AZƏRBAYCAN RESPUBLİKASININ
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ
1
BİRİNCİ BÖLMƏ
ÜMUMİ QAYDALAR
F ə s i l 1
ƏSAS QAYDALAR
M a d d ə 1 . Mülki məhkəmə icraatı haqqında qanunvericilik
1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə
məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və
hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının
bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası
Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında
ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.
1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv
edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara
əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.
1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına
uyğunlaşdırılmalıdır.
1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual
qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq
edilir.
M a d d ə 2 . Mülki məhkəmə icraatının vəzifələri
2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər
normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq
olunmasıdır.
2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə,
vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
M a d d ə 3 . Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi
3.1. Məhkəmə icraatı işə baxılan, ayrı‐ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud
məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
3.2. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.
3.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki
prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və
yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu
limanlarda tətbiq olunur.
3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da
müəyyən oluna bilər.
M a d d ə 4 . Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə
də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
4.3. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər
nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə
nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin
həllinə verilə bilər.
M a d d ə 5 . Məhkəmədə mülki işə başlama
5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan
mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda
məhkəmədə iş başlanılır.
5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və
mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə
əsasən də iş başlana bilər.
5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş
başlaya bilərlər.
5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi
ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.
5.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı instansiya
məhkəməsinin icraatında olan iş tələb oluna bilməz.
M a d d ə 6 . Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi
Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və
məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
M a d d ə 7 . Hakimlərin müstəqilliyi
7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.
7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə
həll edirlər.
7.3. Başqası tərəfindən
məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə
məhdudlaşdırılması, qanunsuz təsir, hədə‐qorxu, müdaxilə yolverilməzdir və qanunla
müəyyən olunmuş məsuliyyətə səbəb olur.
M a d d ə 8 . Qanun və məhkəmə qarşısında bərabərlik
8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
Dostları ilə paylaş: |