Kəmalə onun əlini buraxıb ayaqlarını yalayan itin başını
sığallayırdı. Onun sıx kiprikləri, yaşıl gözləri, duruşu o qədər gözəl,
cazibədar idi ki, Teymurun da dodaqları qaçdı. Bu gözəlliyə göz
yummaq mümkün deyildi. Uşağın üzü küçədən keçən adamların da
diqqətini cəlb edir, onlar Kəmaləyə baxmaq üçün bir də geri qanrılırdılar.
Yeniyetmə oğlanla söhbətində Teymuru bir şey möhkəm
məyus edirdi ki, bu da adamların Kəmaləni atasız bilməsi idi. Kəmalə
hələ çox balaca olsa da, göründüyü təki onunla maraqlananlar vardı.
Kəmaləni böyütmək, yad nəzərlərdən qorumaq üçün ona ata lazım idi.
Rufiyyə ilə müqayisədə Kəmalə çəkingən, sadəlövh, quş təki
ürkək idi. Adamlardan qorxurdu. Mehrini pişiklərə, itlərə salırdı.
Heyvanlar da onu çox sevirdilər. Qızı görən təki quyruqlarını bulayır,
qabağına qaçıb üz-gözlərini onun ayaqqabılarına sürtürdülər. Bunun
üstündə nənəsi onu çox şapatlayırdı. Ancaq Kəmalə bildiyini heç kəsə
vermirdi.
Rufiyyə isə pişik və itlərdən iyrənirdi. Özü də diribaş,
cəsarətliydi. “- Böyüyəndə mən də atam kimi həkim olacağam, ağ, ütülü
xalat geyinəcəyəm”,- deyirdi.
İnstituta girəndən sonra Teymurgilə daha tez – tez gəlməyə
başladı. Rufiyyənin ayağını onlardan bacısı Nərgiz kəsdi.
Ona nə dedisə,
qız o gedən oldu, bir də Teymurgilə gəlmədi. Teymur da onu çox
axtarmadı. Uşaqlıq sevdası get-gedə soyudu və Rufiyyə tamam
yadından çıxdı.
Bir də bacısı təkcə Rufiyyəni deyil, Teymurun xoşuna
gəlmək istəyən çox rəfiqəsinin ayağını evlərindən kəsmişdi. O vaxt
bütün bunların Teymur üçün elə də əhəmiyyəti yox idi. Əhəmiyyəti olan
Mədinə idi ki, bacısı bu məsələdə ona əməlli- başlı düşmən kəsilmişdi.
Atasını da qızışdırıb onun üstünə salan Nərgiz olurdu.
Bacısı ata-anasının yeganə qızı olduğu üçün ərköyün
böyüyürdü. Teymur da Atasının yeganə oğluydu. Ancaq bacısından xeyli
böyük, bir də atasından sonra evdə başıpapaqlı olduğu üçün bacısının
xətrinə dəymir, onun qayğısına qalmağı özünə borc bilirdi.
Onlar gen-bol, firavan dolanırdılar. Atası iri bir müəsisənin
rəisi idi. Teymur gözünü açandan evdə hər şeyi bol görmüşdü. Meyvə,
qoz,fındıq, şabalıd, qızıl balıq, qara kürü, beçə balı onların evinə kisəylə,
çamadanla, torbayla, balonla gəlirdi. Şəhərdə dəbdə olan ən gözəl
paltarlar birinci onun və bacısının əynində olardı. Buna baxmayaraq