Haqqında danışdığım qonşum yol verdi ki, fond birjasında vəziyyət onun
qanına təsir etsin və bu, onu az qala öldürmüşdü.
Narahatlıq sizdə revmatizm və ya artrit meydana çıxara və sizi həmişəlik əlil
arabasına pərçimləyə bilər. Kornel Universitetinin professoru, tibb elmləri
doktoru Rassel L.Sesil artrit üzrə dünya miqyasında məşhur olan mütəxəssisdir.
O, artritin inkişaf etməsinə şərait yaradan əsas dörd şərti göstərmişdir:
1. Ailə həyatının dağılması;
2. Maliyyə faciəsi və ya hansısa bir dərd;
3. Tənhalıq və narahatlıq;
4. Uzun müddət ürəyə salınan kin-küdurət.
Aydın məsələdir ki, bu dörd emosional vəziyyət – artritin heç uzaqdan-uzağa
da yeganə səbəbləri deyil. Artritin müxtəlif səbəblərdən meydana çıxan bir çox
növləri mövcuddur. Lakin təkrar edirəm, artritin inkişafına gətirən ən çox
yayılmış şərtlər doktor Rassel L.Sesil tərəfindən göstərilən amillərdir. Məsələn,
dostum maliyyə böhranı dövründə elə ağır ziyan çəkdi ki, qaz kontoru onun
evində qazı bağladı, bank isə onu öz evini girovdan çıxarmaq hüququndan
məhrum etdi. Bu adamın həyat yoldaşı gözlənilmədən artrit pristupu keçirdi.
Dərman və pəhrizə baxmayaraq, ailənin maliyyə vəziyyəti düzəlməyənə qədər
artrit müalicə olunmurdu.
Narahatlıq dişlərin kariyesini meydana çıxara bilər. Doktor Uilyam
İ.L.Makqoniql Amerika Stomatoloji Assosiasiyasının toplantısında etdiyi çıxışında
demişdi ki, “narahatlığın, qorxunun, qərəzli münasibətin... doğurduğu
xoşagəlməz emosiyalar orqanizmdəki kalsiumun balansını poza və kariyes
meydana çıxara bilər”. Doktor Makqoniql bir pasient haqqında danışmışdı ki,
həyat yoldaşı qəfildən xəstələnməyənə qədər bu pasientin dişləri əla vəziyyətdə
idi. Həyat yoldaşının xəstəxanada olduğu üç həftə ərzində onun ağzında doqquz
karioz səth əmələ gəlmişdi. Bu, narahatlıqdan meydana çıxmışdı.
Siz nə vaxtsa mədəaltı vəzi xəstəliyinin aydın üzə çıxdığı bir adamla
rastlaşmısınız? Mən belə adamlarla rastlaşmışam və sizə deməliyəm ki, onlar
əsirlər, titrəyirlər və belə təsir bağışlayırlar ki, nədənsə ölümcül qorxublar.
Bütün orqanizmin həyat fəaliyyətini nizamlayan mədəaltı vəzin funksiyası
pozulub. Bu, ürəyin işini sürətləndirir və bütün orqanizm havaçəkəni açıq olan
qıpqırmızı qızarmış sobanı xatırladır. Cərrahiyyə əməliyyatı və ya müalicə yolu
ilə tədbirlər görülməsə, ölümlə nəticələnə bilər. Bu vaxt xəstənin “özünü
yandırması” baş verir.
Lap bu yaxınlarda mən bu xəstəlikdən əziyyət çəkən dostumla Filadelfiyaya
getmişdim. Biz ora dostumu bu tip xəstəliklərin müalicəsi ilə, demək olar, otuz
səkkiz il məşğul olan məşhur mütəxəssisə göstərməyə getmişdik.
Onun dostuma verdiyi birinci sual bu oldu: “Orqanizminizin bu vəziyyətini
hansı emosional sarsıntılar meydana çıxarıb?” O, dostumu xəbərdar etdi ki, əgər
narahat olmağa son qoymasa, onda ürək xəstəliyi, mədə xorası və diabet kimi
ağırlaşdırıcı hallar yarana bilər. “Bu xəstəliklərin hamısı, – dedi həkim, – yaxın
qohumlardır”. Sözsüz ki, onlar yaxın qohumdur, axı onların hamısını doğuran
narahatlıqdır!
downloaded from KitabYurdu.org
Merl Oberondan müsahibə alanda o, mənə dedi ki, narahat olmağa son
qoyub. O bilirdi ki, narahatlıq onun kinoaktrisa kimi əsas sərvətini – cəlbedici
xarici görkəmini dağıtmış olardı.
“İlk dəfə kinoya çəkilmək istəyəndə, – xanım Merl Oberon xatırlayırdı, –
həyəcanlanmış və qorxmuşdum. Mən Hindistandan indicə qayıtmışdım və
Londonda iş almağa çalışsam da, burada heç kimi tanımırdım. Bir neçə
prodüserin yanında oldum, lakin onlardan heç biri məni kinoya çəkilməyə dəvət
etmədi. Sərəncamımda olan elə də çox olmayan pul yavaş-yavaş tükənirdi. İki
həftə ərzində yalnız quru peçenye və su ilə dolanırdım. İndi mən, sadəcə olaraq,
narahat deyildim. Mən ac idim. Özümə dedim: “Bəlkə sən axmaqsan. Bəlkə
kinoya heç vaxt düşə bilməyəcəksən. Əvvəl-axır, axı sənin təcrübən də heç
yoxdur. Sən heç vaxt çıxış etməmisən. Sən yeganə nə iləsə cəlb edə bilərsənsə də
– bu da sənin gözəl sifətindir”.
Mən güzgüyə yaxınlaşdım. Və özümə baxanda narahatlığın xarici
görkəmimin başına nə oyun açdığını gördüm! Güzgüdə onun sifətimdə yaratdığı
qırışları gördüm. Güzgüdə həyəcanlı sifət ifadəsi gördüm. Onda mən özümə
dedim: “Sən buna dərhal son qoymalısan! Sən həyəcanlanmağı özünə qıya
bilməzsən. Sənin təklif edə biləcəyin yeganə nə varsa, bu da xarici görkəmindir,
amma narahat olmaqla gözəlliyini məhv edirsən!”
Narahatlıq kimi qadını qocaldan, onu acıqlı edən və onun gözəlliyini bu
qədər tez məhv edə bilən başqa nə isə çox azdır. Narahatlıq sifətə insanı özündən
itələyən ifadə verir. O, bizi alt və üst çənələrimizi bir-birinə sıxmağa məcbur edir
və bizim üzümüzü qırışlarla örtür. Narahatlıq sifətə qaşqabaqlı görkəm verir.
Narahatlıqdan bizim saçlarımıza dən düşə, bəzi hallarda isə onlar hətta tökülə də
bilər. Narahatlıqdan sifətin dərisi korlanır – onun üzərində müxtəlif səpmələr,
dermatit və çibanlar əmələ gəlir.
Ürək xəstəlikləri hazırda Amerikada bir nömrəli qatildir. İkinci Dünya
müharibəsi dövründə döyüş meydanlarında, demək olar, üçdəbir milyon
(amerikalı) kişi həlak olmuşdu. Lakin elə həmin müddətdə də ürək xəstəlikləri iki
milyon mülki şəxsi öldürmüş və ölümlə nəticələnən bu hadisələrin bir milyonunu
narahatlıq və fövqəladə gərgin həyatla bağlı meydana çıxan ürək xəstəlikləri
törətmişdir. Həqiqətən də, doktor Aleksis Karreli bu sözləri deməyə sövq edən
əsas səbəblərdən biri ürək xəstəliyi olmuşdur: “Narahatlıqla mübarizə aparmağı
bacarmayan işgüzar insanlar cavan ölürlər”.
Birləşmiş Ştatların cənubunda yaşayan zəncilər və çinlilər narahatlığın mey-
dana çıxardığı ürək xəstəliklərindən nadir hallarda əziyyət çəkirlər, çünki onlar
belə şeylərə sakit baxırlar. Həkimlər kənd təsərrüfatı fəhlələriylə müqayisədə
ürək çatışmazlığından iyirmi dəfə çox ölür. Həkimlər gərgin həyat tərzi
yaşayırlar və bunun bahasını da ödəyirlər.
“Tanrı bizim günahlarımızı bizə bağışlaya bilər, – demişdi Uilyam Ceyms, –
amma əsəb sistemi – heç vaxt”.
Bizim qarşımızda ən sarsıdıcı və ağlasığmaz fakt dayanır: öz həyatına
intiharla son qoyan amerikalıların sayı ən çox yayılmış infeksion xəstəliklərdən
ölənlərin sayından ilbəil daha çox olur.
Niyə? Əksər hallarda cavab birdir: “Narahatlığa görə”.
downloaded from KitabYurdu.org