Əlavə Dəyər Vergisi



Yüklə 14,36 Kb.
tarix29.09.2023
ölçüsü14,36 Kb.
#124715
referat 3745


Əlavə Dəyər Vergisi
Əlavə dəyər vergisinin tutulması sxemi 1954-cü ildə fransız iqtisadçı M.Lore tərəfindən təklif edilmişdir. O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövriyyədən tutulan vergidən üstünlüyünü əsaslandırmışdır. On ildən artıq müddətdə ƏDV Fransadan asılı olan Kod-d’İvuar dövlətində təcrübədən keçirilmişdir. 1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün vergi sistemlərinə ƏDV-nin daxil edilməsi zəruri şərt kimi müəyyənləşdirilmişdir. Buna görə də hazırda ƏDV Avropa İttifaqının büdcəsinin əsas gəlir mənbəyidir. İttifaqa üzv olan hər bir dövlət ƏDV daxilolmalarının müəyyən faizini bu birliyin büdcəsinə köçürür.
Azərbaycanda ƏDV 1992-ci ildən tətbiq edilir. Ölkəmizin Vergi Məcəlləsinə əsasən, ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
Dolayı vergi olmaqla, ƏDV məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək­haqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların (işlərin, xidmətlərin) dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən olunan əlavə edilmiş dəyərin bir hissəsindən tutulur.
Məhsul xaricə satıldıqda ƏDV-yə sıfır dərəcə ilə cəlb olunduğundan, bu vergi növü həm də ixrac olunan məhsul istehsalının həcminin artırılmasını stimullaşdırır. ƏDV geniş əhatə dairəsinə malik olduğu üçün vergidənyayınma hallarının nəzarətdə saxlanılması böyük aktuallıq kəsb edir. Bu istiqamətdə atılan mühüm addımlardan biri dünyada qabaqcıl təcrübələrdən sayılan ƏDV depozit hesabının yaradılmasıdır. 
ƏDV üzrə depozit hesabı
Azərbaycan Respublikası vergilər nazirinin 3 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş «Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan» çərçivəsində vergidən yayınma hallarının qarşısının alınması və ƏDV üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 2008-ci ilin əvvəlindən ƏDV-nin depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılmışdır.
Bu hesabın tətbiqi, əsasən, iki istiqamətdə işlərin yerinə yetirilməsini nəzərdə tutur:
- ƏDV-nin büdcəyə ödənilməsi, digər vergi ödəyicilərinin sub-uçot hesablarına köçürülməsi, Dövlət Gömrük Komitəsinə ödənilməsi;
- Digər vergilərin dövlət büdcəsinə ödənilməsi (yalnız ƏDV ödəyiciləri üçün).
Vergi qanunvericiliyinə görə, mal (iş, xidmət) əldə edən şəxslər hesab-fakturada göstərilən malın dəyərini hesablaşma hesabına, hesablanmış ƏDV-ni isə ayrıca depozit hesaba, yəni satıcının ƏDV sub-uçot hesabına köçürürlər. Bu sistem ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, habelə ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatları üzrə vergi orqanları tərəfindən səmərəli nəzarəti həyata keçirməyə imkan yaradır.
Bununla da ƏDV-nin ödənilməsindən yayınmaya və bu vergi növünün əvəzləşdirilməsi üzrə qeyri-qanuni hallara qarşı yeni səmərəli sxemin tətbiq edilməsinə nail olunmuşdur. Depozit hesabının tətbiq olunduğu ilk ildə, yəni 2008-ci ildə ƏDV üzrə daxilolmalar 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,3%-dək artmışdır.
Vahid depozit hesabının tətbiqi vergi ödəyicilərinə banka getmədən başqa ödəyicilərə, büdcə və gömrük orqanlarına ödənişlərin həyata keçirilməsinə imkan vermiş, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır.
Azərbaycanda 2008-ci ildən tətbiq olunan bu sistem bir sıra beynəlxalq institutların və digər ölkələrin vergi administrasiyalarının ciddi marağına səbəb olmuşdur.
Elektron vergi hesab-fakturası
«Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan» çərçivəsində ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə 2010-cu il yanvarın 1-dən etibarən elektron hesab-fakturalarının tətbiqinə başlanmışdır. Bu sistemin tətbiqi ilə təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə və görülmüş işlərə görə vergi hesab-fakturaları elektron formada təqdim edilir. Vergi inzibatçılığının şəffaflığı baxımından əhəmiyyətli olan bu sistem vergi ödəyiciləri üçün də müsbət nəticə vermişdir.
Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrə keçidi elektron daşıyıcılar vasitəsilə təmin etmiş, vergi orqanlarının işini əhəmiyyətli dərəcədə asanlaşdırmış, vergi nəzarətini gücləndirmiş, eyni zamanda vergi ödəyicilərinin öz vaxtına və maliyyə vəsaitlərinə qənaət etməsinə imkan vermişdir.
Elektron vergi hesab-fakturalarının tətbiqi nəticəsində kağız sərfiyyatı minimuma endirildiyindən il ərzində 20 tona yaxın kağıza qənaət edilir. Bu sistemin tətbiqi saxta hesab-fakturalardan istifadə etmək cəhdlərinin də qarşısını birdəfəlik almışdır. İqtisadi inkişaf səviyyəsinə görə yaxın dövlətlərlə müqayisədə Azərbaycanda ilk dəfə elektron vergi hesab-fakturalarının tətbiqi ölkəmizin hərtərəfli inkişafının əyani göstəricisi olmuşdur.
Yüklə 14,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə