32
Nazim Hikmət yaradıcılığı Azərbaycanda təkcə ədəbiyyatşünaslıq nöqteyi-
nəzərindən deyil, fəlsəfi baxımdan da işlənmişdir. Deməyə borcluyam ki, bu sahədə ilk
addım atan, namizədlik dissertasiyasını müdafiə edən və sonra da elmi əsərini ayrıca
kitab şəklində nəşr etdirən Aytən Babayeva olmuşdur.
Müəllif bu əsərində Nazim Hikmətin fəlsəfi görüşlərində humanizm problemini üç
aspektdə şərh etmişdir: İnsan problemi və bunun Nazim Hikmətin dünyagörüşündəki
yeri, humanizm probleminin Nazim Hikmət dünyagörüşündə transformasiyası və
Nazim Hikmətin ideya dünyası.
Mən inanıram ki, Nazim Hikmət yaradıcılığının Azərbaycanda tədqiqi gələcəkdə
bir çox aspektləri əhatə edəcəkdir. Teatr sənəti, dil problemi, estetika yönümündən
Nazim Hikmətin poeziyası, dramaturgiyası, nəsri, ssenariləri alimlərimiz tərəfindən
tədqiq ediləcək, irəlidə daha sanballı, daha təqdirəlayiq əsərlər nəşr olunacaqdır.
Mən öz nitqimi Nazim Hikmətə həsr etdiyim bir şeirimlə bitirmək istəyirəm:
Salam, Nazim!
Yüz yaşın mübarək, Nazim
Sənin həsrətində olduğun
İstanbula gəldim!
Ölmədən əvvəl
Bu günü görmək üçün
muradıma ərdim!
***
Bu gün Sən,
bərbərin darağına belə üsyan edən
saçlarınla,
Günəşin türküsünü
içən və günəşlənən sirdaşlarınla
Məmləkətlər dolaşan
ölməz sözlərinlə,
Bizim Xəzər dənizinə bənzər
mas-mavi gözlərinlə
33
Bizimləsən!
***
Bu gün sən barış üçün can verən diləyinlə,
Parça-parça bölünmüş dünyamızın
Qəm yükünü daşıyan
Çat-çat olmuş ürəyinlə,
Qəlbindəki ağrıyla, acıyla,
Bir də
Gülhanə parkındakı Ceviz ağacıyla
Bizimləsən!
***
Bu gün sən Azərbaycan toprağında
daim anılan,
Bütün dünyamıza dalğa-dalğa yayılan,
Gur səsli bir nəğməsən!
***
Bu gün sən
“Saçımızın ağında
Ürəyimizin infarktında
Alnımızın cizgilərində” yaşayırsan!
Yüz min əlin var, ustad
Yüz min əllə toxunursan İstanbula...
Uğur ola!
Uğur ola, ustad!
Biz gedəriyik,
Sən qalansan!
Sən insanlıq yaşadıqca
Qaranlıqları aydınlatmaq üçün
Kərəm kimi yanansan!
Kərəm kimi yanansan!
34
NAZİM HİKMƏTİN TÜRKİYƏ VƏTƏNDAŞLIĞI
Nazim Hikmət axırıncı dəfə Moskvaya gəldikdən sonra o, türk vətəndaşlığından
çıxarılmışdı. Bunu Türkiyənin hakim dairələri elan etmişdilər, mətbuat bu elanı öz
səhifələrində dönə-dönə çap etmişdi. Böyük sənətkarın adını «Vətən xaini»
qoymuşdular. O da Türkiyənin hakim dairələrinə müraciətlə demişdi ki, əgər Vətən
sizin çek dəftərçələrinizdirsə, acından gəbərməkdirsə, mən belə Vətənin düşməniyəm.
O, 1957-ci ildə məşhur “Ceviz ağacı” şeirini yazmışdı: “Ben bir ceviz ağacıyım
Gülhane parkında, ne sen bunun farkındasın, ne de polis farkında.” Yəni Nazim Hikmət
demək istəyirdi ki, siz hakim dairələr məni vətəndaşlıqdan çıxarsanız da, mən bir Ceviz
ağacı kimi Gülhanə parkındayam. Bunu nə siz görürsünüz, nə də polis. Yəni mən
Türkiyədəyəm – ruhumla, varlığımla, şeirlərimlə.
Son illər Nazimə türk vətəndaşlığının qaytarılması ilə əlaqədar Türkiyənin hakim
dairələrinə çoxlu müraciətlər göndərilmişdi. Bu müraciətlərdən biri haqqında Bakıda
çıxan “Ekspress” qəzetində (8 noyabr 2000-ci il) bir informasiya verilmişdi.
İnformasiya belə idi:
“Türkiyədə solçular Baş nazirə müraciət ediblər.
Onlar N.Hikmətin vətəndaşlığının bərpasını tələb edirlər.
Türkiyənin sol yönümlü partiyaları, kommunistlər və sosialistlər vəfat etmiş böyük
türk şairi Nazim Hikmətin ölümündən sonra vətəndaşlığının bərpa edilməsi ilə bağlı
Baş nazir Bülənd Ecevitə müraciət ediblər. Müraciəti beş yüz min adam imzalayıb.
Xatırladaq ki, Nazim Hikmət kommunist olub və ömrünün bir neçə ilini həbsdə
keçirib. 1950-ci ildə Türkiyədən qaçarkən şair vətəndaşlıqdan məhrum edilib. Ömrünün
son illərini Moskvada keçirən Nazim Hikmət bu şəhərdə də vəfat edib. Sonralar solçu
partiyaların fəaliyyəti nəticəsində şairin üzərindən “vətən xaini” damğası götürülüb.
Böyük türk şairinin əsərləri əlli dilə tərcümə edilib. Bir neçə gün əvvəl isə Türkiyənin
Mədəniyyət Nazirliyi YUNESKO-ya məktub göndərərək Nazim Hikmətin 2002-ci ildə
yüz illiyinin keçirilməsi ilə bağlı müraciət edib.”
Nazim Hikmətin yüz illik yubileyi ərəfəsində Azərbaycan Yazarlar Birliyi Nazim
Hikmətə türk vətəndaşlığının qaytarılması ilə əlaqədar Türkiyə Cümhuriyyətinin
35
Prezidentinə, Baş nazirə müraciət etmişdi. Günlərin birində Azərbaycan mətbuatında
maraqlı bir xəbər çap olundu. Sən demə, Nazim Hikmət hər zaman Türkiyə
Cümhuriyyətinin vətəndaşı olmuşdur. Həmin xəbəri sizə təqdim edirik:
“Nazim Hikmət hər zaman Türkiyə Cümhuriyyətinin vətəndaşı olmuşdur.
1951-ci ilin iyulun 25-də Türkiyə Cümhuriyyətinin Nazirlər Kabineti Nazim
Hikmətin ölkə vətəndaşlığından çıxarılması haqqında qərar qəbul etmişdi. Bu qərar ən
çox böyük şairi kədərləndirmiş, qürbətdə yaşasa da, bütün yaradıcılığı boyu ana
Vətəninə sevgi və həsrətini dilə gətirmişdir. Böyük şairin yüz illik yubileyi ilə əlaqədar
Türkiyənin bir çox ictimai təşkilatı hökumətə Nazim Hikmətin vətəndaşlığının bərpa
olunması barədə müraciət etmişdir. Ölkənin Daxili İşlər Nazirliyi arxiv sənədlərini
araşdırmış və inanılmaz bir səhvi meydana çıxarmışdır. Rəsmi sənədlərə görə, şair heç
bir zaman vətəndaşlıqdan çıxarılmamışdır. Vaxtilə vətəndaşlıqdan çıxarılan Nazim
Hikmət rəsmən heç bir zaman mövcud olmayan şəxs idi. Böyük şairin tam, rəsmi
sənədlərdə gedən adı isə Mehmet Nazim Randır. Bu səbəbdən də əslində şair
vətəndaşlıqdan çıxarılmamışdır. Hətta Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi
sənədlərinə əsasən, Mehmet Nazim Ran hələ də sağdır və 100 yaşındadır. Şairin heç bir
zaman ləğv olunmayan vətəndaşlıq qeydiyyat nömrəsi isə 2075306252-dir.
Uzun zamandır Türkiyədə Nazim Hikmətin vətəndaşlığının bərpa edilib-
edilməməsi mövzusunda müzakirələr aparılırdı. Daxili İşlər Nazirliyi tərəfindən verilən
məlumat buna son nöqtəni qoydu. Nazim Hikmət hər zaman Türkiyə Cümhuriyyətinin
vətəndaşı olmuşdur.”
Qeyd. Sonralar N.Hikmətin Türk vətəndaşlığı rəsmi şəkildə bərpa olundu.
Dostları ilə paylaş: |