Hazırda əməkdaşlarım mənə öz problemləriylə bağlı nadir hallarda müraciət
edirlər. Niyə? Ona görə ki onlar başa düşüblər – təklif edilən dörd suala cavab
vermək üçün faktların hamısını toplamalı və problemlərini təhlil etməlidirlər.
Bunu edəndən sonra isə onların dörd haldan üçündə mənimlə konsultasiyalara
ehtiyacları qalmır. Düzgün qərar öz-özünə, bişmiş çörək elektrik tosterindən
çıxan kimi meydana gəlir. Hətta konsultasiyaların zəruri olduğu hallarda da
keçmişdə olduğunun yalnız üçdəbiri qədər vaxt tələb olunur; çünki diskussiya
nizamlı surətdə, məntiqi ardıcıllıqla gedir və nəticədə biz ağlabatan bir qərara
gəlirik.
“Saymon ənd Şuster” nəşriyyatında indi işdəki çatışmazlıqlarla bağlı
narahatlıq və söhbətlərə əvvəlkindən qat-qat az vaxt sərf olunur. Əvəzində
fəaliyyətin yaxşılaşdırılması üçün daha çox iş görülür”.
Dostum, Amerikada sığorta kompaniyalarının aparıcı mütəxəssislərindən
biri olan Frenk Bettcer mənə analoji metodun köməyi ilə işdə vəziyyətlə bağlı
narahatlıqlarını təkcə azaltmağa deyil, həm də öz gəlirini, demək olar, ikiqat
artırmağa necə müvəffəq olduğunu danışmışdı.
“Bir neçə il əvvəl, – deyir Frenk Bettcer, – mən hələ sığorta agenti qismində
fəaliyyətimə başlayanda işimə hədsiz entuziazm və sevgi ilə bağlı idim. Sonra nə
isə baş verdi. Mən ümidsizliyə qapandım və özümdə bu işə nifrət duydum. Hətta
işdən çıxmaq barədə fikirləşməyə başlamışdım. Çox güman, elə bu işi atacaqdım
da, lakin növbəti şənbə günü birdən ağlıma oturmaq və həyəcanlarımın səbəbini
aydınlaşdırmağa cəhd etmək fikri gəldi.
1. Hər şeydən əvvəl, özümə sual verdim: “Problem məhz nədən ibarətdir?”
Problem aşağıdakından ibarət idi: mən lap çox sayda adamla görüşə gedirdim,
gəlirlərim isə kifayət qədər yüksək deyildi. Sığorta prospektlərinin satışı üzrə
işlərim pis getmirdi. Lakin sığorta haqqında müqavilə imzalamaq gələndə isə hər
şey ilişib dayanırdı. Müştərilər çox vaxt mənə deyirdilər: “Təklifiniz barədə
fikirləşdim, cənab Bettcer, bir dəfə də mənə baş çəkərsiniz”. Müştərilərə əlavə
baş çəkməyə vaxt sərf etmək zərurəti məni naümid hala salırdı.
2. Özümdən soruşdum: “Problemin mümkün həll yolları hansılardır?” Lakin
bu suala cavab vermək üçün faktları öyrənmək tələb olunurdu. Son on iki ay
üçün öz qeydiyyat kitabımı açdım və rəqəmləri təhlil etdim.
Və heyrətamiz kəşf elədim! Məhz burada mürəkkəblə kağızın üzərində
yazılmışdı ki, sığorta polislərinin yetmiş faizi mən müştərilərə birinci dəfə baş
çəkəndə rəsmiləşdirilib. Sığorta polislərinin iyirmi üç faizi mən eyni müştəriyə
ikinci dəfə baş çəkəndə satılıb. Və sığorta polislərinin yalnız yeddi faizi üçüncü,
dördüncü, beşinci və s. təkrar görüşdən sonra bağlanıb. Məhz həmin bu təkrar
vizitlər ən çox vaxtımı alır və mənə çox böyük narahatlıq gətirirdi. Başqa sözlə,
vaxtımın, hərfi mənada, yarısını bağladığım müqavilələrin vur-tut yeddi faizini
verən fəaliyyətə sərf edirmişəm.
3. Cavab nədir? Cavab aydın idi. İkincidən sonrakı vizitlərimin hamısına
dərhal son qoydum, ixtiyarımda olan boş vaxtımı isə perspektivli müştərilərin
axtarıb tapılmasına sərf etməyə başladım. Beləliklə də, hər müqavilənin dəyərini,
demək olar, ikiqat artırdım!”
Artıq dediyim kimi, Frenk Bettcer hazırda Amerikada sığorta sahəsində ən
tanınmış xadimlərdən biridir. O, Filadelfiyada “Fideliti Myuçuel” kompaniyasında
downloaded from KitabYurdu.org
işləyir və hər il milyon dollar dəyərində sığorta müqaviləsi bağlayır. Amma
vaxtilə o, karyerasından imtina etməyə hazırlaşırdı. Qarşısında duran problemin
yalnız təhlili onu uğura aparan yola çıxardı.
Siz həmin sualları öz işgüzar problemlərinizin həll edilməsi üçün istifadə edə
bilərsinizmi? Təkrar edirəm – onlar bizim narahatlığımızı əlli faiz azalda bilər.
Həmin suallar bunlardır:
1. Problem nədən ibarətdir?
2. Problemi meydana çıxaran nədir?
3. Problemin mümkün həll yolları hansılardır?
4. Siz hansı həll yolunu təklif edirsiniz?
Xülasə
Qayda 1: Faktları toplayın. Kolumbiya Universitetinin dekanı Hokosun
dediklərini yadda saxlayın: “Dünyadakı narahatlıqların yarısı öz qərarlarını
tələm-tələsik, kifayət qədər informasiya əldə etməzdən əvvəl qərar qəbul
eləməyə cəhd göstərən adamlar tərəfindən meydana çıxarılır”.
Qayda 2: Faktları çox dəqiq təhlil edəndən sonra qərar qəbul edin.
Qayda 3: Qərar artıq qəbul olunanda hərəkətə keçin. Öz qərarınızın həyata
keçirilməsiylə məşğul olun və nəticə ilə bağlı narahatlığı tamamilə kənara atın.
Qayda 4: Siz və ya əməkdaşlarınızdan kim isə hər hansı problemlə bağlı
narahat olmağa meyil edəndə bu sualları və onların cavablarını yazın:
a. Problem nədən ibarətdir?
b. Problemi meydana çıxaran nədir?
c. Mümkün həll yolları hansılardır?
d. Ən yaxşı həll hansıdır?
Bu kitabdan maksimal fayda hasil etməyə
imkan verən doqquz məsləhət
1. Əgər siz bu kitabdan maksimal fayda hasil etmək istəyirsinizsə, bir mütləq
tələbi yerinə yetirin. Bu tələb sizə istənilən qayda və metoddan daha çox
vacibdir. Yox, əgər siz bu əsas məsləhətə əməl etməsəniz, onda kitabı
öyrənməklə bağlı min qayda da sizə kömək etməyəcək. Əgər siz bu ən vacib
verginin yiyəsisinizsə, onda siz hansısa bir kitabdan maksimal fayda hasil
etməklə bağlı heç bir məsləhət oxumadan da möcüzələr törədə biləcəksiniz.
Həmin magik tələb nədən ibarətdir? Budur, o, nədən ibarətdir:
Öyrənməklə bağlı coşqun istək, narahat olmağa son qoymaq və yaşamağa
başlamaqla bağlı hədd-hüdudu olmayan qətiyyət.
Bu cür istəyi özündə necə inkişaf etdirmək olar? Bu qaydaların sizin üçün nə
qədər böyük əhəmiyyət kəsb etdiyini özünüzə daim xatırlatmalısınız. Bunları
mənimsəməyin sizə daha varlı və xoşbəxt həyata çatmaqda necə kömək etdiyini
təsəvvür edin. Özünüzə yenə və yenə təkrar edin: “Mənim ruhi sakitliyim,
xoşbəxtliyim, sağlamlığım və son nəticədə, ola bilsin, gəlirlərim daha çox
dərəcədə bu kitabda haqqında danışılan, öz-özlüyündə aşkar olan köhnə və əbədi
həqiqətləri necə mənimsəyə biləcəyimdən asılıdır”.
2. Kitabın hər fəslini əvvəlcə ötəri gözdən keçirin ki, onun haqqında ümumi
təsəvvürünüz olsun. Ola bilsin, dərhal növbəti fəslə keçmək istəyəcəksiniz. Lakin
bunu etməyin. Axı siz əyləncə xətrinə oxumursunuz. Əgər siz narahat olmağa son
qoymaq və yaşamağa başlamaq üçün oxuyursunuzsa, hər bir fəsli diqqətlə
downloaded from KitabYurdu.org