Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,36 Mb.
səhifə5/11
tarix13.12.2017
ölçüsü1,36 Mb.
#15385
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

1. Əkbərov R. Heydər Əliyev və Nizami Gəncəvi irsi/ Heydər Əliyev və mənəvi dəyərlər. Bakı, 2003.

2. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı (Namizədlik dissertasiyası). Bakı, 1947, s.25.

3. Mübariz. Nizami yaradıcılığında Azərbaycan folklo­runun təsiri. “Ədəbiyyat” qəzeti, 24 iyun 1938.

4. Araslı H. Nizamidə xalq sözləri və xalq ifadələri. EA Az. f. Xəbərləri, 1942, sayı 8.

5. Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı. “Nizami Gəncəvi” məcmuəsi, Bakı 1947.

6. Axundov Ə. Nizami Gəncəvi və xalq yaradıcılığı, “Azərbaycan SSR EA xəbərləri”, 1954, sayı 2.

7. Paşaev S. Nizami v Azerbaydjanskiye narodnıye preda­niye. Akademii Nauk SSSR İnstitut Vostokovedeniye Voprosı vostoç­noqo literaturavedenii i tekstoloqii, sbornik statey, Mos­kva, 1975. s. 120-126.

8. Paşayev S. Nizami və folklor, Bakı, 1976.

9. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı, 1983.

10. Xəlil A. Orta çağ dünya modelinin strukturu və mifoloji arxetipləri //

Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı, 2003. s. 3-10.

11. Pirsultanı S.P. Ozan-aşıq yaradıcılığına dair araş­dırmalar. Pirsultan, 2002.

12. Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında. Pirsultan,2003.

13. Pirsultanlı S.P. Azərbaycan folkloruna dair tədqiqlər. Pirsultan, 2006.

14. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1960, s.28.

15. Bədəlbəyli Ə. Musiqi lüğəti, Bakı, 1969, s. 66.

16. Nizami. İsgəndərnamə (İqbalnamə) B., 1967, s. 77.

17. Nizami. Xosrov və Şirin, B., 1962, s. 239.

18. Nizami. İsgəndərnamə (Şərəfnamə), B., 1964, s. 46.



AGAVERDİ KHALİL

Nizami and folklore in the context the relation

of oral and written tradition

SUMMARY

The works by great Azerbaijan poet Nizami Ganjavi are the devoted sources which entering Azerbaijan folklore the written tradition and saving them until the nowdays. In the article the works by Nizami Ganjavi are investigated in the context of oral and written tradition relations.



Key words: Azerbaijan, Nizami Ganjavi, folklore, tradition, literature.

İslam SADIQ

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu
TÜRK FOLKLORUNDA VƏ NİZAMİ GƏNCƏVİNİN

YEDDİ GÖZƏL” DASTANINDA QORUYUCU



TANRI OBRAZI
Nizami Gəncəvi dünya ədəbiyyatında bənzəri olmayan da­hi sənətkardır. Burada alman şairi Henrix Heynenin Nizami haq­qında dediyi sözləri xatırlatmaq yerinə düşər: “Almaniyanın özü­nün çox böyük şairləri var. Lakin Nizaminin yanında onlar nə­dir ki!”. Nizami zirvəsi hələ də bütün zirvələrdən bir boy uca­dır və ora yüksəlmək hələlik ikinci sənətkara nəsib olmamışdır.

Nizami Gəncəvi bütün əsərlərində şifahi xalq yaradıcılı­ğın­dan, folklor süjet, motiv və obrazlarından böyük sənət­kar­lıqla bəhrələnmiş, xalqın min illər boyu yaratdığı söz incilə­rindən yeni-yeni çələnglər bağlayıb onun özünə qaytarmışdır.

Nizami Gəncəvinin xalq yaradıcılığından bəhrələnməsi alim­­ləri həmişə düşündürmüş, diqqət mərkəzində olmuş, bu möv­zuda geniş araşdırmalar aparılmış, onun forma və xüsu­siy­yətləri üzə çıxarılmış, onlarla kitablar, yüzlərlə məqalələr yazıl­mışdır. Lakin Nizami Gəncəvinin yaradıcılığı elə bir dəryadır ki, onu qarış-qarış gəzən bir qəvvas min birinci dəfə də ora baş vuranda təzə incilər tapa bilir. Başqa sözlə, Nizami yaradıcılığı gəzməklə hər künc-bucağını görmək mümkün olmayan bir dəryadır.

Nizami Gəncəvi bütün şərq xalqlarının, daha çox isə ana laylası ilə qanına, iliyinə, ruhuna hopmuş türk folklorundan bəh­rə­lənmişdir. Qədim türk dastanları, o cümlədən “Dədə Qorqud kitabı”, nağıllarımız, lətifələrimiz, əfsanələrimiz, atalar sözü və məsəllərimiz Nizami yaradıcılığının ilkin folklor qaynaqları olmuşdur. Ona görə də Nizami əsərlərini şifahi xalq yaradıcılığı ilə bağlayan tellər çoxdur. Bu tellərdən biri də Nizami Gən­cəvinin “Yeddi gözəl” poemasında və türk folklorunda rast gəlinən qoruyucu Tanrı obrazıdır.

Öncə “Dədə Qorqud” eposunda və Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rast gəlinən bir ortaq motivə diqqət yetirmək lazımdır. “Dədə Qorqud kitabı”ndakı “Qanlı Qoca oğlu Qanturalı” boyunda Qanturalı Təkurun qızı Selcan xatunu sevir, onu almağa gedir. Lakin Təkur onun qarşısında çox ağır şərt qoyur: “yalnız Təkurun vəhşi buğasını, qızmış dəvəsini və şirini öldürən adam Selcan xatunu ala bilər”. Qanturalı buğanı, dəvəni və şiri öldürüb Selcan xatunu alır.

“Yeddi gözəl” dastanında Bəhramın qarşısında eyni şərt qo­yulur: “taxt-taca yiyələnmək üçün Bəhram iki şirin arasından tacı götürməlidir”. Bəhram da hər iki şiri öldürüb tacı başına qoyur.

Hər iki motivin bir-birinin eyni olduğu aydın görünür. Bi­rincidə Selcan xatun, ikincidə tac, birincidə buğa, dəvə və şir, ikincidə iki şir obrazının görünməsi süjetin və motivin eynili­yinə qətiyyən xələl gətirmir. Bu səhnələri bir-birinə bağlayan bir incə məqam da var. Qanturalı buğanı, dəvəni və şiri öldürməyə ge­dər­kən yoldaşları göz yaşı töküb ağlayırlar. Qanturalı onlara deyir:

– Hey, qırx eşim, qırx yoldaşım! Niyə ağlarsız! Qolça qopuzum götürün, öyün məni!-dedi (1,s.99).

Qırx yoldaşı qopuzu götürüb Qanturalını öyürlər.

Qopuzla qəhrəmanı öyməyin iki cəhətini xüsusi qeyd etmək lazımdır. Birincisi, qopuz və saz çalınanda qəhrəmanın qoluna güc, ürəyinə təpər gəlir, onun döyüş eşqi aşıb-daşır. İkincisi, qopuz və saz ilahi mənşəli musiqi alətləridir. Onların səsində Tanrı nəfəsi var. Bu səsin özü də Tanrıya dua edir, ondan qəhrəmana kömək diləyirdi.

Bu səhnələrdə Tanrıya birbaşa müraciət olunmur, onun adı çəkilmir. Ancaq özü görünməsə də, Tanrı Qanturalının yanın­da­dır, ona kömək edir. Çünki bu səhnədən qabaq Qanturalını görən kimi Selcan xatun ona vurulur və Tanrıya üz tutub dua edir:

– Haqq-taala atamın könlünə rəhmət eləsə, kəbin kəsib məni ol yigidə versə... Bunun kimi yigid heyf ola ki, canəvərlər əlində həlak ola-dedi (1,s.99).

Sözsüz ki, Tanrı Selcan xatunun sözlərini eşidir, ancaq onun atası Təkurun könlünə rəhm salmır. Əgər Tanrı Təkurun könlünə rəhm salsaydı və o da Qanturalı buğanı, dəvəni və şiri öldürməmiş Selcan xatunu ona versəydi, burada sevgi gözdən düşər, Qanturalının qəhrəmanlığı görünməzdi. Bu cür qız almaq isə Oğuz igidinə yaraşmırdı. Ona görə də Tanrı Təkurun kön­lünə rəhm salmır, lakin bunun əvəzində Qanturalıya kömək edir, ona ilahi güc verir. Qanturalı da Tanrının verdiyi ilahi gücün hesabına buğanı, dəvəni və şiri öldürüb öz sevgilisinə qovuşur.

Eyni mənzərəni “Yeddi gözəl” poemasında görürük. Bəh­ram da şirlərlə döyüşə gedərkən onu sevənlər, canıyananlar dü­şünürlər ki, “o şirlərin cəngindən xilas ola bilməz. Hamı ah-nalə ilə səslərini ucaldıb deyirdi ki, bu cavan taxt-tacın həqiqi varisi olduğu halda, heyfdir ki, səltənətə özgələri sahib olsun. Camaat fikirləşirdi ki, bu qorxulu işi təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-peyman bağladılar ki, allah eləməmiş, əgər şirlər Bəhramı tələf etsələr, hamımız hücum çəkib vəzir və vəkilləri qətlə yetirəcəyik. Bu vəziyyətdə həsrətlə Bəhramın üzü­nə baxır və ona xeyir-dua oxuyurdular” (2,s.24).

Qanturalının yoldaşları qopuz götürüb həm onu öyür, həm də ona Tanrıdan kömək diləyirdilər.

Camaat da Allaha dua eləyirdi ki, Bəhrama kömək olsun. Bəhram özü şirlərlə döyüşə girdiyi zaman ürəyində Tanrıya üz tutub ondan kömək istəyirdi: “İlahi, sən hər yerdə varsan və hər şeyi görürsən, bu bəndəni bu qədər məxluqatın içində xəcil edib, utandırma” (2,s.25).

Hər iki əsəri diqqətlə təhlil etdikdə aydın görünür ki, Qan­turalıya da, Bəhrama da bu qeyri-adi sınaqlardan qalib çıxmaq üçün Tanrı kömək etmişdir. Bu fikrin doğruluğuna inanmaq üçün Bəhramın nələr düşündüyünə diqqət yetirmək kifayətdir:

Şahlıqdan hiyləni tutmuşam uzaq,

Tanrı duyğusudur qəlbimə dayaq. (3,s.18)

Bu iki sətirdə Bəhram qəlbindəki Tanrı duyğusu ilə yaşa­dığını və bu duyğunun ona kömək elədiyini açıb söyləmişdir. Ən maraqlı və əhəmiyyətli faktlardan biri də Bəhramın dilindən Allah sözünün əvəzinə Tanrı sözünün işlənməsidir ki, bunu heç vaxt nəzərdən qaçırmaq lazım deyil. Burada Nizami Gəncəvinin bir türk kimi düşündüyü öz əksini tapmışdır. Fars düşüncəsi, fars təfəkkürü heç vaxt Allah əvəzinə Tanrı sözünü işlətməzdi.

Basatın Təpəgözlə qarşılaşdığı boyda çox maraqlı mənzə­rələrin şahidi oluruq. Təpəgöz Basatı öldürmək üçün dörd dəfə ağır, çıxılmaz vəziyyətlər yaradır. Lakin Basat sağ qalır və Tə­pəgözün “Oğlan, qurtuldunmu?” suallarına eyni cavabı verir:

– Tanrım qurtardı (1,s.121).

Basat dörd dəfə Təpəgözün ölüm həmlələrindən qurtarır. Yalnız bundan sonra Təpəgöz Basata deyir:

– Sənə ölüm yoxmuş!

Burada Basatı Təpəgözün ölüm həmlələrindən Tanrının qurtardığı açıq şəkildə deyilmişdir. Qanturalı və Bəhramla bağlı səhnələrdə onları Tanrının qurtardığı bu cür açıq deyilməsə də, pərdəarxası hisslərdən və duyğulardan yenə Tanrının qoruyucu missiyasında çıxış etdiyini görmək, daha doğrusu, duymaq olur.

Qədim türk epik təfəkküründə belə bir fikir və inam dərin kök salmışdır ki, Tanrı razılıq verməsə, heç kim xaqan ola bilməz. Tanrı arxasında durmasa, bir kimsənin xaqan taxtında oturması mümkün deyil. Hətta qədim türklər belə düşünürdülər ki, xaqanlıq göydən yerə endirilmişdir və Tanrıya məxsusdur. Böyük türk xaqanı Mete hələ e.ə. 176-cı ildə Çin imperatoruna göndərdiyi məktubunda özünün Tanrı tərəfindən taxta çıxarılıb Tanrının köməyi ilə qələbələr qazandığını yazırdı (4,s.96). “Gültəkin” abidəsində oxuyuruq: “türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəriş xaqanı, anam İlbilgə xatunu Tanrı təpəsində tutub yuxarı qaldırmış” (5,s.79). Bir adamı Tanrının yuxarı qaldırıb öz təpəsində tutmağı onun xaqan seçildiyini göstərirdi. Mete bütün qələbələri Tanrının köməyi ilə qazanırdı: “Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurdtək imiş, yağısı qoyuntək imiş” (5,s.79).

Türk xaqanları yerdə Tanrını təmsil edirdilər. Bunu “Dədə Qorqud kitabı”nda görürük (6,s.50). Tanrını təmsil etmək böyük məsuliyyət idi və bu məsuliyyəti hər adam öz üzərinə götürə bilməzdi. Ona görə də xaqan taxtında yalnız Tanrıya layiq olan, Tanrıya xas keyfiyyətləri özündə daşıyan adam otura bilərdi. Kiminsə xaqan olmasına Tanrının razılıq verməsi də məhz bu tələbdən irəli gəlirdi. Bütün türk xaqanları Tanrını təmsil etdiklərini, Tanrının razılığı ilə xaqan olduqlarını yaxşı başa düşürdülər və ona görə də həmişə Tanrıya layiq olmağa çalışır, ölkəni ədalətlə idarə edirdilər.

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının mətnindən aydın görünür ki, Bəhramın şahlıq taxt-tacına yiyələnməsinə də Tanrı razılıq vermişdir. Böyük şair bu fikri Bəhramın öz dilindən çox gözəl ifadə etmişdir:

Nəyi bəyənməsə böyük yaradan,

Baş verməz o əməl məndən heç zaman. (3,s.18)

Bu misralardan aydın görünür ki, Bəhram iki şir arasından taxt-tacı yalnız Tanrının köməyi ilə götürdüyünü və şahlıq taxtında onun razılığı ilə oturduğunu yaxşı bilirdi. Həm də başa düşürdü ki, Tanrının xoşuna gəlməyən hər hansı pis əmələ qur­şanarsa, şahlıq taxt-tacını asanlıqla itirə bilər. Ona görə deyirdi ki, “Böyük yaradanın bəyənmədiyi hər hansı bir əməl məndən çıxmaz”. Bununla bir növ Tanrı qarşısında and içir, vəd verirdi.

Yuxarıda deyilənlərdən göründüyü kimi, türk epik təfək­küründə himayəçi, qoruyucu bir Tanrı obrazı yaranmış, bu obraz türk folklor örnəklərinə transformasiya olunmuşdur. Bütün türk xaqanlarının xaqan taxtında oturmalarına Tanrı razılıq vermiş və onları qorumuş, himayə etmişdir. Bu motiv eynilə Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında da öz əksini tapmışdır. Bəhramın iki şir arasından taxt-tacı götürməsi və şahlıq taxtında oturması yalnız Tanrının razılığı ilə mümkün olmuşdur.

Nizami Gəncəvinin türk olduğuna şübhə edənlər onun əsər­lərinin mayasına hopmuş milli təfəkkür və düşüncəni unu­dur, görmür yaxud görmək istəmirlər. Firdovsinin “Şahna­mə”­sin­də türk təfəkkürünün izinə belə rast gəlinmədiyi kimi, Nizami Gəncəvinin əsərlərində də fars düşüncəsindən əsər-əlamət yox­dur. “Şahnamə”də türkə nifrət qabarıq şəkildə özünü göstərir, Nizami əsərlərində türkə sevgi var, farsa nifrət yoxdur. Bu da ondan irəli gəlir ki, bütün bir xalqa nifrət etmək türk təfəkkürünə yaddır. Əslində Nizaminin fars olmadığına inanmaq üçün onun əsərlərini “Şahnamə” ilə tutuşdurmaq kifayətdir. Yuxarıda mü­qayisə edilən nümunələr türk epik təfəkkürünün məhsulu olan və türk folklorunda öz geniş, dolğun əksini tapmış, Nizaminin ruhundan süzülüb onun əsərlərinə gəlmiş onlarla süjet, motiv və obrazlardan seçilmişdir. Nizami yaradıcılığı bu cür nümunələrlə zəngindir və Nizaminin kimliyini təsdiqləmək üçün onların hərtərəfli araşdırılmasına böyük ehtiyac var.
QAYNAQLAR

1. “Kitabi-Dədə Qorqud” (Tərtib edəni Həmid Araslı). Bakı. “Gənclik”. 1978. 184 s.

2. Yeddi gözəl kitabı. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının el dastanı (ərəb əlifbasından müasir yazıya köçürəni və işləyəni Mehri Məmmədova). Bakı. “Azərnəşr”. 1991. 208 s.

3. Nizami Gəncəvi. Yeddi gözəl (Tərcümə edəni Məmməd Rahim). Bakı. “Azərnəşr”. 1940. 52 s.

4. Mustafa Turan. Tarihi kaynaklar işığında Nevruzun men­şei meselesi // Ankara. “Milli folklor”. 1998. sayı. 37. s. 90-104.

5. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı. “Yazıçı”. 1993. 400 s.

6. Altaylı Seyfəddin. Kosmoqonik miflərlə bağlı deyimlər // Bakı. “Elmi axtarışlar”. 2009. № VI. s.50-56.
İSLAM SADIG

PROTECTIVE GOD CHARACTER IN THE TURKIC

FOLK-LORE AND IN THE “SEVEN BEAUTIES” POEM

OF NIZAMI GANJAVI

SUMMARY

In the article was revealed protective God character in the Turkic folk-lore and in the “Seven beauties” poem of Nizami Ganjavi. Gods protective function was shown on the basis of giving concrete examples connection with Bahram shah of Nizami Ganjavi, Basat and Ganturali characters in the “Dada Gorgud” epos.


ИСЛАМ САДЫГ

ОБРАЗ БОГА-ПОКРОВИТЕЛЯ В ТЮРКСКОМ ФОЛЬКЛОРЕ И В ПОЭМЕ «СЕМЬ КРАСАВЕЦ» НИЗАМИ ГЯНДЖАВИ

Резюме

В статье выявлен образ бога-покровителя в тюркском фольк­лоре и в поэме «Семь красавец» Низами Гянджави. На основе конкретных примеров, связанных с образами Бахрам шаха из поэмы «Семь красавец» Низами Гянджави, Басата и Гантурали из «Книги моего Деда Коркуда» показана покровительская фун­кция бога.



Qalib SAYILOV

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutunun böyük elmi işçisi
HƏZRƏT NİZAMİ GƏNCƏVİ VƏ ETNOYADDAŞ
XII əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi düşün­cə­sinin zirvəsi Şeyx Nizami Gəncəvinin poeziyası aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına hopmuş, onun bədii təfəkküründən süzülərək cilalanmış, şifahi ənənədə dastanlara, nağıllara çevrilmişdir.

Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini dərin­dən bilən şair, hadisələrin təsvirində xalq yaradıcılığı ənənə­lərindən də istifadə etmişdir. Eyni zamanda xalq bilimlərini, mə­ra­sim və təntənəli xalq bayramları haqqındakı bilgiləri əsərlə­rində canlandıraraq onlara yaşamaq haqqı vermişdir. Biz bir çox ənə­nəvi xalq yaradıcılığı nümunələri haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış oluruq.

Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk etnosuna daxil olan xalqların – türkmənlərin, qazaxların, qırğızların, özbəklərin, istərsə də azərbaycanlıların ağız ədəbiyyatı bir çox xalqların yazılı ədəbiyyatında öz izlərini buraxmışdır.

Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi əl­vanlığı ilə bərq vurur. Tapmacalardan tutmuş xalq təbabə­tinə­dək bir çox bilgilər şairin əsərlərində əks olunmuşdur.

Bəşər tarixi yaranan gündən, elmi təbabətin izi-tozu yox ikən insanlar xəstələndikdə təbii müalicə vasitəsi kimi müxtəlif otlardan istifadə etmişlər.

Qorxmadı, “Nuşi-qiya” çünki içmişdi öncə,

Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.

Xalq yaradıcılığına önəm verməsi, onun əsərlərindən bir çoxunun sonradan atalar sözü statusunda təqdim olunmasına rə­vac vermişdir.

İnci lətafəti olsa da su da,

Çox içsən insanı incidər o da.

Nizami Gəncəvi yaradıcılığında onlarla belə misralar var ki, artıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam kimi iş­lədilir. Məşhur folklorşünas alim M.H.Təhmasib “VII əsrə qə­dər Azərbaycan şifahi xalq ədəbiyyatı” məqaləsində Nizami Gən­cəvi­nin xalq yaradıcılığı ilə bağlılığından bəhs edir: “Qədim Azərbay­can ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiy­yatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla faydalanmışdır. Bu dahi sənətkarın “Xəm­sə”­sindən yüz­lərlə kiçik, böyük əfsanələrə, rəvayətlərə, əsatir­lə­rə təsadüf edilir. Bunlardan bəzilərini o, özü yaratmış, bəzilərini isə yazılı qay­naqlardan, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləş­dirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır” (1).

Nizami Gəncəvi “Xəmsə”də istifadə etdiyi rəvayətlər xalq ya­radıcılığının ən əski nümunələri sayıla bilər. “Sultan Səncərlə qa­rının əhvalatı”nda dahi sənətkar “iş üz ağardar” xalq ibarəsini fəlsəfi-didaktik baxımdan elə təsvir edir ki, 1000 ilə yaxın za­man keçməsinə baxmayaraq, mövzu hələ də öz aktuallığını saxlamışdır.

İntibah dövrü humanitariyanın incilərindən olan Nizami xalq ölçü vahidlərini poeziyaya gətirməklə həm xalqın zəngin mənəvi resurslarını təsvir edir, həm də Şərq poeziyasının fono­poetika cəhətdən zənginləşməsinə xidmət etmiş olur.

“Sirlər xəzinəsi” poemasında “Ovçu ilə itin və tülkünün hekayəti”ndə şair yazır:

“Ovçu dözdü, səbrinin misqal boyda arpası

Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı” (2).

Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu vahiddən istifadə olunur.

Əsərlərində insanların əski inamları ilə bağlı, səma cisim­lərinə, Göy tanrısına tapınma, kultlarla əlaqəli beytlər gələnəkdə olan inanclar sisteminə daxildir:


Kəmbərstə deyildi Əkizlər bürcü onda,

Qan almağın azaddı o şişkin damarından” (2).

Əcdadların əski inamına görə, göydəki on iki ulduzlar topasından biri sayılan çevrə, yaxud baş-başa vermiş iki qızcığaz şəklində Əkizlər bürcü Külək tanrısına çevrilmiş hesab edilir. Və yaxud:

Ayın üzü tutulub qaralmamışdı hələ,

Su dolu teştin rəngi düşməmişdi bu hala.

Yenə də mövzu xalq inam və sınamalarından gəlir. İbtidai insanlar Aya sehrli qüvvə kimi baxır, onun gecənin hamisi hesab edir, şər və qorxulu qüvvə­lərdən yalnız onun vasitəsilə qurtara­caq­larını zənn edirdilər. Həmin insanlar Ay tutulanda teşti, lə­yəni döyəcləyib, yaxud mis qapaqları bir-birinə çırpıb haray-həşir qopararaq Ayı şər qüvvələrdə xilas etməyə çalışardılar.

Bu türlü mövzular Nizami Gəncəvinin yaradıcılığında ək­sə­riyyət təşkil edir.

Nizami Gəncəvini yeni elmi metodlarla öyrənən Siracəd­din hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh edərək yazır:

“O, günəş kimi Dolçanın Yusifi oldu,

O, su Dolçası kimi Balığın Yunisi oldu.

Həzrəti Nizami bu beytin ideyasını da zəngin bilgilər əsasında təqdim et­mişdir. Bu bürclərlə bağlı çoxsaylı əfsanə, əsatir var. Qədim astronomiya xəritə­lə­rində, atlaslarda Dolça bürcü əlində içərisindən su axan kuzə tutmuş adam şəklində təs­vir edilirdi. Bunun fəslin əlamətləri ilə bağlı olduğu güman edi­lir. Günəş bu bürcə daxil olanda bahar yağışları başlayır, dağ­larda qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın rəmzi sayılır. Qədim xalqların düşüncəsinə görə, su hər şeyin həm əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü ümumdünya tufanı ilə bağlayırlar” (8).

Professor M.Mübariz “Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri” məqaləsində qeyd edir ki, “Nizami klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinə­sindən istifadə etmişdir (3).

Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da prof. Sədnik Paşayev üç qrupda tədqiq etməyi müm­kün sayır:

1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsa­nələr, yaxud da başqa folklor nümunələri;

2) Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri;

3) Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər (4).

Nizami Gəncəvinin yaradıcılığı aşıqların da repertuarını zənginləşdirmişdir. Bir çox aşıqlar Nizamiyə şeirlər həsr etmiş­lər və eyni zamanda Nizaminin xalq əfsanəsindən mövzusunu götürdüyü “Leyli və Məcnun” əsəri aşıqların dilində dastana dön­müşdür. “Leyli və Məcnun” poemasının el variantı olaraq çox­saylı bayatılarla və əfsanələrlə yanaşı “Leyli və Məcnun” adlı bir xalq dastanı da yaradılmışdır” (5).

Hz.Nizaminin mənəvi arsenalı, bədii irsi sözlü ədəbiyyatla cilvələnən və folkloru zənginləşdirən üfüqləri geniş bir yaradı­cılıq aləmidir” (7).

Azərbaycan sözlü və yazılı ədəbiyyatında Nizami poezi­yası və yaradıcılığının qüdrətli yüksəlişi bilavasitə onun qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqə­dardır.
ƏDƏBİYYAT


  1. M.H.Təhmasib. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. I cild. Bakı: 1960.

  2. Dünya kitabxanası seriyasından. Nizami: Lirika. Sirlər xəzinəsi. Bakı: 1988.

  3. M.Mübariz. Nizami yaradıcılığına Azərbaycan folkloru­nun təsiri. “Ədəbiyyat qəzeti”. 24 iyun 1938-ci il. № 9 (174).

  4. Sədnik Paşayev. Nizami və xalq əfsanələri. Bakı: 1983.

  5. Nizaminin el variantları. Bakı: 1941.

  6. Siracəddin Hacı. Həzrət N.Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.)

  7. A.Sarovlu. Ədəbi şöhrət timsalı. Bakı: 1976.

  8. H.Araslı. Şairin həyatı. Bakı: 1967.

  9. S.P.Pirsultanlı. azərbaycan əfsanə və ədəbi abidələri­miz­də müqayisəli tədqiqi. Bakı: 2008.


ГАЛИБ САЙЫЛОВ

НИЗАМИ ГЯНДЖЕВИ И ЕТНИЧЕСКАЯ ПАМЯТЬ

Резюме

В статье говорится о том, что в произведения великого поэта мировой литературы Низами Гянджеви богаты фольклор­ными мотивами. Выявлена, что фольклорные мотивы в произ­веденях поэта изпользованы в качестве этнической памяти.



Fidan QASIMOVA

AMEA Folklor İnstitutu “Folklor və

yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNDƏ XALQ

ADƏT-ƏNƏNƏLƏRİ VƏ İNANCLAR

Azərbaycan yazılı ədəbiyyatının dahi nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı illərdir tədqiqatçıların ən çox müraciət etdiyi sahələrdən biridir. Onun tükənməz tədqiqat mənbəyi olan əsərləri şairin elmi-fəlsəfi, dini, ibrətamiz, öyüd-nəsihət xarakterli fikirlərini əks etdirmək baxımından dai­ma diqqət mərkəzində olmuşdur. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir üslub yaratmış şair, yaşadığı dövrdən başlayaraq bizim dövrümüzədək neçə-neçə şair və ya­zıçıların yaradıcılığının ilham mənbəyi olmuşdur.

Nizami də əsərlərini yazarkən müxtəlif mənbələrə müra­ciət etmişdir. Belə mənbələrdən ən başlıcası şifahi xalq ədəbiy­yatıdır. Belə ki, xalq yaradıcılığına müraciət onun əsərlərini məzmun və forma baxımından daha da zənginləşdirmişdir. O həm Azərbay­can, həm də başqa – ərəb, hind, İran xalqlarının şifahi xalq yara­dıcılığından böyük sənətkarlıqla faydalanmışdır. Şifahi xalq ədə­biyyatının atalar sözləri və məsəllər, mərasim folkloru, əfsanə və rəvayət və s. kimi növlərinə müraciət edən şair bunlardan istifadə ilə öz fikirlərini daha mükəmməl və de­mək istədiyi mə­naları daha təsirli ifadə etməyə müvəffəq olmuş­dur. Nizami ya­radıcılığının folklorla bağlılığı haqqında Azər­bay­canın bir sıra tanınmış alim və tədqiqatçıları söz açmışlar. Bu haqda nə qədər danışılsa da, yenə də azdır. Nizaminin folklora marağını göstərən digər bir cə­hət onun əsərlərində xalq adət-ənənələri və inanc­ları­nın bədii ək­sidir. Hər zaman xalq içərisində yaşayan, onun həyat tərzi, gün­dəlik məşğuliyyəti, se­vinc və kədəri ilə yaxından tanış olan şairin əsərlərində xal­qımızın adət-ənənələrinə və inanclarına müraciəti heç də təsadüfi deyildir.

Xalqımızın ən qədim dövrlərdən qalan adətlərindən biri ailə qurmaqla bağlıdır. Nizami də əsərlərində bunlardan ətraflı bəhs etmişdir. Gələcəyin anası olan qızlarımızın özlərini uca tutması, öz namus və ismətlərini qoruması, təmiz sevgi və el adət­lərinə uyğun olaraq ailə qurmaları ilə bağlı Nizaminin Mə­hinbanunun dili ilə verdiyi aşağıdakı sözlər çox dəyərlidir:

Yaraşmaz кişinin dalına düşməк,

Bu sifət qadında olmasın gərəк.

Çox təzətər gülü əldə tutdular,

İyləyib, iyləyib, sonra atdılar.

Çox şərab töкdülər gül qədəhlərə,

Daddılar, sonra da töкdülər yerə.

Bilirsən, baş uca olduğu zaman,

Xoşdur ərə getməк eşqbazlıqdan. (1, 177)

Məhinbanunun nəsihətlərinə qulaq asan Şirin xalqımızın el adəti ilə ailə qurmaq üçün böyük çətinliklərə dözür:

Düşünürdü: Xosrov gözləyər ədəb,

Onu yaxşılıqla eyləyər tələb.

Şah adam göndərib кəsdirər кəbin,

Gəlin кimi gedər saraya Şirin. (1, 328)

Sonda isə Şirin öz arzusuna, sevgisinə çatır və ən önəmlisi isə budur ki, öz xasiyyətinə görə şah da daxil olmaqla, hər kəsin hörmətini qazanır:

Pıçıltıyla şaha söylədi Şapur:

"Əgər ay tutuldu, üzrü var, odur.

Çünкi bu günəcən o qəlb parladan

Yaxşı ad saxlamış eldə hər zaman.

İndi qorxur şahın hissi, xəyalı,

Ay üzünə qoysun xəcalət xalı."

Şah baxdı xoş barlı ağac toxmuna,

Gördü кi, peyvəndsiz əl yetməz ona.

Əhd etdi, söz verdi, and içdi, hərgiz

Ona əl vurmasın əsla кəbinsiz.


Toplasın dünyanın böyüкlərini,

Niкahla bənd etsin o dilbərini. (1, 414)

Göründüyü kimi xalqımızın elçilik adəti Nizaminin də yaradıcılığında öz əksini tapmışdır. Ağsaqqal və ağbirçəklərin iştirakı ilə elçilik mərasiminin keçirilməsi, bundan sonra qohum olmağa hazırlaşan iki ailənin başçıları arasında kəbin məsələ­sinin həlli, südpulu və s. məsələlər barəsində razılıq əldə edil­məsi kimi adətlərinin çoxu indi də Azərbaycanda yaşamaqdadır.

Əvvəlki adətlərdən biri də toy üçün uğurlu gün seçil­məsi­dir ki, buna da “Xosrov və Şirin” əsərində rast gəlirik. Əsərdən də göründüyü kimi, münəccimlər vasitəsilə toy üçün uğurlu gün və saat seçilirdi. Toy vaxtı bəy və gəlinin başına doğranmış şə­kər, kiçik sikkələr və gülab səpirdilər:

Şah dedi: "Bir gecə qoy münəccimlər

Yaxşıya, yamana baxsın bir qədər.

Qaranlıq gecəyə göz gəzdirərəк.

Bir gün seçsinlər кi, olsun mübarəк.

Ay кəcavəsini salıb o günə,

Bəlкə də gətirəк günəş bürcünə."

Münnəcimlər xeyli ölçüb biçdilər,

Toy üçün uğurlu bir gün seçdilər. (1, 417)

Nizami yaradıcılığında toy adətlərindən başqa yas məra­sim­ləri də öz əksini tapmışdır. Bildiyimiz kimi, yas mərasimində itirilən şəxsin üzüntüsüylə qara paltar geyinilir və bu paltar bəzən bir ay müddətinə əyindən çıxarılmırdı. Bu adətə “Xosrov və Şirin” əsərində də rast gəlirik. Məsələn, əsərdə belə bir hissə var ki, Məryəmin ölümündən sonra Xosrov ona hörmət əlaməti olaraq qara paltar geyinir və bir ay müddətinə taxta da çıxmır:

Məryəmin vücudu кöçdü aləmdən,

Məryəm ağacı təк şah çıxdı qəmdən.

Adına eləyib hörmət, ehtiram,

Bir ay yas saxladı onunçün tamam.

Hörmət üçün bir ay çıxmadı təxtə,

Qara paltar geydi o qara bəxtə. (1, 324)

Yasda icra edilən başqa bir adət ölmüş insanın paltarlarının ehtiyacı olanlara verilməsidir. Xosrov da vəfat edəndə Şirin onun hər şeyini ehtiyacı olanlara paylayıb, möhtacları sevindirir:

Sonra da Xosrovun bütün varını,

Təzə-кöhnəsini, paltarlarını

Yoxsula, möhtaca payladı Şirin.

Ondan razı qaldı hər yoxsul, misкin. (1, 451)

Yas mərasimi, yəni yasda icra edilən adətlər Nizaminin “Leyli və Məcnun” əsərində də təsvir edilmişdir. Burada Ley­li­nin ölümü zamanı anasının saçını yolub, üzünü cırması, oxşa­malar, ağılar deyib, qızı üçün ağlaması təsvir edilmişdir. Yasda əziz insanın ölümü münasibəti ilə icra edilən elə bu hərəkətlər indi də xalqımızın yas mərasimlərində icra edilən adətlərdəndir:

Qızını o halda görüncə ana

Elə bil qiyamət göründü ona.

Ağarmış başından götürüb örpək,

Saçını küləyə verdi səmən tək.

Anıb övladının qara gözünü,

Yolub saçlarını, cırdı üzünü.

Nə oxşama varsa dedi əzbərdən,

Nə saçı vardısa yoldu o birdən.

Ağladı, baxdıqca qızın boyuna,

Gözündən qan tökdü həyat suyuna.

Gah qızın üstündə sıxdı gözünü,

Gah onun alnına qoyub üzünü,

Gözünün yaşını tökdü fəğanla,

Yudu o çeşməni bu axan qanla.

Ananın naləsi göyə yüksəldi,

Fələk bu nalədən naləyə gəldi. (3, 249)

Qonaqpərvərlik xalqın milli dəyərlərini, mənəvi keyfiy­yət­lə­rini özündə əks etdirir. Xalq özünün humanist adət-ənənələrini belə vasitələrlə yaşadır və gələcək nəsillərə çatdırır. Qədim ta­ri­xə malik olan bu adət özündə xalqın mənəvi aləmini ehtiva edir.



Azərbaycan xalqına məxsus qonaqpərvərlik adətləri Niza­mi Gəncəvinin əsərlərində də təsvir edilmişdir. Onun təsvir et­diyi qonaqlıq adətləri xalqımızın mədəniyyəti, milli xüsusiy­yətlərindən xəbər verir. Yaradıcılığında qonaqpərvərlik adətin­dən dəfələrlə söhbət açan şair "Yeddi gözəl" əsərində belə yazır:

Bağ qönçəsi kimi qonaq sevəndi,

Yanağı gül kimi gülürdü, şəndi.

Vardı işrət üçün mehman otağı,

Göydə Sürəyyaya dəyərdi tağı.

Süfrələr salmışdı, döşənmiş yerə,

Ədəb öyrətmişdi xidmətçilərə.

Gəlsəydi bir nəfər uzaqdan əgər,

Cilov tutub, qonaq eyləyərdilər.

Süfrə salardılar otağa layiq,

Yemək verərdilər qonağa layiq. (4, 129)

Verilən bu nümunədə xalqın qonaqlıq adətləri, qonağı qar­şılamaq, ona qulluq, ümumiyyətlə, qonaqpərvərliyə məxsus olan bütün xüsusiyyətlər aydın görünməkdədir. Şair qonağa xüsusi otaq ayrılması, diqqətlə qulluq göstərilməsi, ləziz yeməklərdən ibarət süfrə açılmasının təsvirini verməklə hər bir ailədə qonağın hörmətlə qarşılandığını göstərir. Xalqımızın adətinə görə evə qo­naq gələrkən onun qabağına gedib, əgər atlı gəlibsə tez cilo­vun­dan yapışıb “xoş gəlmisiniz” deyərək düşürüb gülərüzlə evə dəvət edirlər. Şair də burada atlı qonağın qarşılanmasını təsvir etmişdir.

Qonaqlıq haqqında danışan Nizami həmçinin evə gələn qonağa hədiyyə verilməsi adətini də təsvir edir. O göstərir ki, qonaqla ev sahibi bir-birlərinə hədiyyələr təqdim edirlər. Bil­di­yimiz kimi, bu da xalqımızın qədimdən gələn qonaqpərvərlik adətləri sırasında xüsusi yer tutur:

Elə ki, qonaqçı yığdı süfrəni,

Saysız töhfələrə qərq etdi məni.

Verdiklərimi də onlara qatdı... (4, 133)

Azərbaycanda qonağa olan hörməti şair xüsusi qeyd et­məklə xalqının qonaqpərvərliyini belə qeyd edir:

Sən mənim hörmətli bir mehmanımsan,

Əziz tutulmalı daima mehman. (4, 141)

“İskəndərnamə” əsərində də qonaq qarşılamaq adəti ilə bağlı təsvirlər vardır. Nizami əsərin “Şərəfnamə” hissəsində gös­tərir ki, Bərdə hökmdarı Nüşabə İskəndəri şahlara layiq bir tən­tənə ilə qarşılayır, onun şərəfinə ziyafət verir; ölkənin naz-ne­mətləri, hər cür şirniyyat, yemək-içmək süfrə üstünə düzülür. O, bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağa hörmət və ehtiramı və s. ilə İskəndəri heyran qoyur:

Hər çeşid yeməklər axdı hər yandan

Yeməklər bişmişdi qoçdan, toğludan.

Uzun və yuvarlaq inçə çörəklər,

Saraydan boşalmış qapıya qədər.

Kökələr yoğrulmuş yağla, şəkərlə

Şəkərli küncütdə dada bax hələ

Ənbərlə yoğrulmuş dadlı yeməklər,

Cənnət yeməyindən verirdi xəbər

Süfrədə quzular coşğun sevincdən

Quş kimi qol qanad açmışdı şən-şən.

Ən dadlı mürəbbə, limonlu şərbət

Püstədə, badamda var başqa ləzzət

Var hədsiz paludə-ənbər qoxuyan

Çox məğzi palüdə sağalar ondan

Tər halva və badam halvası daşır,

O qədər çoxdur ki, qablardan aşır.

Gülabla çəkilmiş şərbət, gülşəkər,

Saçdığı şirənin nəfəsi ənbər. (2, 220-221)

Göründüyü kimi, Nizami milli adət-ənənələrimizə uyğun olaraq süfrəmizin bolluğunu təsvir etmişdir. Süfrədə bu çeşiddə nemətlərin təqdimi xalqımızın qonaqpərvərlik və səxavətinin göstəricisidir.

Qonaqlıqla bağlı təsvirlər Nizaminin əsərlərində dəfələrlə verilir. Onun “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İskən­dər­namə” kimi əsərlərində xalqın qonaqlıq adətlərini təsvir edən səhnələr çoxdur.

Nizami Gəncəvinin hər bir əsərində xalq adət-ənənələri ilə bağlı çoxlu nümunələrə rast gəlinir. Bu xüsusiyyət onun xalq adət-ənənələrini yaxşı bilməsi və qədim adətlərə hörmətinin ba­riz nümunəsidir.

Şairin əsərlərində adət-ənənələrlə yanaşı bəzi xalq inanc­larına da rast gəlmək mümkündür. Belə inanclardan biri övladı olmayanların kasıblara əl tutması, çoxlu nəzir verməsi və bunun nəticəsində də övladla mükafatlandırılmasına inamdır. Nəzir-niyazla uşağın dünyaya gəlməsi onun əsərlərində tez-tez müşa­hidə olunur. Daima nağıllarda, dastanlarda görünən bu xüsusiy­yət şairin “Yeddi gözəl” əsərində də özünü göstərir. Nizami bu əsərdə 20 ildən sonra nəzir-niyazla dünyaya gələn Bəhramdan bəhs edir (4, 52). Buna “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da rast gəlirik:

Əl üstə - səxavət, ayaq üstə - din.

Nəsli ta itməsin qoca dünyadan,

Bir övlad istədi böyüк xudadan.

Xeyli nəzir verdi, bir xeyli qurban,

Nəhayət lütf etdi allah bir oğlan. (1, 75)

Nizami əsərlərində müşahidə edilən digər bir cəhət münəccimlərin ulduzlara baxmaqla gələcəyi təyin etmələri ilə bağlıdır. “Yeddi gözəl” əsərində də təsvir edilir ki, Bəhram ana­dan olanda o, yaşasın deyə atası onu münəccimlərin göstərişi ilə Ərəbistana göndərir. Bu üsulla insan taleyini dəyişəcəyinə ina­nan hökmdarın bu hərəkəti, əvvəlki dövrlərdə xalqın baş verən bəzi hadisələr qarşısında əlacsız qaldıqları zaman atdıqları ad­dımların, inancların göstəricisidir. Məsələn:

Münəccimlər baxıb gecə göylərə,

Gəldilər qərara belə bir kərə.

Dedilər: - Şahzadə gərək İrana

Vida edib getsin Ərəbistana.

Səadət bəxş edər ömrünə bəlkə

Ərəb məmləkəti, o qədim ölkə.

Hər kəsə bir diyar şərafət verər,

Bəlkə o yurd ona mal, dövlət verər. (4, 53)

Göründüyü kimi, ibtidai təfəkkür çağlarından qalmış belə inamlarla insanlar baş vermə səbəblərini bilmədikləri hadisələrə təsir etməyə cəhd göstərmiş, xəta-bəladan, xəstəlik, ölüm kimi hal­lardan uzaq olmağa, öz arzu və istəklərinə çatmağa çalışmışlar.

Bunu da qeyd etmək lazımdır ki, şifahi xalq ədəbiyyatı Ni­zami yaradıcılığına təsir etdiyi, onu məna və sənətkarlıq ba­xımından qidalandırdığı kimi, Nizami poeziyasının özü də xalq yaradıcılığına güclü təsir göstərmiş, ona yeni-yeni fikirlər, mövzular vermişdir.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə