüzələrlə dolu aləm! Əcəb maraqlıdı!
Şerekan cığırdan astaca tullanıb qırmızı quşüzümü kollarının
arasında gözdən itdi. Ağ bığlarından yumşaq bədəninin sonundakı
oynaq quyruğuna qədər enerjili, həyat dolu pişik. O da bu bağda idi,
amma bağ haqda çətin ki, Sofi kimi düşünürdü.
Sofi həyat haqda fikrə daldı. Düşündü ki, bir gün öləcək; - indi
dünyadayam, amma bir gün mən burada olmayacam.
Ölümdən sonra həyat varmı? Bu, bəxtəvər pişiyin xəbərsiz olduğu
növbəti sual idi.
downloaded from KitabYurdu.org
6
Bir müddət bundan əvvəl Sofinin nənəsi vəfat etmişdi. Yarım ildən
çox Sofi hər gün onun üçün darıxdı. Həyatın sona çatması necə də
ədalətsizdi!
Sofi çınqıllı cığırda durub fikrə getmişdi. O, həyat haqda çox inadla
düşünməyə çalışdı, istədi bir gün öləcəyini fikrindən çıxarsın. Lakin
bu, mümkün olmadı. İndi sağ olduğuna fikrini
cəmləşdirən kimi ölüm düşüncəsi də özünü yetirirdi. Əksini
fikirləşəndə də eyni şey: bir gün öləcəyini düşünürdü, bu fikir özüylə
yaşamağın necə də gözəl olduğu fikrini gətirirdi. Bir qəpiyin iki üzü
kimiydi, gah bu, gah o biri tərəf çevrilirdi. Bir tərəf necə böyük və
parlaq olurdusa, o biri tərəf də elə olurdu. Onda Sofi qərara gəldi ki, nə
ölməli olduğunu düşünmədən yaşamaq, nə də yaşamağı düşünmədən
ölümü anmaq mümkündü.
Sofi əziz nənəsinin buna bənzər bir sözünü xatırladı. Həkim ona
xəstə olduğunu deyəndə o: “Heyif, indiyəcən həyatın bu qədər şirin
olduğunu bilməmişəm”,- söyləmişdi.
Əksər insanların həyatın, sağlamlığın böyük bəxtiyarlıq olduğunu
anlamadan xəstələnmələri necə də faciəvidi. Bəlkə də onlar öz poçt
qutularında sehrli məktub tapmalıdırlar!
Bəlkə indi o gedib poçt qutusuna baxsın, görsün yenə ona məktub
varmı? Sofi darvazaya tələsdi. Yaşıl poçt qutusunun içinə boylandı və
çaşıb qaldı! Eynilə birinci məktub kimi bir ağ zərf vardı. O, birinci zərfi
götürəndən sonra baxmışdı, qutu boş idi! Bu zərfin də üzərində Sofinin
adı yazılmışdı. Durmadan
açdı. İçində eynilə birinci kağız boyda bir kağız vardı: “Dünya necə
yaranıb?”
“Bilmirəm”, - Sofi fikirləşdi. Yəqin heç kəs də bilmir. Amma yaxşı
sualdı. Həyatında ilk dəfə Sofi ən azı necə yarandığı barədə sual
vermədiyimiz dünyada yaşamağın düzgün olmadığını duydu.
Sehrli məktublardan Sofinin başı gicəlləndi. Qərara gəldi ki, gedib
öz koğuşunda otursun. Ora Sofinin ən xəlvəti yeriydi. Çox hirsli, çox
pərişan, ya da çox xoşbəxt olanda gedib oturardı. Bu günsə o, sadəcə
fikirliydi, dolaşığa düşmüşdü.
downloaded from KitabYurdu.org
7
Qırmızı ev çoxlu çiçəklər, cürbəcür meyvə kolları və ağaclarıyla
dolu, geniş çəmənli bağla əhatə olunmuşdu. Bağda motorsuz planer
təyyarəsi və evin damında kiçik külafirəngi də vardı. Onu Sofinin
babası doğulandan bir neçə həftə sonra ölmüş ilk körpələrinin dərdini
unutdurmaqdan ötrü nənəsi üçün tikmişdi. Körpənin adını Meri
qoymuşdular. Onun məzar daşında bu sözlər yazılmışdı: “Balaca Meri
bizə gəldi, salam verdi və getdi”.
Bağın uzaq bir küncündə, moruq kollarının arxasında çox sıx bir
ağaclıq vardı, orada nə güllər, nə də meyvələr bitərdi. Əslində bu,
qədimi çəpər idi, nə vaxtsa meşəylə bağın sərhədini bildirmək üçün
düzəldilmişdi, amma axır iyirmi ildə budanmadığından, çox qarışıq,
girilməz, keçilməz kol-kosa, cəngəlliyə çevrilmişdi. Sofinin nənəsi sağ
olanda deyərdi ki, müharibə vaxtı cücələr bağda gəzişirdi, tülkülər
çəpərin sıxlığından keçib onları tuta bilmirdi. Bura Sofidən başqa
hamıya bağın o biri ucundakı dovşan qəfəsi qədər lazımsız görünürdü.
Onlar Sofinin sirrindən xəbərsiz idilər.
Sofi bu sıx ağaclıqdakı koğuşu çoxdan kəşf etmişdi, ağlı kəsəndən
onun yerini bilirdi. Bu kolların, ağacların arasıyla iməkləyəndə iri bir
oyuq görmüşdü. Bura Sofinin balaca evi kimiydi. Bilirdi ki, onu burada
heç kəs tapa bilməz.
İndi də hər iki zərfi əlində möhkəm tutaraq bağ boyu yüyürdü, əlləri
üstə yerə çöməldi, çəpərin içilə, öz tanış yoluyla qıvrılaraq koğuşa
yaxınlaşdı. Koğuş Sofiyə boy verəcək qədər idi, amma o, bir qucaq kol-
kos və budaq yığıb üstündə oturdu. Yarpaqların arasındakı kiçik
gözlüklərdən baxdı. Sıx
ağaclıqdakı bu “gözlüklərdən, balaca qəpik boyda olsa da, bütün bağı
yaxşıca görmək olurdu. Sofi balaca olanda bağda onu axtaran atasını,
anasını buradan - ağacların arasından o qədər süzüb əylənmişdi ki.
O, həmişə fikirləşirdi ki, bağ özü də bir dünyadı. Hər dəfə İncildəki
Cənnət haqda eşidəndə oturduğu bu xəlvəti koğuşdan öz kiçik
cənnətinə tamaşa etməsi düşürdü yadına.
Dünya necə yaranıb? Ağlına heç nə gəlmirdi. Sofi bilirdi ki, dünya
fəzada kiçik bir planetdi. Bəs fəza haradan əmələ gəlib?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |