Hesab edirəm ki, siqaret buraxılması üzrə firmanın sahibi öz milyonları ilə
Missuri ştatının fermerinin – cibində bir dollar belə olmadan səksən doqquz
yaşında vəfat etmiş atamın nail olduğu uğurun heç yarısına da çatmamışdı.
Məşhur Meyo qardaşları bildiriblər ki, ölkəmizdə xəstəxana çarpayılarının
yarısından çoxu əsəb xəstəliklərindən əziyyət çəkən adamlar tərəfindən tutulub.
Lakin həmin adamlar öləndən sonra onların əsəbləri güclü mikroskop altında
nəzərdən keçiriləndə aydın olur ki, əksər hallarda onların əsəbləri Cek
Dempsinin əsəbləri kimi sağlamdır. Deməli, bu adamlarda əsəb xəstəliklərini
əsəb sisteminin fiziki pozuntuları yox, ümidsizlik, frustrasiya, narahatlıq, qorxu,
məğlubiyyət, əlacsızlıq kimi emosiyalar doğurmuşdur. Platon demişdi ki,
“həkimlərin ən böyük səhvi onların insanın ruhunu müalicə etməyə cəhd belə
eləmədən onun bədənini müalicə etmələrindən ibarətdir; lakin ruh və bədən
özləri ilə vahid bütövü təcəssüm etdirirlər və onları ayrı-ayrılıqda müalicə etmək
qeyri-mümkündür”.
Bu böyük həqiqəti dərk etmək üçün tibb elminə iyirmi üç yüzillik tələb
olundu. Biz səhiyyənin psixosomatik təbabət adlanan yeni sahəsini yalnız indi
inkişaf etdiririk. Bu tibb sahəsi eyni vaxtda həm ruhu, həm də bədəni müalicə
edir. Biz bu elmin təkmilləşdirilməsiylə çoxdan məşğul olmalı idik. Səhiyyə çiçək,
xolera, sarılıq və onlarla digər bu kimi, milyonlarla insanı bivaxt məzara aparan
infeksion xəstəlikləri əsas etibarilə ləğv etmişdir. Lakin tibb elmi mikrobların
deyil, emosiyaların – narahatlıq, qorxu, nifrət, frustrasiya və əlacsızlıq
emosiyalarının meydana çıxardığı psixiki və fiziki pozuntuların öhdəsindən
indiyə qədər də gələ bilmir. Bu emosional pozuntuların qurbanlarının sayı faciəvi
sürətlə artır.
Həkimlərin hesablamalarına görə, hazırda yaşayan amerikalıların hər iyirmi
nəfərindən biri ömrünün bir hissəsini ruhi xəstələr üçün müəssisələrdə
keçirəcəkdir. İkinci Dünya müharibəsi dövründə orduya çağırılan cavan
insanların hər altı nəfərindən biri psixiki pozuntu səbəbindən orduda xidmətdən
azad edilmişdi.
Psixiki xəstəlikləri meydana çıxaran nədir? Bu suala qənaətbəxş cavabı heç
kim verə bilməz. Lakin əksər hallarda qorxu və narahatlıq buna şərait yaratmış
olur. Səksəkəli və küncə qısnanmış, real dünyaya uyğunlaşmağı bacarmayan
individ özünü əhatə edən mühitlə bütün əlaqələrini qırır və öz təxəyyülündəki
fərdi dünyasına çəkilir. Bu minvalla o, həyəcan və təlatümlərdən azad olmağa
çalışır.
Mən bu sətirləri yazarkən yazı stolumun üstündə doktor Edvard Podolskinin
“Narahat olmağa son qoyun və normal həyat yaşayın” adlı kitabı var. Aşağıda bu
kitabın bəzi fəsillərinin adları göstərilir:
“Narahat olmaq ürəyə necə təsir edir”, “Yüksək qan təzyiqi və onun
narahatlıqla əlaqəsi”, “Revmatizmi narahatlıq meydana çıxara bilər”. “Mədəniz
üçün az narahat olun”, “Narahat olmaq soyuqdəymə ağrılarını necə meydana
çıxara bilər”, “Narahatlıq və mədəaltı vəzi”, “Narahatlıq səbəbindən meydana
çıxan diabet”.
Narahatlıqla mübarizə problemlərinə başqa bir kitab da həsr olunub: “İnsan
özü özünə qarşı”. Bu kitab məşhur psixoloq Karl Menninher tərəfindən yazılıb.
Doktor Menninherin kitabı mənfi emosiyalara öz həyatımızda dominant təşkil
downloaded from KitabYurdu.org
etməyə imkan verəndə özümüzə nə qədər böyük ziyan vurduğumuzun
heyrətamiz kəşfini təcəssüm etdirir. Əgər siz öz həyatınızı dağıtmağa son
qoymaq istəyirsinizsə, bu kitabı alın. Onu oxuyun. Kitabın qiyməti dörd dollardır
və bu, sizin həyatınızda etdiyiniz ən yaxşı pul yatırımlarından biri olacaqdır.
Narahatlıq hətta ən fleqmatik adamı da xəstə edə bilər. General Qrant bunu
Vətəndaş müharibəsinin başa çatdığı mərhələdə hiss etmişdi. Baxın nə danışırlar.
Qrantın qoşunları Riçmondu doqquz ay idi mühasirə vəziyyətində saxlayırdı.
General Linin cır-cındır içində və ac dəstələri darmadağın edilmişdi. Bütöv
alaylar fərarilik etmişdi. Düşmənin digər əsgərləri öz çadırlarında kütləvi dua
mərasimləri keçirir, qışqırır, ağlayır və sayıqlayırdılar. Son yaxında idi. Linin
əsgərləri Riçmondda pambıq və tütün anbarlarını, cəbbəxananı yandırdılar və
alovun nərildədiyi şəhərdən gecə ikən qaçdılar. Qrantın ordusu düşməni daban-
dabana təqib edərək cənublulara hər iki cinahdan və arxadan həmlələr edir,
həmin vaxtda isə Şeridanın süvariləri qabaqdan zərbə endirərək öz yolları
üstündə dəmir yolu xətlərini partladır və hərbi yük dolu qatarları ələ keçirirdilər.
Dəhşətli baş ağrısından yarıkor vəziyyətdə olan Qrant öz ordusundan geri
qalmışdı və bir fermerin evində dayanmışdı. “Mən bütün gecəni, –
memuarlarında xatırlayır o, – ayaqlarımı isti vannaya sallayaraq və xardallı
sarğını biləklərimə və başıma bağlayaraq keçirdim. Ümid edirdim ki, səhərə sa-
ğalaram”.
Növbəti səhər üçün o ani olaraq sağaldı. Və onu xardal sarğısı yox, bütün
yolu dördayaq atı çaparaq gələn süvari əsgərin ona verdiyi sevinc xəbəri oldu.
Əsgər ona Linin göndərdiyi, generalın təslim olmaq istəyi ifadə olunmuş məktub
vermişdi.
“Zabit (mənə məktubu gətirən) mənə yaxınlaşanda, – yazır Qrant,
– hələ də başağrısından əziyyət çəkirdim, lakin məktubu oxuyan andaca
sağaldım”.
Tamamilə aşkardır ki, məhz narahatlıq, əsəb gərginliyi və emosiyalar idi
Qrantın xəstəliyini doğuran. O, özünə inam duyanda, əldə olunan uğurdan və
qələbədən sevinc keçirəndə emosiyalar fərqli çalar alan kimi general sağaldı.
Üstündən yetmiş il keçəndən sonra Franklin Ruzveltin administrasiyasında
maliyyə naziri Henri Morqentau-oğul aşkar etmişdi ki, narahatlıq onu
başgicəllənmə halına çatana qədər əldən salır. O, öz gündəliyində yazırdı ki,
prezident buğdanın qiymətini qaldırmaq üçün bir günün içində 4 400 000 buşel
buğda alanda o çox bərk narahat olmuşdu. Gündəliyində yazırdı ki, “bundan
xəbər tutanda, hərfi mənada, başım gicəlləndi. Evə getdim və lençdən sonra iki
saat yatdım”.
Narahatlığın insanları nəyə gətirib çıxardığını görmək üçün nə kitabxanaya,
nə də həkimə getmək lazım deyil. Mənə bu kitabı yazdığım otağın pəncərəsindən
baxmaq kifayətdir və narahatlığın əsəb pozuntusuna gətirib çıxardığı evi bir
kvartal həddində görəcəyəm – bir başqa evi də, hansında ki, adam özünü
narahatlıqla diabetə çatdırıb. Fond birjasının səhmlərinin qiyməti düşəndə onun
qanında və sidiyində şəkərin miqdarı artmışdı.
Məşhur fransız filosofu Monten öz doğma şəhəri Bordonun meri seçiləndə
həmşəhərlilərinə bu sözlərlə müraciət etmişdi: “Mən sizin işlərinizi öz əllərimə
almağa razıyam, amma qara və ağciyərlərimə yox”.
downloaded from KitabYurdu.org