“Heç nə olmaz, belə balaca it heç kimə ziyan vurmaz”, – deyə polismen etiraz
elədi.
“Bəs birdən o, dələni parçalasa”, – mən ondan əl çəkmirdim.
“Yaxşı, yaxşı. Mən belə baxıram ki, siz buna həddən artıq ciddi yanaşmısınız.
– O yekun vurdu. – Bax sizə nə deyəcəyəm. İtlə təpənin o biri tərəfində, mən sizi
görməyəcəyim yerdə gəzin və bunu unudaq”.
Polismen elə bütün adamlar kimi özünün əhəmiyyət kəsb etdiyini hiss
eləmək istəyirdi və mən özümü günahkarcasına tənbeh edəndə onun bu hissə
qida vermək üçün yeganə üsulu qalmışdı – bu, lütfkarlıq göstərmək idi.
Ancaq təsəvvür edin ki, mən özümə haqq qazandırmağa çalışaydım. Əgər
sizə nə vaxtsa polismenlə mübahisə etmək xoşbəxtliyi nəsib olubsa, onda
nəticəni təsəvvür eləməkdə, zənn edirəm ki, çətinlik çəkməyəcəksiniz.
Əlbəyaxaya girişmək əvəzinə, mən onun tamamilə haqlı olduğunu, özümün
isə haqsız olduğumu boynuma aldım. Bunu o dəqiqə, açıq-açığına və səmimi
surətdə etiraf etdim. Və məsələ ən centlmensayaq həll olundu: o, mənim tərəfimi
tutdu, mən də onun tərəfini.
Cəmi bircə həftə əvvəl məni ədalət məhkəməsinin əlinə verəcəyi ilə
hədələyən süvari polismenin mənə münasibətdə göstərdiyindən böyük
lütfkarlığı lord Çesterfildin özü, çətin ki, göstərə bilərdi.
Bizi yaxşıca tənbeh etməyə hazırlaşdıqlarını hiss edəndə ittihamçını
qabaqlamaq və bunu öz əlimizlə etmək daha yaxşı olmazdımı? Başqasının
dilindən tənbeh dinləməkdənsə, özünütənqidə dözmək daha asan olmazmı?
İttihamçının sizin haqqınızda, fikrinizə görə, irəli sürmək niyyətində
olduqlarını özünüz öz haqqınızda deyin, bunu ondan qabaq edin və onda siz
onun yelkənini küləkdən məhrum etmiş olarsınız. Birin qarşılığında yüz
qoyuram ki, o, öz mövqeyini dəyişərək daha lütfkar olacaq və sizin günahınızı
yüngülləşdirməyə, hətta həmin süvari polismenin bizi Rekslə bağışladığı kimi,
tamamilə bağışlamağa hazırlıq nümayiş etdirəcəkdir.
Reklam sahəsinə girişən rəssam Ferdinand İ.Uorren bu metodu şıltaq və
dəymədüşər sifarişçisini öz hiddətini lütfkarlığa dəyişmək üçün istifadə etmişdi.
“İşin reklam və ya plakatla bağlı olanda detalların təsvir edilməsində olmazın
qədər dəqiq olmaq çox vacibdir”, – deyə bu əhvalatı danışan cənab Uorren
bildirmişdi.
“Sifarişçilərin bəzisi öz tapşırıqlarının ən qısa zamanda yerinə yetirilməsini
tələb edir. Belə hallarda isə xırda, əhəmiyyətsiz olsa da, hər halda, səhv olan
qeyri-dəqiqliklərdən qaçmaq çətin olur. Mən özüm konkret olaraq bədii reklam
atelyesinin bir direktorunu tanıyırdım ki, o ən xırda detalların da təsvirində
hansısa səhvləri axtarmaqdan ləzzət alırdı. Çox vaxt elə olurdu ki, mən onun
kabinetini qəlbimin dərinliklərinə qədər hiddətlənmiş halda tərk edirdim və bu,
səhvlərimin tənqid olunması faktından çox, bunun hansı formada edildiyi ilə
bağlı olurdu. Bu yaxınlarda mən ona onun sifarişiylə edilmiş təcili işlərdən birini
göndərdim. Tezliklə o, mənə telefonla zəng vurdu və dərhal yanına getməyimi
xahiş elədi. Özü də bu vaxt dedi ki, mən nəyisə düzgün etməmişəm. Mən onun
yanına gələndə öncədən gördüyüm və ehtiyat etdiyim baş verdi.
O, açıq-açığına düşməncəsinə köklənmişdi və məni yuyub-sərəcəyini iştaha
ilə gözləyərək kinli sevincdən aşıb-daşırdı. O, əsəbiliklə tələb etdi ki, mən bax
downloaded from KitabYurdu.org
bunu belə təsvir etməyin haradan ağlıma gəldiyini ona izah edim. Məndə
kurslarda lap bu yaxınlarda üzərində işlədiyimiz, özünütənqid metodunu tətbiq
etmək kimi gözəl bir fikir meydana çıxdı. Və mən dedim: “Cənab, indi ki iş bu
cürdür, mənə heç nə haqq qazandıra bilməz. Mən hərtərəfli günahkaram. Sizin
sifarişlərinizi mən görün nə qədər vaxtdır yerinə yetirirəm və sizin iş üçün irəli
sürdüyünüz tələbləri mən gərək daha yaxşı edəydim. Mən özümə görə xəcalət
çəkirəm”.
Və bu vaxt o, məni müdafiə etməyə başladı. “Bütün bunlar doğrudur, lakin
qeyd etməliyəm ki, səhv o qədər də ciddi deyil. Bu yalnız...”
Mən onun sözünü kəsdim: “İstənilən səhv əhəmiyyətli ola bilər, onların
hamısı: əhəmiyyətlisi və ya əhəmiyyətsizi adamı əsəbiləşdirir”. O etiraz etmək
istəyirdi, lakin mən ona heç ağzını da açmağa imkan vermədim. Mən cuşa
gəlmişdim. Ömrümdə ilk dəfə öz-özümü tənqid edirdim və bu məşğuliyyət
mənim xoşuma gəlmişdi.
“Mən daha diqqətli olmağa borclu idim, – deyə mən davam edirdim, – siz
mənə bu qədər faydalı sifarişlər verirsiniz və daha yaxşı münasibətə layiqsiniz.
Mən xarab etdiyim bütün bu işi dərhal təzədən işləməyə başlayıram”.
“Yox! Yox! – deyə o etiraz etdi. – Belə bir yükü sizin üzərinizə qoymağı mən
cürət edib heç ağlıma da gətirmirəm”. O, mənim işimi tərifləməyə və məni
inandırmağa başladı ki, yalnız xırda dəyişikliklər etməyə hazırlaşırdı və mənim
yol verdiyim səhvlər o qədər əhəmiyyətsizdir ki, onun firmasına azacıq da olsa
ziyan vurmayacaq və bu, ümumiyyətlə, o qədər xırda detaldır ki, onun haqqında
heç danışmağına da dəyməz.
“Mənim qızğın özünütənqidim onu tərk-silah etdi. Bununla qurtardı ki, o,
məni lençə dəvət etdi və biz ayrılmazdan əvvəl yerinə yetirilmiş işə görə mənə
çek yazdı və yeni sifariş etdi”.
Öz səhvlərinə haqq qazandırmaq bacarığı – bu, istənilən axmaqda var, lakin
öz səhvini könüllü surətdə etiraf etmək üçün məlum nəciblik və əksəriyyətin
səviyyəsi üzərində yüksəlmək bacarığı tələb olunur.
Məsələn, Robert İ.Linin həyatının qələmə alındığı kitabın ən gözəl
səhifələrindən biri Pikketin Gettensberq yaxınlığında hücumunun süquta
uğramasına görə günahı tam şəkildə öz üzərinə – və yalnız öz üzərinə
– götürməsiylə bağlı əhvalatdır.
Bu, Yeni Dünyanın müharibələrində nə vaxtsa həyata keçirilən hücumların
hamısından, heç bir şübhə yoxdur ki, ən effektlisi və gözəli idi.
Pikket özü də çox gözəgəlimli və romantik şəxsiyyət idi. Dəbdəbəli,
çiyinlərinə qədər uzanan saç saxlayırdı. O, Napoleon bunu İtaliyaya yürüşündə
etdiyi kimi, az qala hər gün düz elə döyüş meydanından alovlu sevgi məktubları
yazırdı. O, kepkasını sağ qulağı üstünə qoyub, əli belində öz qoşunu qarşısında at
üstündə gedəndə, qoşunu həmin faciəli iyun günortası şimallıların səngəri
üzərinə yeridəndə əsgərləri onu gur səslə salamlayırdılar. Qoşunları onu
salamlayır və küləyin dalğalandırdığı bayraqla, günəşin şüaları altında bərq
vuran süngülərlə çiyin-çiyinə, cərgə ilə onun arxasınca gedirdilər. Bu çox gözəl
mənzərə idi. Onların təhlükəyə nifrətləri o qədər hədsiz idi ki, şimallılar onları
görəndə heyranlıqla pıçıldaşırdılar.
downloaded from KitabYurdu.org