“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dəmir yolunun hərtərəfli inkişafını,
iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun
ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin
səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.
[1]
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra -
Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət
orqanlarına həvalə edilsin:
[2]
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə
kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.1.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər
hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq
məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin
aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar
qəbul edilməsi;
2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.2.1. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş
digər məsələlərin həlli.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad
edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən həyata keçirilir;
3.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə
cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət
tərəfindən həyata keçirilir;
3.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə
cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata
keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə məlumat verilir;
3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən
xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən
müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq
olunan güzəştlər nəzərə alınmaqla hesablanır;
3.5. Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən
həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən
qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq
(lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab
edilir və yenidən alınması tələb olunmur;
3.6. dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə
vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla
Cəmiyyət tərəfindən müəyyən edilir;
3.7. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin,
xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və
qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir;
3.8.
Cəmiyyətin,
törəmə
cəmiyyətlərinin,
habelə
idarə,
filial
və
nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ,
o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi,
Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv
edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət
tərəfindən həyata keçirilir;
3.9. əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin
satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu
infrastrukturunun inkişafına sərf olunur.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
4.1.
Cəmiyyətin
Nizamnaməsini
və
strukturunu
Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2.
qüvvədə
olan
qanunvericilik
aktlarının
bu
Sərəncama
uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin
inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində
Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata
keçirsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
№ 383