Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   70   71   72   73   74   75   76   77   ...   138

159 
 
yüzillikdə  baş  vermiş  bir  sıra  hərbi-siyasi  hadisələr  miniatür  rəssamlığının 
inkişafına müəyyən dərəcədə mənfi təsirini göstərdi. 
XV əsrdə  Azərbaycanda  yaranmış ictimai-iqtisadi və siyasi şəraitlə bağlı 
olaraq, Təbriz öz  əzəli istiqamətləndirici rolunu itirdi.  Lakin buna  baxmayaraq o, 
yenə də mədəni mərkəz və görkəmli sənət məktəbi kimi öz əhəmiyyətini qoruyub 
saxladı. Bu dövrdə Azərbaycanın bir çox görkəmli rəssamları və kitab sənətinin bir 
çox mahir ustaları Teymurilərin başlıca mərkəzinə çevrilmiş Herata dəvət edildilər. 
Ustaların  bir  qismi  Herata  zorla  aparıldı.  Saray  kitabxanasında  məsul  vəzifə 
daşıyan  Cəfər  Təbrizi  (Sultan  Baysunqurun  kitabxana  rəisi)  və  xüsusi  sifarişlər 
yerinə yetirən Azərbaycan ustaları - Pir Seyid Əhməd Nəqqaş, Xacə Əli Müsəvvir, 
Qəvaməddin,  Qiyasəddin  və  başqalarının  XV  əsrdə  Herat  rəssamlıq  məktəbinin 
inkişafında  səmərəli  fəaliyyəti,  mühüm  rolu  olmuşdur.  Bu  yüzillikdə  Təbriz 
məktəbinin  təsiri  sayəsində  Azərbaycanın  başqa  şəhərlərində  də  miniatür  sənəti 
inkişaf  etmişdir.  Şirvan  məktəbinə  məxsus  olan  miniatür  nümunələrinin  az 
tapılmasına  baxmayaraq,  araşdırıcıların  ixtiyarında  olan  örnəklər  bu  dövrdə 
Şirvanda  zəngin  bədii  ənənələrə  əsaslanan,  bənzərsiz  sənət  məktəbinin  mövcud 
olduğunu təsdiqləyir. 
Təbriz  miniatür  məktəbinə  məxsus,  1410-1420-ci  illərə  aid  olan, 
Nizaminin  “Xosrov  və  Şirin” və  XV  əsrin sonu  –  XVI əsrin  əvvəllərinə  aid olan 
“Xəmsə”  nüsxələri  diqqəti  cəlb  edir.  XIV  əsr  miniatürlərindən  fərqli  olaraq,  XV 
əsr  miniatürlərində  “boyakarlıq  üsulu,  sərbəst  rəng  yaxıları  qrafik  üsulla  əvəz 
olunur”.
47
  Miniatür  rəssamlığında  bu  və  digər  cəhətlər  yeni  (XVI)  əsrdə  daha  da 
təkmilləşmişdir.  Bu  dövrdə  Azərbaycanda  miniatür  rəssamlığının  uğurlu  inkişafı 
bir  daha  isbat  edir  ki,  İslamın  rəssamlığa  dair  qadağalarına  tam  şəkildə  əməl 
olunmurdu.  “Həmin  qadağalar  həm  xalq  arasında,  həm  də  aristokratik  saray 
dairələrində  tez-tez  pozulurdu.  Bu  hal  islamaqədərki  ənənələri  yaşadan,  ərəblərin 
istilasına  məruz  qalmış  Şərq  xalqlarında  xüsusilə  geniş  yayılmışdı”.
48
  Dini 
qadağaların dərin iz qoyduğu təsviri sənətdə də bu hal mövcud idi. 
XV  əsrdə  Təbriz  miniatür  rəssamlığı  mərkəzi  qəti  surətdə  yerli  bədii 
məktəb  kimi  təşəkkül  tapdı.  Mühüm  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  Əmir 
Teymurun Yaxın və Orta Şərqdə hərbi-siyasi fəallığı dövründə (XIV əsrin sonları-
XV əsrin əvvəlləri) işğal olunmuş ölkələrin mədəni-mənəvi qüvvələrinin (eləcə də 
rəssamların)  əksəriyyəti  əsasən  zorla  Səmərqənddə  cəmləşdirilmişdi.  Teymurun 
ölümündən  sonra  onun  varisləri  həmin  yaradıcı  potensialı  yenə  də  zor  vasitəsilə 
yeni  paytaxtda  (Heratda)  cəmləşdirməyə  çalışırdılar.  Həmin  dövrdə  Herat  şəhəri, 
Teymurilərin  sarayı  Orta  Şərqin  başlıca  rəssamlıq  mərkəzinə  çevrilmişdi.  Burada 
görkəmli  şair  və  dövlət  xadimi  Əlişir  Nəvainin  himayəsi  sayəsində  və  tanınmış 
rəssam  Kəmaləddin  Behzadın  rəhbərliyi  ilə  həmin  zamanın  ən  yaxşı  ustaları 
çalışırdılar. Bəzən Kəmaləddin Behzadı Təbriz  minüatür  məktəbinin banisi  hesab 
edirlər. Yalnız onu qeyd edək ki, “XIV əsrdən etibarən Təbriz məktəbinin fasiləsiz 
inkişafı faktı ümumiyyətlə 200 ildən artıq mövcud olmuş məktəbin hər hansı banisi 


160 
 
haqqında  məsələnin  qoyuluşunu  istisna  edir”.
49
  Təbriz  miniatür  məktəbi  təqribən 
200  il  ərzində  mürəkkəb  təkamül  yolu  keçmiş,  yad  sənət  təsirlərinin  tədricən 
aradan  qaldırılması  və  özəl,  bənzərsiz  üslubun  təşəkkülü  prosesini  yaşamışdır. 
“Təbriz miniatürünün səciyyəvi cəhəti onun həyatla əlaqəsi, məzmunun və mövzu 
məcmusunun genişlənməsi idi. Təbriz rəssamlarının  miniatürləri Renessans dövrü 
Avropa  rəssamlarının  əsərlərini  xatırladır”.
50
  XV  yüzillikdə  də  Təbriz  miniatür 
rəssamlığı  məktəbinin  inkişafında  fasilə  olmamışdır.  Bu  əsrdə  də  miniatürçü 
rəssamların  başlıca  mövzu  mənbəyi  klassik  Şərq  poeziyası,  xüsusilə  Nizami 
Gəncəvinin  “Xəmsə”si  olmuşdur.  Xəttatlıq  və  miniatür  rəssamlığı  bu  dövrün 
hökmdarları  üçün  mühüm  məşğuliyyət  sahələrinə  çevrilmişdi.  Məsələn,  şair 
Hidayətin  “Divan”ının  əlyazmasına  çəkilmiş  4  miniatür  təsvir  Ağqoyunlu 
hökmdarı  Uzun  Həsənin  oğlu  Sultan  Xəlil  tərəfindən  1478-ci  ildə  tərtib 
olunmuşdu.  Nəfis  xətlə  tərtib  olunmuş  bu  əlyazma  nüsxəsi  türk  (Azərbaycan) 
dilindədir. Nizami Gəncəvi “Xəmsə”sinin 1481-ci ildə tərtib olunmuş əlyazmasına 
iki rəssam 19 miniatür çəkmişdir. 12 məşhur Şərq şairinin əsərlərinin toplusu olan 
Şamaxı  “Məcmuə”sindəki  miniatürlər  Şirvan  rəssamlıq  məktəbinin  parlaq 
örnəklərindəndir.  1468-ci  ildə  tərtib  olunmuş  bu  “məcmuə”  8  miniatürlə 
bəzədilmişdir. 
XV  əsrin  II  yarısında,  xüsusilə  Ağqoyunlu  hökmdarı  Sultan  Yaqubun 
hakimiyyəti  dövründə  Təbriz  yenidən  bütün  İslam  Şərqinin  mühüm  siyasi  və 
mədəni  mərkəzinə  çevrildi.  Bu  zaman  sultan  sarayında  miniatür  rəsmlərlə 
bəzədilmiş  xeyli  əlyazma  nüsxəsi  tərtib  olundu.  Xüsusi  elmi  ədəbiyyatda  bu 
miniatür  təsvirləri  “türkman  məktəbinə  mənsub  olan  sənət  nümunələri”  kimi 
təqdim  olunur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  əlyazmaların,  rəsm  əsərlərinin 
əksəriyyəti Təbriz miniatür məktəbinə məxsusdur. 
Bu  dövrün  görkəmli  xəttatı  Əzhər  Təbrizi  yaradıcılığının  ilk  dövründə 
Herat  sarayında  çalışmışdır.  Teymuri  şahzadəsi  Baysunqur  Mirzənin  kitabxana 
ustaları arasında Azərbaycandan gəlmiş bir neçə mahir xəttat vardı: Aini, İbrahim 
və Şəffar Təbriz rəssamlıq və xəttatlıq mühitinin yetirmələri idilər. 
Xəttat  Mirzə  Cəfər  Təbrizi  dövrün  sənət  aləmində  daha  yüksək  mövqe 
qazanmışdı.  O,  Teymuri  sultanları  Şahruxun,  Baysunqur  Mirzənin  və 
Əlaüddövlənin saraylarında çalışmış, “nəstəliq” xəttinin xüsusi növü olan “Herati” 
xəttini  yaratmışdır.  Baysunqur  Mirzənin  hakimiyyəti  dövründə  saray 
kitabxanasının  müdiri  olmuş,  “Xətt  və  xəttatlar”  əsərini  yazmış,  poetik  əsərlər 
yaratmış bu xəttat “Mövlana” ləqəbi almışdı.
51 
Həmin xəttatlar kitab tərtibatı işi ilə 
yanaşı monumental binaların bəzədilməsi işini də yerinə yetirmişlər. Ümumiyyətlə, 
orta  çağlarda  İslam  Şərqində  xəttatlar  və  miniatürçü  rəssamlar  bir  çox 
hökmdarların saraylarında böyük hörmət sahibi və qayğı, diqqət obyekti olmuşlar. 
Bu, Azərbaycanda da xüsusilə nəzərə çarpan mədəni faktlardandır. 
Azərbaycanın  memarlıq  abidələri  meydana  gəldiyi  tarixi  dövrün  ictimai-
siyasi,  iqtisadi,  ideoloji hadisələrini,  tikinti-texniki  səviyyəsini əks etdirən,  həmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə