“ Nərgiz Aliyəyə
nə tapşırmışdı, o, özünü necə aparırdı! Hər
kişini bəyənməyən bu “erkək” Aliyə Teymuru görəndə özünə necə sığal
çəkirdi. Elə canlanırdı, elə bil, nəsə tərpənirdi içində. Bu laqeyd qadın
dönüb olurdu nazənin bir dilruba.” - Bu gecə o, nə çox şey kəşf etdi! O,
Aliyənin Teymura biganə olmadığını bir neçə il bundan qabaq
görmüşdü. Onda Aliyə ərindən təzə boşanmışdı. Gözü düşmüşdü
Teymura. Aliyə də Mədinədən heç geri qalmırdı. Yaxşı ki, Teymur ona
bir elə məhəl qoymadı. Yoxsa keçirəcəkdi onu caynağına.
Nərgizin ürəyi partlayırdı. “İlahi, gör doğma qardaşına necə həsrət
qalıb!” Onu doyunca görə bilmir, üz-üzə oturub danışa bilmir, bölüşə
bilmir. Bəxtəvər o qızlardır ki, qardaşları onların dediyi ilə durub-oturur.
Nərgiz
Teymurun
mülayimliyini,
həlimliyini,
qəlbən
saflığını,
təmizliyini gözəl bilirdi. Elə buna görə qadınlar ondan qopmurdular.
Teymura görə nə qədər rəfiqəsi ilə gediş – gəlişi kəsmişdi. Nərgizin bu
qızlara ona görə acığı tuturdu ki, onlar evin astanasına ayaq basan kimi
Nərgizdən çox onun qardaşına valeh olur, bu evin gəlini, Teymurun
sevgilisi olmaq üçün daha nə hoqqalardan çıxmırdılar. Elə buna görə də
Nərgizi qəzəbləndirirdilər.
O, gözünü açandan qardaşını yanında görməyə adət etmişdi.
Qardaşı həmişə ona məxsus olmuşdu. Teymuru görməyəndə Nərgiz
darıxırdı. Teymur onun üçün “qoruyucu mələk” idi. Yadına gəlir,
valideynləri onu ilk dəfə məktəbə birinci sinfə aparmaq istəyənda onlara:
“ Siz yox, qoy Teymur aparsın,” -demişdi. Bir dəfə qonşunun ovçarka iti
ilə blokda üz-üzə çıxanda qışqırtısına həyətdə uşaqlarla oynayan Teymur
birinci özünü çatdırmışdı.
Bağda, dənizdə Teymur onu heç vaxt tək buraxmırdı. Özündə
bacısına qarşı böyük məsuliyyət duyurdu. Dənizdə üzüb uzaqlara
gedəndə Nərgiz onu haraylardı. Qayıtmadığını görəndə özünü suya
atardı, üzüb ona çatmağa çalışırdı. Teymur “Nərgiz batar”,- deyə tez
geri dönüb onun xatirinə sahildən uzaqlaşmazdı. Ona hər yerdə
“Teymurun bacısı” kimi hörmət edirdilər. Onun bütün şıltaqlıqlarına
dözən Rauf da bəlkə elə qardaşının xatirinə Nərgizin könlünə dəymirdi.
Raufa da ona görə ərə getmişdi ki, bunu ondan Teymur xahiş etmişdi.
Teymur onun dərslərini yoxlayırdı. Cəbri, həndəsəni, kimyanı,
fizikanı hövsələ ilə başa salardı. O, Nərgizə ad günündə, bayramlarda
hədiyyələr alırdı. Nərgiz ata – anasından çox Teymurun hədiyyələrinə
sevinərdi. Qardaşının gözəl zövqü vardı. Onun aldığı geyimlər Nərgizə
hamınkından çox yaraşırdı.
Gəlin getdiyi gün, Teymurla münasibətləri o uzaq uşaqlıq
illərindəki təki olmasa da o, ağ paltarda qardaşına yaxınlaşmış, onun
rəyini soruşmuşdu: “Əgər sənin xoşuna gəlirsə demək hamının xoşuna
gələcək,” - demişdi. Teymur onun alnından öpmüşdü. Onun gözlərinin
yaşardığına Nərgiz o vaxt əhəmiyyət verməsə də indi qardaşının bu
zərifliyindən kövrəlirdi. Amma budur, gör onlar bir-birilərindən necə
aralanmışlar. Qardaşı daha onu sevmir, onun arzuları ilə maraqlanmır,
ondan qaçır, ona hörmət etmir. “Nə üçün, kimin üstündə?! Yanında
küçüyü olan kiminsə artığının üstündə”. Aman Allah, bir qandan, bir
candan olasan belə yadlaşasan.
O, ağlayırdı. Gözü yaş görməyən Nərgiz qardaşının ağılsızlığına
ağlayırdı. “Qürursuz”. Belə gözəl olasan, amma qürurun olmaya.
Əlbəttə cadu eləyiblər. Elə Mədinə eləyib. Onun yaşıl gözlərindən
cadugərlik yağır. Bağlayıb Teymurun əl – qolunu, bəxtini, fikirlərini!
Doğma bacısını düşmən görür, doğma atasını düşmən görür.
Rufiyyəyə bax! Əlinə gözəl, ağıllı kişi verirəm, saxla da. Çək öz
tərəfinə. Könlü balıq istəyən quyruğu suda gərək. İndi ki görürsən o sənə
yan olmur, sən ona yan al. Deyirəm məsələ necə qurtardı, ağlayır.
Deyirəm ay qız, bu hər şey demək deyil, Teymurun ürəyi yuxadır, bir az
bərk yapışsan, hara getdi qabağına çıxsan, tez-tez zəng etsən, əllərini
boynuna dolasan... Nə olub, yaşa dolub ağırlaşmısan?! Bir vaxt ondan
qopmurdun”. Yenə yadına məktəb illəri düşdü. Doqquzuncu sinifdə
oxuyurdular. Rufiyyə bir gün ona yaxınlaşıb Teymuru soruşdu. Nərgiz
qəzəbindən ağız – dodağını dişlədi: “Sənin tayındır Teymur. O, tələbədir,
universitetdə oxuyur”. “Biz onunla görüşürük”,- Rufiyyə utanmadn
bildirmişdi. Hər gün kinoya gedirik. O, mənə şokoladlı dondurma,
pirojna alır”. Onda Nərgizin az qala ürəyi partlayacaqdı. Evə gəlib o
qədər ağladı ki! “İstəmirəm, istəmirəm, - qışqırırdı. Teymurun Rufiyyə
ilə kinoya getməsini istəmirəm”. Teymur da, ata-anası da ona təəccüblə
baxırdılar.
İndi də Nərgiz Rufiyyəgilə getməzdi, əgər Teymur ağlını itirib
Mədinə ilə evlənmək istədiyini deməsəydi. Rufiyyə kökəlmişdi,
eybəcərləşmişdi. Üzünün cizgiləri kobudlaşmışdı. Teymursa şux,
təravətliydi. Eyni ilə Mədinə kimi. Nərgiz Mədinəyə nifrət etsə də, bu
izdivacı ağlına belə gətirməsə də Mədinəni bəyənirdi.
Qardaşının kimin toruna düşdüyünü bilmək istədiyindən o hamıdan
gizli Mədinə işlədiyi binaya getmiş, qadın işdən çıxanda ona kənardan
baxmışdı. Ürəyi o dəqiqə sancmışdı! Lap kora da bəlli idi ki, Teymuru
ondan qopartmaq mümkün olmayacaqdı. Mədinənin adamlarla ədəbli
davranışı, ağır təbiəti, fikirli siması Nərgizə də xoş gəlirdi. Ona-buna
ağız büzən, hərədə bir eyb tapan Nərgiz Mədinənin gözəlliyinə,
şuxluğuna, mədəniyyətinə istər-istəməz valeh olmuşdu. Hardasa o, elə
Teymurun özünə oxşayırdı. Onun kimi əsmər, möhkəm bədən, şux idi.
Modellərə xas bişilmiş qamət, parlaq şabalıdı saçlar, qaynar, alovlu yaşıl
gözlər, tuşsuz, sürməsiz sıx qatlaq kipriklər. Həm də ağır, təmkinli,
ehtiyyatlı, dedikcə qürurlu, adamı əsir edən zahiri ilə uyuşmayan
ciddilik. O kişilərin üzündə gəzən baxışlarına məhəl qoymadan
soyuqqanlılıqla yeriyirdi.
Nərgiz imkan tapan kimi Mədinəni qarabaqara izləyirdi. Səhərlər
işə onu atası köhnə “Jiquli”də gətirirdi. İşdən çıxanda isə atası
olmayanda o, trolleybusla gedirdi. İstirahət günlərində heç yana
çıxmırdı. Hətta kinoya, teatra, kiməsə qonaq belə getmirdi. Mədinənin
qardaşı yox idi. Bacıları vardı. Nərgiz izə düşəndə axırıncı qız da ərə
getmişdi. Mədinə yalnız məzuniyyət vaxtı idarədən başqa şəhərlərə
putyovka alır, ya da elə Bilgəhdəki istirahət evində dincəlirdi.
Nərgiz tənbəllik etmədən Bilgəhə gedir, Mədinəyə lap yaxından
göz qoyurdu. Qadın çimərlik kostyumunun üstündən xalat geyinir,
azyaşlı gözəl qızcığazın əlindən tutub sahilə enirdi. Ləpədöyəndəki
skamyada oturur, jurnal, kitab oxuyurdı.
Adi çit xalatda da o gözəl görünürdü. Üzməyi bacarmırdı. Bəlkə
buna görə suya çox girmirdi. Onun nə fikirləşdiyini Nərgiz bilmirdi.
Ancaq üzü ehtirassız və qəmli idi. Uşaq da ürəkli deyildi. Tez-tez gəlib
anasının böyrünə sığınırdı.
Nərgiz Mədinə ilə danışmaq istəsə də bunu bacarmırdı. Qadının
ölçülüb-biçilmiş hərəkətləri, oturuşu, duruşu, o qədər ağayana idi ki,
Nərgizin boğazı quruyurdu. O bu qadının qarşısında özünün dünya
görünüşününmü, savadınınmı, mədəniyyətininmi, - nəyininsə naqisliyini
duyurdu.
“Yox, mən onu yox, o məni cadu edib. Yoxsa məni də hökmlü
duruşu, iradəsi ilə ovsunlayır?! Tülküdür, hiyləgərdir. İştahına bax!
Özündən kiçik subay oğlana ərə getmək istəyir. Özünü elə aparır ki,
güya onun heç belə fikri yoxdur”.
Dostları ilə paylaş: |