2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Azərbaycan teatrının Tofiq Kazımov zirvəsi: Tofiq
Kazımovun 95 illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd
kitabxana filialları üçün hazırlanmış metodik vəsait /
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
F. Köçərli ad.Respublika Uşaq Kitabxanası ; tərt.ed. A.Əliyeva;
ixt.red. və burax.məsul Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı:
F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. -30 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır.
Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm
bayramları, aşıq sənəti, meydan mərasimləri, “Qaravəlli” tipli
müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş,
milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi
əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr
sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır. XIX
əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən
ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına
güclü təkan verdi. Həmin dövr Azərbaycan teatrı üçün də
əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun
ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar
teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi
Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun
təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundovun
“Hekayəti-vəziri-xani
Lənkəran”
və
“Hacı
Qara”
komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də
bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini
qoydu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən
Azərbaycan ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada,
Naxçıvanda, həmçinin Tiflisdə, İrəvanda teatr tamaşaları təşkil
edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları
dövrün teatr repertuarlarını zənginləşdirirdilər. Rusiyada və
Avropada təhsil aldıqdan sonra vətənə qayıtmış azərbaycanlı
gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya
qoymaqla teatr həvəskarlarını dünya ədəbiyyatının nümunələri
ilə tanış edirdilər.
4
Azərbaycan teatr tarixinə bir çox görkəmli şəxsiyyətlər iz
qoyub getmişlər. Hərəsi də öz dəst-xətti, öz imzaları ilə. Teatr
tarixinə gəlişi ilə səs salan şəxsiyyətlərdən biri də xalq artisti,
istedadlı rejissor, görkəmli müəllim Tofiq Kazımovdur.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması,
inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.
Görkəmli ziyalı Tofiq Səməd Mənsur oğlu Kazımovun bu il 95
yaşı tamam olur. Bu münasibətlə bu vəsaiti işləməyi özümüzə
borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə “Səhnəmizin
fədaisi Tofiq Kazımov” adlanır və rejissorun həyat və
yaradıcılığından bəhs edir. II hissə isə “Teatr naxışlı ömür
sahibi” adlanır və yaradıcılığından bəhs edən tədbirlərdən
söhbət açılır.