“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin normativ hüquqi
əsaslarını təkmilləşdirmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“ təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2005‐ci il
№ 287
Azərbaycan Respublikası Prezidentinin
2005‐ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Ə S A S N A M Ə
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (bundan sonra ‐Agentlik) müəlliflik
hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və
məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra ‐ əqli mülkiyyət hüquqları)
sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət
sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti
orqanıdır.
2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər
tutur.
3. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur.
4. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, müvafiq xəzinə hesablarına,
habelə bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks
olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Agentliyin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilir.
6. Agentlik Bakı şəhərində yerləşir.
II. AGENTLİYİN VƏZİFƏLƏRİ
7. Agentliyin əsas vəzifələri aşağıdakılardır:
7.1. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq
konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək;
7.2. əqli mülkiyyət hüquqlarının qorunmasına və təmin edilməsinə dair qanunvericilikdə
nəzərdə tutulan tənzimlənməni həyata keçirmək, əqli mülkiyyət sahəsində dövlət və yerli
özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin
əlaqələndirilməsi işində köməklik göstərmək;
7.3. əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti
həyata keçirmək;
7.4. elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq
sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin
tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının
yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək;
7.5. əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət
sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi‐
texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ
sənədləri öz səlahiyyətləri daxilində müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə
müvafiq tədbirlər görmək;
7.6. rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi
məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların
qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər
görmək;
7.7. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv
əsasda idarə edən və dövlət qeydiyyatına alınmış təşkilatların uçotunu aparmaq, onların
fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;
1
7.8. əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər
haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün
müvafiq tədbirlər görmək;
7.9. tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara
qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük
nəzarətinin həyata keçirilməsinə yardım göstərmək;
7.9‐1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı
olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi
yeniləşdirilməsini təmin etmək;
2
7.10. öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə
əməkdaşlığı təmin etmək;
7.11. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
III. AGENTLİYİN FUNKSİYALARI
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları
həyata keçirir:
8.1. əqli mülkiyyət hüquqları sahəsində sistemli proqnozlar əsasında inkişaf konsepsiyasını
hazırlayır və onun həyata keçirilməsini təmin edir;
8.2. əqli mülkiyyət sahəsinin müxtəlif istiqamətləri üzrə dövlət proqramları hazırlayır və
onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;
8.3. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq və
regional konvensiyalar, müqavilələr və sazişlər nəzərə alınmaqla qanunvericilik aktlarının
təkmilləşdirilməsi ilə bağlı təkliflər və rəylər hazırlayır;
8.4. əqli mülkiyyət hüquqlarını tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak
edir;
8.5. əqli mülkiyyət hüquqlarının qorunması, həyata keçirilməsi və təmin edilməsi ilə bağlı öz
səlahiyyətlərinə aid olan normativ hüquqi aktları, sahə standartlarını, metodik və praktik
tövsiyələri hazırlayıb təsdiq edir və həyata keçirir;
8.6. əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparır, onun
inkişafına dair təkliflər və sənədlər hazırlayır və müvafiq qaydada aidiyyəti orqanlara təqdim edir;
8.7. əqli mülkiyyət sahəsində ənənəvi və qeyri‐ənənəvi əqli mülkiyyət obyektlərinə olan
hüquqların qorunmasına dair tələblərin və normativlərin işlənib hazırlanmasını, qəbul edilməsini,
beynəlxalq qorunma standartlarına uyğunlaşdırılmasını və əqli mülkiyyət hüquqları ilə qorunan
obyektlərin təsnifatının tərtib edilməsini həyata keçirir;
8.8. əqli mülkiyyət hüquqları sahəsində digər mərkəzi və yerli icra hakimiyyəti, yerli
özünüidarəetmə orqanlarının, ictimai birliklərin, o cümlədən əmlak hüquqlarını kollektiv əsasda
idarə edən təşkilatların və digər hüquqi şəxslərin fəaliyyətini öz səlahiyyətləri daxilində
əlaqələndirir;
8.9. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təşkil edir, hüquq sahiblərinə keyfiyyətli
və səmərəli xidmətlər göstərmək üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;
8.10. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyə əməl edilməsinə və öz
səlahiyyətləri daxilində əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir, bu
sahənin subyektləri ilə qarşılıqlı əlaqələr yaradır və tədbirlər görür;
8.11. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət hüquqları sahəsində
beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir, Azərbaycan
Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplayır, onları ümumiləşdirir, təhlil edir və
müvafiq təkliflər verir;
8.12. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət sahəsinə aid ikitərəfli və
çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması üzrə müvafiq işlər görür, öz səlahiyyətləri
daxilində bağlanmış müqavilələrin həyata keçirilməsində iştirak edir;
8.13. qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət sahəsində beynəlxalq
təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və əməkdaşlığı həyata keçirir;
8.14. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və YUNESKO‐nun əqli mülkiyyət üzrə qərar və
tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görür, əqli mülkiyyətə aid beynəlxalq təşkilatların sorğularını cavablandırır,
onlarla təcrübə mübadiləsi aparır və beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli təhlillər aparır
və öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirir;
8.15. Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət
obyektlərinin xaricdə istifadəsi zamanı onların hüquqlarının qorunması və xarici müəlliflərin
əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl
olunması ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər verir;
8.16. qanunvericiliyə uyğun olaraq Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif
siyasətinin formalaşmasında iştirak edir, bu sahədə əqli mülkiyyət obyektlərinin istifadəsi ilə bağlı
dövlət tərəfindən tənzimlənən qonorar tarifləri barədə təkliflər verir və onların tətbiqi üçün öz
səlahiyyətləri daxilində zəruri işlər görür;
8.17. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün əqli mülkiyyətlə
bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər
həyata keçirir;
8.18. qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən
əqli mülkiyyət sahəsi üzrə işlər görür və xidmətlər göstərir;
8.19. əqli mülkiyyət hüquqlarının tanınması barədə vəsatətlərə baxır və qanunvericiliyə uyğun
olaraq müvafiq qərarlar qəbul edir;
8.20. əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı ilə bağlı zəruri hallarda ekspertiza
təşkil edir, müəlliflik hüququ obyektlərinin orijinallığının müəyyən edilməsi ilə bağlı müvafiq
tədbirlər görür;
8.21. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əqli mülkiyyət hüquqları obyektlərinin
dövlət qeydiyyatını təşkil edir, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatdan keçirilməsi və
ya qeydiyyatından imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir, əqli mülkiyyət hüquqları
obyektləri və hüquq sahibləri barədə məlumatları mövcud qaydalara uyğun olaraq dövlət
reyestrlərinə daxil edir;
8.22. qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektlərinin hüquq sahiblərinə dövlət
qeydiyyatı haqqında müvafiq şəhadətnamə verir, bu obyektlərin uçotunu, inventarlaşmasını və
saxlanılmasını təmin edir;
8.23. əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sistemini yaradır, onun
operativliyini və beynəlxalq mübadiləsini təmin edir, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət
hüquqları obyektləri və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını müntəzəm
olaraq təkmilləşdirir və dövlət reyestrlərinin elektron surətinin yeniləşdirilməsini təmin edir;
8.24. əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların keçməsi və verilməsi barədə sənədləri
qeydiyyata alır və müvafiq dəyişikliklərin müəyyən edilmiş qaydada dövlət reyestrlərinə daxil
edilməsini həyata keçirir;
8.25. dövlət reyestrlərinə daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı
haqqında informasiyaları dərc edir;
8.26. dövlət qeydiyyatından keçirilmiş əqli mülkiyyət obyektləri, dövlət reyestrlərində edilmiş
dəyişikliklər və qorunma müddətləri bitmiş əqli mülkiyyət obyektləri, həmçinin müvafiq
orqanların sorğularına əsasən bu obyektlərin Agentlikdə qeydiyyata alınması haqqında zəruri
məlumatlar verir;
8.27. qanunvericiliyə uyğun olaraq qeydiyyat üçün təqdim edilmiş inteqral sxem
topologiyalarının qorunma müddətlərinin başlanğıcını müəyyənləşdirir və istehsalatda istifadə
olunan inteqral sxem topologiyalarının və onların istifadəçilərinin uçotunu aparır;
8.28. folklor nümunələrindən satış, yayım obyektlərində, kütləvi tamaşa yerlərində, kabel və
efir yayımı təşkilatlarında və rəqəm şəbəkələrində yayım, dərc olunma, kütləvi ifa və digər istifadə
hallarının monitorinqini təşkil edir və uçotunu aparır, folklor nümunələrindən istifadə zamanı
qanunvericiliyin tələblərinə zidd olan halları müəyyənləşdirir, müvafiq tədbirlər görür və bununla
əlaqədar məhkəmələrdə dövlətin maraqlarını müdafiə edir;
8.29. qanunvericiliyə uyğun olaraq qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq
meyarlara əsasən müəlliflik hüququ və (və ya) xüsusi qorunma hüquqları ilə qorunmasını
müəyyənləşdirir, rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan
açıqlanmamış məlumat toplusu qorunduğu müddətdə açıqlandığı, həmçinin xüsusi qorunma
hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklər və əlavələr aparıldığı
hallarda bu toplulara qorunma müddətini dəqiqləşdirir;
8.30. Azərbaycan folkloru nümunələrindən və müəllif əsərlərindən xaricdə istifadə olunarkən
qanun pozuntularının aşkar edildiyi hallarda bunun qarşısının alınması üçün öz səlahiyyətləri
daxilində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır, digər zəruri tədbirləri görür;
8.31. Azərbaycan folklor nümunələrinin qeyri‐qanuni istifadə edildiyi hallarda məhkəmələrdə
dövlətin maraqlarını qoruyur, qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı müəyyən edir
və iddia sənədində göstərir;
8.32. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş müəlliflik hüququ və əlaqəli hüquqlar
obyektlərinin müəyyənləşdirilməsi və uçotu üzrə iş aparır, ictimai varidata keçmiş əsərlərdən
əlaqədar dövlət orqanları və yaradıcılıq birlikləri ilə razılaşdırmaqla dövlət varidatına keçirilməsi
məqsədilə əsərlərin seçilməsi və müvafiq qaydada dövlət varidatı elan olunması üçün təkliflər
verir;
8.33. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı müəlliflik hüquqlarının pozulmasına
və onların məzmununun təhrif olunmasına qarşı müvafiq tədbirlər görür, dövlət varidatı elan
olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini
təmin edir;
8.34. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların
Agentlikdə qeydiyyata alınması ilə bağlı qeydiyyat sənədlərinin tərkibini və təqdim olunma
formasını müəyyənləşdirir, onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək üçün sənədlərin
siyahısını hazırlayır,
dövlət qeydiyyatından keçmiş belə təşkilatları Agentlikdə qeydiyyata alır, əks halda, onların
qeydiyyata alınmaması ilə bağlı əsaslandırılmış irad və təkliflərini müvafiq qaydada təqdim edir;
8.35. əmlak hüquqlarını kollektiv əsasda idarə edən
təşkilatların müəllifhüquq
münasibətlərinin subyekti kimi fəaliyyətinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər aparır, nəticələri
ümumiləşdirir və həmin təşkilatların fəaliyyəti ilə bağlı müvafiq qaydada təkliflər verir;
8.36. müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən
təşkilatların mübahisəli hallarda münasibətlərini tənzimləyir, bu təşkilatların ictimai birliklərinin
təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə
bağlı yaranan mübahisəli hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların
fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində müəyyənləşdirir;
8.37. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qanunvericiliklə müəyyən
edilmiş qaydada ödəyəcəyi illik haqqın məbləğini müəyyənləşdirir, bu məbləğin dövlət büdcəsinə
köçürülməsini təmin edir, bu təşkilatların illik balansı, illik hesabatı, fəaliyyətinin audit yoxlanması
haqqında və digər zəruri sənədlərini qəbul edir, müəllif‐hüquq qanunvericiliyi ilə uyğunsuzluqlar
və qanun pozuntuları aşkar edildiyi hallarda müvafiq tədbirlər görür;
8.38. hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq əmlak hüquqlarının
kollektiv əsasda idarəçiliyini təşkil edir, qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və
digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, belə
hallarda istifadəyə görə qonorarı müvafiq qaydada yığır və hüquq sahiblərinə çatdırır, xarici
ölkələrin müəlliflərinin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə
edilməsi üzrə müvafiq təşkilatları ilə əlaqələrin qurulmasını, bu sahədə əməkdaşlıq haqqında
sazişlərin bağlanmasını və Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və
əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə
çatdırılmasını təmin edir;
8.39. müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik barəsində hüquqi
maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir,
müəlliflərə və digər hüquq sahiblərinə, onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı
hüquqi məsləhətlər verir;
8.40. bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət
obyektlərinin qeyri‐qanuni istifadəsi ilə bağlı öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür;
8.41.
pirat
məhsulların və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin
tələblərinin pozulması ilə məhsul buraxan istehsalçıların müəyyən edilməsi məqsədilə digər
səlahiyyətli dövlət orqanları ilə birgə müvafiq iş aparır, o cümlədən monitorinq‐baxışlar keçirir,
əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə məlumatları toplayır və aidiyyəti orqanlara
çatdırır;
3
8.42. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər zəruri
hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir,
müəllif‐hüquq pozuntuları ilə mübarizə üçün məhkəmə və digər müvafiq orqanların sorğuları
əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ekspert rəyləri hazırlayır, məhkəmədə və
digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak
edir, müəllif‐hüquq sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparır,
toplanmış məlumatları sistemləşdirir;
8.43. əqli mülkiyyət hüquqları ilə qorunan beynəlxalq və milli informasiya texnologiyalarının
təhlilini aparır, informasiya texnologiyalarının əqli mülkiyyət obyektləri kimi qorunması
vəziyyətini müşahidə edir və milli səviyyədə qorunması vəziyyətini araşdırır, onların
qorunmasının beynəlxalq standartlara uyğun olması üçün öz səlahiyyətləri daxilində tədbirlər
görür və yeni informasiya texnologiyaları obyektlərinin qorunmasına dair müvafiq qaydada
təkliflər verir;
8.44. qanunla qorunan əqli mülkiyyət obyektlərinin qlobal rəqəmli şəbəkələrdə istifadəsinə aid
monitorinqlər aparır, arayışlar hazırlayır və müvafiq qaydada səlahiyyətli orqanlara təqdim edir;
8.45. elektron ticarət sahəsinə aid qanunvericilikdə əqli mülkiyyət hüquqları obyektlərinə
hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər verir və öz səlahiyyətləri daxilində
tədbirlər görür;
8.46. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin
daimi müşahidəsini aparır, onların inkişafı zamanı meydana gələn problemləri müəyyən edir,
ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək
üçün öz səlahiyyətləri daxilində müvafiq işlər görür və təkliflər hazırlayır;
8.47. əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsində fiziki və hüquqi şəxslərə metodiki
yardım göstərir;
8.48. əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zərərin iqtisadi dəyərləndirilməsi üzrə
işlər görür və zəruri hallarda müvafiq dövlət və məhkəmə orqanlarının sorğusu əsasında rəylər
hazırlayır;
8.49. əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai təşkilatların fəaliyyəti müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı hallarda onların
Agentlikdəki qeydiyyatını ləğv edir;
8.50. əmlak hüquqlarının idarəçiliyini kollektiv əsasda idarəetmə təşkilatlarına verməmiş
müəlliflərin əsərlərinin həmin təşkilatlar tərəfindən istifadəyə verilməsinin aşkar edildiyi və
müəlliflər üçün yığdıqları qonorardan ayırmalar barədə qəbul etdiyi qərarların müəlliflərin
maraqlarına zidd olduğu hallarda həmin hərəkətlərin dayandırılmasını və qərarların ləğv
edilməsini tələb edir;
8.51. gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət obyektləri olan mallarda əqli
mülkiyyət hüquqlarının pozulmasının müəyyənləşdirilməsində gömrük orqanları ilə əməkdaşlıq
edir, müəyyən olunmuş qaydada onlarla əlaqəli şəkildə belə faktları ümumiləşdirir, onların
təsnifatını aparır, gömrük orqanlarının sorğusu əsasında əqli mülkiyyət hüquqlarının pozulub‐
pozulmaması ilə bağlı rəylər verir;
8.52. gömrük sərhədində əqli mülkiyyət obyektlərinə olan hüquqların pozulmasının
müəyyənləşdirilməsi üçün gömrük orqanının müraciəti əsasında gömrük orqanı ilə birlikdə
tərkibində əqli mülkiyyət obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak
edir, zəruri hallarda tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük orqanı tərəfindən
reyestrə daxil edilməsi üçün təkliflər verir;
8.53. Agentlikdə mövcud olan daxili informasiya‐kommunikasiya sistemi çərçivəsində
informasiyanın fasiləsiz alınmasını, işlənməsini və ötürülməsini təşkil edir. Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının korporativ rəqəm şəbəkəsinin Azərbaycan dayaq məntəqəsi vasitəsilə
əlaqələri genişləndirir, bu sahədə informasiya mübadiləsini təşkil edir və şəbəkənin rəqəm
kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiyalar hazırlayır;
8.54. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmasını
normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir və kadrların əlavə təhsilinə və
peşəkarlığının yüksəldilməsinə dair tədbirlər görür;
4
8.55. əqli mülkiyyət məsələləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması və tədris
proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
8.56. qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
9. Bu Əsasnamənin 8‐ci bəndində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi nəticəsində
əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür.
IV. AGENTLİYİN HÜQUQLARI
10. Agentliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları
vardır:
10.1. əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi aktların hazırlanmasına və
təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək,
həmçinin bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim
etmək;
10.2. öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müəllif
hüquqları sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək;
10.3. səlahiyyətləri daxilində dövlət orqanlarından və qeyri‐hökumət təşkilatlarından müəyyən
olunmuş qaydada sorğu əsasında müvafiq məlumat və sənədlər almaq, əqli mülkiyyət hüquqları
ilə bağlı məhsulların, işlərin və xidmətlərin mövcud tələblərə uyğunluğunu müəyyən etmək
məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;
10.4. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək,
onlarla müqavilələr (kontraktlar) bağlamaq;
10.5. səlahiyyətlərinə aid edilmiş sahələrdə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq
təşkilatlarla əməkdaşlıq etmək, müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil etmək, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlamaq,
qanunvericiliklə müəyyən edilmiş qaydada idarələrarası beynəlxalq müqavilələr (sazişlər)
bağlamaq;
10.6. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində mütəxəssislərin hazırlanması, əlavə
təhsili üçün tədbirlər görmək və bu sahədə beynəlxalq əməkdaşlıq etmək;
10.7. qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində idarə və təşkilatlar yaratmaq,
onları yenidən təşkil etmək və ləğv etmək;
10.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanları təsis etmək, xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq;
10.9. əqli mülkiyyət sahəsində çalışan işçiləri dövlət təltiflərinə və digər mükafatlara təqdim
etmək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
10.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
11. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin
edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.
12. Agentliyin sədri Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların
həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
12‐1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və
sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5
13. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən
və vəzifədən azad edilən bir müavini vardır.
14. Agentliyin sədri:
14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. sədr müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin
aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların
əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi
üçün müəyyən olunmuş qaydada təqdim edir;
6
14.5. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir
və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada
həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.6. səlahiyyətləri daxilində Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların
fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, təlimatlar və normativ
hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
7
14.7. Agentliyin fəaliyyət dairəsinə daxil olan məsələlərlə əlaqədar səlahiyyətləri daxilində
qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə,
beynəlxalq təşkilatlarla danışıqlar aparır, əqli mülkiyyət sahəsində idarələrarası sazişlər bağlayır,
beynəlxalq tədbirlərdə iştirak edir;
14.8. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının
layihələrini müəyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edir;
14.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata
keçirir.
15. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən,
struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır.
Agentliyin kollegiyasının tərkibinə həmçinin müəlliflər, mütəxəssislər və alimlər də daxil edilə
bilər.
16. Agentliyin kollegiyasının üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
17. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir
və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir.
18. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir.
19. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir,
protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.
20. Agentliyin kollegiyasının iclaslarında baxılan məsələlərə bilavasitə aidiyyəti olduqda, zəruri
hallarda digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə
ictimai təşkilatların nümayəndələri iştirak etmək üçün dəvət edilə bilərlər.
8
21. Əqli mülkiyyət sahəsində elmi‐texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və
mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin
öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin
orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində
sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi‐metodik Şura
yaradılır. Elmi‐metodik Şura haqqında Əsasnamə Agentliyin sədri tərəfindən təsdiq edilir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
11 noyabr 2008‐ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 21 noyabr 2008‐ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008‐ci il, № 11, maddə 970)
2.
31 avqust 2009‐cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 03 sentyabr 2009‐cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009‐cu il, № 08, maddə 630)
3.
30 oktyabr 2009‐cu il
tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 1 noyabr 2009‐cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009‐cu il, № 10, maddə 789)
4.
21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 27 dekabr 2009‐cu il, № 289)
5. 15 fevral 2011‐ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011‐ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011‐ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85
)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1
31 avqust 2009‐cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 03 sentyabr 2009‐cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, №
08, maddə 630) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə”nin 7.7‐ci bəndində “qeydiyyatını aparmaq” sözləri “uçotunu aparmaq” sözləri ilə əvəz
edilmişdir.
2
21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»yə 7.9‐1‐ci bənd əlavə edilmişdir.
3
30 oktyabr 2009‐cu il
tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 1 noyabr 2009‐cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 10,
maddə 789) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə”nin 8.41‐ci bəndində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilmişdir.
4
15 fevral 2011‐ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 18 fevral 2011‐ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011‐ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85
) ilə 54‐cü bəndində “ ixtisaslarının
artırılmasına” sözləri “ əlavə təhsilinə” sözləri ilə, 10.6‐cı bəndində “ ixtisasının artırılması” sözləri “ əlavə
təhsili” sözləri ilə əvəz edilmişdir.
5
11 noyabr 2008‐ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 21 noyabr 2008‐ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008‐ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»yə yeni məzmunda 12‐1‐ci bənd əlavə edilmişdir.
6
21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»nin 14.3‐cü və 14.4‐cü bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
14.3. müəyyən edilmiş qaydada əməyin ödənilməsi fondunu və işçilərin say həddi daxilində Agentliyin
mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir;
14.4. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini (nizamnamələrini)
təsdiq edir;
7
21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»nin 14.5‐ci və 14.6‐cı bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.
8
21 dekabr 2009‐cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009‐cu il, № 289) ilə «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»nin 20‐ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.
Document Outline - Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında ƏSASNAMƏ
- I. ÜMUMİ MÜDDƏALAR
- II. AGENTLİYİN VƏZİFƏLƏRİ
- III. AGENTLİYİN FUNKSİYALARI
- IV. AGENTLİYİN HÜQUQLARI
- V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
Dostları ilə paylaş: |