1.Azərbaycanda əmvilərə qarşı çıxışlar.
734-741- ci illərdə Qafqaz cəbhəsində xəzərlərə qarşı döyüşlərdə müvəffəqiyyət
qazana bilmiş ərəblər, Xilafətin başqa bölgələrində, xüsusilə Orta Asiya və Şimali
Afrikada mərkzi hakimiyyət əleyhinə yönəlmiş çıxışların qarşısını almaqda çətinlik
çəkirdilər. Hicri tarixlə 126 (743-744- cü ildə), xəlifə Hişamdan sonrakı bir il
ərzində, Əbdülməlikin üç nəvəsi (II Vəlid, III Yəzid və İbrahim) xəlifə taxtında
biri digərini əvəz etdi. Hişamın Qafqazda canişin olan qardaşı Mərvan, məhz bu
dövrdə Asim ibn Abdullah ibn Yəzid əl- Hilalini Bərdədə öz yerində qoyub Şama
gedir və fəal surətdə hakimiyyət uğrunda mübarizəyə qoşulur. 744- cü ildə o,
Əməvilər sülaləsinin son xəlifəsi II Mərvan adı ilə fəaliyyətə başlayır. Lakin
xilafəti bürümüş dini- siyasi hərəkatın qarşısını almaq artıq mümkün deyildi.
İqtisadi vəziyyətin ağırlaşması da mövcud şəraiti həddən artıq gərginləşdirmişdi.
O dövr ictimai- siyasi tariximizin ən ətraflı şərhçilərindən biri olan IX yüzilin
ərəb tarixçisi əl- Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd xəlifə olan kimi
Azərbaycan və Ərməniyədə iğtişaşlar başlandı".
Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və
hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması,
güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla
yanaşı, ümumxalq qəzəbini coşdururdu.
Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət
sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə
sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq
iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri güclənirdi. Xilafətə
qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni
vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar
748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi
və onlara yerli feodal əyanlar başçılıq edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər
Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların
torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı.
Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb
mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da
üsyançılarla həmrəy idilər.
748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə,
Bərdəni və Ərdəbili əhatə etdi. Akademik Z.Bünyadov Xilafətə qarşı bu çıxışları
Pavlikanların təsiri ilə əlaqələndirir.
Ərəb üsuli- idarəsinə qarşı Azərbaycanda artan hərəkatın başında əl- Kufinin
"beyləqanlı" kimi təqdim etdiyi "əl- Qəssab" ləqəbli Müsafir ibn Kəsir (Küseyr)
dururdu. O, hələ Mərvanın öz canişinliyi dövründə Dərbəndə hakim təyin etdiyi
İshaq ibn Müslim əl- Uqaylinin köməkçisi idi. Xilafət mərkəzində hakimiyyət
uğrunda gedən dini- siyasi çəkişmədən öz mənafeləri üçün istifadə edən başqa yerli
feodallar kimi, Müsafir də vergi zülmündən, aramsız müharibələrdən zara gəlmiş
xalqın köməyi ilə hakimiyyəti ələ keçirmək, ərəb ağalığından qurtarmaq istəyirdi.
Yuxarıda qeyd etdiyim kimi, məhz, bu qarışıq dövrdə, Abbasi emissarları- dailəri
(dava- dəvət sözündəndir), yerlərdə mərkəzi hakimiyyətə qarşı təbliğat aparırdılar.
Əməvilərə qarşı yalnız peyğəmbər nəslinə mənsub olan Abbasilər və Ələvilər
deyil, eyni zamanda bütün müxalif qüvvələr, o cümlədən "xaricilər" təriqətinə
mənsub şəxslər də çıxış edirdilər. Əl- Kufinin yazdığına görə, Müsafiri və onun
tərəfdarlarını Xilafətə qarşı qaldıran da İraqda Əməvilərin əleyhinə çıxmış,
xaricilər təriqətinə mənsub əd- Dəhhak ibn Qeys əş- Şeybani (128/745-746- cı ildə
öldürülüb) olmuşdur.Özlərini islamın "saflığı" uğrunda mübarizlər kimi qələmə
verən, dinin vacib görüşlərinin ciddi icrası ilə fərqlənən "xaricilər" ali hakimiyyət
məsələsində həm xəlifənin yalnız qüreyşlərdən seçilməsi şüarı ilə çıxış edən
sünnilərə, həm də hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə iris keçməsi və
imamlığın (Xilafətin) dini mahiyyət daşıması nəzəriyyəsini müdafiə edən şiələrə
qarşı çıxırdılar.Xaricilər dini icmanın- dövlətin başçısının qeyd- şərtsiz seçki yolu
ilə seçilməsini qəbul edir, başçılığa namizədin mənşəyinə heç bir əhəiyyət
vermirdilər. Görünür, xaricilərin məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda
mübarizə aparanları özünə daha çox cəlb edirdi. Onların təbliğatı ilə Azərbaycanda
mərkəzi hakimiyyətə qarşı ayağa qalxmış beyləqanlı Müsafirin başçılığı ilə
cərəyan edən hadisələri tarixçi əl- Kufi belə təsvir edir: "... həmin Müsfir ibn Kəsir
onu dəstəkləyən adamların başında çox keçmədən Ərdəbilə çatır. Bu zaman burada
da xəlifənin hakimiyyətindən cana doymuşlar vardı. Onların sayı getdikcə
çoxalırdı. Həmin vaxt Beyləqandan olan vali Asim ibn Yəzid əl- Hilali bu işdən
xəbər tutur, qiyamçıların beyləqan əhalisindən olan iki başçısını yanına çağırtdırır.
onlardan birinin adı Aban ibn Maymun, o birininki isə Qüteybə ibn Sadaka idi.
Vali onların ikisini də tutub, Beyləqan zindanına saldırır. Xəbər qiyamçıların
başçısı, bu zaman Varsanda olan Müsafir ibn Kəsir əl- Qəssaba yetişir. Gecədən
xeyli keçmiş o, bir dəstə tərəfdarı ilə Varsandan çıxıb Beyləqana gəlir. Onlar
nərdivan qoyub, şəhər divarlarına çıxırlar. İsmət ibn Müslim Beyləqana birinci
daxil olur. O, qarovul dəstəsinin rəisini tutub, elə divarın üstündəcə başını kəsir.
Onlar Beyləqana girirlər. Əmir Asim ibn Yəzid əl- Hilali Bərdə şəhərinə
çəkilir...Qiyamçılar Qüteybə ibn Sadaka və Aban ibn Maymunu zindandan azad
edirlər... Beyləqana hər yerdən çoxlu adam axışır, tezliklə böyük bir ordu yığılır.
Müsafirin başçılıq etdiyi bu ordu Bərdəni tutmaq məqsaədi ilə Beyləqandan çıxıb,
çox keçmədən Yunana yetişir. Əmir Asim ibn Yəzid əl- Hilali bundan xəbər tutub,
öz adamlarını taplayır və qoşununu Bərdə qapıları yanında, Tərtər çayı boyunca
yerləşdirir. Müsafir, Asim ibn Yəzidin düşərgəsinə yetişir. Qiyamçılar "Allahu
əkbər" deyərək, Asimin ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdə
əmiri Asim ibn Yəzidin özü və bir çox əsgərləri öldürüler. Asimin oğlu Zəfər
qoşunun qalıqları ilə çox pis halda özlərini Bərdəyə çatdırırlar..."
Asim öldürüldükdən sonra xəlifə Mərvan Dərbənd hakimi İshaq ibn Müslim əl-
Uqaylini bütün Ərməniyəyə vali təyin edir. Əl- Kufinin məlumatına görə, o,
İshaqın qardaşı sərkərdə Əbdül Məlik ibn Müslim əl- Uqaylini isə Müsafirin
başçılıq etdiyi hərəkatı yatırmaq və xəzinəyə çatası xəracı toplamaq məqsədiylə
Bərdəyə göndərir. Növbəti döyüş Bərdə ilə Yunan arasında baş verir. Əbdül Məlik
özü öldürülür. Qardaşının yerini tutan İshaqla üsyançılar arasında qanlı döyüşlər
isə, qaynağın yazdığına görə, "Əbu Müslimin başçılığı ilə Xorasanda qara
bayraqlılar zühur edənədək davam etdi".
Doğurdan da Əməvilərə qarşı mübarizə dalğası artıq bütün vilayətləri bürümüşdü.
Bu çıxışların ən qüdrətlisi 747- ci ildə Mərv vadisində Əbu Müslim Xorasaninin
başçılığı ilə oldu. Üsyan tezliklə Qərbi İrandan İraq ərazisinə yayıldı. Dəclə
çayının sağ qolu Böyük Zab çayı üzərində üsyançıların ordusu ilə II Mərvanın
qoşunu arasında baş verən döyüş xəlifə əsgərlərinin məğlubiyyəti ilə nəticələndi. II
Mərvan bir dəstə yaxın adamları ilə Şama, sonra Fələstinə, oradan da Misirə qaçdı.
Yeniordu toplamaq cəhdləri boşa çıxan Mərvan Məğribə keçmək istərkən
öldürüldü. Beləliklə, Əməvilər sülaləsinin 90 illik ömrü başa çatdı. Xilafətdə
hakimiyyət Məhəmməd peyğəmbərin əmisi Abbasın nəslinin əlinə keçdi.
Ədəbiyyatda paytaxtının adı ilə Bağdad Xilafəti də adlandırılan Abbasilər
sülaləsinin (750- 1258) hakimiyyət dövrü başlandı.
Dostları ilə paylaş: |