11
tələsəndə, evdə qonaqları olanda, diş həkiminə getməli olanda yolunu
buradan salardı.
Sofi onun xətrinə dəydiyinə görə, peşman oldu. Amma ona nə
deyəydi? Deyəydi ki, birdən-birə kim olduğu, dünyanın necə yaranması
düşüncəsinə qapılıb, buna görə də badminton oynamağa vaxtı yoxdu?
Coanna onu başa düşərdimi?
Niyə ən həyati, bir yandan da bütün sualların ən təbiisinə qərq olmaq
belə çətin idi?
Poçt qutusunu açan kimi ürəyinin şiddətlə vurduğunu hiss etdi.
Əvvəlcə cəmi bir, o da bankdan gələn məktub, sonra anası üçün bir
neçə qəhvəyi iri zərf gördü. Eh! Qərara gəldi ki, naməlum müəllifdən
növbəti məktubu gözləsin.
Darvazanı arxasınca bağlayan kimi böyük zərflərdən birinin üstündə
öz adı gözünə sataşdı. Çevirib arxasına baxdı. Yazılmışdı: “Fəlsəfə
kursu. Diqqətlə oxu”.
Sofi çınqıllı cığırı adlayıb keçdi, çantasını pilləkənin üstünə atdı.
Ayaqaltını qaldırıb başqa məktubları ora qoydu. Arxa bağçaya, sıx
ağaclıqdakı xəlvəti guşəsinə tələsdi. Bura böyük məktubu açmaq üçün
yeganə münasib yer idi. Şerekan onun dalınca düşdü, amma Sofi onu
gəlməyə qoymadı, yoxsa məktubu oxuyanda pişik mane olacaqdı.
Zərfin içərisində makinada yazılmış, yuxarıdan bir-birinə tikilmiş üç
vərəq vardı. Sofi oxumağa başladı.
“Fəlsəfə nədir?
Əziz Sofi,
Adamların çoxunun hobbisi olur. Bəziləri qədimi sikkə, bəziləri
marka yığır, kimi tikiş tikir, kimi də asudə vaxtının çoxunu hansısa
idmana ayırır.
Çox adam oxumaqdan zövq alır. Amma oxu zövqləri də bir-birindən
çox fərqlənir. Bəziləri yalnız qəzet, bəziləri gülməcə oxuyur, biri roman
xoşlayır, biriləri isə astronomiya, vəhşi təbiət və ya texniki ixtiralar
haqda kitabları üstün tuturlar.
Əgər mən atlar, yaxud da qiymətli daşlar haqda oxumağı
xoşlayıramsa, heç də hamı mənim bu həvəsimlə şərik olmalı deyil. Mən
downloaded from KitabYurdu.org
12
televiziyadakı hər cür idman verilişlərinə böyük həvəslə baxıramsa,
başqalarının idmanı darıxdırıcı saymasıyla da razılaşmalıyam.
Bəs bizim hamımızı maraqlandıran eyni bir şey yoxdurmu? Kim
olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq, biz
insanların hamısına aid olan bir şey varmı? Var, əziz Sofi, var. Elə
suallar var ki, hər bir insanı maraqlandırır. Bu kurs da məhz o suallar
haqqındadır.
Həyatda ən başlıca şey nədir? Aclıq həddində yaşayan hər hansı
adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək.
Soyuqdan ölməkdə olan adam deyər - istilik. Bu sualı təcrid olunmuş
bir yerdə tənha ömür sürən birisindən soruşsaq, yəqin ki, cavab insanlar
arasında, başqalarıyla birgə yaşamaq olacaq.
Bəs bu zəruri ehtiyaclar ödəndikdən sonra, elə bir şey olacaqmı ki,
ona hər kəsin, hamının ehtiyacı var? Filosofların fikrincə, hə! Onlar
inanır ki, insan təkcə çörəklə yaşaya bilməz. Əlbəttə, qida hamıya
lazımdır. Sevgi və şəfqət də. Lakin burada başqa bir şey də var, elə bir
şey ki, onu anlamağa hamının ehtiyacı var: biz kimik və niyə
buradayıq.
Bu suallarla maraqlanmaq marka yığmaq kimi ötəri maraq deyil.
Belə suallar verən adam bu planetdə insan mövcud olandan bu yana
gedən bir dartışmaya qoşulur. “Kainat, Yer kürəsi, həyat necə yaranıb”
sualı “Olimpiya oyunlarında kim daha çox qızıl medal uddu” sualından
daha böyük və əhəmiyyətli sualdır.
Fəlsəfəyə yaxınlaşmağın ən yaxşı yolu bir neçə fəlsəfi sual
verməkdir: Dünya necə yaranıb? Baş verənlərin arxasında hər hansı bir
iradə və ya məna varmı? Ölümdən sonra həyat
mövcuddurmu? Biz necə yaşamalıyıq? İnsanlar minillər boyu bu
sualları veriblər. Elə bir mədəniyyət yoxdur ki, "insan nədir və dünya
necə yaranıb” suallarıyla maraqlanmasın.
Əslində fəlsəfi sualların sayı elə də çox deyil. Biz artıq bir neçə
vacibini yazdıq. Lakin tarix bu sualların hər birinə görə, bizə cürbəcür
cavablar təqdim edir. Beləliklə, fəlsəfi suallar vermək onlara cavab
verməkdən asandır.
downloaded from KitabYurdu.org
13
Bu gün hər bir insan bu suallara öz cavabını verməli olur. Tanrının
və ya ölümdən sonra həyatın olub-olmadığını ensiklopediyaya
baxmaqla bilə bilməzsən. Ensiklopediya bizə necə yaşamalı
olduğumuzu da demir. Buna baxmayaraq, başqa insanların bu haqda
fakirlərini oxumaq həyata öz baxışımızı formalaşdırmaqda kömək ola
bilər.
Filosofların həqiqəti axtarması detektiv hekayələri xatırladır.
Bəziləri hesab edirlər ki, qatil Andersendir, bəziləri isə düşünürlər ki,
bu, Nelsen və ya Censendir. Polislər bəzən cinayət işini həll edə bilirlər.
Elə də olur ki, cinayətin kökünə gedib çıxa bilmirlər, bunun həlli olsa
da, onlar çözüb üzə çıxarmaqda aciz qalırlar. Beləliklə, suala cavab
verməyin
çətinliyinə baxmayaraq, o cavab - bir və tək bir doğru cavab mövcud
olur. Ölümdən sonra həyat ya var, ya da yoxdur.
İndi çoxdankı müəmmaların bir çoxunu elm izah edib. Ayın qaranlıq
tərəfinin nə olması nə vaxtsa mübhəm, sirlərlə örtülü idi. Bu,
müzakirəylə həll olunası məsələlərdən deyildi, insan Ayın nə olması
barədə xəyallara dalırdı. Lakin bu gün biz dəqiq bilirik ki, Ay nədir,
daha heç kəs Ayda yaşayan adama, yaxud Ayın təzə pendirdən
düzəldildiyinə “inana” bilməz.
Günümüzdən iki min ildən daha uzaq bir vaxtda yaşamış yunan
filosofu hesab edirdi ki, fəlsəfə öz mənşəyini insanın təəccüblənmək
hissindən götürür. İnsan düşünüb ki, yaşamaq necə də qəribədir və
fəlsəfi suallar beləcə, öz-özünə yaranıb.
Sehrbaz nömrəsi kimi. Başa düşə bilmirik ki, sehrbaz nəyi necə edir,
axı necə olur ki, bir neçə ağ ipək şarfı canlı bir dovşana çevirir! Sehrbaz
indicə içinin boş olduğunu göstərdiyi silindr şlyapadan qəfildən
dovşanı çıxaranda tamaşaçılar necə şübhəylə baxırlarsa, bəzi insanlar
da dünyaya elə baxırlar.
Dovşan məsələsində biz bilirik ki, sehrbaz nömrə göstərir. Biz onun
yalnız bunu necə etdiyini bilmək istəyirik. Dünya
məsələsində isə bu, bir qədər fərqlidir. Biz bilirik ki, dünya aldatmaca,
fokus deyil, çünki özümüz də onun içindəyik, onun bir hissəsiyik.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |