1
Aqil ABBAS
DOLU
Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!
I FƏSİL
Xahiş edirəm, bu əsərdə
kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil.
A.Abbas
***
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər
bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yarada bilən çinarlar da çırpınıb-
çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day
sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan
şəhər özünü atdı bayıra...
... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da
dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə
də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər
vururdu - dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə,
amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi.
Elə ki dolu başladı, camaat həsrətlə gözlədiyi dolunun gətirdiyi zurna-qavalın səsini
eşitdi, sevinclə tökülərdi bayıra. Və çölə tökülən bu camaat dolunun tutmadığı bir yanda
daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə
ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən
Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri
döyəcləməsindən yaranan Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir
musiqiyə qulaq kəsilirdilər.
Balacalar isə böyüklərin əsəbləşmələrinə, çığırıb-bağırmalarına baxmazdılar, dolunun
altında sevinclə atılıb-düşər, yerdən ovuclayıb yığdıqları buz parçalarıyla bir-birini daşlar, arabir
də ağızlarına atıb konfet kimi sümürər, dolunun kefini çıxarardılar. Gecə də anaları yanlarını
şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi...
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər
bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da çırpınıb-çırpınıb
süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən yorulub day ulduzları da
sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan
şəhər özünü atdı bayıra.
... Amma Dolunun sevincini yaşamağa, gətirdiyi soyulmuş baldırğan qoxusunu
ciyərlərinə çəkməyə, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi musiqisinə
qulaq asmağa yox. Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə
bilmirdilər. Bu Dolunun musiqisindən ləzzət almaq olmurdu, bu Dolunun musiqisi insanların
beyninə bir dolu kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl yağırdı. Kimi harda
yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.
Sambist Eldarı gecə növbəsindən qayıdanda Lenin bağının başında yaxalamışdı, səhər
batalyonun uşaqları yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından parçalarını zorla
yığa bilmişdilər. Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə
almışdı, başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ
Lit.az
2
qolu qalıb evdə. Əlinə düşəndən babat vurub çarpayıya daş kimi düşmüş Kefli Çapay səhər
ayılanda evin ortasında parçalanmamış bütöv bir Dolunun sancıldığını görüb demişdi:
- Bunu kim göndərdi, ə?!
Hərə başını götürüb bu Doludan hara gəldi qaça bildikcə qaçmaq istəyirdi. Maşınlılar
colum-cocuğunu maşınına doldurub şəhərdən çıxarır, kəndə-kəsəyə üz tuturdu. Kənddə-kəsəkdə
doğması olmayanlar isə şəhərin kənarında Dolu tutmayan bir yerdə ya maşında, ya ağacların
altında gecələyirdilər. Maşınsızlar isə colum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın
ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar. Bu colum-
cocuğun baxışları onları dışardakı Doludan da bərk döyürdü.
Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş,yuxunun ən şirin yerində
tuturdu. Gecənin qaranlığından, Dolunun insanların beynini bir dolu kimi döyüb ruhunu əzən
şaqqıltısından çaşmış adamlar fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar.
Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə vururdusa... Maşını olanlar yenə
colum-cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə
colum-cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya
bağlayaraq xəcalətlərindən domuşmuş balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək
eləmirdilər...
... Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları önü düşmən, arxası isə heç nəyə
söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-
ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər.
- Allah, sən özün kömək ol!
- Allah, sən saxla...
Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş
Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl
qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə
ehtiyac olduğunu görüb mələkləri yer üzünə göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər
də yer üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Axırda Tanrının
yanına əliboş qayıtmaqdan qorxan mələklər təsadüfən göy üzü kimi təmiz, Zəmzəm bulağı kimi
saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Tökülmüşdülər səs sahibinin üstünə, qanından,
ruhundan bu qeyri-adi səsi soymuşdular və Tanrıya hədiyyə aparmışdılar.
Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az
yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu
ki, insanları məhşərə çəkib qiyami -qiyamət gününü qursun, şeytan bayram eləsin. Və indi Qədir
Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. Və bu
Yiyəsiz Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya yalvara-yalvara şəhərə yağan
Dolunun haranı vurduğunu dəqiqləşdirməyə çalışırdılar.
Pələng:
- Deyəsən, İmarəti vurur.
Evləri İmarətin böyründəydi.
Qeyrət Dağarcığı:
- Ə, yox, görmürsən mərkəzə düşür.
Drakon:
- Onda bizim evləri döyür ki!
Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, bu
Dolu onların hansının anasını döyüb, hansının balasını, hansının bütün ailəsini. Hər şeydən,
yalvarıb-yalvarıb bir şey çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri kəsilmiş bu
Yiyəsiz Övladlar hirslərindən-hikkələrindən əllərini, dodaqlarını gəmirirdilər. Elələri olurdu
bəzən dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli atılırdı və qarşıdan bağırtısız-
filansız ona atılan səliqəli-sahmanlı güllələrdən birinə qurban olurdu...
***