Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında
oturub
ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun
yanına uzandım. Onun bədəni isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb,
başını yorğanın altına salıb yatmışdı.
Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru
getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, lakin
mənim oraya girməyimə izin
vermədi... Oradan çıxandan sonra gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində
məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki
yaralara sürtdü. Sonra nəzakətlə dedi:
- Sən özünü yox, məni döyməli idin, Əli xan.
- Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı.
O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi
və pərt
halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi:
- Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə
də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya
keçib fəvvarənin yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi.
Sonra atamın kareti gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino
başını yana əydi və ürkəkcəsinə dedi:
- Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm.
Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra
hovuza əyilib, hovuzdakı suda əksimizə tamaşa etdik. Nino əlini suya saldı və əksimiz
balaca dalğalarda pozulub getdi.
- Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə
adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək.
O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su
damlaları onun yanağından və çənəsindən süzülürdü.
- Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə
Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və
soyuq yanaqlarını öpdüm. O da güldü.
İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft
qüllələrinin əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf
irəliləyən alaylardan asılı idi.
Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin
içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından
bir ariya
çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində mənə sarılarkən, mefistofelin
qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük səsini və “Şaxsey-Vaxsey” səslərini
batırırdı.
XXVII
Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər
bazarlara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac
Bakıdan qaçıb dənizi aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının
127
üzərində ağ hilallı qırmızı Türk bayrağı müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin
Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran qəzetlərində yazılar çap etdirmişdi. Əmim
Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni
zamanda bununla ingilislərin
qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan etdi. Atam baş
nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada
“Nəsrəddin” gəmisi ilə, azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə
qaçqınları gəmiyə mindirib şəhərimizə yola düşdük.
Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını
sıyırıb gəmini salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər
bizim Türk ləhcəsinə uyğunlaşdırıb təntənəli bir nitq söylədi.
Biz evimizə gəldiyimiz
zaman onu təmamən dağılmış və qarət edilmiş halda gördük. Nino günlərlə, həftələrlə
səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi. O, dülgərlərlə mübahisə edir,
günlərlə mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını çataraq
otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli
danışıqlar apardıqdan sonra, günlərin bir günü evdə fəhlələrin səs küyünü, boya,
taxta və
suvaq iyi hiss etdim. Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino
dururdu. O, özünü bu işləri təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların
qoyuluşu və divar kağızlarının seçilməsi işində ona sərbəstlik vermişdim.
Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən
işlərdən mənə məlumat verirdi:
- Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş vermişəm. Divar
kağızları açıq
rəngli olacaq, döşəməyə də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya
vurulacaqdır. Hər şey İran hərəmxanasından təmamən fərqli olacaqdır.
Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi.
Sonra başını yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi
və dilini burnunun ucuna dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə
gedəndə, yaxud dəfn mərasimində iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm
gecəsini yadıma saldım və xalçaları ayaq altına salmaq, eləcə də avropasayağı masa
arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işlərdə tam sərbəstlik verdim. Mənim
öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən qurmağı
planlaşdırırmamışdı.
Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında
oturub, başımı yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb
dodaqlarımın üzərində gəzdirdim.
Atam çox nəzakətlə:
- Eh, dünyanın
işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı
halda Nino özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri
yadından çıxarma: Artıq Bakı avropalaşıb. Özü də həmişəlik!
Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir.
- Bəs sən nə edəcəksən, ata?
- Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən
Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların
gəlişini gözləyəcəyəm.
128