TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI, TƏHSİL PROQRAMI, TƏDRİS
PLANI, TƏDRİS PROQRAMI VƏ TƏDRİS ƏDƏBİYYATI
Əhatə olunan məsələlər:
10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum).
10.2.Ümumi orta təhsilin məzmunu.
10.2.1. Təhsilin məzmunu.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində
islahatlar.
10.3. Tədris planı.
10.4. Tədris fənni.
10.5. Tədris proqramları.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti.
10.1. Təhsil sahəsində dövlət standartları,
təhsil proqramı (kurikulum)
Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına
uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5
ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar
məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi
meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət
təhsil standartları və onların qüvvədə olan müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları təhsilin məzmununu,
idarə
olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu,
təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Təhsil müəssisəsinin
fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndi-
rilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas
götürülür. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət
standartları müəyyən edilir.
Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı
təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə
qaydalarını müəyyən edir. Kurikulum islahatını zəruri edən səbəbləri lakonik
şəkildə belə təqdim etmək olar:
cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;
planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;
dünya təhsil sisteminə inteqrasiya;
informasiya əsrinin tələbləri;
təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların
formalaşması;
mövcud ümumtəhsil proqramlarının müasir tələblərə cavab
verməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş
“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”
sənədinə əsasən ümumi təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:
1.
Dinlədiyi və oxuduğu müxtəlif üslub və janrda olan mətnləri təhlil etməyi,
onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı;
2.
Nitqin monoloq və dialoq formalarından istifadə etməyi;
3.
Plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı;
4.
Nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən
əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları
ümumiləşdirməyi;
5.
Hesablamalar və proqramlaşdırma aparmağı, riyazi dildən istifadə
etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi;
6.
Ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə,
qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi;
7.
Təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı
əlaqəsini izah etməyi;
8.
Müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi;
9.
Təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi;
10.
Təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya
mənbələrindən istifadə etməyi;
11.
Öz imkanlarını, meyl və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və
qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi;
12.
Gördüyü işlərin nəticələrini qiymətləndirməyi;
13.
İctimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena
qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;
14.
Milli, əxlaqi-mənəvi, hüquqi, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə,
liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi;
15.
Problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində
özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;
16.
Xarici dildə ünsiyyət qurmağı və sairə.
Ümumi təhsilini başa vurmuş şagirdin sadalanan bacarıqları – ümumi təlim
nəticələri ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərin (o cümlədən
riyaziyyatın) tədrisi prosesində hədəflənən nəticələrin sintezi, dialektik
vahidləşməsi kimi formalaşır.
Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik
təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları
daxildir. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini
əhatə edən təhsil proqramları həyata keçirilir, onun müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əlavə təhsil, distant təhsil və digər
xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Yuxarıda
qeyd olunduğu kimi, sağlamlıq imkanları məhdud, uzun müddət müalicəyə
ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai
həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir
və həyata keçirilir.
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir.
Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və
təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: fənyönümlü və
şəxsiyyətyönümlü.
Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl
anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə
istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı
əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin
möhkəmliyini, davamlığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik
əhəmiyyət daşıyan, bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi
potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən
lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar. Belə
kurikulumlardan daha çox ixtisaslar, təmayüllər üzrə təhsilalma prosesində istifadə
olunur. Eyni zamanda onlara ali təhsilin bakalavr və magistr pillələrində məzmunun
formalaşdırılması,
müxtəlif elm sahələrinə aid fənlərin məzmununun
müəyyənləşdirilməsi zamanı müraciət edilir.