57
alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. "Nümunənin
təsəvvürə gətirilməsi onun haqqında biliyin olması deməkdir, bu bilik isə cəmiyyət
tərəfindən mühafizə olunur və ötürülür" [Q. Ç a y 1 d ]. Əvvəllər bu "hal yox idi və
ola da bilməzdi. Bundan başqa, Qədim Aşel dövrünə aid olan əl çapacağının ritm
hissinin mövcud olduğunu təsdiqləyən səliqəli simmetriyaya malik olması təsdiq
etməyə imkan verir ki, həmin zamanın insanlarında artıq bəsit olsa da, ilk estetik
vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda
gözəl əşyaların hazırlanmasına tələbat yaranmışdı. Beləliklə, işlək əllər ritmi
dəqiqliyin, həmahəngliyin və gözəlliyin ilk nümunələrini yaradırdı. Deməli, əmək
prosesinin özündə artıq emosional məqam vardı və sonralar incəsənətin rüşeymləri
həmin məqamdan başlanğıc aldı. Tədqiqatçılar belə hesab edirlər ki, əmək ritminin
ardınca rəqsin (bəlkə də mahnının), ritmik rəqslərin ardınca ornamentlərdə və sadə
rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması şübhəsizdir.
Aşağı Paleolit dövründə yaşamış insan artıq mağaralardan daimi yaşayış yeri
kimi istifadə etməyə başladı. Azıx mağarası bunun parlaq nümunəsidir. Yarandıqdan
sonra başlanğıc dövründə həmin mağarada zaman-zaman yaxın bölgələrin sakinləri
qərarlaşırdılar. Bu bölgələrdə onların dayanacaqları, ya da yurd yerləri mövcud idi,
həmin insanlar burada qərarlaşmış, müəyyən müddət ərzində mağarada yaşamış,
sonra isə güns-mindel dövründən başlayaraq yeni yaşayış yerində intensiv surətdə
məskunlaşmağa başlamışdır.
Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən yiyələnmiş, onu uzun
müddət ərzində mühafizə etməyi bacarmışlar. Mağarada aşkar olunmuş ocaq qalıqları
bunu təsdiq edir. Bu mağarada od bir neçə yüz min il bundan əvvəl alovlanmağa
başlamışdı.
F.Engels göstərirdi ki, odun mühafizə olunması məharəti "nəhəng, öz
əhəmiyyətinə görə demək olar ki, ölçüyə gəlməz kəşfdir". Od insanın nəinki həyatını,
habelə şüurunu da dəyişdirdi. Od nəhəng texniki və ictimai qüvvə olduğu üçün bu,
təəccüblü deyildir. Od insanın iqlimdən asılılığını aradan qaldırdı, insanın soyuqdan
və vəhşi heyvanlardan daimi olaraq, etibarlı şəkildə qorunması vasitəsinə çevrildi,
onun qidalanma mənbələrini genişləndirdi, əmək alətlərinin hazırlanmasında, ov
üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin ifadəsincə deyilsə, "odun
dərk olunması insanın təbiət üzərindəki ilk böyük qələbəsi idi".
Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və istifadəsi insanların
həyatında tamamilə yeni hadisə olan kəmiyyət-məkan münasibətlərinin dərk
edilməsində də bilavasitə özünü göstərdi. İnsan odu daim mühafizə etmək üçün onu
fasiləsiz surətdə müəyyən "paylarla" yanacaq ilə "qidalandırmalı", mövcud olan
"qidanı" günün tələblərilə uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola
bilər ki, heç də təsadüfi deyil ki, qədim əfsanələrdə göstərildiyi kimi, Prometey
insanlara odu bəxş edərkən onlara hesablamalar aparmağı öyrətmişdi. Tədqiqatçılar
58
belə hesab edirlər ki, artıq indi bu süjetin pitekantrop dövrünə gedib çıxa bilməsi
haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır.
Qeyd etmək olar ki, artıq uzaq erkən Aşel dövründə "ibtidai insanların
şüurunda forma (Qədim Aşel dövrünə aid olan əl çapacağını xatırlayaq, çapacağın
hazırlanması üçün insan onun haqqında, ilk növbədə, onun forması haqqında
mücərrəd təsəvvürə malik olmalı idi - məsul red.), ölçü (odun yanma müddətinə və
yanacağın miqdarına dair situasiyanı xatırlayaq. - məsul red.) haqqında ən sadə
təsəvvür meydana gəldi və şüur say haqqında təsəvvürün ərəfəsində dayanmışdı"
[ F . A . F r o l o v ] .
Pitekantroplar erkən aşel mədəniyyətinin yaradıcıları idilər. Onlar təşəkkül
tapmaqda olan insanlar sırasında ən qədimlərindən olmuş və elmi ədəbiyyatda
"arxantroplar" kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında
yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə
ola bilməz ki, Azıxın erkən aşel mədəniyyətinin yaradıcıları da artıq təfəkkürə və
təşəkkül tapmaqda olan nitqə, habelə mənəvi mədəniyyətin müəyyən elementlərinə
malik idilər.
İnsanın və onun mədəniyyətinin inkişafındakı bu tərəqqi cəmiyyətin, xüsusilə
əməyin uzunmüddətli inkişafının nəticəsi idi. Əmək prosesində insanın özünün
mahiyyətində, onun hissiyyat orqanlarında, qabiliyyətində, təfəkküründə, nitqində,
aləmi dərk etməsində və s. mütərəqqi dəyişiklik baş verirdi. Bu dəyişiklik artıq
insanın və insan cəmiyyətinin inkişafının erkən mərhələlərində - erkən aşel
mərhələsində baş verməkdə idi.
Orta Aşel mərhələsindən başlayaraq (mindelin sonu və mindel-rissin birinci
yarısı - təxminən 400 min il əvvəl) son aşel mərhələsinədək (rissin sonu və riss-
vyurmun başlanğıcı - təxminən 100 min əvvəl) olan zaman Azərbaycan sakinlərinin
həyatında müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur.
Azıx mağarasının Orta Aşel mərhələsinə aid olan təbəqəsi yalnız əmək alətləri
ilə deyil, həm də Azıx insanının mənəvi inkişafı haqqında danışmaq imkanı yaradan
materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq Orta
Aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan paleoantroplara keçid
təşkil etmiş insan yaşamışdır. Bu insan arxantroplara nisbətən daha sapiental idi və
preneandertallara və yaxud, bizim elmi ədəbiyyatda qəbul edildiyi kimi,
azıxantroplara aid oluna bilər. Azıxantrop təxminən 400 min il bundan əvvəl
yaşamışdır.
Güman etmək olar ki, insanın fiziki tipində həmin zaman nəzərə çarpan
dəyişikliklər onun təkamülündə təxminən 200 min il bundan əvvəl mühüm dönüş -
paleoantropların, xüsusilə neandertalların meydana gəlməsi ilə başa çatmış prosesin
başlanğıc mərhələləri idi. Əgər bu zamanadək insanın təkamülü ləng gedirdisə, bu
dövrdən etibarən həmin proses əhəmiyyətli dərəcədə sürətləndi və böyük irəliləyiş