137
Artıq 1922-ci ildən etibarən, gürcü hakimiyyət orqanları zaqatalalıların
Şirəkdəki sahələrindən istifadələrinə müəyyən maneələr törətməyə başladı. Həmin
ilin iyununda Azərbaycanın Xalq Torpaq Komissarlığı (XTK) tərəfindən təşkil
olunmuş xüsusi heyət Şirək çölündə Muğanlı bərə keçidindən başlayaraq, Alazanın
sağ
sahilində
cənuba doğru 10 verst istiqamətində Əliabad nahiyəsinə məxsus sahələri
təhqiq etdi.
17
Onun gedişində gürcülərin ərazini intensiv surətdə mənimsəməyə
girişdikləri aşkara çıxarıldı: tuşinlər təqribən 200 desyatin torpağı əkmiş, qalanında
isə öz mal-qaralarını otarırdılar. Özü də onlar, sadəcə, dinc təsərrüfat işləri ilə
məşğul olmayıb, Əliabad və digər kəndlərin sakinlərinin öz dədə-baba
torpaqlarından istifadə etmələrinə fəal şəkildə maneələr törədir, həmin kəndlərə
məxsus təsərrüfat tikililərini dağıdırdılar.
Bununla yanaşı, Alazanyanı vadinin qalan hissəsində zaqatalalılar öz
təsərrüfat işlərini aparmaqda davam edirdilər: həmin il onlar 2000 desyatindən
artıq sahəni şumlamışdılar.
Artıq 20-ci illərin əvvəllərində mübahisəli torpaq məsələsinə dair, ilk
növbədə lokal səviyyədə müəyyən razılığa gəlinməsinə cəhdlər göstərilmişdi. Hələ
1921-ci ilin dekabrın 12-də Zaqatala qəza icraiyyə komitəsinin o zamankı sədri
Z.Balaxlinskinin təşəbbüsü ilə Zaqatala və Sığnağın yerli hakimiyyət orqanlarının
müştərək iclası oldu.
18
Balaxlinski həmin tədbirdəki çıxışında tuşinlərin Şirəkdəki
torpaqları qanunsuzcasına qəsb etdiyini göstərdi. Onun sözlərinə görə, tuşinlər
mal-qara oğrularına bələdçiliklə də məşğul olurdular, Sıgnaq hakimiyyəti isə
onların bu əməllərinə göz yumurdu. Yeri gəlmişkən, gürcü hakimiyyət orqanları
münaqişənin davam
etdiyi müddət ərzində fəal surətdə öz vətəndaşlarının müxtəlif
qanunsuzluqlarını ört-basdır edirdi və hətta bəzən özü onları bu cür əməllərə təhrik
edirdi.
Bununla bərabər, Zaqatala rəhbərliyi tuşinlərin tutduqları yerlərdən təcili
çıxarılmasını təkid etməyərək, sadəcə sahələrdən istifadəyə görə Zaqatala qəza
torpaq şöbəsinə vergi ödəmələrini istəyirdi.
Cavab olaraq, gürcü nümayəndələri tuşinlərin ərazini Sığnaq qəza torpaq
komitəsinin müvafiq mandatı əsasında tutduqlarını söyləyirdilər. Öz iddialarını
əsaslandırmaq üçün onlar 1884-cü ilin xəritəsinə istinad edirdilər: o xəritəyə əsa-
sən, həmin torpaqlar məhz Sığnaq qəza təsisatlarının təsərrüfat sərəncamında hesab
olunurdu. Öz tərəfimizdən bir daha əlavə edərdik ki, göstərilən ərazilər inzibati
cəhətdən Zaqatala qəzasına aid edilmişdi.
Göründüyü kimi, Alazanyanı vadinin mənsubluğu məsələsi 20-ci illərin
əvvəllərində hələ açıq qalırdı.
1922-ci ilin noyabrın 12-də Zaqatala şəhərində Əliabad və Almalı
nahiyələrinin kənd cəmiyyətləri nümayəndələrinin iştirakı ilə xüsusi müşavirə
keçirildi.
19
Müşavirə gedişində ona sədrlik edən Abdullayev çox maraqlı və
mühüm faktı açıqlamışdı: Şirəkdəki torpaqlar 25 min qəza sakininin yaşayış
mənbəyi idi.
138
Tədbirdə iştirak edən Yengian cəmiyyətinin nümayəndəsi, 80 yaşlı
Məhəmməd Qarakişi oğlu və Əliabad cəmiyyətinin təmsilçisi Cümə Bədir oğlu
həmin torpaqların onlara əzəldən mənsubluğunu təsdiqlədilər. Bu şəxslərin
sözlərinə görə, çarizm dövründə Zaqatala dairəsi hakimiyyəti tərəfindən
Alazanyanı vadidə Qarabulaq adlı yerdə polis postu qoyulmuşdu. Bu faktın özü,
onların fikrincə, bir daha vadinin inzibati cəhətdən dairəyə mənsubluğuna dəlalət
edirdi.
Müşavirə mahal sakinlərinin türkcə Qaş, gürcülərin isə
Kedi adlandırdığı
(təəssüflər olsun ki, hal-hazırda birinci toponim unudulmuşdur) dağ silsiləsinədək
uzanan 17852 desyatin (19503 hektar) ərazinin (onun da qeyd etdiyimiz kimi
16337,5 des. təsərrüfata yararlı idi) Zaqatala qəzasına birdəfəlik birləşdirilməsi
haqqında hökumətə müraciət qəbul etdi.
Bu tədbirin baş tutduğu gün - noyabrın 12-də Zaqatala QİK-nin təşkil
etdiyi bir başqa müşavirə də keçirilmişdi. Orada məsələ ilə bağlı xüsusi
komissiyanın yaradılması təklifi irəli sürüldü və qərara alındı ki, «(Şirək)
məsələsinin qəti həllinədək (Cənubi Qafqazın) İttifaq Şurasından Zaqatala və
Sığnaq qəzaları arasında sərhəd kimi Alazan çayının deyil.., 1905-ci il xəritəsində
işarələnmiş və mövcud olmuş xəttin tanınması xahiş edilsin». Yeri gəlmişkən,
1905-ci il xəritəsində vadi Zaqatala dairəsi hüdudları daxilində göstərildiyindən,
Azərbaycan tərəfi ona istinad edirdi.
21
1922-ci ilin payızında Zaqatala və Sığnaq qəzaları arasında torpaq
mübahisələri Cənubi Qafqazın mərkəzi hakimiyyət instansiyalarının maraq
predmetinə çevrilir ki, bu da ixtilafın ciddiliyindən və əhəmiyyətindən xəbər
verirdi. O dövrdə Zaqafqaziya federasiyası İttifaq Şurası nəzdində sərhəd
məsələləri üzrə xüsusi komissiya fəaliyyət göstərirdi. Azərbaycanı ilk vaxtlar bu
qurumda İsrafil İbrahimov və Muxtar Hacıyev təmsil edirdi. 1922-ci ilin oktyabrın
30-da Azərbaycan Şuraları Mərkəzi İcraiyyə Komitəsi (MİK) sədri S.Ağamalıoğlu
və xalq torpaq komissarı F.Əliyev həmin şəxslərə təliqə göndərirlər.
22
Təliqədə
Zaqatala və Sığnaq qəzaları arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı
prinsiplərə əməl olunması barədə təlimat verilirdi. Ağamalıoğlu və Əliyevin
fikrincə, sərhədin təsbiti zamanı Alazanyanı vadi Zaqatala qəzasına daxil edilməli
idi. Bu zaman mübahisəli ərazinin böyük hissəsinin Zaqatala qəzasının sakinlərinin
istifadəsində olduğu, gürcülərin vadinin şimalında ələ keçirdikləri sahələrdə belə
zaqatalalıların xutorlarının (binələrinin) izlərinin qaldığı, həmin torpaqların
qədimdən xəzinə tərəfindən zaqatalalılara icarəyə verildiyi əsas kimi irəli
sürülürdü. Həmçinin təliqə müəllifləri sərhəd kimi Alazan çayının deyil, Qaş
(Kedi) sıra dağlarının seçilməsini təsərrüfat baxımından məqsədəuyğun hesab
edirdilər.
Bu təliqənin göndərildiyi gün, oktyabrın 30-da Zaqafqaziya Ölkə Partiya
Komitəsinin Rəyasət Heyəti Orconikidze, Nərimanov və Myasnikov tərkibli
Dostları ilə paylaş: |