- 56 -
FƏLSƏFƏ VƏ FƏLSƏFƏ TARİXİ
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ KONTEKSTDƏ
Müasir fəlsəfi düşüncənin mənimsənilməsi və inkişaf etdirilməsi üçün
klassik fəlsəfi irsin nə dərəcədə önəmli olduğunu geniş izah etməyə ehtiyac yoxdur.
Biz sadəcə bu məsələyə iki fərqli yanaşmanın mahiyyətini aydınlaşdırmağa
çalışacağıq.
Birinci yanaşmanın əsasında fəlsəfənin keçdiyi tarixi inkişaf yolu haqqında,
ayrı-ayrı filosofların həyat və yaradıcılığı haqqında məlumat vermək, onların hansı
mövzularda və nə kimi əsərlər yazdığını sistemli şəkildə şərh etmək dayanır. Belə
yanaşma fəlsəfi düşüncədən daha çox elmi-tarixi düşüncənin məhsuludur. Burada
ideyalar qəliblərə salınmış şəkildə verilir və təsnif olunur. Fəlsəfi fikrin cərəyanlara
bölünməsi və müxtəlif filosofların bu və ya digər cərəyana daxil edilməsi əslində
şərti xarakter daşıyır. Artıq məlum ideyaların kiminsə tərəfindən təkrar edilməsi
ona «filosofluq statusu» vermir. Bu mənada hər bir filosof tarixə özünün fərdi,
təkrarolunmaz düşüncələri ilə və ya yaratdığı yeni sistemlə düşməlidir. Daha ciddi
təsnifat zamanı «davamçılar» və «tərəfkeşlər» sıradan çıxır və yalnız ideya
müəllifləri önə çəkilir.
İkinci yanaşma ideyaların sistemləşdirilməsinə əsaslanır. Burada hansı ide-
yanın nə vaxt və kim tərəfindən söylənməsi deyil, ideyanın özü önə çəkilir. Belə
olduqda min il bundan əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı və ya ən
müasir ideya eyni qrupa düşə bilər. Qədimdə irəli sürülmüş bir fikir, çağdaş
tədqiqatçı tərəfindən yenidən canlandırılır və müasir fəlsəfi araşdırmaların
strukturuna daxil edilir. Bu zaman tarixilik elə bir önəm daşımır, fəlsəfə tarixi elə
fəlsəfənin özü olur.
Bəzən eyni bir ideya müxtəlif dövrlərdə, fərqli coğrafi məkanlarda müstəqil
surətdə irəli sürülür və bu zaman tarixi ilkinlikdən daha çox məhz hansı ideyanın,
hansı fəlsəfi fikrin sonrakı inkişaf prosesinə təsir göstərməsi daha önəmli olur.
- 57 -
Daha doğrusu, hər hansı ideya yalnız dünya fəlsəfi fikrinin strukturuna daxil
olarkən zaman oxunda bütöv proses kimi götürülən fəlsəfə tarixinin tərkib
hissəsinə çevrilmiş olur. Lakin bu ümumbəşəri fəlsəfi yaradıcılıq prosesindən
kənarda qalmış bir çox fərdi fəlsəfi sistemlər də vardır ki, fəlsəfə tarixinin əsas
məqsədlərindən biri, zaman-zaman geriyə dönərək onları da bu ümumi prosesin
kontekstinə daxil etməkdən ibarətdir. Bu axırıncı deyilənlər daha çox dərəcədə bir
sıra orta əsr islam filosoflarının yaradıcılığına aiddir ki, onlar neçə əsrlər ərzində
filosofların diqqət mərkəzindən kənarda qalsa da, öz dəyərini itirməmiş və onların
bu gün də orijinal bir tədqiqat olaraq ümumi fəlsəfi prosesə qatılmasına böyük
ehtiyac vardır.
Tarixi gedişatdan kənarda qalmış belə tədqiqatların üzə çıxarılması, müasir
fəlsəfi dildə yenidən şərh olunması təkcə bu böyük filosofların xatirəsini əbə-
diləşdirmək və ya ədaləti bərpa etmək baxımından deyil, həm də müasir fəlsəfi
fikrin inkişafına yeni impuls vermək baxımından önəm daşıyır. Belə ki, İbn Sina və
Ş.Sührəvərdi kimi böyük mütəfəkkirlərin bir sıra ideyaları Q.Dekart, İ.Kant,
E.Husserl və s. tərəfindən yenidən deyilibsə, bu heç də o demək deyildir ki, indi
bizim vəzifəmiz tarixi ədaləti bərpa edərək onların xidmətlərini fəlsəfə tarixinə
daxil etməkdən ibarət olmalıdır. Məsələ burasındadır ki, heç kim, heç kim
tərəfindən tam təkrar olunmur. Ş.Sührəvərdinin dedikləri Kantda tamamilə başqa
bir kontekstdə deyilir və başqa bir nəzəri sistemin tərkib hissəsi kimi təqdim
olunur. Sührəvərdinin isə öz sistemi vardır və bu sistem çağdaş ideya müstəvisinə
gətirildikdə tamamilə yeni məqamların üzə çıxmasına imkan açır. Yəni bizim
vəzifəmiz heç də yalnız təsadüfdənmi, yaxud məqsədyönlü surətdəmi dünya fəlsəfi
fikir tarixindən kənarda qalmış (saxlanmış) Şərq filosoflarına «bəraət
qazandırmaq», onların haqqını özünə qaytarmaqdan ibarət olmayıb, həm də onların
ideyalarını çağdaş problematika və terminologiya kontekstində yenidən
canlandırmaq və müasir fəlsəfi axtarışların strukturuna daxil etməkdən ibarətdir.
Nə vaxtsa söylənmiş fikirlərin, konsepsiyaların bu gün aktuallığını saxlayıb-
saxlamadığı, fəlsəfi baxımdan dəyərini hələ də itirmədiyi ancaq bu zaman məlum
olur. Əks-təqdirdə keçmiş təlimlər fəlsəfi baxımdan yox, ancaq tarixi baxımdan
maraqlı ola bilər. Beləliklə min illər boyu yaranmış və «fəlsəfə tarixi» adı altında
toplanmış müxtəlif ləlimlərin sinkretik toplusu bu günün elmi-fəlsəfi meyarları
baxımından nəzərdən keçirilib diferensiallaşdıqda onların böyük bir qismi zamanın
təsiri ilə köhnələrək məhz tarixə aid olsa da, bəlli bir qismi hələ də müasir fəlsəfi
fikrin simasını müəyyən etməklə tarixə deyil, fəlsəfəyə aiddir.
Açıq demək lazımdır ki, Avropada və Rusiyada çıxan fəlsəfə tarixi dərslik-
ləri əsasən Qərb fəlsəfəsini əhatə edir. Bunun da səbəblərindən biri odur ki, hətta
- 58 -
böyük fəlsəfə klassiklərinin (Hegel, Feyerbax, Rassel və s.) fəlsəfə tarixinə dair
mühazilərində və kitablarında əsasən Qərb fəlsəfəsi əhatə edilmişdir. Onlar bunu
açıq deməkdən də çəkinmirlər ki, fəlsəfə elə Qərb fəlsəfəsindən ibarətdir. Avropa
ölkələrinin fəlsəfə tarixi dərsliklərində adətən «ərəb fəlsəfəsi» adı ilə cəmi 2-3
səhifə material verilir.
1
Hətta ayrıca orta əsrlər fəlsəfəsi adı altında çıxan kitablarda da çox vaxt orta
əsr «islam» fəlsəfəsinə demək olar ki, yer verilmir. Məsələn, Avropada çox geniş
yayılmış olan F.Ç.Koplstonun irihəcmli «Orta əsrlər fəlsəfəsi tarixi» kitabında
2
islam fəlsəfəsinə cəmi 25 səhifə yer ayrılmışdır. Halbuki, həmin dövrdə Avropada
fəlsəfə, hətta dini-fəlsəfi fikir məhz müsəlman filosoflarının təsiri ilə
formalaşmışdır.
Görünür, tək-tək tədqiqatçıların səmimi etirafına baxmayaraq, bütövlükdə
Qərb ictimai fikri (dərsliklərdə, ensiklopediyalarda aparılan və geniş kütlələrə,
gənc nəslə təqdim olunan prioritet fikir) bundan ibarətdir ki, fəlsəfə elə Qərb
fəlsəfəsidir; onu əvvəlcə qədim yunanlar yaratmış, müəyyən fasilədən sonra yenə
də avropalılar davam etdirmişlər. Şərqdə isə fəlsəfənin əvəzinə həmişə mistika
yayılmışdır.
3
Qərb fəlsəfəsi və Şərq mistisizmi. Ənənəvi olaraq Şərqlə bağlanan və
«Şərq müdrikliyi» kimi yayılan hikmət dünyası da nə isə fəlsəfədən fərqli bir şey
kimi qəbul olunur. Təsadüfi deyildir ki, müsəlman filosofları və islam dünyasında
yaranmış fəlsəfi cərəyanlar haqqında fəlsəfi kontekstdə, fəlsəfə tarixinə dair
əsərlərdə deyil, daha çox dərəcədə şərqşünaslıq istiqamətindəki əsərlərdə bəhs
olunur. Yəni Şərq, o cümlədən müsəlman dünyası hansı isə sahələrdə ixtisaslaşmış
şəkildə yox, inteqrativ, hətta sinkretik şəkildə öyrənilir. Motiv isə, görünür, budur
ki, Şərqdə heç ixtisaslaşma getməmiş, düşüncə özü sinkretik olmuşdur. «Şərq
müdrikliyi» də nəzəri təfəkkür müstəvisində yox, əməli düşüncə, praktik ağıl
müstəvisində nəzərdən keçirilir. Burada, əlbəttə, həqiqət də vardır. Müdriklik
həyatla, əməli işlə sıx surətdə bağlıdır. Avropada Şərqin simvolları kimi tanınan
Nizami, Mövlana, Sədi Şirazi, Hafiz və s. məhz həyat hikmətlərini tərənnüm
edirdilər. Sufizmə də Qərbdə ən çox ona görə maraq vardır ki, burada mənəviyyat
fəlsəfəsi həyat tərzi ilə birləşir. İslam özü bir dünyagörüşü olmaqla yanaşı, ilk
növbədə müəyyən həyat tərzini, mənəvi prinsipləri ehtiva edir. Bütün bu məsələlər
inteqrativ şəkildə – «şərqşünaslıq» (bəzən daha konkret – «islamşünaslıq») adı
1
Məsələn, Skandinaviya universtitetləri üçün dərslik kimi buraxılmış 800 səhifəlik
fəlsəfə tarixi kitabı; rusca tərcümə: Гуннар Скирбекк, Нилс Гилье. История философии.
М., 2000. стр. 250-255.
2
Коплстон Фредерик Чарлз. История средневековой философии. М., 1997.– 512 с.
3
Bax, məs.: Тор Андре. Исламские мистики. С-П.: 2003. А.Д.Кныш. Мусульман-
ский мистицизм: краткая история – Спб.: 2004. – 464 с.
Dostları ilə paylaş: |