vasitəsi təki qaldı. 2-ci qətl hadisəsi isə Bakıya gələn qatarların şəhərə
girdiyi yolda, relslərdən kənarda, şam ağaclarının, kolluqların arasında
baş vermişdi. 40 yaşında paltarlı kişi meyidi idi. Onu boğub
öldürmüşdülər. Meyid iylənirdi. Bu səbəbdən baş müfəttiş ona heç yaxın
da düşmədi. Qətl açılmamış qaldı. Mərhumun heç kəsi olmadığından
qatil də heç kəs üçün maraqlı deyildi.
Sonra ona şikayətçi bir qadının ərizəsinə baxmaq
tapşırıldı. 36 yaşında olan bu qadın 29-30 yaşlı bir oğlan tərəfindən 6 ay
bundan qabaq zorlandığını bildirir və onun özünə evlənməsini tələb
edirdi.
Prokuror bu işi tam Teymura həvalə etməsə də tərəflərin hər
ikisinin dindirilməsini Teymura tapşırmışdı. Özü də otaqda idi və
kənardan bu dindirilməyə qulaq qoyurdu. Tərəflərin hər ikisi subay idi.
Qadının açıq – saçıq ərizəsi, əttökən şit sözləri Teymurda ona qarşı ikrah
oyadırdı. Oğlansa üzdən fağır və qorxaq görünürdü. Qadının ərizəsindən
hər şey aydın olduğundan Teymur birinci oğlanı dindirməyə başladı.
Kim olduğunu, harada işlədiyini soruşdu. Oğlan xəcalət çəkir, danışanda
həyəcanlanırdı. Amma qadının əleyhinə ləyaqətsiz söz işlətmirdi.
- Bu qadını haradan tanıyırsan? Münasibətləriniz necə olub?-
Teymur soruşdu.
Oğlan sualı cavablandırandan sonra prokuror da öz sualını
verdi :
- Sənin bu qadınla cinsi əlaqən olubmu?
Oğlan “ hə” dedi, deyəsən, bir qədər qızardı.
- O qız idimi? – Prokuror bir də soruşdu.
Oğlan çox astadan :
-
Mən içkili olmuşam, bilmirəm, - dedi.
Qadın oturduğu stuldan qalxıb onun üstünə şığıdı :
- Bilmirsən, hə? - əclaf, heyvan, uzun dırnaqları ilə az qalırdı
oğlanın gözünü çıxartsın.
Teymur :
- Oturun, xanım, – siz istintaqdasınız, özünüzü yaxşı aparın. -
Belə cəsarətli idiniz, elə onda ona mane olardınız, – dedi. Sizin, axı, 18
yaşınız yoxdur ki, mən deyim gənc olmusunuz, o, sizi aldadıb, yoldan
çıxarıb.
Burada nə qədər o, günahkardırsa, o qədər də siz günahkarsınız.
- Necə?! O mənim namusuma toxunub, indi siz deyisiniz ki,
burada heç nə yoxdur, üstəlik mən özüm günahkaram.
- Namusunuza o yox, elə özünüz toxunmusunuz. Belə
namusbazdınızsa niyə sərxoş kişiylə bir yerdə olurdunuz? – Teymur da
dözmədi, səsini qaldırdı.
-
Aha, aydındır, torbada pişik var, demək səni görüb, cibinə pul
basıb.
Elə sənin kimiləridir, belələrini qudurdan.
-
Siz həddinizi aşırsınız,-
Teymur qadının həyasızlığına
dözmədi. Küncdə onları izləyən prokuror çox sakit səslə
soruşdu:
-
Mən belə başa düşürəm ki, sən bu oğlanın tutulmasını
istəmirsən, - yoxsa istəyirsən?
-
Bir şərtlə, əgər mənə evlənərsə, yox! Əks halda qoy gedib bir
az yatsın, ağlı başına gəlsin.
-
Belə çıxır ki, sən onu həm sevir, həm də ona nifrət edirsən? –
Prokuror sualı, deyəsən, elə belə məzələnmək üçün verirdi.
-
Sən ona evlənmək istəyirsən? – Teymur oğlandan soruşdu.
O, tərəddüdsüz: “yox,”- dedi.
-
Yoox?! – Qadını elə bil ilan sancdı. Görərik sənin o yoxunu.
-
Sənin bakirə olmağın hələ təstiqlənməlidir, - prokuror irişə -
irişə qadına baxırdı. – Dediyinə görə bu hadisə altı ay bundan qabaq baş
verib.
Indiyə qədər haralarda idin, - niyə şikayətə gec gəlmisən?
-
Mən elə bilirdim o, günahını başa düşüb mənə evlənəcək.
-
Yaxşı, onu həbs etmək üçün sübut olmalıdır. Sübut üçün
ekspertiza aparılmalıdır. Bundan qorxmursan? - Prokuror yenə irişə -
irişə bildirdi.
Prokronun qadını belə alçaltması, rişxəndlə, eyhamla danışması
Teymuru qəzəbləndirirdi. Nə üçünsə indi də qadına rəhmi gəlirdi. Və
hiss edirdi ki, o, həqiqəti deyir. Ancaq Teymur onun bu məsələni
ağartmamalı olduğu halda özünü belə ucuz tutması ilə barışa bilmirdi. O,
yumşaq səslə üzünü qadına tutdu:
-
Mən sizə inanıram. Siz həqiqəti deyirsiz. Amma mənə görə
siz bu adamdan qaçsanız yaxşıdır. O, sizə layiq deyil, sizə hörmət eləmir,
zorla sizə evlənsə, yenə gec-tez gedəcək. Sizin yerinizə olsaydım ərizəmi
geri götürərdim. Belə adamlar onsuz da gec-tez cəzalarını alırlar. Mən
düşünürəm ki, sizin qabağınıza sizi sevən yaxşı bir adam çıxar, siz daha
xoşbəxt ailə qura bilərsinız. Bir az səbr lazımdır, vaxt hər şeyi yoluna
qoyur.