Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli,
186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin
növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin
sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə
Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə
etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması,
zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət,
habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara
göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi
heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 iyul 2000-ci il
№ 117
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi
obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola
bilən heyvan növlərinin sənədlərinin
FORMASI VƏ SİYAHISI
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186
nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət əhəmiyyətli təbii sərvətlərə aid
edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət
hüququnda ola bilən heyvan növlərinin sənədlərinin formasını və siyahısını
müəyyən edir.
2. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və
obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii
sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii
sərvətlərə aid edilir.
3. Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləmi obyektləri,
habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növləri
(qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının
hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə
mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə
mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.
4. Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət
hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin
mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.
5. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə
saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla əldə edilməsinə dair
sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir.
II. DÖVLƏT ƏHƏMİYYƏTLİ TƏBİİ SƏRVƏTLƏRƏ AİD EDİLƏN
HEYVANLAR ALƏMİ OBYEKTLƏRİ
1. Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinə
aşağıdakılar aiddir:
a) Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilənlər;
b) kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növləri;
c) endemik və relikt;
ç) tibb sahəsində istifadə olunanlar;
d) sənaye əhəmiyyətliləri;
e) kənd və meşə təsərrüfatı ziyanvericilərinə qarşı istifadə edilənlər;
ə) ov və balıqçılıq obyektlərinə aid olunanlar;
f) xəz dərililər;
g) ov və balıqçılıq obyektlərinə aid edilməmiş digər növlər;
ğ) heyvanların paleontoloji qalıqları;
h) heyvanların kütləvi yuvalama, balalama, kürütökmə, tüləmə, daimi və
müvəqqəti yığışma yerləri.
III. BƏLƏDİYYƏ VƏ YA XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNDA OLA BİLƏN
HEYVAN NÖVLƏRİNİN SİYAHISI
1. Təbii sərbəstlik şəraitindən və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya
qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən
digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər obyektləri
bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər.
I bölmənin 3-cü bəndində göstərilən heyvan növləri istisna olmaqla, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə aşağıdakı heyvan növləri ola bilərlər:
a) məməlilər;
b) quşlar;
c) sürünənlər;
ç) suda-quruda yaşayanlar;
d) balıqlar;
e) dəyirmiağızlılar;
ə) molyusklar;
f) buğumayaqlılar;
g) qurdlar;
ğ) bağırsaqboşluqlular;
h) ibtidai orqanizmlər.
2. Heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasının qanuniliyi
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi
və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən səlahiyyətləri
daxilində verdikləri və xüsusi reyestr kitabında qeydə alınan şəhadətnamə ilə
rəsmiləşdirilir (əlavə olunur).
3. Bələdiyyə və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvan növlərinə
şəhadətnamə alınması üçün onların əldə edildiyi vaxtdan 15 gün müddətində Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli orqanlarına və ya
«Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin yerli balıq mühafizə xidmətinə
mülkiyyətçilər tərəfindən ərizə (məktubla) müraciət edilməlidir.
Ərizədə aşağıdakılar əks olunmalıdır:
a) heyvanın növü;
b) miqdarı;
c) mülkiyyət hüququnda saxlanma məqsədi;
ç) saxlanması üçün şəraitin olması;
d) hüquqi şəxs üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi
ünvanı;
e) fiziki şəxs üçün — adı, atasının adı, soyadı, ünvanı.
Ərizəyə heyvan növünün qanuni əldə edilməsi barədə müvafiq sənəd əlavə
edilməlidir.
4. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq»
DK-nın yerli orqanları tərəfindən ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.
5. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 25 gün müddətində
baxılır və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və ya
«Azərbalıq» DK-nın verdikləri şəhadətnaməni bu təşkilatların yerli orqanları (xüsusi
kitabda qeyd etməklə) mülkiyyətçiyə təqdim edirlər.
3-cü bölmənin 3-cü bəndində göstərilən tələblərə əməl edilmədikdə və qüvvədə
olan qanunvericiliyə zidd olduqda şəhadətnamənin verilməsindən imtina edilir. Bu
barədə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və
«Azərbalıq» DK-nın yerli orqanları ərizəyə (məktuba) baxılma müddətində
mülkiyyətçiyə rəsmi qaydada bildirməlidirlər.
6. Heyvan növlərinin (yırtıcı, zəhərli və yoluxucu xəstəliklər yayan heyvanlardan
başqa) əldə edilməsini təsdiq edən özgəninkiləşdirmə haqqında müqavilə,
kolleksiyanın reyestrə daxil edilməsi haqqında şəhadətnamə, digər sənədlər və ov
bileti olduqda, bu heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasına
şəhadətnamə tələb olunmur.
7. Ayrı-ayrı heyvan növlərinin xüsusi mülkiyyətdə olmasına Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə qadağa qoyulduqda, heyvanlar aləminin
obyektləri üzərində mülkiyyət hüququna qanunvericilikdə nəzərdə tutulmuş
qaydada xitam verilir.
Dostları ilə paylaş: |