Sual 2. Atam xüsusi mülkiyyətində olan torpaq sahəsinə
dair vəsiyyətnamə tərtib etmişdir. Lakin həmin torpaq sahəsini
kimə vəsiyyət etdiyini bilmirəm. Həmin şəxsin adını haradan
və necə öyrənə bilərəm?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1185-ci maddəsi vəsiyyətnamə sirrinin qorunmasına təminat
verir. Həmin
maddəyə görə
notarius, vəsiyyətnaməni
təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət
edənin
əvəzinə
imzalamış
şəxslər
vəsiyyətnamənin
məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid
məlumatları miras açılanadək açıqlaya bilməzlər.
Mülki Məcəllənin 1191-ci maddəsinə görə vəsiyyət edən
öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri
vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq
protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu
zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
Beləliklə, adı çəkilən maddələrdən göründüyü kimi, atanız
ona məxsus torpaq sahəsini kimə vəsiyyət etdiyini deməmək
hüququna malikdir və Siz bunu yalnız miras açılandan sonra
bilmək imkanındasınız. Miras isə fiziki şəxsin ölümü və ya
məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Sual 3. Atam ömrünün sonuna qədər ona məxsus olan
evdə yaşamışdır. Atamın vəfatından sonra məlum oldu ki, o,
həmin evi vəsiyyətnamə əsasında qardaşı oğluna vəsiyyət edib.
Mənim və qardaşımın həmin evə dair hər hansı hüququmuz
varmı?